Qanunvericilik › “Allergiya və ya dözümsüzlüyə səbəb olan maddələr və qida məhsullarının siyahısı”nın təsdiq edilməsi barədə (Qida Təhlükəsizliyi Agentliyi, 23.04.2026) › Tam mətn

“Allergiya və ya dözümsüzlüyə səbəb olan maddələr və qida məhsullarının siyahısı”nın təsdiq edilməsi barədə (Qida Təhlükəsizliyi Agentliyi, 23.04.2026)

“Allergiya və ya dözümsüzlüyə səbəb olan maddələr və qida məhsullarının siyahısı”nın təsdiq edilməsi barədə (Qida Təhlükəsizliyi Agentliyi, 23.04.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci, 17.2.1-ci və 17.5-ci maddələrinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü, 3.0.2-ci və 4.0.1-ci yarımbəndlərinin icrasının təmin edilməsi məqsədilə həmin Əsasnamənin 5.10-5.12-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) Kollegiyası

1. “Allergiya və ya dözümsüzlüyə səbəb olan maddələr və qida məhsullarının siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Agentliyin Aparatının Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinə tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Agentliyin Kollegiyasının məsul katibi Asif Əbdüləzimov bu Qərarın surətinin aidiyyəti üzrə göndərilməsini təmin etsin.

4. Bu Qərarın 1-ci hissəsi 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Agentliyin Kollegiyasının 2026-cı il 23 aprel tarixli 47 nömrəli iclas protokolu.

Azərbaycan Respublikası

Qida Təhlükəsizliyi Agentliyinin sədri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2026-cı il 23 aprel tarixli 69 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. “Allergiya və ya dözümsüzlüyə səbəb olan maddələr və qida məhsullarının siyahısı” (bundan sonra – Siyahı) qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə qida məhsulunun istehsalında istifadə olunan və dəyişdirilmiş formada olmasına baxmayaraq, məhsulda mövcudluğunu saxlayan allergiya və ya dözümsüzlüyə səbəb olan maddələrin və ya qida məhsullarının siyahısını müəyyənləşdirir.

1.2. Siyahı “İstehlakçıların qida məhsullarına dair məlumatlarla təmin olunması haqqında” Avropa Parlamenti və Şurasının 1169/2011 saylı Reqlamenti və Kodeks Alimentarius Komissiyasının CXC 80-2020 saylı “Qida zənciri obyektləri üçün qida məhsullarında rast gəlinən allergenlərin idarə olunmasına dair təcrübə kodeksi” rəhbər tutulmaqla hazırlanmışdır.

1.3. Siyahıda nəzərdə tutulan maddələr və ya məhsullar qida məhsulunun tərkibində mövcud olduqda, onlar haqqında məlumat həmin qida məhsulunun etiketində əks etdirilməlidir.

2.1. 2.1.1-2.1.4-cü yarımbəndlərdə göstərilənlər istisna olmaqla, qlüten tərkibli taxıllar: buğda (məsələn, qılçıqsız buğda və Xorasan buğdası), çovdar, arpa, yulaf və ya bunların hibrid növləri və onlardan alınan məhsullar:

2.1.1. buğda əsaslı qlükoza siropları*, o cümlədən dekstroza;

2.1.2. buğda əsaslı maltodekstrinlər*;

2.1.3. arpa əsaslı qlükoza siropları;

2.1.4. etil spirti də daxil olmaqla, alkoqollu içkilər üçün distillatların hazırlanmasında istifadə edilən taxıllar.

2.2. Xərçəngkimilər (Crustacea) və onlardan alınan məhsullar.

2.3. Yumurta və yumurta məhsulları.

2.4. 2.4.1-ci və 2.4.2-ci yarımbəndlərdə göstərilənlər istisna olmaqla, balıq və balıq məhsulları:

2.4.1. vitamin və ya karotenoid tərkibli qida məhsullarında daşıyıcı kimi istifadə edilən balıq jelatini;

2.4.2. pivə və şərabda durulaşdırıcı köməkçisi kimi istifadə edilən balıq jelatini və ya balıq yapışqanı (Isinglass).

2.5. Yer fındığı və yer fındığından alınan məhsullar.

2.6. 2.6.1-2.6.4-cü yarımbəndlərdə göstərilənlər istisna olmaqla, soya və soyadan alınan məhsullar:

2.6.1. tam rafinə olunmuş soya yağı (qatı və maye) *;

2.6.2. soyadan əldə edilən tokoferolların (E306) təbii qarışıqları, təbii D-alfa tokoferol, təbii D-alfa tokoferol asetat, təbii D-alfa tokoferol suksinat;

2.6.3. soya mənşəli bitki yağlarından əldə edilən bitki mənşəli sterollar və bitki mənşəli sterol efirləri;

2.6.4. soya mənşəli maye bitki yağı sterollarından istehsal edilən bitki mənşəli stanol efiri.

2.7. 2.7.1-ci və 2.7.2-ci yarımbəndlərdə göstərilənlər istisna olmaqla, süd və süd məhsulları (laktoza daxil olmaqla):

2.7.1. etil spirti istehsalı da daxil olmaqla alkoqollu içkilər üçün distillatların hazırlanmasında istifadə edilən süd zərdabı suyu;

2.8. Etil spirti istehsalı da daxil olmaqla, alkoqollu içkilər üçün distillatların hazırlanmasında istifadə edilən qərzəkli meyvələr istisna olmaqla, qərzəkli meyvələr: badam (Amygdalus communis L.), fındıq (Corylus avellana), qoz (Juglans regia), keşyu (Anacardium occidentale), pekan qozu (Carya illinoiesis), Braziliya qozu (Bertholletia excelsa), fıstıq (Pistacia vera), makadamiya fındığı və ya Kvinslend fındığı (Macadamia ternifolia) və onlardan alınan məhsullar.

2.9. Kərəviz və kərəviz məhsulları.

2.10. E 470a, E 471 və E 477 emulqatorlarının istehsalında istifadə edilən və iki dəfə distillə edildikdən sonra əldə edilən, minimum 85 faiz saflıqlı behen turşusu istisna olmaqla, xardal və xardal məhsulları.

2.11. Küncüt toxumu və küncüt toxumundan alınan məhsullar.

2.12. Kükürd dioksid və sulfidlər (istehlaka hazır və ya istehsalçıların təlimatlarına əsasən hazırlanan məhsullar üçün, ümumi SO2 üzrə hesablanan konsentrasiyası 10 mq/kq və ya 10 mq/L-dən daha çox olanlar).

2.13. Acı paxla və acı paxla məhsulları.

2.14. Molyusklar və onlardan alınan məhsullar.

* Tətbiq edilən texnoloji proses allergenlik səviyyəsini artırmadıqca qeyd olunan məhsullardan əldə edilən məhsullar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver