56.1. Çıxarıldığı ölkədən asılı olmayaraq, arbitraj məhkəməsinin qərarının tam və ya qismən tanınmasından və ya icra edilməsindən yalnız aşağıdakı hallarda imtina edilə bilər:
56.1.1. əleyhinə qərar çıxarılmış tərəf tanınma və ya icra haqqında ərizəyə baxan məhkəməyə aşağıdakı sübutları təqdim etdikdə:
56.1.1.1. arbitraj sazişinin tərəflərindən birinin ona münasibətdə tətbiq edilən qanunvericiliyə uyğun olaraq həmin sazişin bağlandığı vaxtda fəaliyyət qabiliyyəti olmayan şəxs olması və ya arbitraj sazişinin tərəflərin həmin sazişə tətbiq etdikləri qanunvericiliyə və ya sazişdə belə göstəriş olmadıqda arbitraj qərarının çıxarıldığı dövlətin qanunvericiliyinə əsasən etibarsız olması barədə;
56.1.1.2. əleyhinə qərar çıxarılmış tərəfin arbitrin təyin edilməsi və ya arbitraj icraatı haqqında müvafiq qaydada xəbərdar edilməməsi və ya başqa səbəblərdən ona öz etiraz və sübutlarını təqdim etmək imkanının yaradılmaması barədə;
56.1.1.3. qərarın tərəflərin arbitraj sazişində nəzərdə tutulmayan və ya onun şərtlərinə aid olmayan mübahisə üzrə çıxarılması və yaxud qərarın arbitraj sazişinin və ya iddia tələbinin hədlərindən kənara çıxan məsələləri əhatə etməsi barədə (arbitraj sazişi və ya iddia tələbi ilə əhatə olunan məsələlər üzrə qərarlar bu saziş və ya iddia tələbi ilə əhatə olunmayan məsələlər üzrə qərarlardan ayrıla bildikdə, arbitraj sazişi və ya iddia tələbi ilə əhatə olunan məsələlər üzrə qərarları ehtiva edən hissələr tanına və icraya yönəldilə bilər);
56.1.1.4. arbitraj məhkəməsinin tərkibinin və ya arbitraj icraatının tərəflərin razılaşmasına və ya belə razılaşma olmadıqda arbitrajın keçirildiyi yerin qanunvericiliyinə uyğun olmaması barədə;
56.1.1.5. qərarın tərəflər üçün məcburi hüquqi qüvvəyə minməməsi və ya qərarın çıxarıldığı və ya qanunvericiliyinə uyğun olaraq çıxarıldığı dövlətin məhkəməsi tərəfindən ləğv edilməsi və ya icrasının dayandırılması barədə;
56.1.2. məhkəmə aşağıdakı halları müəyyən etdikdə:
56.1.2.1. mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən arbitrajda həll edilə bilməməsini;
56.1.2.2. arbitraj qərarının tanınmasının və icrasının Azərbaycan Respublikasının Konstitusiyasına və ya publik qaydaya zidd olduğunu.
56.2. Bu Qanunun 56.1.1.5-ci maddəsində göstərilən məhkəməyə arbitraj qərarının ləğvi haqqında ərizə verilmişdirsə, arbitraj qərarının tanınması və ya icra edilməsi üçün müraciət edilən məhkəmə zəruri hesab etdiyi təqdirdə öz qərarının çıxarılmasını təxirə sala və arbitraj qərarının tanınması və ya icrası barədə ərizə vermiş tərəfin vəsatəti ilə digər tərəfdən uyğun təminatın verilməsini tələb edə bilər.
56.3. Arbitraj qərarının tanınması və ya icrası haqqında ərizəyə baxarkən məhkəmənin arbitraj məhkəməsinin qərarına mahiyyəti üzrə yenidən baxmaq səlahiyyəti yoxdur.