Qanunvericilik › Annuitet müqaviləsinin məzmunu və forması, onun bağlanılması, dəyişdirilməsi və ona xitam verilməsi Qaydaları (Maliyyə Nazirliyi, 15.12.2010) › Tam mətn

Annuitet müqaviləsinin məzmunu və forması, onun bağlanılması, dəyişdirilməsi və ona xitam verilməsi Qaydaları (Maliyyə Nazirliyi, 15.12.2010)

Annuitet müqaviləsinin məzmunu və forması, onun bağlanılması, dəyişdirilməsi və ona xitam verilməsi Qaydaları (Maliyyə Nazirliyi, 15.12.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qaydalar “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 12.2-ci maddəsinə əsasən hazırlanmışdır və həmin Qanuna uyğun olaraq birdəfəlik sığorta ödənişi almış faydalanan şəxslə müvafiq sığortaçı arasında annuitet müqaviləsinin məzmunu və formasını müəyyən edir, həmçinin annuitet müqaviləsinin bağlanılması, dəyişdirilməsi və ona xitam verilməsi qaydasını tənzimləyir.

1.2. Bu Qaydalarda aşağıdakı əsas anlayışlardan istifadə olunur:

1.2.1. annuitet müqaviləsi – qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icazə almış sığortaçı və faydalanan şəxs arasında bağlanılan, həmin faydalanan şəxsin xeyrinə dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta müqaviləsi;

1.2.2. annuitent – annuitet müqaviləsinin tərəfi olan fiziki şəxs.

2.1. Annuitent müqavilə ilə müəyyən olunmuş annuitet haqqını müqavilədə müəyyən olunmuş qaydada sığortaçıya ödəməyi, sığortaçı isə ona müqavilədə razılaşdırılmış qaydada dövri sığorta ödənişlərini verməyi öhdəsinə götürür.

2.2. Annuitet müqaviləsində aşağıdakılar göstərilməlidir:

2.2.1. sığortaçının adı və ünvanı;

2.2.2. annuitentin adı, soyadı, atasının adı və ünvanı;

2.2.3. annuitet haqqının məbləği və ödənilməsi qaydası;

2.2.4. annuitet müqaviləsinin qüvvədə olduğu müddət;

2.2.5. annuitet müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi, həmçinin ona xitam verilməsi qaydası;

2.2.6. annuitet müqaviləsi üzrə təminat verilən riskləri;

2.2.7. sığorta ödənişinin verilməsi qaydası və əsasları;

2.2.8. sığorta ödənişinin verilməsindən imtinanın əsasları;

2.2.9. annuitet müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti;

2.2.10. mübahisələrin həlli qaydası;

2.2.11. annuitet müqaviləsinin tərəflərinin qarşılıqlı razılaşması əsasında müəyyən edilən, qanunvericiliyə zidd olmayan digər şərtlər;

2.2.12. Annuitet müqaviləsinin tərəflərinin imzaları, həmçinin sığortaçının möhürü.

2.3. Annuitet müqaviləsi bu Qaydalarda müəyyən edilmiş qaydada sığortaçı ilə annuitent arasında yazılı formada bağlanır.

2.4. Annuitet müqaviləsi iki nüsxədə tərtib olunmaqla bir nüsxəsi sığortaçıda, bir nüsxəsi isə annuitentdə saxlanılır.

3.1. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə birdəfəlik sığorta ödənişi almış faydalanan şəxs annuitet müqaviləsi bağlamaq qərarına gəldikdə, annuitet sığortasını aparmaq üçün qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq icazəsi olan sığortaçını sərbəst seçməklə, onunla annuitet müqaviləsi bağlamaq üçün həmin sığortaçıya ərizə ilə müraciət edir. Ərizənin forması sığortaçı tərəfindən müəyyən olunur.

3.2. Bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş sığortalanmaq haqqında ərizəyə aşağıdakılar əlavə edilməlidir:

3.2.1. annuitet müqaviləsi üzrə annuitentin şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti;

3.2.2. istehsalatda bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı;

3.2.3. istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərar və ya şəxsin ölümü haqqında şəhadətnamə;

3.2.4. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin almış olduğu birdəfəlik sığorta ödənişinin verilməsini təsdiq edən sənəd.

3.3. Ərizənin alındığı tarixdən 5 iş günü müddətində sığortaçı annuitet müqaviləsini bağlamalı və ya müqavilə bağlamaqdan imtinanın əsasları barədə müraciət edənə yazılı məlumat verməlidir.

3.4. Annuitet müqaviləsi ərizədə göstərilmiş məlumatlar əsasında həmin müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa təsdiq edilmə tarixində saat iyirmi dörddə qüvvəyə minir.

4.1. Annuitet müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilədə müəyyən edilmiş müddətdə qanunvericilikdə müəyyən edilmiş qaydada hesablanan annuitet haqqını, başqa cür razılaşdırılmamışdırsa, sığortaçıya birdəfəlik ödənilir.

4.2. Ərizədə göstərilən və annuitet haqqının və (və ya) sığorta ödənişinin hesablanmasına təsir edən məlumatlarda hər hansı yanlışlıq aşkar edildikdə, annuitet haqqı və (və ya) sığorta ödənişi düzgün məlumatlara əsasən yenidən hesablanır və bu cür yanlışlığa görə sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən etibarən yaranan fərq müvafiq olaraq ödənilir.

4.3. Annuitentin bu Qaydalar əsasında bağlanan annuitet müqaviləsi üzrə dövri sığorta ödənişlərinin verilməsinin başlanması üçün nəzərdə tutulmuş tarixədək, sonradan isə növbəti sığorta ödənişlərinin verilmə tarixinədək yaşaması sığorta hadisəsi hesab edilir.

4.4. Müqavilənin qüvvədə olduğu müddət ərzində sığortaçı istənilən vaxt annuitentin sağ olmasına əmin olmaq üçün ödənişli əsaslarla müvafiq fərdi məlumatların informasiya sistemi vasitəsilə və ya bu mümkün olmadıqda qanunvericiliyə zidd olmayan tədbirlər görə, o cümlədən annuitentin şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surətini, annuitentin müəyyən yerə müəyyən tarixdə gəlməsini, nümayəndəsinin annuitentlə müəyyən yerdə və müəyyən tarixdə şəxsən görüşməsini tələb edə bilər. Bu tələblərin vaxtında yerinə yetirilməməsi onların yerinə yetirildiyi tarixədək annuitet müqaviləsi üzrə sığorta ödənişlərinin dayandırılması üçün əsasdır.

4.5. Annuitet müqaviləsinin tərəfləri qanunvericilikdə, bu Qaydalarda və annuitet müqaviləsində müəyyən olunmuş hüquq və vəzifələrə malikdirlər.

4.6. Tərəflər arasında annuitet müqaviləsindən irəli gələn mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə qaydasında həll edilir.

4.7. Annuitent annuitet müqaviləsi üzrə hüquqlarının pozulduğunu hesab etdiyi halda sığorta nəzarəti orqanına müraciət edə bilər. Bu məqsədlə sığorta nəzarəti orqanının ünvanı və müvafiq telefon nömrələri sığortaçı tərəfindən tərtib edilən annuitet müqaviləsində göstərilməlidir.

5.1. Annuitet müqaviləsinin qüvvədə olduğu müddət ərzində ona tərəflərin qarşılıqlı razılığı əsasında qanunvericiliyin və bu Qaydaların tələblərinə zidd olmayan dəyişikliklər və əlavələr edilə bilər.

5.2. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa hansının daha tez baş verməsindən asılı olaraq, həmin müqavilədə müəyyən edilmiş müddətin başa çatdığı və ya annuitentin öldüyü tarixdə annuitet müqaviləsi üzrə sığorta ödənişləri dayandırılır və müqaviləyə xitam verilir.

5.3. Annuitet müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver