Qanunvericilik › Arbitraj haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 25

Maddə 25. Arbitraj məhkəməsinin öz səlahiyyəti haqqında qərar qəbul etmək hüququ

Arbitraj haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

25.1. Arbitraj məhkəməsi öz səlahiyyəti haqqında, o cümlədən arbitraj sazişinin mövcudluğuna və ya etibarlılığına dair etirazla bağlı qərar çıxara bilər. Bu məqsədlə müqavilənin tərkib hissəsi olan arbitraj qeyd-şərti müqavilənin digər şərtlərindən asılı olmayan (müstəqil) razılıq kimi şərh olunmalıdır. Müqavilənin etibarsızlığı haqqında arbitraj məhkəməsinin çıxardığı qərar “ipso jure” (qanuna görə) arbitraj qeyd-şərtinin etibarsızlığına səbəb olmur.

25.2. Arbitraj məhkəməsinin səlahiyyətinin olmaması haqqında ərizə iddiaya qarşı etiraz verilməsi ilə eyni zamanda və ya ondan əvvəl verilməlidir. Tərəfin arbitr təyin etməsi və ya arbitrin təyin edilməsində iştirak etməsi həmin tərəfi belə ərizə vermək hüququndan məhrum etmir. Arbitraj məhkəməsinin öz səlahiyyətini aşması haqqında ərizə arbitraj icraatının gedişində arbitraj məhkəməsinin səlahiyyətindən kənar olduğu iddia edilən məsələ qaldırıldıqdan sonra təxirə salınmadan verilir. Arbitraj məhkəməsi gecikmənin səbəbini üzrlü hesab etdikdə, gecikmiş ərizəni hər bir halda qəbul edə bilər.

25.3. Arbitraj məhkəməsi bu Qanunun 25.2-ci maddəsində qeyd olunan ərizəyə ilkin məsələ kimi və ya mübahisəni mahiyyətcə həll edən qərarda baxa bilər. Arbitraj məhkəməsi ilkin məsələ kimi özünün səlahiyyəti barədə qərar qəbul etdikdə hər bir tərəf bu qərar barədə məlumat aldığı gündən 30 (otuz) gün ərzində bu Qanunun 10.1-ci və 10.2-ci maddələrində göstərilən məhkəmələrə həmin məsələyə baxılması barədə müraciət edə bilər. Bu Qanunun 10.1-ci və 10.2-ci maddələrində göstərilən məhkəmələrin arbitraj məhkəməsinin səlahiyyətli olmaması barədə qəbul etdiyi qərardan apellyasiya instansiya məhkəməsinə şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı qətidir və belə qərardan şikayət verilə bilməz. Bu müraciət həll edilənədək arbitraj məhkəməsi arbitraj icraatını davam etdirə və arbitraj qərarı çıxara bilər.

25.4. Tərəflərin arbitraj icraatının daimi arbitraj təşkilatı tərəfindən idarə edilməsi barədə razılığa gəldikləri halda daimi arbitraj təşkilatının qaydalarında fərqli qayda müəyyən edilməmişdirsə, bu Qanunun 25.3-cü maddəsində nəzərdə tutulmuş qaydada arbitraj məhkəməsinin səlahiyyəti barədə məsələnin həlli üçün məhkəməyə müraciət edilə bilməz.

25.5. Tərəflər arasında arbitraj sazişinə (o cümlədən, onun etibarlılığına, bağlanmasına, xitam olunmasına, şərh edilməsinə, arbitraj sazişində olan hüquq və öhdəliklərin başqa şəxsə ötürülməsinə və sair bu kimi məsələlərə) tətbiq edilən qanunvericilik barədə digər razılaşma olmadığı hallarda arbitraj məhkəməsi arbitraj sazişinə tətbiq edilən hüququ müəyyən etməkdə sərbəstdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver