Qanunvericilik › Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Antidempinq və ya kompensasiya tədbirlərinin qüvvədə olma müddəti və onlara yenidən baxılma

Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20.1. Antidempinq və ya kompensasiya tədbiri dempinqli və ya subsidiyalaşdırılmış idxal nəticəsində yerli istehsal sahəsinə vurulmuş zərərin aradan qaldırılması üçün bu Qanunla müəyyən edilmiş həddə və müddətdə tətbiq olunur.

20.2. Antidempinq və ya kompensasiya rüsumu bu tədbirin tətbiqinə başlanılması günündən və ya bu Qanunun 20.3-cü, 20.9-cu və 20.10-cu maddələrinə uyğun olaraq həyata keçirilən təkrar araşdırmanın başa çatdığı gündən başlayaraq 5 ildən çox olmayan müddətdə tətbiq olunur.

20.3. Antidempinq və ya kompensasiya tədbirinin qüvvədə olma müddətinin uzadılması barədə qərar müddətin bitməsi ilə əlaqədar təkrar araşdırmanın nəticələri barədə araşdırma orqanının hesabatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.

20.4. Antidempinq və ya kompensasiya tədbirinin tətbiqinin dayandırılmasının dempinqli və ya subsidiyalaşdırılmış idxala və bunun nəticəsində yerli istehsal sahəsinə yenidən zərər vurulmasına səbəb olacağı barədə məlumat maraqlı tərəfin müraciətində qeyd olunduqda və ya araşdırma orqanı tərəfindən belə məlumatlar əldə olunduqda maraqlı tərəflərin araşdırma orqanına bu Qanunun 26.1-ci maddəsinə uyğun olaraq təqdim olunmuş yazılı müraciəti və ya araşdırma orqanının təşəbbüsü əsasında təkrar araşdırma həyata keçirilir.

20.5. Antidempinq və ya kompensasiya tədbirinin qüvvədə olma müddətinin bitməsi ilə əlaqədar aparılan təkrar araşdırmanın həyata keçirilməsi zamanı dempinq marjasının və ya subsidiya məbləğinin, antidempinq və ya kompensasiya rüsumunun yenidən hesablanması zərurəti araşdırma orqanı tərəfindən onun malik olduğu məlumat əsasında müəyyən olunur.

20.6. Antidempinq və ya kompensasiya tədbirinin müddəti bitdikdə aparılan təkrar araşdırma zamanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən antidempinq tədbirinin tətbiqinin müddəti uzadılır.

20.7. Təkrar araşdırmanın nəticələrinə əsasən antidempinq tədbirinin tətbiqi üçün əsas olmadığı müəyyən edildikdə antidempinq və ya kompensasiya tədbirinin tətbiqinin uzadıldığı dövrdə alınan antidempinq və ya kompensasiya rüsumları gömrük qanunvericiliyinə uyğun olaraq geri qaytarılır.

20.8. Araşdırma orqanı öz təşəbbüsü və ya maraqlı tərəfin müraciəti (yekun antidempinq və ya kompensasiya tədbirinin tətbiqindən bir ildən az olmayan müddət keçibsə) əsasında şəraitin dəyişilməsi ilə əlaqədar antidempinq və ya kompensasiya tədbirinin tətbiqinin davam edilməsinin zəruriliyinə yenidən baxılması məqsədi ilə təkrar araşdırma həyata keçirmək hüququna malikdir.

20.9. Araşdırma dövründə araşdırılan malın ixracını həyata keçirməyən xarici ixracatçı və ya xarici istehsalçı üçün fərdi dempinq marjasının müəyyən olunması məqsədi ilə həmin şəxslərin müraciəti ilə təkrar araşdırma həyata keçirilir. Bu müraciətə belə xarici ixracatçının və ya xarici istehsalçının əsas araşdırma dövründə araşdırılan malın ixracını həyata keçirən xarici ixracatçı və ya xarici istehsalçı ilə əlaqəli olmaması barədə sübutlar əlavə olunmalıdır. Xarici ixracatçı və ya xarici istehsalçı üçün fərdi dempinq marjasının müəyyən olunması məqsədi ilə həyata keçirilən təkrar araşdırma müddətində həmin ixracatçı və ya istehsalçı tərəfindən araşdırılan malın idxalına antidempinq tədbiri tətbiq olunmur.

20.10. Yekun kompensasiya rüsumu tətbiq olunan hər hansı bir ixracatçının ixracı araşdırma orqanı ilə əməkdaşlıqdan imtinadan başqa digər səbəblərə görə faktiki olaraq araşdırılmadıqda, həmin ixracatçı üçün fərdi qaydada kompensasiya rüsumunun müəyyən edilməsi üçün araşdırma orqanı tərəfindən 3 ay müddətində təkrar araşdırma aparılır.

20.11. Bu Qanunun 20.10-cu maddəsində göstərilən təkrar araşdırma istisna olmaqla, araşdırma orqanı tərəfindən təkrar araşdırmalar 12 aydan çox olmayan müddətdə həyata keçirilir.

20.12. Araşdırmaya dair sübutların təqdim olunması və araşdırmanın həyata keçirilməsinə aid olan bu Qanunun 27-ci maddəsinin müddəaları təkrar araşdırmaya tətbiq olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver