Qanunvericilik › Ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyəti ilə bağlı Əsasnamələrin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.11.1995) › Tam mətn

Ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyəti ilə bağlı Əsasnamələrin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.11.1995)

Ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyəti ilə bağlı Əsasnamələrin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.11.1995) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikasının Təhsil Qanununa uyğun olaraq, ali və orta ixtisas məktəblərinin fəaliyyəti ilə bağlı Təhsil Nazirliyi tərəfindən təqdim olunan Əsasnamələr təsdiq edilsin (əlavə 1 - 4, 7).

Bakı şəhəri, 6 noyabr 1995-ci il

1.1. Bu Əsasnamə ali təhsil müəssisələrində elmi-tədqiqat, təcrübə-texnoloji və layihə-konstruktor işlərinin (bundan sonra elmi-tədqiqat işləri) planlaşdırma, maliyyələşdirmə qaydalarını və ali təhsil müəssisələrində elmi hissələrin, elmi tədqiqat institutlarının (ETİ və mərkəzlərinin (ETM), təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələr, dövlət büdcəsindən maliyyələşdirilən elmi-tədqiqat laboratoriyalarının (ETL) və sahə elmi-tədqiqat laboratoriyalarının (sahə laboratoriyaları), hesablama mərkəzlərinin, rəsədxanaların, təcrübə stansiyalarının, muzeylərin, elmi kitabxanaların və s. (bundan sonra elmi təşkilatlar) elm-istehsalat fəaliyyətinin təşkilini müəyyən edir.

1.2. Ali təhsil müəssisələrin elmi təşkilatlarının əsas vəzifələri:

milli iqtisadiyyatın inkişafında ali təhsil müəssisəsinin elmi potensialından səmərəli istifadə edilməsi;

fundamental və axtarış tədqiqatlarının üstün istiqamətlərinin inkişaf etdirilməsi və yeni texnika, texnologiya və materialların yaradılması;

yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması, əlavə təhsili, iqtisadiyyatın, sənayenin və digər təsərrüfat sahələrinin mütəxəssislərinin əlavə təhsilinin təmin edilməsi;

elmi nəticələrin istehsalatda istifadə olunmasının genişləndirilməsi məqsədilə milli iqtisadiyyatın müxtəlif sahələri ilə elmi-texniki əməkdaşlığın perspektiv formalarının inkişaf etdirilməsi;

tələbələrin elmi-tədqiqat işlərinə geniş cəlb olunması;

mütəxəssislərin hazırlıq səviyyəsinin artırılması məqsədilə elmi tədqiqatların nəticələrinin tədris prosesinə tətbiq edilməsi;

ali təhsil müəssisəsinin xarici ölkələrlə elmi-texniki əməkdaşlığının inkişaf etdirilməsi;

ali təhsil müəssisəsində yeni təcrübə-istehsalat bazasının yaradılması.

1.3. Elmi-tədqiqat işləri yerinə yetirildikdə ali təhsil müəssisələr öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Milli Məclisin qərarlarını, Nazirlər Kabinetinin qərar, sərəncam və göstərişlərini, Respublika Dövlət Elm və Texnika Komitəsinin, ali təhsil müəssisəsinin tabe olduğu nazirliyin qərar, əmr, sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.4. Ali təhsil müəssisələrin rektorları aparılan elmi-tədqiqat işlərinin elmi səviyyəsinə və səmərəliliyinə, onların maliyyə və dövlət intizamına riayət edilməsinə cavabdehdirlər.

1.5. Ali təhsil müəssisəsinin elmi-tədqiqat fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsi olmaqla, təsisçinin vəsaitləri, öz vəsaitləri, qrantlar, müxtəlif fondlardan alınan vəsaitlər və digər qanuni mənbələr hesabına həyata keçirilir.

1.6. Elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələri sifarişlər əsasında birgə elmi tədqiqatlar aparmaq, layihə və proqramlar hazırlamaq, məsləhət və “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq digər xidmətlər göstərmək hüququna malikdirlər. Elm və texnikanın tərəqqisi və mütəxəssislərin hazırlanmasının keyfiyyətinin artırılması məqsədilə ali təhsil müəssisələrində elmi-tədqiqat, layihə-konstruktor və elmi-texnoloji işlər (bundan sonra elmi-texniki işlər) aparılır.

2. Dövlət büdcəsindən maliyyələşdirilən elmi-tədqiqat işləri

2.1. Elmi və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsinin vəsaiti, elmi fəaliyyət subyektlərinin öz vəsaitləri, dövlət fondlarının vəsaitləri, kreditlər, qrantlar, ianələr və digər qanuni mənbələr hesabına həyata keçirilir.

2.2. Ali təhsil müəssisələrində aparılan elmi-tədqiqat işlərinin nəticələri professor-müəllim heyətinin vəzifələrə seçilməsində və təyin olunmasında nəzərə alınır.

3. Təsərrüfat hesablı elmi-tədqiqat işləri

3.1. Elm və elm-istehsalat birlikləri, müəssisələri və təşkilatları ilə ali təhsil müəssisəsinin elmi təşkilatları təsərrüfat hesablı müqavilələr əsasında təsərrüfatın müxtəlif sahələrinin inkişafı məqsədilə fundamental, axtarış və tətbiqi elmi-tədqiqatlar, təcrübə-konstruktor və layihə-texnoloji işlər aparırlar.

Bundan əlavə, ali təhsil müəssisəsində aparılmış elmi-tədqiqatların nəticələrinin, alimlərin ixtiralarının istehsalata tətbiqi, elmtutumlu, aztonnajlı, xırda seriyalı məhsulun istehsalı, proqram vəsaitlərinin yaradılması və elm-istehsalat xidmətlərinin göstərilməsi məqsədilə təsərrüfat hesablı müqavilələr bağlana bilər.

3.2. Ali təhsil müəssisələrində təsərrüfat hesablı müqavilələr əsasında aparılan elmi-tədqiqat, təcrübə-konstruktor və layihə-texnoloji işlər ali təhsil müəssisəsinin hazırladığı mütəxəssislərin profilinə müvafiq və ali təhsil müəssisəsinin əsas elmi istiqamətlərinə uyğun, müxtəlif sahələrarası və sahədaxili problemlərin həlli məqsədilə, fundamental tədqiqatların nəticələrini tətbiq edərək yerinə yetirilir.

3.3. Elmi təşkilatların elmi-texniki məhsulu—əmtəədir.

Elmi-texniki məhsula sifarişçi tərəfindən qəbul edilmiş və dəyəri tam ödənilmiş aşağıdakılar aiddir:

elmi-tədqiqat, təcrübə-konstruktor və layihə-texnoloji işlər və onların başa çatmış mərhələləri;

elmtutumlu kadr müşahidəsi ilə mühəndis sistemləri sahəsində yaradılan elmi-texniki layihələr;

elmi-tədqiqatlar və təcrübə-konstruktor işlərinin nəticələri əsasında yaradılan yeni texnika və materialların təcrübə nümunələri;

ali təhsil müəssisəsinin təcrübə bazasında hazırlanmış, daxili və xarici bazara çıxarılan, elmtutumlu, aztonnajlı və xırda seriyalı məhsullar;

hesablama texnikası üçün proqram təminatı, həmçinin ali təhsil müəssisəsi şəraitində yaradılan proqram vəsaitləri;

nadir elmi-texniki avadanlıqların istifadəsi ilə göstərilən elmi-texniki xidmətlər, EHM-də aparılan hesablama işləri; informatika və informasiya, metrologiya, patent və lisenziya sahələrində göstərilən xidmətlər;

elmi, texniki, iqtisadi, idarəetmə, marketinq və s. sahələrdə verilən məsləhət və göstərilən ekspert xidmətləri.

3.4. Elmi təşkilat adından təsərrüfat hesablı müqavilələr ali təhsil müəssisəsinin rektoru və ya elmi işlər üzrə prorektoru, ali təhsil müəssisəsinin filialının rəhbəri, müstəqil balansa və hüquqi şəxs statusuna malik olan elmi-tədqiqat müəssisələrinin rəhbəri tərəfindən bağlanır.

3.5. Elmi təşkilatlar sifarişçi təşkilatlarla hər bir elmi-tədqiqat işi üzrə ayrılıqda müqavilə bağlayır. Bir neçə müstəqil işdən ibarət olan kompleks elmi-tədqiqat proqramları müqavilə əsasında yerinə yetirilərkən, planlaşdırma, maliyyələşdirmə və hesabat bütün proqram üçün bütövlükdə aparıla bilər.

3.6. Bağlanılan təsərrüfat hesablı müqavilələr, sifarişçi ilə icraçının münasibətlərini tənzimləyən və öhdələrinə götürülən qarşılıqlı vəzifələrin yerinə yetirilməsi üçün iqtisadi məsuliyyəti təyin edən yeganə maliyyə və hüquqi sənəddir.

3.7. Müqavilədə xüsusi şərtlər kimi tədqiqatların nəticəsində alınan materialların dərc olunması, icraçının müəllif hüquqları, xüsusi avadanlığın təchiz edilməsi və s. məsələlər qeyd oluna bilər.

3.8. Elmi-texniki məhsulun qiyməti müqavilə bağlanan mərhələdə təyin edilir və aparılacaq işlərin elmi-təxniki səviyyəsi və alınacaq nəticələri ilə əlaqələndirilir.

3.9. Ali təhsil müəssisələrində təsərrüfat hesablı müqavilələr əsasında daxil olan vəsaitlər və nəzərdə tutulan xərclər büdcədənkənar smetalar üzrə planlaşdırılır və rektor tərəfindən təsdiq edilir.

3.10. Elmi-texniki və sosial inkişaf fondunun vəsaitləri müvəqqəti olaraq, 6 ay müddətinə sifarişçinin vəsaiti hesabına, qaytarılmaq şərti ilə, rektor tərəfindən icazə verilməklə müqavilələr üzrə xərclərin ödənilməsi üçün istifadə oluna bilər.

4. Ali təhsil müəssisələrinin elm-istehsalat fəaliyyəti

4.1. Ali təhsil müəssisəsinin elm-istehsalat fəaliyyəti fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi tədqiqatların əsasında elm tutumlu rəqabətə davamlı məhsulun işlənməsi və istehsal edilməsinə, onun daxili və xarici bazarlara müstəqil çıxarılmasına, tədqiqatların nəticələrinin təhsil prosesinə və islahata tətbiq edilməsi formalarının genişləndirilməsinə, ali təhsil müəssisəsinin təcrübə-istehsalat və maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldir.

4.2. Elm-istehsalat fəaliyyətinə elmtutumlu, aztonnajlı və xırda seriyalı məhsulun istehsalı, hesablama texnikası üçün proqram vəsaitlərinin işlənib hazırlanması, elm-istehsalat xidmətlərinin göstərilməsi, informatika, informasiya, marketinq, metrologiya və patent-lisenziya sahələri üzrə məsləhət və başqa xidmət növləri aiddir.

5. Elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması

5.1. Ali təhsil müəssisələrinin elmi və elm-istehsalat fəaliyyətinin cari və perspektiv planlaşdırılmasını sərbəst həyata keçirirlər.

5.2. Ali təhsil müəssisələrində elmi tədqiqatların planlaşdırılması onların əsas elmi istiqamətlərinə müvafiq həyata keçirilir.

Ali təhsil müəssisəsinin elmi istiqamətləri, orada hazırlanan mütəxəssislərin profilinə uyğun, müvafiq elm və texnika sahəsində perspektiv inkişafını və vəziyyətini, kadr təminatı, maddi və maliyyə imkanlarını nəzərə almaqla müəyyən edilir.

5.3. Elmi-tədqiqat işlərinin mövzularına ali təhsil müəssisəsinin Elmi şurasında baxılır və onların planı rektor tərəfindən təsdiq olunur. ali təhsil müəssisəsinin Elmi Şurası elmi-tədqiqat işlərinin yekunlarını müzakirə edir, ən aktual və perspektivli elmi istiqamətlərin inkişaf etdirilməsi haqda, həmçinin elmi-texniki tərəqqinin sürətləndirilməsinə real xidmət etməyən və elmi zənginləşdirməyən elmi işlərin dayandırılması haqda qərarlar qəbul edir.

5.4. Nazirliklər, tabeliklərində olan ali təhsil müəssisələri dövlət büdcəsinin vəsaiti hesabına elmi-tədqiqat işlərini maliyyə vəsaiti, təcrübə-eksperimental bazasına və dövlət planına daxil edilmiş obyektlərin siyahısına müvafiq yeni tikintilərin inkişafı üçün mərkəzləşmiş kapital qoyuluşunun limitləri ilə, tikinti-quraşdırma işlərinin, eləcə də mərkəzləşmiş qaydada paylanan maddi-texniki resursların limitləri ilə və iqtisadi normativlərlə təmin etməlidirlər.

5.5. Elmi tədqiqatların səmərəliliyinin artırılması, elmi-texniki yeniliklərin yaradılması və tətbiq edilməsi müddətinin azaldılması məqsədilə, müəyyən olunmuş qaydada ali təhsil müəssisəsinin bazasında mühəndis və elmi-texniki mərkəzlər, ikili tabelikdə olan laboratoriyalar, respublikanın və xarici ölkələrin müştərək müəssisələri, elm-istehsalat birlikləri, mərkəzlər, kooperativlər, kiçik müəssisələr və s. şəklində çevik təşkilati formalar yaradıla bilər.

5.6. Ali təhsil müəssisəsində yerinə yetirilmiş işlənmələrin, elmi-texniki nailiyyətlərin tətbiqi və mənimsənilmiş təcrübənin istifadəyə verilməsi, ali təhsil müəssisəsinin təcrübə bazasında hazırlanmış elmtutumlu, aztonnajlı, xırdaseriyalı məhsulun istifadə üçün verilməsi, müəssisələrdə, təşkilatlarda, xarici firmalarda, kooperasiyada elmi-texniki məhsulun birgə istehsalı, ali təhsil müəssisəsinin elmi-texniki məhsulun onların nəzdindəki elm-istehsalat kooperativləri, elmi-texniki xidmət mərkəzləri, kiçik müəssisələr və həmçinin birlik və assosiasiyalar tərəfindən istifadə edilməsi haqda müqavilələr əsasında həyata keçirilir.

5.7. Tədqiqatların və işlənmələrin nəticələrinin təbliğ edilməsi məqsədilə ali təhsil müəssisələri, xarici ölkələrin sahə elmi-texniki, sənaye, kommersiya və başqa sərgilərində iştirak edir, tematik toplular və xüsusi reklam nəşrləri buraxır və yayır, özlərinin elmi-texniki nailiyyətləri haqda nazirliklərə məlumat göndərir.

6. Elmi-tədqiqat işlərinin icraçıları

6.1. Ali təhsil müəssisəsində elmi-tədqiqat işləri aşağıdakılar tərəfindən yerinə yetirilə bilər:

əsas iş vaxtı ərzində fərdi iş planlarına müvafiq olaraq professor-müəllim heyəti;

əsas iş vaxtında elmi təşkilatların elmi, mühəndis-texniki işçiləri, klinik xəstəxanaların mütəxəssis və fəhlələri;

kurs işi, diplom layihəsi, tədris planlarında nəzərdə tutulmuş digər tədqiqat işlərinin yerinə yetirilməsi gedişində, tələbə elmi cəmiyyətlərində, bürolarında, həmçinin ali təhsil müəssisələrinin kafedra, elmi müəssisə və təşkilatlar, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələrində əlavə əmək haqqı ödənilməklə dərsdənkənar sərbəst vaxtda tələbələr;

hazırlandığı fərdi planlara müvafiq kafedralarda, elmi müəssisə və təşkilatlarda, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələrdə dərsdənkənar boş vaxtda əlavə əmək haqqı ödənilməklə doktorant, tədqiqatçı-stajor, rezidenturada təhsil alanlar və müəllim-stajorlar.

Dövlət büdcəsi və təsərrüfat müqaviləsi vasitələri üzrə maliyyələşdirilən elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə ali təhsil müəssisəsinin professor-müəllim heyəti, elmi işçiləri, rəhbər və digər işçiləri, həmçinin (sifarişçi müəssisə istisna olmaqla) qanunvericiliklə müəyyən olunmuş qaydada kənar müəssisə və təşkilatların işçiləri əsas işlərindən kənar vaxtda əvəzçiliklə cəlb oluna bilər.

6.2. Ali təhsil müəssisəsinin rektorları əvəzçilik üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsində yalnız mövzunun elmi rəhbəri kimi iştirak edə bilərlər. ali təhsil müəssisəsinin digər işçilərinə məhdudiyyət qoyulmur.

6.3. Ali təhsil müəssisəsinin ştatında olan rəhbər, professor-müəllim heyəti, elmi və digər işçilər əvəzçilik üzrə öz ixtisas və dərəcələrinə uyğun gələn istənilən vəzifəni tuta bilərlər. Əvəzçilik üzrə vəzifə maaşları əsas iş yeri üzrə əmək haqqının həcmindən asılı olmayaraq müəyyənləşdirilir. Əvəzçilik üzrə iş müddəti, müvafiq kateqoriyadan olan işçilər üçün müəyyən olunmuş iş vaxtı normasının yarısından çox olmamalıdır. Əvəzçilik şərti ilə elmi-tədqiqat işlərinin aparılmasına cəlb olunan işçilərin əmək haqqı, tapşırığa müvafiq yerinə yetirilmiş işin tam həcminə görə ödənilir.

6.4. Ali təhsil müəssisəsinin elmi müəssisələrinin bölmələrinin işə götürülən elmi əməkdaşları ştat cədvəlində nəzərdə tutulmuş boş olan elmi vəzifələrə müsabiqə üzrə seçilir, sonradan isə müəyyən olunmuş qaydada attestasiyadan keçirlər.

Ali təhsil müəssisəsində və ya onun elmi müəssisələrində (konstruktor və texnoloji bürolar da daxil olmaqla) işləyən şəxslər, attestasiyanın nəticələrinə görə elmi işçi vəzifəsinə təyin olunurlar.

Mühəndis-texniki işçilər və mütəxəssislər, ali təhsil müəssisəsinin rektorunun, elmi tədqiqat institutunun və ya müstəqil təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisəsinin rəhbərinin əmri ilə işə götürülür və müəyyən edilmiş qaydada attestasiyadan keçirlər.

Ali təhsil müəssisəsinin rektoru, elmi-tədqiqat institutunun, təcrübə-konstruktor, layihə-texnoloji bürolarının rəhbərləri müəyyən mövzuların (mərhələlərin) yerinə yetirilməsi müddətində, ayrı-ayrı hallarda elmi, mühəndis-texniki işçiləri və mütəxəssisləri işə qəbul edə bilərlər. İşçilərin işə qəbul olunması və azad edilməsi ali təhsil müəssisəsinin rektoru, elmi-tədqiqat institutunun, təcrübə-konstruktor, layihə-texnoloji büroların rəhbərləri tərəfindən əmrlə həyata keçirilir.

Elmi-tədqiqat işlərinin yerinə yetirilməsində əvəzçiliklə iştirak edən şəxslər, həmçinin doktorantlar, rezidenturada təhsil alanlar, təcrübəçi-tədqiqatçılar, tələbələr ali təhsil müəssisəsində müəyyən edilmiş say limitində nəzərə alınmırlar.

6.5. Əvəzçilik üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbər və professor-müəllim heyətinin həmçinin doktorantların cəlb olunması əmək müqaviləsi əsasında ştat vəzifəsi üzrə aparılır. Müqavilə bu şəxslərlə rektor (elmi işlər üzrə prorektor), ali təhsil müəssisəsi, elmi-tədqiqat institutlar, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələrinin rəhbərləri arasında bağlanılır.

Əmək müqavilələri bütövlükdə işin (ayrı-ayrı mərhələlərin) aparılması, həmçinin işin proqram və ya təqvim planına müvafiq konkret-tədqiqat, eləcə də istehsal-texniki xarakterli tapşırıqların yerinə yetirilməsi üçün bağlanılır. Burada götürülən işin həcmi, onun reallaşma müddəti və hesabat qaydası göstərilir. Həmin müqavilələrdə həmçinin yerinə yetiriləcək işin xalq təsərrüfatı üçün əhəmiyyəti, elmi-texniki səviyyəsi, keyfiyyəti, həcmi və mürəkkəbliyi nəzərə alınaraq əmək haqqının məbləği və ödənilmə qaydası müəyyənləşdirilir. Hər ay üçün əmək haqqı hesablanarkən ali təhsil müəssisəsinin elmi-tədqiqat müəssisələrində, texnoloji və konstruktor təşkilatlarında əvəzçilərin əmək haqqı işlədiyi vaxta mütənasib olaraq əvəzçilik vəzifəsinə görə vəzifə maaşlarına əsasən ödənilir. Ali təhsil müəssisələrinin elmi-tədqiqat təşkilatlarında xüsusi əhəmiyyətə malik olan işlər yerinə yetirildikdə göstərilən müqavilələrdə əlavə ödənişlər də nəzərdə tutula bilər.

6.6. Tədqiqatların yerinə yetirilməsinə cəlb olunan rəhbər, professor-müəllim, elmi işçi heyətinə doktorantların əvəzçilik qaydasında əmək haqqı, aparılan işlərin təqvim planına müvafiq olaraq mərhələlərlə ödənilir. Müqavilədə nəzərdə tutulmuş tapşırıqlar vaxtından əvvəl yerinə yetirildikdə və sifarişçinin müəyyən etdiyi işin keyfiyyəti və elmi-texniki səviyyəsi tələblərinə riayət olunduqda, icraçıya əmək müqaviləsində müəyyən edilmiş vəsaitin tam həcmi ödənilir.

6.7. İstehsal və texniki xarakterli konkret tapşırıq və xidmətlərin aparılmasına cəlb olunan doktorant, tədqiqatçı-stajor, müəllim-stajor, mühəndis-texniki işçilər, tədris-köməkçi heyəti, mütəxəssislər, tələbələr və ali təhsil müəssisəsinin fəhlələrinin əmək haqqı, işlədiyi vaxta mütənasib olaraq əvəzçilik vəzifəsinə görə vəzifə maaşına əsasən ödənilir.

6.8. Tətil dövründə doktorant və tələbələr, həmçinin istehsalat təcrübəsi zamanı tələbələr (əgər bu təcrübə ali təhsil müəssisəsində və ya sifarişçi təşkilatlarda keçirilərsə), elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün tam əmək haqqı ödənilməklə işə götürülə bilərlər. Professor-müəllim heyəti öz məzuniyyət dövründə (əmək müqaviləsi üzrə əmək haqqı ödənilməklə) işə götürülə bilər.

6.9. Doktorant, rezidenturada təhsil alan, tələbə və fəhlə icraçılarla müqavilə üzrə iş yerinə yetirilən zaman, tutduğu vəzifə üzrə müəyyən olunmuş qaydada məzuniyyət və ya istifadə olunmayan məzuniyyətə görə iş qurtardıqdan sonra pul əvəzi ödənilməlidir.

6.10. Elm-istehsalat xarakterli, o cümlədən kooperativ, kiçik müəssisə və s. təşkilatların işində iştirak edən ali təhsil müəssisələrinin əməkdaşları, rektorluqla bağlanmış müqavilələrə əsasən, xərci ödənilməklə ali təhsil müəssisəsinin elmi cihaz, qurğu, istehsal sahələrindən həmin təşkilatların işini yerinə yetirmək üçün istifadə edə bilərlər.

Elmi hesabatlar, metodik proqram, konstruktor və texnoloji layihələr, ali təhsil müəssisəsinin mülkiyyəti hesab olunmuş və əvvvəllər yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticəsində əldə edilmiş digər materiallar müqavilə üzrə istifadə oluna bilər.

6.11. Təsərrüfat müqavilələrini yerinə yetirmək üçün rektorun əmri ilə müvəqqəti yaradıcı kollektivlər təşkil oluna bilər.

6.12. Ali təhsil müəssisələrinin kafedra və digər qurum rəhbərlərinə və idarə aparatının əməkdaşlarına, həmin ali təhsil müəssisəsinin nəzdində yaradılmış kooperativlərdə (kiçik müəssisələrdə) işləməyə icazə verilmir.

7. Tədris və elmi proseslərin vəhdəti

7.1. Tədris prosesinin, elmin və istehsalın inteqrasiyası aşağıdakı vasitələrlə həyata keçirilir:

sahələrarası elmi-texniki sistemlərin yaradılması;

elmi kollektivlərin tərkibində tələbələrin elmi-tədqiqat işlərinin yerinə yetirilməsi;

elmi-texniki tərəqqinin istiqamətlərinə və yüksək səviyyəli mütəxəssislərə olan sosial-iqtisadi tələbata uyğun, elmi və texniki nailiyyətlərin əsasında mütəxəssislərin hazırlanması;

Azərbaycan Respublikası Elmlər Akademiyası, nazirliklər, idarə və müəssisələrlə birlikdə tədris-elm-istehsalat birlikləri və kompleksləri, baza kafedraları, elmi-tədris və mühəndis mərkəzləri təşkil etməklə, akademiya institutlarının elmi laboratoriyalarında və tədqiqat komplekslərində tədris-tədqiqat işlərinin aparılması;

təsərrüfat müqaviləli elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə tələbələrin cəlb edilməsi (bu halda tələbələr üçün əmək haqqının müəyyən hissəsi faiz ilə ayrılır);

elmi hissənin elmi və elm-istehsalat bölmələrində fəal tədris işlərinin müxtəlif formalarından—diplom və kurs işi layihələrindən, tədris və istehsalat təcrübəsindən, tədris prosesinə elmi avadanlıqlardan və hesablama texnikasından, tədqiqat və ölçmənin müasir üsullarından, avtomatlaşdırılmış məlumat banklarından və s. istifadə edilməsi;

elmi tədqiqatların nəticəsində yaradılmış tədrisin yeni texniki vasitələrinin (laboratoriya qurğuları, mühazirə kursları, kompüter tədris vasitələri və praktikumlar, stend və trenaj qurğuları) tədris prosesində tətbiq edilməsi;

tədris prosesi ilə əlaqədar tələbələrin elmi və texniki yaradıcılığının müxtəlif formalarının inkişaf etdirilməsi üzrə yaradılmış Şuralarla birlikdə elmi, metodik və təşkilat işlərinin aparılması;

tədrisdən kənar vaxtlarda konstruktor və layihə bürolarında, elm-istehsalat dəstələrində, təhsil alan gənclərin elmi-texniki mərkəzlərində işlərin aparılması.

7.2. Tələbə elmi, layihə, konstruktor büro və mərkəzləri ali təhsil müəssisələrinin elmi hissəsinin tərkibində yaradılır.

8. Təcrübə-istehsalat bazasının inkişaf etdirilməsi

8.1. Elmi-tədqiqatlarda ali təhsil müəssisəsinin eksperimental və istehsalat bazasından səmərəli istifadə edilməsi üçün nadir və bahalı elmi avadanlıqdan, hesablama texnikasından müxtəlif formalarda kollektiv istifadə olunur. Burada, ali təhsil müəssisəsilərarası, idarələrarası kooperasiya və ixtisaslaşmadan istifadə olunur, elmi tədqiqatlara xidmət məqsədilə ali təhsil müəssisələri sistemində yüksək səmərəli texnologiyaların və rəqabətə davamlı yeni texnikanın yaradılması üçün mərkəzlər və elmi-texnoloji parklar yaradılır.

8.2. Ali təhsil müəssisələri nəzdində nadir cihazların, informatika vasitələrinin və başqa avadanlıqların yaradılması məqsədilə elmtutumlu kiçik müəssisələr və istehsalatlar (o cümlədən ali təhsil müəssisələri əsasında) təşkil edilə bilər.

8.3. Elmi müəssisə və təşkilatların, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələrin və s. tikintisi, yenidən qurulması və texniki təchizatı mərkəzləşmiş kapital qoyuluşuna müvafiq həyata keçirilir. Onlar həmçinin elmi-texniki və valyuta fondlarından, xalq təsərrüfatı sahələrindən eksperimental, istehsalat və sosial bazaya ayrılan vəsaitlər hesabına həyata keçirilir.

9. Beynəlxalq elmi əməkdaşlıq və xarici iqtisadi fəaliyyət

9.1. Ali təhsil müəssisələri xarici ölkələrin təhsil müəssisələri və təşkilatları ilə elmi-texniki əməkdaşlığı müqavilələr əsasında həyata keçirir.

9.2. Beynəlxalq elmi-texniki əməkdaşlıq və xarici iqtisadi fəaliyyət aşağıdakı məsələləri əhatə edir:

elm və texnikanın üstün istiqamətlərinin inkişaf etdirilməsi sahəsində texniki layihələrin xarici ali təhsil müəssisələri, elmi təşkilatlar ilə birgə işlənməsi;

kommersiya əsasında yüksək səmərəli elmi-texniki məhsulların işlənməsi və hazırlanması;

birgə tədqiqat aparmaq və elmi problemləri dərindən öyrənmək məqsədilə ali təhsil müəssisəsi alimlərinin xaricdə təcrübə keçməsi;

müştərək elmi, elmi-texniki laboratoriyaların və müəssisələrin yaradılması, bunların əsasında elmi-texniki məhsulların hazırlanması və müqavilə əsasında elm-istehsalat xidmətlərinin göstərilməsi;

elmi-tədqiqat işlərinin yerinə yetirilməsi nəticəsində yaradılan elmtutumlu, aztonnajlı, xırdaseriyalı elmi-texniki məhsulların və proqram vasitələrinin xarici ölkələrdə qəbul edilmiş qaydalar əsasında satılması;

qəbul olunmuş qaydalar üzrə lisenziyaların və «nou-xau»-ların satılması, elmi-texniki məhsulların qarşılıqlı satışı, hesablama texnikasının, ölçü sistemlərinin dəzgah və texnoloji avadanlıqların icarəyə verilməsi və alınması;

nadir elmi avadanlıq, cihaz və materialların alınması, marketinq keçirilməsi, sorğu və digər xidmətlərinin göstərilməsi.

9.3. Təhsil müəssisələrinin birbaşa beynəlxalq əməkdaşlıq müqavilələrinə dövlət tərəfindən zəmanət verilmir.

10. Elmi-tədqiqat işlərinin qeydiyyatı və hesabatı

10.1. Qüvvədə olan texniki-normativ sənədlərə uyğun olaraq ali təhsil müəssisələrində aparılan elmi-tədqiqat işləri mövcud qaydada dövlət qeydiyyatından keçməlidir.

Elmi-tədqiqat işlərinə göstərilən xidmətlər, elmin istehsalata tətbiqi, həmçinin ali təhsil müəssisələri və nazirliklərarası kooperasiya ilə bağlı xidmətlər isə dövlət qeydiyyatından keçmirlər.

10.2. Yerinə yetirilən işlər haqqındakı son hesabat, aparılan tədqiqatların metroloji və patent nöqteyi-nəzərindən işlənməsinin nəticələrini, onların tətbiqi zamanı texniki, iqtisadi və sosial səmərəliliyini qiymətləndirməyə imkan verəcək hesablamaların nəticələrini özündə əks etdirməlidir.

Hesabatın mətni, illüstrasiyalar və başqa materiallar müəyyən olunmuş qaydada müəlliflər tərəfindən çap işlərində (məqalə, monoqrafiya, dərslik və s.), həmçinin dissertasiyalarda istifadə oluna bilər. Belə hallarda müəllif mətnlərinin bu materiallarla üst-üstə düşməsi mümkündür.

10.3. Təcrübə-konstruktor və texnoloji işlər aparılarkən, iş sənədləri, təcrübə nümunələr, maketlər, texnoloji reqlamentlər və s. qüvvədə olan normativ-texniki sənədlərə uyğun olaraq sifarişçiyə verilə bilər.

10.4. Başa çatmış mərhələlərin və bütövlükdə elmi işin alınmış nəticələri, işin təhvil verilmə aktları sifarişçilərin (müqabil tərəflərin) və ya baş təşkilatın nümayəndələrinin, yaxın profilli elmi təşkilatların, başqa kafedraların nümayəndələrinin iştirakı ilə kafedranın (şöbənin, laboratoriyanın) iclasında müzakirə olunmalıdır.

Başa çatmış təsərrüfat hesablı tədqiqatların qəbul qaydası sifarişçi ilə birlikdə müəyyən edilir. Təsərrüfat müqaviləsi ali təhsil müəssisəsi tərəfindən qəbul olunmuş və təsdiq edilmiş son sənədlər olduqda yerinə yetirilmiş hesab olunur.

Dövlət büdcəsi hesabına maliyyələşdirilən ən mühüm işlərin nəticələrinin qəbulu üçün ali təhsil müəssisələrinin tabe olduğu nazirliyin ekspert, problem və baş idarələrinin komissiyası yaradıla bilər.

Respublikanın iqtisadi və sosial inkişafının əsas istiqamətlərinə, sahələrarası xarakterli dövlət məqsədli elmi-texniki proqramlara uyğun olan elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin qəbulu, müəyyən olunmuş qaydada yaradılan dövlət və ya sahələrarası komissiyalar tərəfindən aparılmalıdır.

10.5. Elmi-tədqiqat işlərinin nəticələri hər il ali təhsil müəssisəsinin Elmi Şurasında müzakirə edilməlidir.

Ali təhsil müəssisəsi, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqda tabe olduğu nazirliyə (idarəyə), bu nazirlik tərəfindən müəyyən edilmiş qaydaya uyğun formada və müddətdə hesabat təqdim etməlidir.

10.6. Ali təhsil müəssisələri elmi-tədqiqat işlərinin hesabatlarının müəyyən edilmiş qaydada, vaxtında təqdim edilməsini və dəqiqliyini təmin edirlər.

1. Elmi-tədqiqat laboratoriyası (ETL)—ali təhsil müəssisəsinin struktur bölmələrindən biridir. ETL yüksək ixtisaslı mütəxəssislər hazırlanması, fundamental, tətbiqi və axtarış elmi-tədqiqat işləri aparılması üçün yaradılır. ETL professor-müəllim heyətini, doktorantları və ali təhsil müəssisəsi tələbələrini elmi-tədqiqat işlərinə geniş cəlb edir.

ETL—elmi təşkilatdır. ETL-in kateqoriyası müvafiq ali təhsil müəssisəsinin kateqoriyası ilə müəyyən olunur. Onun işçiləri rəhbər və elmi işçilər, kateqoriyasına aid edilir. Onların vəzifə maaşları, məzuniyyət normaları və güzəştlərə dair digər qaydalar ali təhsil müəssisələrindəki professor-müəllim və yardımçı heyət üçün tətbiq olunan prinsiplərə müvafiq müəyyənləşdirilir.

2. ETL Azərbaycan Respublikası Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər nazirliklərin DETK ilə razılaşdırılmış təklifinə uyğun müəyyən olunmuş qaydada yaradılır, yenidən təşkil edilir və ləğv edilir.

3. ETL-in fəaliyyəti ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması haqqında Əsasnaməyə müvafiq həyata keçirilir.

4. ETL-in əsas vəzifələri:

nəzdində fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin müvafiq fakültə və ya kafedrası arasında tədrislə bağlı sıx əlaqə yaradılması;

təsdiq edilmiş istiqamətlər üzrə fundamental, tətbiqi və axtarış tədqiqatlarının aparılması;

ali təhsil müəssisəsinin bölmələrinə, müəssisələrə və xalq təsərrüfatının başqa təşkilatlarına laboratoriyada yerinə yetirilmiş tədqiqatların əsasında yeni metod və texnologiyanın, cihaz və materialların və s. yaradılmasında və mənimsənilməsində köməklik edilməsi.

5. ETL tabeliyində olduğu ali təhsil müəssisəsinin hazırladığı mütəxəssislərin profilinə uyğun elmi istiqamətlər üzrə elmi-tədqiqat işlərini mövcud qaydada təsdiq edilmiş planlar əsasında yerinə yetirir. Planları təsdiq edilməmiş laboratoriyaların fəaliyyəti 3 aydan gec olmayaraq dayandırılır.

ETL-də yerinə yetirilmiş elmi-tədqiqat işləri ali təhsil müəssisəsinin elmi-tədqiqat işlərinin planına daxil edilir.

6. ETL kafedralar, elmi-tədqiqat institutları, sahə elmi-tədqiqat laboratoriyaları, həmçinin Elmlər Akademiyasının və sahə nazirliklərinin elmi bölmələri ilə sıx əlaqədə işləyir və müvafiq qaydalar üzrə (əsaslandırılmış və təsdiq edilmiş müqavilə ilə) birgə tədqiqatlar aparır.

7. ETL-in elmi fəaliyyətinə elmi rəhbər, bir qayda olaraq professor və ya elmlər doktoru rəhbərlik edir.

Elmi rəhbər ali təhsil müəssisəsinin müvafiq kafedralarının əməkdaşları sırasından rektor tərəfindən təyin olunur və azad edilir.

aparılan tədqiqatların elmi və metodik səviyyəsinə, onların vaxtlı-vaxtında yerinə yetirilməsinə, elmi nəticələrin alınmasına cavabdehdir;

elmi-tədqiqat işlərinin planlarının tərtibini və icrasını təmin edir;

laboratoriyanın başqa elmi təşkilatlarla və tabeliyində olduğu ali təhsil müəssisəsinin müvafiq kafedraları ilə fəaliyyətinin əlaqələndirilməsini təmin edir;

ali təhsil müəssisəsinin professor-müəllim heyətinin, doktorantların və tələbələrin laboratoriyada elmi-tədqiqat işlərinin aparılmasına cəlb olunmasına və laboratoriyanın ştat işçilərinin tədris prosesində fəal iştirak etməsinə imkan yaradır;

laboratoriyanın elmi işçilərinin və başqa mütəxəssislərin attestasiyasını qanunvericiliyə uyğun təşkil edir;

xüsusi əhəmiyyətə malik olan və ya zərərli əmək şəraitində işlərin yerinə yetirilməsində iştirak edən əməkdaşlara əlavə kompensasiyalar verilməsini təmin edir.

8. ETL-in işçilərinin sayı 8 nəfərdən az olmadıqda elmi rəhbərin təşəbbüsü ilə rektor tərəfindən ETL-in müdiri vəzifəsi müəyyən edilə bilər. Müdir laboratoriyanın elmi rəhbərinin təqdimatı əsasında rektor tərəfindən təyin edilir. Laboratoriyanın müdiri laboratoriyanın cari fəaliyyətini təşkil edir və bilavasitə əməkdaşların işinə rəhbərlik edir.

9. Elmi-tədqiqat laboratoriyalarında elmi-tədqiqat işləri aşağıdakılar tərəfindən yerinə yetirilir:

əsas iş vaxtı daxilində ali təhsil müəssisəsinin professor-müəllim və tədris-köməkçi heyəti tərəfindən, eləcə də ştat əvəzçiliyi əsasında əvəz edilən vəzifənin 0,5 ştat vahidi həcmində əmək haqqı ödənilməklə;

laboratoriyanın ştatlı işçiləri tərəfindən;

elmi tədqiqat laboratoriyasının elmi axtarışlarına uyğun mövzuda dissertasiyanın üzərində işləyən doktorantlar və rezidenturada təhsil alanlar tərəfindən, elmi-tədqiqat, kurs, diplom işləri və layihələri yerinə yetirilən zaman ali təhsil müəssisəsinin tələbələri tərəfindən hər əlavə haqq ödənilmədən, hər də təhsildən azad vaxtda ETL-də tutulan vəzifənin 0,5 ştat vahidi həcmində əmək haqqı ödənilməklə.

10. ETL-in tərkibində lazım olduqda ali təhsil müəssisəsinin elmi şöbəsi tərəfindən müvafiq elmi istiqamət üzrə bölmələr yaradıla bilər.

11. ETL-in fəaliyyəti onun tabe olduğu nazirlik tərəfindən maliyyələşdirilir. Laboratoriyanın büdcə vəsaiti və digər mənbələr laboratoriyaya daxilolmalar hesabına əldə edilən cihazlar və avadanlıqlar laboratoriyanın əmlakı hesab edilir.

12. Azərbaycan Respublikası Təhsil Nazirliyinə və ya tabeliyində ali təhsil müəssisələri olan nazirliklərə ETL-ni yaradılması haqqında göndərilən təkliflər aşağıdakıları əhatə etməlidir:

nəzdində laboratoriya yaradılması nəzərdə tutulan ali təhsil müəssisəsinin və fakültənin adları;

ETL-in nəzərdə tutulmuş adı və elmi istiqamətləri;

görüləcək işlərin yeniliyi və aktuallığı, alim və mütəxəssislərin bu sahədə əldə etdikləri elmi nailiyyətləri, gözlənilən nəticələr göstərilməklə laboratoriyanın yaradılmasının əsaslandırılması;

yaradılacaq ETL-in ştat vahidlərinin sayı, əmək haqqı fondu və illik xərclər;

təşkil olunan laboratoriyanın gələcək elmi rəhbəri haqqında məlumat onun ixtisası, elmi dərəcəsi, elmi adı və müvafiq sahədə iş təcrübəsi;

yaradılacaq laboratoriyanın maddi-texniki bazası, laboratoriyanın yerləşdirilməsi üçün sahə barədə məlumat.

13. Başa çatmış elmi-tədqiqat işlərinin hesabatları və onların mərhələləri ETL-in iclaslarında müzakirə edilir. ETL-in fəaliyyətinin nəticələri haqqında elmi rəhbərin hesabatı hər il ali təhsil müəssisəsinin və ya profilinə uyğun fakültənin elmi şurasında dinlənilir və müzakirə edilir.

14. ETL-in fəaliyyətinə nəzarət edilməsi və qiymət verilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyi və tabeliyində ali təhsil müəssisəsi olan nazirliklər tərəfindən müəyyən edilmiş qaydalar üzrə həyata keçirilir.

15. Ali təhsil müəssisəsində ETL birbaşa elmi işlər üzrə prorektora və rektora tabedir.

1. Xalq təsərrüfatının müvafiq sahəsinin mühüm elmi-texniki problemlərinin həll edilməsi məqsədilə ali təhsil müəssisəsinin professor-müəllim heyətinin, doktorantların və tələbələrin geniş cəlb edilməsi ilə ali təhsil müəssisəsində sahə elmi-tədqiqat laboratoriyası (gələcəkdə—sahə laboratoriyası) yaradılır.

2. Sahə laboratoriyası ali təhsil müəssisəsinin elmi-tədqiqat şöbəsinin tərkibində sifarişçi nazirliklə (idarə) ali təhsil müəssisəsinin tabe olduğu nazirliyin birgə razılığı əsasında, ali təhsil müəssisəsinin tabe olduğu nazirliyin əmri ilə yaradılır.

Sifarişçi nazirlik (idarə) sahə laboratoriyasının yaradılması üçün əmək limitlərini ali təhsil müəssisəsinə verir.

3. Sahə laboratoriyasının fəaliyyəti ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması haqqında Əsasnaməyə müvafiq həyata keçirilir.

4. Sahə laboratoriyasının əsas vəzifələri:

təsdiq edilmiş istiqamətlər üzrə nəzəri və təcrübi fundamental elmi-tədqiqatların yerinə yetirilməsi;

laboratoriyada başa çatmış tədqiqatların nəticələrinin istehsalata tətbiq edilməsi və müəllif nəzarətinin həyata keçirilməsi;

elmi-pedaqoji kadrların və mütəxəssislərin elmi səviyyəsinin yüksəldilməsi.

5. Sahə laboratoriyasının elmi istiqamətləri tabe olduğu nazirlik tərəfindən sifarişçi təşkilatın tabe olduğu nazirliklə birlikdə təsdiq edilə və dəyişdirilə bilər.

6. Sahə laboratoriyalarında elmi-tədqiqati işlər sifarişçi təşkilatla bağlanan müqavilələr və müvafiq planlar əsasında yerinə yetirilir. Planlar sifarişçi nazirlik tərəfindən təsdiq edilir.

7. Sahə laboratoriyası müvafiq sənaye, elmi-tədqiqat, layihə-texnoloji sahə təşkilatları ilə sıx əlaqədə elmi tədqiqat işləri yerinə yetirir.

8. Sahə laboratoriyasının fəaliyyətinə bir qayda olaraq professor və ya elmlər doktoru rəhbərlik edir. Elmi rəhbər ali təhsil müəssisəsinin müvafiq kafedralarının əməkdaşları sırasından rektor tərəfindən təyin olunur və azad edilir.

Sahə laboratoriyasının elmi rəhbəri:

aparılan tədqiqatların elmi və metodik səviyyəsinə, onların vaxtında yerinə yetirilməsinə, elmi nəticələrin alınmasına cavabdehdir;

elmi-tədqiqat işlərinin planlarının tərtibini və icrasını təmin edir;

laboratoriyanın başqa elmi tədqiqatlarla və ali təhsil müəssisəsinin müvafiq kafedraları ilə fəaliyyətini əlaqələndirir;

ali təhsil müəssisəsinin professor-müəllim heyətini, doktorantları və tələbələri laboratoriyada elmi-tədqiqat işləri aparmasına cəlb edir və laboratoriyanın ştatlı işçilərinin tədris prosesində iştirak etməsinə şərait yaradır;

laboratoriyanın elmi işçilərinin və başqa mütəxəssislərinin attestasiyasını təşkil edir;

xüsusi əhəmiyyətə malik olan və ya zərərli amillərlə bağlı işlərin yerinə yetirilməsində iştirak edən əməkdaşlara əlavə əmək haqqı ayrılması barədə məsələ qaldırır.

Sahə laboratoriyasının işçilərinin sayı 8 nəfərdən az olmadıqda elmi rəhbərin təşəbbüsü ilə rektor tərəfindən laboratoriyaya müdir vəzifəsi müəyyən edilə bilər. Müdir laboratoriyanın elmi rəhbərinin təqdimatı əsasında rektorun əmri ilə təyin edilir.

Laboratoriyanın müdiri laboratoriyanın cari fəaliyyətini təşkil edir və bilavasitə əməkdaşların işinə rəhbərlik edir.

9. Sahə laboratoriyasında elmi tədqiqat işləri laboratoriyanın ştat işçiləri, ali təhsil müəssisəsinin professor-müəllim heyəti, rəhbər, mühəndis-texniki işçiləri və başqa mütəxəssisləri, tədris-köməkçi heyəti, tələbələri tərəfindən və daxili ştat əvəzçiliyi şərtləri ilə cəlb edilmiş işçilərlə aparılır.

Sahə laboratoriyalarının ştat cədvəli ali təhsil müəssisəsinin rektoru tərəfindən təsdiq edilir.

10. Sahə laboratoriyası ali təhsil müəssisəsində və ya sifarişçi nazirliyin (idarənin) müəssisə və təşkilatlarında yerləşdirilir.

11. Sahə laboratoriyasının təşkili haqqında təkliflər aşağıdakıları əhatə etməlidir:

təklif edilən sahə laboratoriyasının yaradılmasının məqsəd və vəzifələri (laboratoriyanın elmi istiqamətləri və tədqiqatların gözlənilən nəticələrinin texniki-iqtisadi dəyəri);

təklif olunan elmi rəhbər;

ali təhsil müəssisəsində və ya sifarişçi nazirliyin (idarənin) müəssisə və təşkilatlarında laboratoriyanın normal fəaliyyəti üçün ayrılan sahə haqqında məlumat;

yeni yaradılacaq sahə laboratoriyasına elmi himayədarlıq edəcək kafedranın adı, onun professor-müəllim heyəti haqda məlumat;

sifarişçi tərəfindən sahə laboratoriyasında görüləcək elmi-tədqiqat işlərinin dəyərinin ödənilməsi məqsədilə ayrılan maliyyə vəsaitin həcmi.

12. Sahə laboratoriyasının mühasibat uçotu və maliyyə əməliyyatları ali təhsil müəssisəsinin mühasibatlığı tərəfindən həyata keçirilir.

13. Sahə laboratoriyasının fəaliyyətinə nəzarət ali təhsil müəssisəsinin tabe olduğu nazirlik (idarə) və sifarişçi nazirlik (idarə) tərəfindən həyata keçirilir.

14. Sahə laboratoriyası ali təhsil müəssisəsinin tabe olduğu nazirlik (idarə) və sifarişçi nazirliklərin (idarələrin) birgə qərarına əsasən ali təhsil müəssisəsinin tabe olduğu nazirliyin əmri ilə ləğv və yenidən təşkil edilə bilər. Sahə laboratoriyasının ləğv edilməsi haqqında qərar qəbul edildikdən sonra bu barədə ali təhsil müəssisəsinə məlumat verilməli və həmin sahə laboratoriyasının fəaliyyəti üç aydan gec olmayaraq dayandırılmalıdır. Laboratoriya ləğv edildikdən sonra avadanlıq və başqa əmlak ali təhsil müəssisəsinin balansında saxlanılıb, müvafiq elmi-tədqiqat (sahə) laboratoriyalarına və ya kafedralara verilir.

15. Sahə laboratoriyasının fəaliyyəti ilə bağlı bu Əsasnamədə nəzərdə tutulmayan bütün məsələlər, ali təhsil müəssisəsinin tabe olduğu nazirlik tərəfindən həll edilir.

1. Ali təhsil müəssisəsinin elmi tədqiqatlar aparan bölmələri (icraçı) istehsalat və elm-istehsalat birlikləri, müəssisə və təşkilatlar ilə (sifarişçi təşkilat) təsərrüfat müqavilələri fundamental, axtarış və tətbiqi tədqiqatlar, təcrübə-konstruktor və texnoloji xidmətlərin, bundan əlavə təsərrüfat müqavilələri ali təhsil müəssisəsində aparılan elmi tədqiqatların nəticələrini, ixtiralarını xalq təsərrüfatına tətbiq etmək, elmtutumlu və aztonnajlı, xırda seriyalı məhsulun istehsalı, proqram vəsaitlərinin yaradılması və elmi-texniki xidmətlərin göstərilməsi üçün bağlana bilər.

2. Elmi təşkilatlar təsərrüfat müqavilələri əsasında sahədaxili və sahələrarası problemlərin həll edilməsi məqsədilə, ali təhsil müəssisəsinin ixtisas istiqamətlərinə müvafiq, xalq təsərrüfatı üçün hazırladığı mütəxəssislərin profilinə uyğun və ali təhsil müəssisəsində alınmış fundamental tədqiqatların nəticələrinə əsaslanaraq elmi-tədqiqat və konstruktor texnoloji işlər aparırlar.

