22.1. Tərəflər bu Qanunun 22.3-cü və 22.4-cü maddələrinin müddəalarına əməl etmək şərtilə arbitrə etiraz prosedurunu razılaşdırmaqda sərbəstdirlər.
22.2. Tərəflər arasında etiraz proseduru haqqında razılaşma olmadıqda arbitrə etiraz etmək istəyən tərəf arbitraj məhkəməsinin təşkil olunduğu və ya bu Qanunun 21.2-ci maddəsində qeyd edilən hallardan hər hansı birini bildiyi tarixdən 15 (on beş) gün müddətində etirazın səbəblərini yazılı qaydada həmin arbitraj məhkəməsinə bildirməlidir. Etiraz edilmiş arbitr öz funksiyasından imtina etmədikdə və ya digər tərəf etiraz ilə razılaşmadıqda etiraz arbitraj məhkəməsi tərəfindən həll edilir.
22.3. Tərəflər arasında razılaşdırılmış etiraz prosedurunun və ya belə razılaşma olmadıqda bu Qanunun 22.2-ci maddəsində nəzərdə tutulmuş prosedurun tətbiqi zamanı arbitrə etiraz təmin edilmədikdə, etiraz etmiş tərəf etirazın rədd edilməsi haqqında qərarı aldığı gündən 30 (otuz) gün müddətində bu Qanunun 10.1-ci və 10.2-ci maddələrində göstərilən məhkəmələrə etirazla bağlı qərar qəbul edilməsi barədə müraciət edə bilər. Belə qərar qətidir və ondan şikayət verilə bilməz. Etiraz məsələsi ilə bağlı müraciət məhkəmənin icraatında olduğu müddətdə arbitraj icraatı davam etdirilə və arbitraj qərarı qəbul edilə bilər.
22.4. Tərəflərin arbitraj icraatının daimi arbitraj təşkilatı tərəfindən idarə edilməsi barədə razılığa gəldikləri halda, həmin təşkilatın qaydalarında başqa qayda nəzərdə tutulmamışdırsa, etiraz məsələsinin həlli üçün bu Qanunun 22.3-cü maddəsində göstərilmiş qaydada məhkəməyə müraciət edilə bilməz.