"Arıçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 25 yanvar 2010-cu il
1.1. Bu Qayda "Arıçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydasını müəyyən edir.
1.2. Arıçılıq sahəsində dövlət nəzarəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.
1.3. Arıçılıq məhsullarının minimum keyfiyyətinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməsinə dövlət nəzarətini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir.
2.1. Arıçılıq sahəsində dövlət nəzarəti aşağıdakıları əhatə edir:
2.1.1. bal arı cinsləri və populyasiyaları genofondunun qorunub saxlanılmasını;
2.1.2. arıçılıq subyektləri tərəfindən “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.2-ci maddəsi ilə müəyyən edilən tələblərə riayət edilməsini;
2.1.3. minimum keyfiyyətinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməsinin təmin olunmasını;
2.1.4. qanunvericilikdə nəzərdə tutulmuş digər məsələləri.
2.2. Arıçılıq sahəsində dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri aşağıdakı səlahiyyətlərə malikdirlər:
2.2.2. arıçılıqla məşğul olan subyektlərdən müvafiq məlumatlar almaq;
2.2.3. damazlıq arıçılıq sahəsində mübahisəli məsələlər üzrə ekspert rolunda çıxış etmək;
2.2.4. müvafiq qaydada keyfiyyətinin təmin edilməsi üçün arı məhsullarından nümunələr götürmək;
2.2.5. arıçılıq fəaliyyəti subyektlərinin mütəxəssislərindən və maddi-texniki vasitələrindən yoxlamanın məqsədləri üçün əvəzsiz istifadə etmək.
2.3. Arıçılıq sahəsində baytarlıq-sanitariya nəzarəti Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.
2.4. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan arıçılıq subyektlərində dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.
3.1. Arıçılıq təsərrüfatlarında yoxlamalar, araşdırmalar aparılarkən bu barədə arıçılıq subyektləri əvvəlcədən məlumatlandırılır.. Arıçılıq təsərrüfatlarında yoxlama 10 gündən artıq davam edə bilməz. Zərurət yarandıqda, yoxlama müddəti səlahiyyətli orqanın rəhbərinin qərarı ilə 30 günə qədər artırıla bilər.
3.2. Arıçılıq fəaliyyəti subyektlərində nəzarət tədbirlərinin keçirilməsi barədə səlahiyyətli orqanın rəhbərinin imzası və orqanın möhürü ilə təsdiq olunmuş sərəncam verilir.
3.3. Sərəncamdakı məlumatlar aşağıdakılardır:
3.3.1. nəzarət tədbirlərini aparacaq əməkdaşın soyadı, adı və vəzifəsi;
3.3.2. nəzarət tədbirlərinin aparılmasının əsası və məqsədi;
3.3.3. nəzarət tədbirlərinin aparılacağı arıçılıq fəaliyyəti subyektinin rekvizitləri;
3.3.4. nəzarət tədbirlərinin müddəti.
3.4. Yoxlamalar və araşdırmalar iş vaxtı təsərrüfata ziyan vurmadan, işlərin gedişinə xələl gətirmədən, arıçılıq subyektlərinin təklifləri nəzərə alınmaqla aparılır.
3.5. Dövlət nəzarəti iki ildə bir dəfədən çox olmamaqla, səlahiyyətli orqan tərəfindən ilin əvvəlində təsdiq edilmiş plan üzrə qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
3.6. İcrası məcburi olan göstərişlər yerinə yetirilmədikdə və aradan qaldırılması mümkün olmayan nöqsanlar və ya qanun pozuntuları aşkar edildikdə, arıçılıq sahəsində fəaliyyətin dayandırılması barədə məhkəməyə müraciət olunur.
4.1. Arıçılıqla məşğul olan subyektlərdə aşkar edilmiş nöqsanların və qanun pozuntularının aradan qaldırılması üçün onlara qanunvericiliklə müəyyən edilmiş qaydada icrası məcburi olan göstərişlər yazılı formada verilir.
4.2. Arıçılıq subyektinin fəaliyyətində insanların sağlamlığı, ətraf mühitin çirklənməsi üçün təhlükə yarandıqda, səlahiyyətli orqanın qərarına əsasən aidiyyəti dövlət orqanlarının iştirakı ilə təkrar yoxlamalar aparıla bilər.
4.3. Nəzarət tədbirlərinin nəticələri iki nüsxədə tərtib olunur və aktla rəsmiləşdirilir. Aktın bir nüsxəsi arıçılıq fəaliyyəti subyektinin rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilir, digəri isə səlahiyyətli orqanda saxlanılır. Arıçılıq fəaliyyəti subyektinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi aktı imzalayarkən öz rəyini əlavə etmək hüququna malikdir.
4.4. Tərtib olunmuş aktda aşağıdakı məlumatlar olmalıdır:
4.4.1. nəzarət tədbiri aparılan hüquqi və fiziki şəxs haqqında məlumatlar (ünvanı, rəhbərin və səlahiyyətli nümayəndənin soyadı, adı, atasının adı, VÖEN);
4.4.2. nəzarət tədbirinin adı, aparılmasının hüquqi əsası, səbəbləri və müddəti;
4.4.3. nəzarət tədbiri zamanı araşdırılan hallar, yoxlamaq üçün götürülən nümunələr (arı məhsullarından bal, arı südü, arı mumu, çiçək tozu, güləm, arı zəhəri, vərəmumun fiziki-kimyəvi göstəricilərinin müayinəsi üçün 150 qram, mikrobioloji göstəricilərinin müayinəsi üçün 100 qram, antibiotiklərin müayinəsi üçün 100 qram), onların qiyməti və məhsulun miqdarı haqqında məlumatlar;
4.4.4. nəzarət tədbirinin nəticələri.
4.5. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən arıçılıq məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi qanunvericiliyə uyğun olaraq səlahiyyətli orqanın müraciətinə müvafiq olaraq məhkəmənin qərarına əsasən həyata keçirilir.
4.6. Hüquqi və fiziki şəxslər arıçılıq sahəsində dövlət nəzarətini həyata keçirən orqanın qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və ya məhkəməyə şikayət edə bilərlər.
1. 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)
2. 16 iyul 2014-cü il tarixli 258 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 1 avqust 2014-cü il, № 162; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 946)
3. 18 fevral 2015-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 231)
4. 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188)