3. Təsərrüfat hesablı elmi-tədqiqat işləri icraçı bölmələrin ştat işçiləri, ali təhsil müəssisəsinin professor-müəllim heyəti, rəhbər, mühəndis-texniki işçiləri və başqa mütəxəssisləri, tədris-köməkçi heyəti və tələbələri, daxili ştat əvəzçiliyi şərtləri ilə və qismən əməkdaşlıq haqqında razılıq əsasında isə kənardan cəlb edilmiş mütəxəssislər tərəfindən yerinə yetirilir.

4. Təsərrüfat hesablı elmi-tədqiqat işləri ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması haqqında Əsasnaməyə müvafiq həyata keçirilir.

5. Müqavilədə xüsusi şərt olmadıqda təsərrüfat hesablı elmi-tədqiqat işlərinin aparılması üçün lazım olan sahə, avadanlıq, elektrik enerjisi və s. icraçı tərəfindən təmin edilir.

6. Təsərrüfat hesablı müqavilənin icrası müddətində ayrılan vəsait hesabına əldə edilən avadanlıq, ləvazimat və s. iş başa çatdıqdan sonra icraçı müəssisənin balansında qalır.

7. Elmi təşkilatların müqavilələr əsasında alınmış elmi-texniki məhsulları—əmtəədir.

8. Elmi-texniki məhsula aşağıdakılar aiddir:

elmi-tədqiqat, konstruktor, texnoloji və layihə işləri və onların mərhələləri;

elmtutumlu tədqiqatlar sahəsində elmi-texniki layihələr;

elmi-texniki və təcrübə-konstruktor işlərinin nəticələri əsasında yaradılmış materialların, yeni cihaz və texnikanın sınaq nümunələri;

ali təhsil müəssisəsinin sınaq bazasında yaradılmış xırda seriyalı və aztonnajlı elmtutumlu məhsullar;

hesablama texnikası üçün yaradılmış proqram vasitələri, elm-istehsalat xidmətləri, həmçinin informasiya, informatika, metrologiya, patent-lisenziya sahələrində görülən xidmətlər;

elmi-texniki, iqtisadi, idarəetmə və s. sahələrdə məsləhətverici və ekspert xidmətləri.

9. Təsərrüfat müqaviləsi ali təhsil müəssisəsinin rektoru, elmi işlər üzrə prorektor və yaxud ali təhsil müəssisəsinin nəzdindəki hüquqi şəxs statusuna malik olan elmi-tədqiqat təşkilatının rəhbəri tərəfindən təsdiq edilir.

10. Bağlanmış müqavilə elmi-texniki məhsulun sifarişçisi və icraçısı arasında münasibətləri tənzimləyən, götürülmüş öhdəliklər və onların yerinə yetirilməsi üzrə qarşılıqlı iqtisadi məsuliyyəti müəyyənləşdirən əsas hüquqi və maliyyə sənədidir.

1. Ali təhsil müəssisəsinin professor-müəllim heyətinin işinin həcmi ali təhsil müəssisələrinin rektorları tərəfindən təsdiq olunmuş ştata əsasən və altı saatlıq iş günü müddətində tutduqları vəzifədən, tədris planından və elmi-tədqiqat işlərinin planından irəli gələn tədris, tədris-metodiki və elmi-tədqiqat işlərinin bütün növlərinin onlar tərəfindən məcburi yerinə yetirilməsini nəzərə alaraq müəyyənləşdirilir.

2. Professor-müəllim heyətinin tədris işinin həcminin hesablanması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş vaxt normativi sənəd kimi qəbul edilir.

3. Hər bir müəllim tərəfindən yerinə yetirilən müxtəlif növ işlərin həcmi təhsil alan kontingentin xüsusiyyətindən (tələbələr, doktorantlar, hazırlıq şöbələrinin, ixtisasartırma fakultəsinin, xüsusi fakultələrin dinləyiciləri, xarici tələbələr), onun tədris, elmi və ya metodiki işdə iştirakından asılı olaraq, həmçinin bu və ya digər iş növünün daha səmərəli yerinə yetirilməsində müəllimini fərdi imkanlarını nəzərə almaqla müəyyənləşdirilir.

Ştat cədvəli üzrə işləyən professor-müəllim heyətinin tədris yükü Təhsil Qanununa əsasən 450—500 saat miqdarında planlaşdırılır. Auditoriya məşğələləri tədris yükünün 40 faizindən az olmamalıdır. Müstəsna hallarda 1,5 ştat vahidi həcmində dərs aparılmasına yol verilir. Tədris yükünün bu normadan az və ya çox olmasına tədris müəssisəsinin rəhbəri məsuliyyət daşıyır. Könüllü olaraq tədris yükündən 240 saatdan çox olmamaqla əlavə dərs deyən ştatlı müəllimlərin maaşı saat hesabı yolu ilə ödənilir.

4. Tədris işinin həcminə aşağıdakılar daxil edilir:

mühazirələrin oxunması, laboratoriya, təcrübə və seminar məşğələlərin aparılması, yoxlama, məqbul və imtahanların qəbul olunması, tələbələrin istehsalat və tədris təcrübələrinə, diplom layihələndirilməsinə (işlərinə) və dissertasiya işlərinə rəhbərlik, tələbələrə və doktorantlara məsləhətlər verilməsi, kurs və diplom layihələrinə (işlərinə), qiyabi təhsil alan tələbələrin yoxlama işlərinə rəy verilməsi, dövlət imtahanlarının qəbul edilməsi.

Ali təhsil müəssisəsi müəlliminin tədris işinin həcminə həmçinin tələbənin tədris-tədqiqat işinə rəhbərlik və hesabat, hesabat-qrafik, referatların hazırlanması və tələbələrin digər yaradıcı tapşırıqlar şəklində yerinə yetirilən müstəqil işlərinə rəhbərlik də daxildir.

5. Seçdiyi 5 illik müddət üçün professor-müəllim heyətinin əsas sənədi fərdi iş planıdır. Bu sənədə cari tədris ili üçün planlaşdırılmış tədris yükü (miqdarı saatla), elmi-tədqiqat, elmi-metodiki və digər işlər daxildir.

Fərdi planlar kafedra müdiri tərəfindən təsdiqlənir. Fərdi planların yerinə yetirilməsində müəllim şəxsi cavabdehlik daşıyır. Fərdi planların dəyişdirilməsi müəllimin şəxsi razılığı və kafedranın qərarı ilə yerinə yetirilir. Tədris ilinin sonunda fərdi planlarda onun icrası haqqında lazımi qeydlər aparılır. Saat hesabı işləyən müəllimlərin maaşı Elmi Şuranın qərara aldığı normaya əsasən ödənilir.

6. Elmi uğurları və tədqiqat səriştəsi nəzərə alınaraq bəzi ali təhsil müəssisəsi mütəxəssislərinin fəaliyyətinin mühüm hissəsi dərs yükünün azaldılması hesabına elmi-tədqiqat sahəsində cəmləşdirilir.

1. 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264)

2. 28 aprel 2017-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 aprel 2017-ci il, № 90, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 654)

3. 28 noyabr 2018-ci il tarixli 509 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 noyabr 2018-ci il, № 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2458)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver