54.1. Yerli arbitraj məhkəməsinin qərarından məhkəməyə yalnız bu Qanunun 54.2-ci və 54.3-cü maddələrinə uyğun olaraq həmin qərarın ləğv edilməsi haqqında ərizə verilməsi yolu ilə şikayət verilə bilər.
54.2. Arbitraj qərarı bu Qanunun 10.1-ci maddəsində göstərilmiş məhkəmə tərəfindən aşağıdakı hallarda tam və ya qismən ləğv edilə bilər:
54.2.1. ərizəni verən tərəf aşağıdakı sübutları təqdim etdikdə:
54.2.1.1. arbitraj sazişinin tərəflərindən birinin ona münasibətdə tətbiq edilən qanunvericiliyə uyğun olaraq həmin sazişin bağlandığı vaxtda fəaliyyət qabiliyyəti olmayan şəxs olması və ya arbitraj sazişinin tərəflərin həmin sazişə tətbiq etdikləri qanunvericiliyə və ya sazişdə bu barədə göstəriş olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə görə etibarsız olması barədə;
54.2.1.2. ərizəni verən tərəfin arbitrin təyin edilməsi və ya arbitraj icraatı haqqında müvafiq qaydada xəbərdar edilməməsi və ya başqa səbəblərdən ona öz etiraz və sübutlarını təqdim etmək imkanının yaradılmaması barədə;
54.2.1.3. qərarın arbitraj sazişində nəzərdə tutulmayan və ya onun şərtlərinə aid olmayan mübahisə üzrə çıxarılması, yaxud qərarın arbitraj sazişinin və ya iddia tələbinin hədlərindən kənara çıxan məsələləri əhatə etməsi barədə (arbitraj sazişini və ya iddia tələbini əhatə edən məsələlər üzrə qərarlar həmin sazişin və ya iddia tələbinin əhatə etmədiyi məsələlər üzrə qərarlardan ayrıla bilərsə, yalnız arbitraj sazişi və ya iddia tələbi ilə əhatə olunmayan məsələlər üzrə qərarları ehtiva edən hissələr ləğv edilə bilər);
54.2.1.4. arbitraj məhkəməsinin tərkibinin və ya arbitraj icraatının tərəflərin razılaşmasına və ya belə razılaşma olmadıqda bu Qanuna uyğun olmaması barədə;
54.2.2. məhkəmə aşağıdakıları müəyyən etdikdə:
54.2.2.1. Azərbaycan Respublikasının qanunvericiliyinə görə mübahisənin arbitrajda həll edilə bilməməsini;
54.2.2.2. arbitraj qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və ya publik qaydaya, yəni xarakterinə görə imperativ, universal və xüsusi ictimai əhəmiyyətə malik olan, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hüquqi quruluşunun əsasını təşkil edən fundamental hüquqi əsaslara (prinsiplərə) zidd olduğunu.
54.3. Tərəflər arasında digər razılıq yoxdursa, qərarın ləğv edilməsi haqqında ərizə həmin ərizəni verən tərəfin arbitraj qərarını aldığı gündən, bu Qanunun 53-cü maddəsinə uyğun olaraq ərizə verildiyi hallarda isə arbitraj məhkəməsi tərəfindən həmin ərizə ilə bağlı qərar çıxarıldığı gündən 3 (üç) aydan gec verilə bilməz. Bu müddətlər arbitraj qərarının saxtakarlıq və korrupsiya hallarında, habelə əsassız arbitraj qərarının çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadə verdiyi, ekspertin bilə-bilə yalan rəy verdiyi, sənədlərin və ya maddi sübutların və ya sübut xarakterli başqa sənədlərin saxtalaşdırıldığı, arbitraj qərarının tərəflərin, işdə iştirak edən digər şəxslərin və ya arbitrlərin cinayət əməlləri nəticəsində çıxarıldığı hallara şamil edilmir.
54.4. Arbitraj qərarının ləğv edilməsi haqqında müraciət olunduğu halda məhkəmə məqsədəuyğun hesab etdiyi hallarda və tərəflərdən birinin müraciəti əsasında arbitraj məhkəməsinə arbitraj icraatını yenidən başlamaq və ya arbitraj məhkəməsinin mövqeyinə əsasən, arbitraj qərarının ləğv edilməsinə əsas olan halları aradan qaldıracaq digər hərəkətləri etmək imkanı vermək üçün arbitraj qərarının ləğv edilməsi üzrə icraatı özünün müəyyən etdiyi ağlabatan müddətə dayandıra bilər.
54.5. Arbitraj qərarı ləğv edildikdə, tərəflər arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmamışdırsa və arbitraj sazişinin etibarsızlığı arbitraj qərarını ləğv edən qətnamə ilə müəyyən edilməmişdirsə, arbitraj sazişi qüvvədə qalır. Bu halda tərəflər müvafiq mübahisənin həll olunması üçün yenidən arbitraj məhkəməsinə müraciət edə bilərlər.
54.6. Arbitraj qərarının ləğvi haqqında ərizəyə baxarkən məhkəmənin arbitraj məhkəməsinin qərarına mahiyyəti üzrə yenidən baxmaq səlahiyyəti yoxdur.