1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. atçılıq - atların yetişdirilməsi, təkrar istehsalı, saxlanması və istifadəsi ilə əlaqədar kənd təsərrüfatı fəaliyyəti;
1.0.2. atçılıq təsərrüfatları - atların yetişdirilməsi, saxlanması, istifadəsi, at cinslərinin damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsi və sınağı ilə məşğul olan hüquqi və fiziki şəxslər;
1.0.3. cins atlar - eyni mənşəyə malik, genetik əlamətlərini irsən nəslə keçirən və bu əlamətlərə görə digər atlardan fərqlənən atlar qrupu;
1.0.4. təmizqanlı cins atlar - digər cinslərlə qarışığı olmayan, təmizlikdə yetişdirilən, eyni cinsdən olan atlar;
1.0.5. zavod at cinsləri - damazlıq özəkləri olan, atçılıq zavodlarında yetişdirilən cins atlar;
1.0.6. damazlıq atlar - mənşəyi məlum olan, Dövlət Damazlıq Kitabında qeydə alınmış və pasport (şəhadətnamə) verilmiş, təkrar istehsala yararlı və yaxşılaşdırıcı cins atlar;
1.0.7. cins atların damazlıq özəyi - at cinsinin bir və ya bir neçə atçılıq təsərrüfatlarında cəmləşmiş daha qiymətli genofonda malik yaxşılaşdırıcı, döllük (damazlıq) hissəsi;
1.0.8. milli at cinsləri - Azərbaycanda xalq seleksiyası yolu ilə yaradılmış, ölkənin ayrı-ayrı regionlarında yetişdirilən və yayılan, mənşəyi məlum olan Qarabağ və Dilbaz at cinsləri;
1.0.9. yerli atlar - cins tərkibi itmiş və mənşəyi məlum olmayan yerli şəraitə uyğunlaşmış atlar.