6.1. Təsərrüfat fəaliyyətini həyata keçirmək üçün ailə kəndli təsərrüfatının əmlakı onun mülkiyyətində və ya icarəsində olan torpaq sahələri, tikililər, qurğular və digər istehsal və qeyri-istehsal vasitələri, mal-material qalıqları, pul vəsaiti və başqalarından ibarətdir.
6.2. Ailə kəndli təsərrüfatının istifadə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq təsərrüfat üzvlərindən birinin mülkiyyətində, üzvlərin ümumi paylı və ümumi birgə mülkiyyətində və ya icarəsində ola bilər.
6.3. Müvafiq yaşayış məntəqəsində daimi yaşayan və qeydiyyatda olan torpaq payı almamış vətəndaşlar və istefaya çıxmış hərbi qulluqçular dövlət və bələdiyyə torpaqlarından qanunvericiliyə uyğun qaydada istifadə etməklə ailə kəndli təsərrüfatı kimi fəaliyyət göstərmək istədikdə torpağı icarəyə götürməkdə və ya satın almaqda üstünlük hüququna malikdirlər.
6.4. Ailə kəndli təsərrüfatının əmlakının və torpaq sahəsinin dövriyyəsi Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
6.5. Ailə kəndli təsərrüfatında əmlakın istifadəsindən əldə edilən fayda (gəlir, artım, bəhər və başqa formalarda) təsərrüfat üzvlərinin ümumi birgə mülkiyyətidir və qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan qaydada təsərrüfat başçısı tərəfindən bölünür.