164.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
164.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur.
164.3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının elektron qaydada həyata keçirildiyi hallar istisna edilməklə, qeydiyyat kitabına yazılan hər bir qeyd ərizə verənlərə oxunmalı, onlar tərəfindən və qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanmalı, möhürlə təsdiq edilməlidir.
164.3-1. Qeydiyyatı elektron qaydada aparılan vətəndaşlıq vəziyyəti akt qeydləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.
164.3-2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan vəzifəli şəxs müvafiq qeydin həmin qeyd üzrə razılığı tələb olunan digər şəxslərlə razılaşdırılmasının yoxlanılmasını təmin edir. Nikahda olan valideynlərdən doğulmuş uşağın doğumunun qeydə alınması üçün valideynlərdən biri müraciət edərsə, bu halda güman edilir ki, o digərinin razılığı ilə hərəkət edir. Müraciət edən şəxs tərəfindən yalan məlumat təqdim edilməsi gələcəkdə həmin akt qeydinin ləğvi üçün əsasdır.
164.4. Ərizə verən şəxslərə vətəndaşlıq vəziyyəti aktının qeydə alınması haqqında müvafiq şəhadətnamə verilir.
164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs, yaxud onun qanuni nümayəndəsi, etibarnamə ilə səlahiyyət verdiyi şəxs, barəsində akt qeydi tərtib edilmiş şəxs öldükdə isə yaxın qohumları müraciət etdikdə verilir.
164.6. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında şəhadətnamələrdə göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında müvafiq şəhadətnamədə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin şəhadətnamənin təqdim edilməsinə bərabər tutulur.