Qanunvericilik › Arıçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Arıçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. arıçılıq - bal arılarının (Apis mellifera L.) yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsi;

1.0.2. arı ailəsi - pətəkdə və ya təbii yuvalarda cəmiyyət halında yaşayan bir ana arı, on minlərlə işçi arılar və minlərlə erkək arılardan ibarət bal arıları;

1.0.3. pətək - arı ailəsinin saxlandığı daşına bilən qurğu (taxta qutu, səbət və s.);

1.0.4. arıçılıq təsərrüfatları - bal arılarının yetişdirilməsi, saxlanması, arıçılıq məhsullarının istehsalı və dövriyyəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məşğul olan subyektlər;

1.0.5. arıxana - arıçılıqla məşğul olmaq üçün arı ailələri, zəruri avadanlıq və tikililərlə birlikdə müəyyən ərazidə yerləşdirilmiş pətəklik;

1.0.6. arıçılıq məhsulları - bal arılarından alınan məhsullar (bal, mum, bərəmum (vərəmum, qaramum), arı zəhəri, arı südü, çiçək tozu, güləm, ana arı, arı beçəsi və s.);

1.0.7. bal arısı cinsləri - müəyyən coğrafi ərazidə və iqlim şəraitində təbii seçmənin təsiri altında formalaşmış, nəsildən-nəslə keçən sabit və oxşar əlamətlər kompleksinə malik çoxsaylı arı ailələri qrupu;

1.0.8. bal arısı populyasiyaları - müəyyən bal arısı cinsinin yayılma arealı daxilində, müvafiq coğrafi ərazidə və iqlim şəraitində özünəməxsus fərqli əlamətlər qazanmış və həmin arı cinsi ilə ümumi genofonda malik arı ailələri qrupu;

1.0.9. arı cinslərinin və populyasiyalarının rayonlaşdırılması - müəyyən coğrafi, iqlim və balyığma şəraitinə daha yaxşı uyğunlaşan və yüksək məhsuldarlıq göstəriciləri ilə fərqlənən arı cinslərinin ölkə ərazisində müvafiq bölgələr üzrə yetişdirilməsinə və saxlanmasına dair bölgüsü;

1.0.10. entomofil bitkilər - cücülərlə (həşəratlarla) tozlanan nektarlı bitkilər;

1.0.11. balyığma mənbələri - bal arılarının təbii yem mənbəyi kimi istifadə etdiyi nektarlı və şirəli bitkilər;

1.0.12. apifitoməhsul - arıçılıq məhsulları və bitki xammalı qarışığından hazırlanmış bioloji aktiv məhsul;

1.0.13. qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar – “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş texniki normativ hüquqi aktlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver