Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2011-ci il noyabrın 29-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Polşanın Standartlaşdırma üzrə Komitəsi arasında standartlaşdırma sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Polşa Respublikası tərəfini xəbərdar etsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral 2012-ci il
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Polşanın Standartlaşdırma üzrə Komitəsi
Azərbaycan Respublikası və Polşa Respublikası arasında texniki və iqtisadi əməkdaşlığın gücləndirilməsi niyyəti ilə,
Azərbaycan Respublikasının Vahid Avropa Bazarı ilə əlaqələrin gücləndirilməsi niyyəti ilə,
insan həyatının və sağlamlığının, ətraf mühitin qorunmasının, həmçinin məhsulların və xidmətlərin keyfiyyətinin artırılmasının vacibliyini anlayaraq,
standartlaşdırma sahəsində qarşılıqlı maraqları nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Tərəflər bu Sazişin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyini və Polşa Respublikasının qanunvericiliyini əsas tutacaqlar.
Tərəflər ticarətdə texniki maneələrin aradan qaldırılması və Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əlaqələrin gücləndirilməsi məqsədi ilə milli standartların Avropa və beynəlxalq standartları ilə uyğunlaşdırılması sahəsində əməkdaşlıq edəcəklər.
Tərəflər aşağıdakı sahələrdə birgə əməkdaşlıq həyata keçirəcəklər:
- standartlaşdırma sahəsində qəbul olunmuş normativ hüquqi aktların mübadiləsi;
- nəzərdə tutulan standartların inkişaf proqramları və layihələri barədə məlumat mübadiləsi;
- standartlaşdırma sahəsində xəbərlər, yeniliklər və məsləhətlər barədə məlumat mübadiləsi;
- sorğu əsasında milli standartların, milli standartların kataloqlarının, dövri mətbu nəşrlərin və digər normativ sənədlərin mübadiləsi;
- hər iki ölkənin standartlarını hazırlayan təşkilatlar arasında əməkdaşlığın yaradılması;
- standartlaşdırma sahəsində mütəxəssislərin təlimi və yenidən hazırlanması üzrə təcrübə mübadiləsi;
- nümayəndə heyətlərinin və mütəxəssislərin mübadiləsi;
- birgə seminarların və simpoziumların təşkil edilməsi.
Hər bir Tərəf öz səlahiyyətləri və imkanları çərçivəsində aşağıdakıları həyata keçirəcəklər:
- ekspertlər arasında nou-hau mübadiləsini, görüşlərin və təlimlərin keçirilməsini və müxtəlif seminarların və konfransların təşkil edilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkilini;
- Tərəflərin təşkil etdiyi konfranslarda və seminarlarda ekspertlərin iştirakına dəstək göstərilməsini.
Bu Sazişə uyğun olaraq həyata keçirilən tədbirlərdən irəli gələn məxfi məlumatlar, yalnız həmin məlumatları təqdim edən Tərəfin yazılı razılığı ilə üçüncü tərəfə ötürülə bilər.
Əməkdaşlıq fəaliyyətinin maliyyələşdirilməsi Tərəflərin qarşılıqlı razılaşması əsasında həyata keçiriləcəkdir.
Bu Saziş Tərəflərin iştirakçısı olduğu beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə təsir etmir.
Bu Sazişin təfsiri və icrası ilə bağlı fikir ayrılığı Tərəflər arasında qarşılıqlı məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə Sazişin ayrılmaz tərkib hissəsi olan və 10-cu maddəsində müəyyən olunan qaydada qüvvəyə minən ayrıca protokollar formasında rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər.
Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və imzalandığı gündən qüvvəyə minir.
Tərəflərdən biri növbəti müddətin bitməsinə ən azı 6 (altı) ay qalmış Sazişin ləğv edilməsinə dair öz niyyəti barədə digər Tərəfə yazılı bildiriş göndərməzsə bu Saziş avtomatik olaraq növbəti 5 (beş) illik müddətlərə uzadılır.
Bu Sazişin ləğv edilməsi belə ləğvetmədən əvvəl bu Sazişə əsasən başlanılmış layihələrin mahiyyətinə və qüvvədə olma müddətinə təsir etmir.
Bu Saziş Bakı şəhərində 2011-ci il "29" noyabr tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, polyak və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
1. 4 avqust 2022-ci il tarixli 1804 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti, 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 864)
2. 6 noyabr 2025-ci il tarixli 520 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 noyabr 2025-ci il, “Xalq” qəzeti, 7 noyabr 2025-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 11, maddə 1018)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI