AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN KOLLEGİYASI
“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının 2-ci, 3-cü, 5-ci, 6-cı, 9-cu və 10-cu hissələrinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası
1. “1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Nazirliyin Aparatının Sosial təminat siyasəti şöbəsi (Himalay Məmişov), İnformasiya texnologiyaları şöbəsi (Elnur Məcidov) və Maliyyə və icmal büdcə şöbəsinə (Şəlalə Cəfərova) tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
3. Nazirliyin Aparatının Hüquq şöbəsinə (Gülnar İsgəndərova) tapşırılsın ki, qəbul edildiyi gündən 3 gün müddətində bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
4. Nazirliyin Aparatının Ümumi şöbəsinə (Lətafət Abdullayevə) tapşırılsın ki, bu qərarın surətinin aidiyyəti üzrə çatdırılmasını təmin etsin.
5. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının (bundan sonra - Fərman) 2-ci, 3-cü, 5-ci, 5-1-ci, 6-cı, 9-cu və 10-cu hissələrinin icrasının təmin edilməsi məqsədilə hazırlanmışdır və 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra - hərbi qulluqçular) və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının ərazisində yaşayan vərəsələrinin müəyyən edilməsi, onlara birdəfəlik ödəmənin təyin edilməsi və ödənilməsi ilə bağlı məsələləri tənzimləyir.
1.2. Birdəfəlik ödəməyə hüququ yaranan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan - Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən müəyyən edilmiş vərəsələrinə birdəfəlik ödəmənin təyin edilməsi və ödənilməsi ilə bağlı məsələlərə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının tələblərinə uyğun olaraq baxılır.
1.3. Hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısının müəyyənləşdirilməsi, birdəfəlik ödəmənin təyin edilməsi və verilməsi ilə bağlı inzibati və təşkilati məsələlərin tənzimlənməsi üçün Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə işçi qrupu yaradılır.
2.1. Fərmanın 5-ci, 5-1-ci, 9-cu və 10-cu hissələrində göstərilən dövlət qurumları tərəfindən təqdim edilmiş məlumatlar əsasında aşağıdakı adlı siyahılar müəyyən edilir:
2.1.1. hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahıları;
2.1.2. sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahıları;
2.1.3. 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahıları;
2.1.4. birdəfəlik ödəməyə hüququ yaranan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahıları.
2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hərbi qulluqçunun və daxili işlər orqanı əməkdaşının adını, soyadını və atasının adını daxil etməklə, bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulan siyahılarda olub-olmamasını yoxlamağa imkan verən internet informasiya resursu yaradılır. Bu resursa keçid Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.
2.3. Birdəfəlik ödəməyə hüququ yaranan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmənin təyin olunması üçün bu Qaydaların 3-cü hissəsində nəzərdə tutulmuş qaydada müraciət edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən media məhsulları ilə məlumatlandırılma həyata keçirilir.
3.1. Birdəfəlik ödəməyə hüququ yaranan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri (Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən müəyyən edilənlər istisna olmaqla) birdəfəlik ödəməyə hüququ yaranan hərbi qulluqçunun və daxili işlər orqanı əməkdaşının sonuncu yaşayış yeri, bu məlum olmadıqda mirasının olduğu yer üzrə notariat orqanlarına vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət edirlər.
3.2. Birdəfəlik ödəməyə hüququ yaranan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri notariat orqanlarına aşağıdakı sənədləri təqdim edirlər:
3.2.1. hərbi qulluqçunun və daxili işlər orqanı əməkdaşının ölümü haqqında şəhadətnaməni;
3.2.2. hərbi qulluqçu və daxili işlər orqanı əməkdaşı hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edildiyi təqdirdə, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi haqqında məhkəmə qərarını;
3.2.3. birdəfəlik ödəmənin verilməsi haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına ünvanlanan ərizəni (ərizə forması əlavə olunur);
3.2.4. bank hesabı nömrəsinə dair arayışı;
3.2.5. vərəsəlik hüququnun müəyyən edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a uyğun olaraq notariat orqanı tərəfindən tələb olunan sənədləri.
3.2-1. Birdəfəlik ödəmənin verilməsi üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər birdəfəlik ödəməyə hüququ yaranan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrindən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi birdəfəlik ödəməyə hüququ yaranan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsəsinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.
3.3. Notariat orqanı birdəfəlik ödəməyə hüququ yaranan hərbi qulluqçunun və daxili işlər orqanı əməkdaşının adının, soyadının və atasının adının bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş internet informasiya resursunda olmasını yoxlayır. Eyni ad, soyad və ata adına malik bir neçə şəxs aşkar olunduğu təqdirdə, miras qoyan hərbi qulluqçu və daxili işlər orqanı əməkdaşı onun doğum və ya ölüm tarixləri və ya hərbi xidmətə çağrıldığı yer əsas götürülməklə müəyyən edilir. Notarius siyahıda aşkar olunmuş hərbi qulluqçunun vərəsəsinə (vərəsələrinə) vərəsəlik şəhadətnaməsi verir və 3 iş günü müddətində hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin təyin edilməsi üçün bu Qaydalara Əlavə 1-dəki ərizəni və Əlavə 2-də göstərilən məlumatları “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinə uyğun olaraq “Elektron Hökumət” şlüzü üzərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Elektron İnformasiya Sisteminə (MEİS) ötürür. Sənədlərin əsli (bu Qaydaların 3.2-1-ci bəndinin müddəaları nəzərə alınmaqla) müvafiq notariat orqanlarında saxlanılır.
3.4. Birdəfəlik ödəmənin verilməsi üçün müraciətin vahid elektron reyestrə daxil edilməsi barədə məlumat MEİS vasitəsilə “Elektron Hökumət” şlüzü üzərindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə bildirilir.
3.5. MEİS tərəfindən müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, onların daxilolma tarixini və reyestr nömrəsini əks etdirən bildiriş vərəsələrin ərizədə qeyd etdiyi əks-əlaqə vasitələrinin birinə göndərilir.
3.6. MEİS-ə daxilolma ardıcıllığı ilə tərtib edilmiş məlumatlar üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2018-ci il 30 aprel tarixli 18020021716 nömrəli əmri ilə yaradılmış Komissiyada birdəfəlik ödəmənin verilməsi haqqında qərar qəbul edilir.
4.1. Birdəfəlik ödəmənin verilməsi üçün tələb olunan maliyyə vəsaitinin ayrılması məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay üçün sifariş növbəti ayın 5-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin müəyyən etdiyi formaya uyğun olaraq həmin Nazirliyə təqdim edilir.
4.2. Tələb olunan maliyyə vəsaiti müvafiq xəzinə hesabına daxil olduqdan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik ödəmələrin nağdsız qaydada vərəsələrin bank hesablarına köçürülməsi təmin edilir və MEİS tərəfindən vərəsələrin ərizədə göstərilən əks əlaqə vasitələrindən birinə bu barədə bildiriş göndərilir.
4.3. Birdəfəlik ödənişin edilməsi haqqında məlumat bu Qaydaların 2.1.4-cü yarımbəndində nəzərdə tutulan siyahıda əks olunur.
4.4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmə üçün müraciət etmiş və ödəniş almış vərəsələr, həmçinin ödənilmiş məbləğ barədə rüblük məlumatlar yoxlanılaraq növbəti rübün ilk ayının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
______________________________________________
Xahiş edirəm mənə __________________________________________notariat ofisində _________ tarixdə verilmiş _____________reyestr nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən
_________________________________________________________________________________
1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilməsi nəzərdə tutulan birdəfəlik ödəmə verəsiniz.
Ödənişin həyata keçirilməsi məqsədilə tələb edilən məlumatlar Ərizəyə əlavə olunur.
_______________________________S.A.A (Telefon nömrəsi (nömrələri)___________________)
“_____” ______________20__-ci il
Mən _____________________________________________________________________________
_________________________________________________________________mənim iştirakımla
etdiyi imzasının həqiqiliyini təsdiq edirəm. İmza edənin şəxsiyyəti müəyyən edilib.
Reyestrdə___________ № ilə qeyd edilib, informasiya sisteminə daxil edilib.
___________ manat dövlət rüsumu alınıb.
M.Y. Notariat hərəkətlərini aparmağa müvəkkil edilmiş şəxs __________________________
Ümumi siyahı üzrə identifikasiya nömrəsi
Ölüm haqqında akt qeydləri kitabında qeyd edildiyi tarix
Ölüm haqqında akt qeydləri kitabında qeyd edildiyi nömrə
Qətnaməni qəbul etmiş məhkəmə
Qanuni qüvvəyə minmə tarixi
Reyesterdə qeyd edildiyi nömrə
Vərəsəlik işinin nömrəsi
Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi
Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin adı
Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin soyadı
Miras qoyanın atasının adı
Şəhadətnamənin verdiyi hüquq
Vərəsənin atasının adı
Miras əmlak üzrə payı
Miras qoyanla qohumluq dərəcəsi
1. 3 may 2019-cu il tarixli 190500019 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905030019, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 may 2019-cu il)
2. 28 sentyabr 2023-cü il tarixli 3-17/3-5-26/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202309283526, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 oktyabr 2023-cü il)
3. 28 sentyabr 2023-cü il tarixli 3-17/3-5-29/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202309283529, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 oktyabr 2023-cü il)