Qanunvericilik › “Ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı Tələblər”in təsdiq edilməsi barədə (Elm və Təhsil Nazirliyi, 18.08.2025) › Tam mətn

“Ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı Tələblər”in təsdiq edilməsi barədə (Elm və Təhsil Nazirliyi, 18.08.2025)

“Ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı Tələblər”in təsdiq edilməsi barədə (Elm və Təhsil Nazirliyi, 18.08.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 noyabr tarixli 351 nömrəli Sərəncamının 4.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyası qərara alır:

1. “Ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı Tələblər” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Hüquq şöbəsinə (A.Atayeva) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatının Elm, ali və peşə təhsili şöbəsinə (N.Qaraxanova) və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə (Ü.Səttarova) tapşırılsın ki, bu Qərardan irəli gələn vəzifələrin icrasını təmin etsinlər.

4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinə (R.Xanlarov) tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

5. Qərarın icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilsin.

1.1. Bu Tələblər “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 noyabr tarixli 351 nömrəli Sərəncamının 4.1-ci bəndinə əsasən hazırlanmışdır və ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı tələbləri müəyyən edir.

1.2. Azərbaycan Respublikasında fəaliyyət göstərən və bu Tələblərin ən azı 6-nı ödəyən mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələri SABAH proqramının təşkili ilə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət etmək hüququna malikdirlər.

2.1. Ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə SABAH proqramlarının təşkili ilə bağlı tələblər aşağıdakılardır:

2.1.1. ali təhsil müəssisəsində beynəlxalq kitabxana resurslarına və elmi bazalara (SCOPUS, Web of Science və s.) çıxış imkanları olmalıdır (müraciət edilən tarixə olan məlumatlara əsasən);

2.1.2. ali təhsil müəssisəsi müraciət edilən tarixə olan məlumatlara əsasən “Times Higher Education World University Rankings”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların ən azı birində yer almalıdır (fəaliyyət müddəti 5 ildən az olan ali təhsil müəssisəsi istisna olmaqla);

2.1.3. ali təhsil müəssisəsinin elmi-pedaqoji heyətinin SABAH Proqramının təşkil ediləcəyi ixtisas sahəsi üzrə nüfuzlu elmi bazalarda (SCOPUS və Web of Science) indekslənən ümumi nəşrlərinin sayı azı 100 (yüz) olmalıdır;

2.1.4. ali təhsil müəssisəsində tələbələrin inkişafını dəstəkləyən qabaqcıl ekosistem (karyera və inkişaf mərkəzləri, dövlət-özəl ortaq təcrübə proqramları, mentorluq sistemləri, tələbə klubları və s.) mövcud olmalı və tələbələrin layihə, müsabiqə, konfranslarda iştirakına maliyyə dəstəyi verilməlidir;

2.1.5. ali təhsil müəssisəsində SABAH proqramının həyata keçiriləcəyi ixtisas üzrə məzunların məşğulluq faizi ölkədəki eyni ixtisas üzrə orta göstəricidən (müvafiq məlumatların əlçatanlıq səviyyəsi aşağı olduqda ali təhsil müəssisəsi üzrə məzunların ümumi orta məşğulluq göstəricisindən) yüksək olmalıdır (son 2 tədris ilinin məzunları istisna olmaqla əvvəlki 3 tədris ilinin məzunlarının məşğulluq məlumatlarına əsasən);

2.1.6. son 3 tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən müvafiq ali təhsil müəssisəsində SABAH proqramının həyata keçiriləcəyi ixtisas (ixtisaslaşma) üzrə minimum və orta qəbul balları ölkə üzrə orta göstəricidən yüksək olmalıdır;

2.1.7. SABAH proqramının təşkil ediləcəyi ixtisas (ixtisaslaşma) üzrə tələbə qəbuluna dair nəticələrə əsasən son 3 tədris ilində faktiki tələbə qəbulu göstəricisi 90 %-dən yuxarı olmalıdır;

2.1.8. ali təhsil müəssisəsində SABAH proqramının təşkil ediləcəyi ixtisas (ixtisaslaşma) üzrə son 3 tədris ilində müəllim-tələbə nisbəti 1/15 – 1/20 aralığında olmalıdır;

2.1.9. ali təhsil müəssisəsində SABAH proqramının təşkil ediləcəyi ixtisas (ixtisaslaşma) üzrə tədris prosesinə cəlb olunan müəllim heyətinin azı 40 %-i müvafiq ixtisas sahəsi üzrə fəaliyyət göstərən özəl və ya dövlət sektorunda çalışan mütəxəssislərdən ibarət olmalıdır;

2.1.10. ali təhsil müəssisəsində SABAH proqramının təşkil ediləcəyi ixtisas (ixtisaslaşma) üzrə tədrisə cəlb olunmuş elmi-pedaqoji heyətin ən azı 60 %-i elmi dərəcəyə və elmi ada malik olmalıdır;

2.1.11. ali təhsil müəssisəsində SABAH proqramının təşkil ediləcəyi ixtisas (ixtisaslaşma) üzrə tədrisə tam ştatda işləyən elmi-pedaqoji heyətin azı 10 %-i, tədrisə ali təhsil müəssisəsində saathesabı qaydada dərs deyən elmi-pedaqoji heyətin (müvafiq ixtisas sahəsi üzrə fəaliyyət göstərən özəl və ya dövlət sektorunda çalışan mütəxəssislər) isə azı 20%-i xarici dövlətin ali təhsil müəssisələrində təhsil almış olmalıdır;

2.1.12. ali təhsil müəssisəsində SABAH proqramın təşkil ediləcəyi ixtisas (ixtisaslaşma) üzrə tədrisə cəlb edilən elmi-pedaqoji heyətin azı 5 %-i nüfuzlu xarici ali təhsil müəssisələrinin professor-müəllim heyəti sırasından olmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver