27.1. Araşdırma orqanı bu Qanunun 26.4-cü maddəsində qeyd olunan müddət başa çatanadək araşdırmanın başlanılması və ya başlanılmasından imtina edilməsi haqqında qərar qəbul edir.
27.2. Araşdırmanın başlanılmasından imtina edilməsi haqqında qərar qəbul edildikdə araşdırma orqanı bu qərarın qəbul edilməsindən sonra 10 gündən gec olmayaraq müraciət edəni imtinanın səbəbləri barədə yazılı formada xəbərdar edir.
27.3. Araşdırmanın başlanılması haqqında qərar qəbul edildikdə araşdırma orqanı araşdırılan malı ixrac edən xarici ölkənin səlahiyyətli orqanını, həmçinin ona məlum olan digər maraqlı tərəfləri qərarın qəbul edilməsi barədə yazılı formada məlumatlandırır və araşdırmanın başlanılması haqqında qərarın qəbul edildiyi gündən 5 iş günü müddətində araşdırmanın başlanılması haqqında bildirişin rəsmi dövlət qəzetində dərcini təmin edir. Araşdırmanın başlanılması haqqında bildirişin dərc olunduğu gün araşdırmanın başlanıldığı gün hesab olunur.
27.4. Araşdırma orqanı maraqlı tərəflərə araşdırmanın məqsədləri üçün onlar tərəfindən cavablandırılmalı olan sualların siyahısını təqdim edir. Maraqlı tərəflərə araşdırma orqanına öz cavablarını bildirmək üçün suallar siyahısının onlara təqdim olunduğu gündən 30 gün vaxt verilir. Bu müddət maraqlı tərəflərin əsaslandırılmış yazılı müraciəti olduqda araşdırma orqanı tərəfindən 15 gündən çox olmayan müddətə uzadılır.
27.5. Bu Qanunun 27.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulan müddət suallar siyahısının maraqlı tərəflər tərəfindən alındığı tarixdən başlayır.
27.6. Antidempinq və kompensasiya tədbirlərinin tətbiqi ilə bağlı araşdırma zamanı araşdırma orqanı tərəfindən dempinq marjasının və ya subsidiya məbləğinin “de minimis” olduğu və ya dempinqli və ya subsidiyalaşdırılmış idxalın həcmi və ya bu cür idxal nəticəsində yerli istehsal sahəsinə vurulmuş zərərin az əhəmiyyətli olduğu müəyyən edildikdə, araşdırmaya xitam verilir.
27.7. Bu Qanunun 27.6-cı maddəsində göstərilən “de minimis” dedikdə, dempinq marjasının 2 faizdən, subsidiya məbləğinin araşdırılan malın dəyərinin 1 faizindən az olması başa düşülür.
27.8. Bu Qanunun 27.6-cı maddəsində qeyd olunan dempinqli və ya subsidiyalaşdırılmış idxalın həcmi aşağıdakı şərtlər olduqda az əhəmiyyətli hesab edilir:
27.8.1. xarici ölkədən dempinqli və ya subsidiyalaşdırılmış idxalın həcmi gömrük ərazisinə oxşar malın idxalının ümumi həcminin 3 faizindən azdır;
27.8.2. bütün ayrı-ayrı ölkələrdən bu Qanunun 27.8.1-ci maddəsinə uyğun olan dempinqli və ya subsidiyalaşdırılmış idxalların cəmi gömrük ərazisinə oxşar malın idxalının ümumi həcminin 7 faizindən azdır.
27.9. Maraqlı tərəflər araşdırmada iştirak etmək niyyətlərini yazılı formada bildirmək hüququna malikdirlər. Həmin tərəflər araşdırma orqanına müvafiq bildiriş təqdim etdiyi gündən araşdırmanın iştirakçıları hesab olunurlar.
27.10. Araşdırmanın iştirakçıları 30 gün müddətində araşdırmanın aparılması üçün zəruri olan məlumatları təqdim etmək hüququna malikdir. Araşdırma orqanının araşdırma iştirakçılarından əlavə məlumatların təqdim edilməsini tələb etmək hüququ vardır. Əlavə məlumatlar sorğunun daxil olduğu gündən 30 təqvim günü keçdikdən sonra təqdim edildikdə nəzərə alınmaya bilər.
27.11. Araşdırma orqanı araşdırma iştirakçılarına bu Qanunun 26.1-ci maddəsində göstərilən yazılı müraciətin surətini, müraciətdə konfidensial məlumatlar əks olunduqda onun konfidensial olmayan variantını təqdim edir.
27.12. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq konfidensial hesab olunan məlumatlar istisna olunmaqla, araşdırma orqanı araşdırmanın predmetinə aid olan və maraqlı tərəflərin yazılı formada təqdim etdiyi sübutları və məlumatları araşdırmanın digər iştirakçılarının tanış olması üçün təqdim edir.
27.13. Araşdırmaya aidiyyəti olan sübutlar və məlumatlar araşdırma orqanına dövlət dilində təqdim olunmalıdır, xarici dildə tərtib olunmuş sənədlərin əsli isə dövlət dilinə rəsmi təsdiq edilmiş tərcümə ilə müşayiət olunmalıdır.
27.14. Maraqlı tərəf araşdırma orqanına araşdırmanın aparılması üçün zəruri olan məlumatları təqdim etməkdən imtina etdikdə və ya bu Qanunun 27.4-cü və 27.10-cu maddələrində göstərilən müddətlər ərzində təqdim etmədikdə araşdırmanın nəticələri haqqında ilkin və yekun qərar araşdırma orqanının malik olduğu məlumatlar əsasında qəbul edilir.
27.15. Müvafiq icra hakimiyyəti orqanları araşdırmanın aparılması ilə bağlı araşdırma orqanına köməklik göstərməli və araşdırma orqanının sorğusu əsasında araşdırmanın məqsədləri üçün zəruri olan informasiyanı özündə əks etdirən məlumatları belə sorğunun daxil olduğu vaxtdan 15 gündən gec olmayaraq araşdırma orqanına təqdim etməlidirlər.
27.16. Antidempinq və kompensasiya tədbirlərinin tətbiqi ilə bağlı araşdırma zamanı araşdırma orqanı bu Qanunun 27.4-cü maddəsinə uyğun olaraq məlumatları aldıqdan sonra 30 gün müddətində maraqlı tərəfləri dempinqin və ya subsidiyanın, zərərin, dempinq marjasının və ya subsidiya həcminin ilkin olaraq müəyyənləşdirilməsi barədə məlumatlandırır.
27.17. Antidempinq və kompensasiya tədbirlərinin tətbiqi ilə bağlı araşdırma onun başlanıldığı gündən 12 aydan, mühafizə tədbirlərinin tətbiqi ilə bağlı araşdırma isə onun başlanıldığı gündən 9 aydan çox olmayan müddətdə başa çatdırılır. Bu müddətlər araşdırma orqanı tərəfindən araşdırmanın mürəkkəbliyindən asılı olaraq, antidempinq və kompensasiya tədbirlərinin tətbiqi ilə bağlı araşdırma zamanı 6 aydan, mühafizə tədbirlərinin tətbiqi ilə bağlı araşdırma zamanı 3 aydan çox olmayan müddətə uzadıla bilər.
27.18. Araşdırma orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanına araşdırmanın nəticələri haqqında hesabatın təqdim edildiyi gün araşdırma başa çatdırılmış hesab olunur. Araşdırma orqanı həmin gündən ən azı 30 gün əvvəl araşdırmanın nəticələrinin əsaslandığı faktlar barədə maraqlı tərəfləri məlumatlandırmalıdır.
27.19. Araşdırmanın aparılması araşdırılan malın gömrük rəsmiləşdirilməsinə mane ola bilməz.
27.20. Antidempinq tədbirlərinin tətbiqi ilə bağlı araşdırma zamanı maraqlı tərəflərin yazılı formada təqdim olunmuş müraciəti əsasında araşdırma orqanı əks mövqedən çıxış edən maraqlı tərəflər arasında görüşlərin keçirilməsi haqqında qərar qəbul edir, belə görüşlərin keçirilmə vaxtı və yerini müəyyən edir və görüşün təyin olunduğu gündən ən azı 15 gün əvvəl maraqlı tərəfləri bu barədə məlumatlandırır. Maraqlı tərəflər öz fikirlərini bildirmək və araşdırmaya aidiyyəti olan sübutları təqdim etmək hüququna malikdirlər. Bu zaman maraqlı tərəflərin bu Qanunun 3-cü maddəsinə uyğun olaraq konfidensial hesab olunan məlumatları açıqlamaq vəzifəsi yoxdur. Araşdırma orqanının nümayəndəsi göstərilən görüşlərdə iştirak etməlidir.
27.21. Hər hansı maraqlı tərəfin bu Qanunun 27.20-ci maddəsində qeyd olunan görüşdə iştirak etmək öhdəliyi yoxdur və tərəfin bu görüşdə iştirak etməməsi onun ziyanına şərh oluna bilməz.
27.22. Antidempinq və kompensasiya tədbirlərinin tətbiqi ilə bağlı araşdırma zamanı maraqlı tərəflərin şifahi qaydada təqdim etdikləri məlumatlar sonradan yazılı formada təqdim edildikdə araşdırma orqanı tərəfindən nəzərə alınır.
27.23. Antidempinq və kompensasiya tədbirlərinin tətbiqi ilə bağlı araşdırma zamanı təqdim olunmuş məlumatların yoxlanılması və ya araşdırma ilə əlaqəli əlavə məlumatların əldə edilməsi məqsədi ilə araşdırma orqanı xarici dövlətin ərazisində də araşdırma apara bilər, bu şərtlə ki, araşdırılan malın xarici ixracatçısının və ya xarici istehsalçısının bu barədə razılığı alınmışdır, həmçinin müvafiq xarici dövlətin səlahiyyətli orqanı bu barədə məlumatlandırılmışdır və həmin dövlət tərəfindən araşdırmanın onun ərazisində aparılmasına etiraz edilmir.
27.24. Antidempinq və kompensasiya tədbirlərinin tətbiqi ilə bağlı araşdırma zamanı araşdırılan mal əsasən pərakəndə səviyyədə satıldıqda müvafiq istehlakçı birliklərinin nümayəndələrinə və araşdırılan malı sənaye məqsədi ilə istifadə edən şəxslərə dempinqli və ya subsidiyalaşdırılmış idxal və bunun nəticəsində yerli istehsal sahəsinə vurulmuş zərərlə bağlı araşdırma üçün əhəmiyyətli olan məlumatları təqdim etmək üçün araşdırma orqanı tərəfindən imkan yaradılır.