“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli 454-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 667 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Abidə qoruqlarının nümunəvi Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 18 mart 2008-ci il
1.1. Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, abidə qoruqları (bundan sonra – Qoruq) Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır.
Qoruq tarix və mədəniyyət üçün böyük əhəmiyyəti olan, tarix və mədəniyyət abidələrinin, arxeoloji və memarlıq obyektlərinin, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallarının, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan binaların, xatirə yerlərinin, əşyaların yerləşdiyi və dövlət tərəfindən mühafizə edilən ərazilər və məskənlərdir.
Bu Əsasnamə Qanunla yaradılan qoruqlara şamil edilmir.
1.2. Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Mədəniyyət haqqında” qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qüvvədə olan digər normativ hüquqi aktları, tabeliyində olduğu qurumun əmrlərini, kollegiya qərarlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Qoruq dövlət büdcəsindən maliyyələşən təşkilatdır, xəzinə hesabına, tabeliyində olduğu qurumun və öz adı həkk olunmuş möhürə, müvafiq künc ştamplarına və blanklara malikdir. Qoruğun öz emblemi ola bilər.
1.4. Qoruq fəaliyyətinə dair illik hesabatı tabeliyində olduğu quruma təqdim edir.
1.5. Qoruq abidələrinin təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək məqsədi ilə tabeliyində olduğu qurumun təklifi əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qoruğun mühafizə zonası müəyyən edilir.
1.6. Xüsusi əhəmiyyət kəsb edən arxeoloji, etnoqrafik, memarlıq, şəhərsalma və digər komplekslər Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qoruq elan edilir. Onun ərazisində yerləşən tarix-mədəniyyət abidələri, torpaq, su, yerin təki, bitkilər və heyvanat aləmi mövcud qanunvericiliyə əsasən təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılır və Qoruğun daimi istifadəsinə verilir.
2.1. Qoruq bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:
2.1.1. Qoruq ərazisində dövlət nəzarətini həyata keçirir;
2.1.2. Qoruq sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir və Qoruğun inkişafını təmin edir;
2.1.3. Qoruğun idarə edilməsi ilə bağlı müvafiq planları hazırlayır, tabeliyində olduğu qurum ilə razılaşdırır və həyata keçirir;
2.1.4. Qoruğun ərazisi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərtilə tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi, elmi-tədqiqat, təlim-tərbiyə, turizm və rekreasiya məqsədləri üçün istifadə edilə bilər;
2.1.5. tarix və mədəniyyət abidələrində aparılan konservasiya, inşaat- möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini hazırlayır. Layihələr tabeliyində olduğu qurum tərəfindən təsdiq edildikdən sonra Qoruğun və layihə müəllifinin (müəlliflərinin) nəzarəti altında həyata keçirilir;
2.1.6. tabeliyində olduğu qurumun qərarı əsasında Qoruq sərhədləri daxilində abidələrin və tikililərin bərpa və təmirini planlaşdırır və təşkil edir, bu işlərin keçirilməsinə nəzarət edir, abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək müvafiq qaydada işlər görür;
2.1.6-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruğun ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, bu barədə tabeliyində olduğu quruma məlumat verir, həmin ərazidə minatəmizləmə fəaliyyətinin tabeliyində olduğu qurumun icazəsi ilə davam etdirilməsinə nəzarət edir;
2.1.7. Qoruq ərazisində yerləşən abidələrin və tikililərin inventarlaşmasını aparır, səlahiyyətləri daxilində Qoruğun pasportunu hazırlayır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada abidələr aşkar edilərsə, onların siyahıya və dövlət qeydiyyatına alınması üçün tədbirlər görür;
2.1.8. Qoruğun elmi fondu müddətsiz saxlanılır;
2.1.9. Qoruq ərazisində turizmin inkişaf etdirilməsini, turist marşrutlarının müəyyən edilməsini və bununla bağlı infrastrukturun yaradılmasını təşkil edir;
2.1.10. Qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunmasını və toxunulmazlığını təmin edir, onlardan istifadə qaydalarının və Qoruğun mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görür;
2.1.11. abidələrin elmi, mədəni və tarixi əhəmiyyətini təbliğ edir, sərgilər, fotostendlər, ekskursiyalar, mühazirələr təşkil edir, sənədli və qısametrajlı filmlərin çəkilişi və elmi-kütləvi ədəbiyyatın nəşri üçün müvafiq tədbirlər görür;
2.1.12. Qoruğun ərazisində qanunvericiliyə uyğun olaraq, arxeoloji qazıntı işlərinin aparılmasını müvafiq qaydada təşkil edir, abidələrin öyrənilməsinə, arxeoloji qazıntıların aparılmasına və bu növ digər işlərə nəzarət edir. Qoruq ərazisində arxeoloji abidələrin qazıntısına və aşkar edilməsinə Azərbaycan Milli Elmlər Akademiyasının icazəsi olduqdan və tabeliyində olduğu qurumda qeydə alındıqdan sonra yol verilir. Arxeoloji qazıntı zamanı Qoruq ərazisində aşkar olunan tarix və mədəniyyət abidələri Qoruğun fonduna təhvil verilir;
2.1.13. Qoruğun ərazisində baş verə bilən fövqəladə halların qarşısının alınması üçün tədbirlər görür;
2.1.14. elmi tədqiqatların aparılması metodları Qoruğun rejiminin tələblərinə zidd olmamalıdır. Aparılan işlərin nəticəsi olaraq, hazırlanmış elmi təkliflər tətbiq edilə bilər;
2.1.15. Qoruq gəlirindən mövcud qanunvericilik əsasında büdcəyə vergilər ödəyir;
2.1.16. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
3.1. Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələrindən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada istifadə oluna bilər.
3.2. Qoruğun ərazisində yerləşən elmi, tarixi, mədəniyyət əhəmiyyəti olan abidələr və təbii landşaft Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilməklə dövlət tərəfindən qorunur.
3.3. Qoruğun ərazisində yerləşən abidələrdən və torpaqdan istifadə edən hüquqi və fiziki şəxslərlə abidələrin və istifadə etdiyi ərazinin qorunması üçün müəyyən olunmuş qaydada mühafizə müqavilələri bağlanılır.
3.4. Qoruq ərazisindəki rekreasiya zonalarını, yaşıllaşdırma sahələrini və nəqliyyat hərəkətini müvafiq qaydada təşkil edir, abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların, eləcə də nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaratdıqda, onların məhdudlaşdırılması və ya qadağan edilməsi üçün qanunvericiliyə uyğun qaydada tədbirlər görür.
3.5. Qoruğun ərazisində aşağıdakılar qadağandır:
3.5.1. tarix və mədəniyyət abidələrinin korlanması və ya məhv edilməsi, tabeliyində olduğu qurumla razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması;
3.5.2. tarix-mədəniyyət abidələrinə və təbii landşafta təhlükə yaradan hər bir fəaliyyət;
3.5.3. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;
3.5.4. xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metallurgiya, nüvə energetikası və digər müəssisələrin fəaliyyəti;
3.5.5. müəyyən edilmiş yerlərdən kənar nəqliyyat vasitələrinin hərəkəti və dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması.
3.6. Qoruq ərazisində tarix, mədəniyyət, elmi, estetik, rekreasiya dəyərini aşağı sala bilən fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırıla və yaxud qadağan edilə bilər.
4.1. Qoruğun maliyyələşdirilmə mənbələri aşağıdakılardır:
4.1.1. dövlət büdcəsindən ayrılan vəsait;
4.1.2. əhaliyə göstərilən mədəni və turizm xidmətlərindən, qanunvericilikdə qadağan olmayan digər fəaliyyət növlərindən alınan gəlirlər;
4.1.3. dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən alınan gəlirlər;
4.1.4. hüquqi və fiziki şəxslərin verdikləri xeyriyyə vəsaitləri və ianələr;
4.1.5. qanunvericilik aktları ilə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər.
5.1. Qoruğun əsas hüquq və məqsədləri:
5.1.1. ərazisində yerləşən tarix-mədəniyyət abidələrini, təbii landşaftı qoruyub saxlayır;
5.1.2. Qoruğun ərazisində tabeliyində olduğu qurumun razılığı olmadan görülən hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və təmir-tikinti işlərinin aparılmasına, habelə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə qadağa qoyur;
5.1.3. Qoruq ərazisində dövlət (bələdiyyə) mülkiyyətində olan abidələrin istifadəsinin, o cümlədən icarəyə verilməsinin mövcud qanunvericiliyə uyğunlaşdırılmasını təmin edir;
5.1.4. Qoruğun mühafizə zonasında abidələr üçün hər hansı təhlükə yaratmayan inşaat-təmir işlərinin görülməsi müvafiq qanunvericiliyə əsasən tabeliyində olduğu qurumun razılığı ilə həyata keçirilir;
5.1.5. mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün təkliflər verir;
5.1.6. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb edir;
5.1.7. Qoruq ərazisində mədəni-kütləvi tədbirlərin keçirilməsində, müvəqqəti və daimi xidmətlər göstərən obyektlərin yaradılmasında, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak edir, müxtəlif növ pullu xidmətlər göstərməklə, qanunvericiliyə zidd olmayan gəlir əldə edir.
5.2. Qoruq müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin təşkil edilməsi məqsədi ilə Elmi Şura yarada bilər. Şuranın tərkibi Qoruğun təklifi ilə tabeliyində olduğu qurum tərəfindən təsdiq edilir.
6.1. Qoruğun fəaliyyətinə tabeliyində olduğu qurum tərəfindən vəzifəyə təyin və azad olunan direktor rəhbərlik edir.
6.2. Qoruğun direktoru qoruğa həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
6.3. Qoruğun baş fond mühafizi, direktor müavinləri və baş mühasibi direktorun təqdimatı ilə tabeliyində olduğu qurum tərəfindən vəzifəyə təyin və azad edilir. Qoruğun digər işçiləri də direktor tərəfindən vəzifəyə təyin və azad olunurlar.
6.4.1. Qoruğu bütün idarə, təşkilat və müəssisələrdə etibarnaməsiz təmsil edir;
6.4.2. Qoruğun işçilər arasında vəzifə bölgüsünü aparır, onları mükafatlandırır, intizam məsuliyyətinə cəlb edir, əmək və icra intizamına nəzarət edir və onlara etibarnamələr verir;
6.4.3. öz səlahiyyətləri daxilində əmr və sərəncamlar verir;
6.4.4. Qoruğun illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir, elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə və Qoruq ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tətbiq olunmuş xüsusi rejimə əməl edilməsi üçün tədbirlər görür;
6.4.5. müəyyən olunmuş qaydada ştat cədvəlinin dəyişdirilməsi haqqında tabeliyində olduğu quruma təkliflər verir.
6.5. Qoruq mühafizəçilərinin vəzifələri aşağıdakılardır:
6.5.1. inventar kitabına əsasən ona tapşırılmış tarix və mədəniyyət abidələrinin mühafizəsinə cavabdehdir;
6.5.2. Qoruq abidələrinin toxunulmazlığının təmin edilməsi üçün müxtəlif təsvirlər və yazıların aparılmasına, razılıq olmadan qoruğun sərhədləri daxilində abidələrdən istifadə olunmasına, ərazidə od qalanmasına, müxtəlif məclislərin keçirilməsinə yol verməməli, üzərində tarixi yazılar, ornament, relyef və qayaüstü təsvirlər olan daşlara xüsusi diqqət yetirməli, abidədə olan dəyişikliklər, dağıntı və söküntülər, habelə ondan qanunsuz istifadə olunması barədə rəhbərliyə və müvafiq orqanlara xəbər verməli, abidənin mühafizəsi zonasında müxtəlif tikinti, torpaq və kənd təsərrüfatı, icazəsiz arxeoloji qazıntı işlərinin aparılmasına ərazidə yeraltı, yerüstü partlayış işlərinə, abidələrin özbaşına ölçülməsinə, onlarda olan bədii təsvirlərin surətlərinin çıxarılmasına icazə verməməlidir.
6.6. Qoruq mühafizəçiləri respublikanın rayon və şəhərlərində abidələrin mühafizəsinə və istifadəsinə dair keçirilən bütün seminar və yığıncaqlarda iştirak edə, mədəniyyət işçilərinin təkmilləşdirmə kurslarında təhsil və təcrübə mübadiləsi keçə bilərlər.
6.7. Qoruğun strukturu və işçilərinin say həddi müəyyən olunmuş qaydada tabeliyində olduğu qurum tərəfindən təsdiq edilir.
Qoruğun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dayandırıla və yenidən təşkil edilə bilər.
1. 26 iyul 2008-ci il tarixli 170 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 689)
2. 26 oktyabr 2020-ci il tarixli 419 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1307)
3. 6 dekabr 2021-ci il tarixli 383 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 dekabr 2021-ci il, № 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1509)
4. 10 iyul 2026-cı il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 iyul 2026-cı il, “Azərbaycan” qəzeti, 14 iyul 2026-cı il, № 122)
5. 10 sentyabr 2026-cı il tarixli 291 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 24 sentyabr 2026-cı il, № 174)