Qanunvericilik › Atçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 23.04.2008) › Tam mətn

Atçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 23.04.2008)

Atçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 23.04.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 580 nömrəli Fərmanının 1.5-ci, 1.8-ci, 1.11-ci, 1.12-ci və 1.13-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Cins atların dövlət qeydiyyatının aparılması, onlara pasportun (şəhadətnamənin) tərtib edilməsi və verilməsi, habelə cins atlara xarici dövlətlərdə verilmiş pasportların (şəhadətnamələrin) tanınması Qaydaları”, “Atüstü oyunların keçirilməsi Qaydaları”, “At sərgilərinin təşkili və keçirilməsi Qaydaları”, “At satışı hərraclarının keçirilməsi Qaydaları”, təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 23 aprel 2008-ci il

Bu Qaydalar “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 580 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasında cins atların dövlət qeydiyyatının aparılması, onlara pasportun (şəhadətnamənin) tərtib edilməsi və verilməsi, habelə cins atlara xarici dövlətlərdə verilmiş pasportların (şəhadətnamələrin) tanınması qaydalarını müəyyən edir.

2.1. Azərbaycan Respublikasının ərazisində yetişdirilən və istifadə edilən, eyni mənşəyə malik, genetik əlamətlərini irsən nəslə keçirən və bu əlamətlərə görə digər atlardan fərqlənən cins atlar dövlət qeydiyyatına alınır. Cins atların dövlət qeydiyyatına alınmasında əsas məqsəd həmin atların uçotunun aparılması, mənşəyinin təsdiq edilməsi və cinsin inkişafında məqsədyönlü seleksiya işinin qurulmasıdır.

2.2. Cins atların dövlət qeydiyyatına alınması üçün aşağıdakı sənədlər tələb olunur:

at sahibinin yazılı müraciəti (ərizəsi);

atın qeydiyyata təqdim olunan zaman mənsubiyyəti haqda təsərrüfatın yuxarı təşkilatı, yaxud at sahibinin daxil olduğu peşəkar ictimai birliklər tərəfindən verilən arayış;

atın valideynlərinin pasportlarının (şəhadətnamələrinin) əsli, yaxud təsdiq edilmiş surəti;

atın valideynlərinin cütləşməsini təsdiq edən akt.

2.3. Müvafiq sənədlər tərtib edildikdən sonra cins atların dövlət qeydiyyatı əsasında hər bir cins ata pasport (şəhadətnamə) tərtib edilir və verilir.

2.4. Cins atların dövlət qeydiyyatı atların qan dərəcəsinin, idman, qaçış və güc qabiliyyətinin, digər məhsuldarlıq və damazlıq keyfiyyətlərinin kompleks əlamətlər üzrə qiymətləndirilməsi (bonitirəsi) əsasında həyata keçirilir.

2.5. Yeni doğulmuş təmizqanlı cinslərdən olan dayçanın valideynlərindən birinin pasportu (şəhadətnaməsi) olmadıqda, belə dayçaların qeydiyyata alınmasına yol verilmir və həmin dayça yaxşılaşmış cins qrupuna daxil edilir.

2.6. Azərbaycan Respublikasının ərazisində yetişdirilən və saxlanılan dövlət qeydiyyatına alınmış və pasport (şəhadətnamə) verilmiş damazlıq atların Dövlət Reyestri aparılır.

2.7. Damazlıq atların Dövlət Reyestri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir.

2.8. Damazlıq atların Dövlət Reyestri hər bir at cinsi üzrə ayrılıqda aparılır.

3.1. Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, Azərbaycan Respublikasının bütün damazlıq subyektlərinə mənsub və dövlət qeydiyyatına götürülən cins atların Dövlət Damazlıq Kitabı dövlət büdcəsi hesabına hazırlanır və nəşr etdirilir. Hər bir at cinsi üzrə ayrılıqda Dövlət Damazlıq Kitabı tərtib edilir.

3.2. Azərbaycan Respublikasının milli at cinslərinin Dövlət Damazlıq Kitabları şərti olaraq aşağıdakı bölmələr üzrə tərtib edilir:

giriş bölməsi əvvəlki (əgər bu mövcuddursa) və cari kitab haqqında qısa məlumatla başlayır. Həmin bölmədə cinsin tarixi, keçmiş və müasir tiplərinin xarakteristikası;

əsas bölmə bir neçə hissədən ibarət olmaqla, burada cinsin yetişdirilməsində istifadə edilmiş törədici ayğırlar, kitabın əhatə etdiyi dövrdə doğulmuş madyanlar, damazlıq keyfiyyətləri ilə seçilən, cinsin tələblərinə cavab verən, sınaq yarışlarında yüksək nəticələr əldə edən, atçılıq reproduktorlarından törədici kimi istifadə edilə biləcək erkəklər, cins daxilində formalaşmış xətt və ailələr, genealoji qruplar haqqında məlumatlar verilir;

tamamlayıcı bölmə haqqında əsas bölmələrdə məlumat verilmiş ayğırların, madyanların əlifba sırası üzrə siyahıları verilir. Dövlət Damazlıq Kitabındakı siyahılarda atlara verilən nömrələr və seleksiya əhəmiyyətli göstəricilər əsas bölmələrdəki göstəricilərlə uyğun gəlməlidir;

kitabın sonunda illüstrasiyalı şəkillər verilir.

3.3. Dövlət Damazlıq Kitabının nəşrindən sonra beş il müddətindən gec olmayaraq növbəti cildi hazırlanıb nəşr etdirilir. Ara müddətdə qeydiyyata götürülən atların kataloqu hazırlanır.

3.4. Azərbaycanın milli at cinslərinə aid olmayan beynəlxalq at cinslərinin (Təmizqanlı İngilis, Ərəb, Axaltəkə və s.) dövlət qeydiyyatına alınması və onların Dövlət Damazlıq Kitablarının (“Stud book”larının) tərtib edilməsi həmin cinslərin peşəkar beynəlxalq təşkilatlarının müəyyən etdiyi qaydada həyata keçirilir.

3.5. Azərbaycanda yetişdirilən, habelə idxal edilən beynəlxalq cinslərə aid atlardan törəyən cins atlar dövlət qeydiyyatına götürüldükdən sonra həmin cinslərin müvafiq beynəlxalq təşkilatları və onların vəkil etdiyi qurumlarla birgə Dövlət Damazlıq Kitabını hazırlayıb nəşr etdirirlər.

4.1. Cins atların pasportu (şəhadətnaməsi) atın mənşəyini təsdiq edən və identikləşdirməsi zamanı istifadə olunan əsas sənəddir (1 nömrəli əlavə). Cins atların identikləşdirilməsi – müxtəlif vasitələrlə (ləqəb qoyma, damğalama, dərialtı mikroçip yerləşdirilməsi və s.) atların fərqləndirici nişanlarla təmin edilməsi və kompleks əlamətləri üzrə uçot sistemidir.

4.2. Cins atların pasportları (şəhadətnamələri) Azərbaycan və İngilis dillərində tərtib olunmaqla, aşağıda qeyd olunan göstəriciləri özündə əks etdirməlidir:

atın ləqəbi, rəngi, cinsi, cinsiyyəti, doğulduğu il və yer, əlamətləri, qrafik təsviri, şəcərə cədvəli, sınaq nəticələri, ənənəvi mükafatların oynanılmasında və sərgilərdə iştirakı, at sahibinin dəyişməsi barədə qeydlər, əsas ölçüləri, bonitirə göstəriciləri, Dövlət Damazlıq Kitabındakı qeydiyyat nömrəsi, damazlıq üçün yararlılığı, aparılmış əsas peyvəndlər, baytarlıq, damazlıq və gömrük xidmətlərinin qeydləri və digər şəhadətnaməyə atın rəngli foto şəkli əlavə edilə bilər.

4.3. Azərbaycanda yetişdirilən və istifadə edilən yerli genofonda aid edilən cins atların pasportu (şəhadətnaməsi) tərtib edilərkən aşağıdakılar nəzərə alınmalıdır:

pasport (şəhadətnamə) yalnız mənşəyi bəlli olan, bu və ya digər cinsin tələblərinə cavab verən cins atlar üçün tərtib olunur;

pasportun (şəhadətnamənin) tərtib olunmasında ilkin zootexniki uçot göstəricilərinə istinad olunmaqla ata vizual baxış keçirilir;

pasportda (şəhadətnamədə) aparılan qeydlər səlahiyyətli şəxs tərəfindən imzalanmaqla təsdiq edilməli və möhür vurulmalıdır;

atın pasportu (şəhadətnaməsi) onu bütün həyatı boyu müşayiət etməlidir;

cıdır meydanlarında keçirilən sınaq yarışlarında pasportlar (şəhadətnamələr) cıdır meydanına təqdim olu nur, yarışlarda, o cümlədən ənənəvi mükafatların oynanılmasında atın əldə etdiyi nəticələr barədə müvafiq qeydlər aparılır və cıdır meydanının rəhbərliyi tərəfindən təsdiq edilir;

beynəlxalq yerdəyişmələrdə pasporta (şəhadətnaməyə) ingilis dilində tərtibə edilən ixrac sertifikatı əlavə edilir;

xarici ölkələrdə keçirilən cıdır yarışlarında, sərgi və digər tədbirlərdə iştirak etmək üçün cins at müvəqqəti olaraq ölkədən çıxarılarkən (və geri qaytarılarkən) onun pasportunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin (yaxud bu səlahiyyət verilən digər qurumun), baytarlıq və gömrük xidmətinin müvafiq qeydləri aparılır və səlahiyyətli şəxs tərəfindən təsdiq edilir;

atın pasportunda (şəhadətnaməsində) onun bonitirəsi, əlamətlərinin qrafik təsviri, damazlığa yararlılığı barədə qeydlər qəbul edilmiş beynəlxalq terminlərdən və təlimatlardan istifadə edilməklə, atçılıq sahəsində xüsusi təhsili olan zootexniklər tərəfindən aparılır və imzaları ilə təsdiq edilir;

hər bir cins at üçün yalnız bir dəfə pasport (şəhadətnamə) tərtib olunur. Pasport (şəhadətnamə) itirildiyi halda at sahibi dublikat sənədin tərtib edilməsi barədə səlahiyyətli quruma müraciət etməlidir. At öldüyü halda Dövlət Damazlıq Kitabında və pasportda (şəhadətnamədə) müvafiq qeyd aparılır və pasport at sahibinə qaytarılır.

5.1. Xarici ölkələrdə yetişdirilən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində və yaxud bu iş üzrə səlahiyyətli qurum tərəfindən qeydiyyata alınan Azərbaycan Respublikasının milli at cinslərinə, habelə beynəlxalq at cinslərinə aid Təmizqanlı İngilis, Ərəb, Axaltəkə və digər atların pasportları (şəhadətnamələri) aşağıdakı şərtlərə əməl edildiyi halda tanınır:

təqdim edilən at Azərbaycan Respublikasının milli at cinslərinə aiddirsə, həmin atın valideynlərindən ən azı biri Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış olsun;

beynəlxalq at cinslərinə aid olan atların pasportları (şəhadətnamələri) həmin cinslərin müvafiq beynəlxalq qurumları tərəfindən qəbul edilmiş vahid nümunəyə uyğun olsun.

5.2. Xarici dövlətlərdə verilmiş pasportların (şəhadətnamələrin) nümunələrinin Azərbaycan Respublikasında tanınması Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir.

5.3. Bütün hallarda cins atlara xarici ölkələrdə verilmiş pasportlar (şəhadətnamələr) müvafiq ölkələrin dövlət damazlıq təşkilatları, peşəkar ictimai birliklər və digər səlahiyyətli qurumlar tərəfindən möhürlənməklə səlahiyyətli şəxsin imzası ilə təsdiq edilməlidir.

1.1. Bu Qaydalar “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 580 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və atüstü oyunların keçirilməsi qaydalarını tənzimləyir.

1.2. Atüstü oyunlar Azərbaycan milli oyunlarının əsas hissəsidir.

1.3. Milli atüstü oyunlara 18 yaşdan yuxarı idmançılar buraxılırlar.

2.1. Atüstü oyunlar təşkilat komitəsi və baş hakimlər kollegiyası tərəfindən təşkil edilir.

2.2. Oyun iştirakçılarına və atlara baş hakimin müavini tərəfindən baxış keçirildikdən sonra onlar yarışa buraxılırlar.

2.3. Bütün oyun iştirakçıları milli oyun qaydalarına və hakimlərin göstərişlərinə əməl etməlidirlər.

2.4. Oyun ərzində atla kobud davranmaq, oyun istiqamətinin əksinə hərəkət etmək, hakimin razılığı olmadan oyuna yazılmış atı əvəz etmək və kənar adamların köməyindən istifadə etmək qəti qadağandır.

2.5. Oyuna sağlam, eksteryer göstəriciləri normal, xoşxasiyyətli, 4 yaşdan yuxarı bütün cinsdən olan atlar buraxılır.

2.6. Yəhər seçmə azaddır.

2.7. Hakimlər oyunu atla idarə etməlidirlər.

3.1. Çovqan, Azərbaycanın qədim milli atüstü oyunudur. Oyun 150-200 metr uzunluğu, 60-120 metr eni olan meydanda aparılır. Oyun meydanının hər iki tərəfində eni 3 metr, diametri 6 metr olan yarımdairə formasında cərimə meydançasına malik qapı olmalıdır. Oyunda iki komanda iştirak edir. Hər komandanın tərkibində 6 atlı oyunçu, o cümlədən 4 atlı hücumçu və 2 atlı müdafiəçi olur. Oyunun şərtinə görə müdafiəçilər meydanın özlərinə aid olan hissəsində oynamalıdırlar. Oyun ərzində komanda üzvləri rəqibin cərimə meydançasına daxil olmadan qapıya top vurmalıdırlar. Hər dəfə rəqib qapısından top keçəndən sonra hakim oyunu mərkəzdən başlayır. Oyun hər biri 15 dəqiqə davam edən iki hissədən ibarətdir. Birinci hissə ilə ikinci hissə arasında fasilə 10 dəqiqə olur. Birinci hissə başa çatdıqdan sonra komandalar meydanda yerlərini dəyişirlər.

3.2. Oyunçulara cərimə meydançası xəttini keçmək, atın hərəkətinə mane olmaq, atı və oyunçuları çubuqla vurmaq, hakim və digər iştirakçılarla mübahisə etmək qadağandır.

3.3. Oyunun qaydası pozulduqda, hakimin qərarına əsasən qorunmayan qapıya cərimə zərbəsi təyin edilir və ya oyunçu oyundan kənarlaşdırılır.

3.4. Oyunu bir nəfər baş, iki nəfər yan hakim və bir nəfər saniyəçi idarə edir.

4.1. Məzəli milli oyundur. İştirakçılar öz papaqlarını başında saxlamaqla, digərlərinin papaqlarını əldə etməyə çalışırlar. Oyunda 6 atlı, o cümlədən 1 atlı qız iştirak edir. Atlı qızın bütün oyunçuların papaqlarını almaq hüququ var. Lakin onun papağını heç kim ala bilməz. Oyun cıdır meydanının 200 m-lik hissəsində aparılır. Müddəti 10 dəqiqədir. Oyun qurtardıqdan sonra papağını saxlaya bilməyən oyunçulardan atlar alınır və onlar papaq zərbələri ilə meydançadan qovulurlar. Oyunda cəldlik, atı idarə etmək məharəti və artistlik qiymətləndirilir.

4.2. Oyunda atları itələmək, papağı yerdən qaldırana maneçilik törətmək, addımla hərəkət etmək, hakim və digər iştirakçılarla mübahisə etmək qadağandır.

4.3. Oyunu bir nəfər baş, iki nəfər yan hakimlər və bir nəfər saniyəçi idarə edir.

5.1. Oyun 150-200 metr uzunluğu, 60-120 metr eni olan meydanda keçirilir. Əks istiqamətlərdə hündürlüyü 3 metr olan dirəkdə, diametri 50 sm olan dairə yerləşdirilir və radiusu 5 metr olan cərimə meydançası düzəldilir. Oyunda top və ya qoyun dərisindən olan papaqdan istifadə edilir. Hər komandada 4 hücumçu, 2 müdafiəçi olur. Müdafiəçilər meydanın özlərinə aid olan hissəsində oynamalıdırlar. Oyun iki hissədən ibarətdir. Hər bir hissə və iki hissə arasında olan fasilə 10 dəqiqədir. Fasilədən sonra komandalar yerlərini dəyişirlər. Oyun mərkəzdən başlanır və hər dəfə top dairəyə atılarkən bu təkrarlanır. Oyun ərzində hər bir oyunçu papağı digərinə ötürərək, onu dairəyə atmağa çalışır. Papaq yerə düşdükdə, onu hər bir oyunçu qaldıra bilər.

5.2. Oyunda papağı əldə 4 saniyədən çox saxlamaq və onu zərbəsiz komanda yoldaşına ötürmək, rəqibin hərəkətinə mane olmaq, atan oyunçuya zərbə endirmək, cərimə xəttini keçib dairəyə papaq atmaq, hakim və digər iştirakçılarla mübahisə etmək qadağandır.

5.3. Qayda pozuntusuna görə qorunmayan dairəyə cərimə zərbəsi təyin edilir, müəyyən müddətə hətta oyunun axırına qədər, oyunun qaydasını pozan oyunçu oyundan kənarlaşdırılır.

5.4. Oyunu bir nəfər baş, iki nəfər yan hakim və bir nəfər saniyəçi idarə edir.

1.1. Bu Qaydalar “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 580 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və atların sərgisinin keçirilməsi qaydalarını tənzimləyir.

1.2. Atların sərgiləri atların təbliği, öyrənilməsi, təcrübə mübadiləsi və digər məqsədlərlə keçirilir.

1.3. Sərgidə iştirak edəcək atların təbliğat məqsədi ilə kataloqu hazırlanır.

2.1. Sərgi ildə bir dəfə cıdır meydanlarında keçirilir.

2.2. Mülkiyyət formasından asılı olmayaraq, atçılıqla məşğul olan bütün hüquqi və fiziki şəxslər sərgidə iştirak edə bilərlər.

2.3. Sərgidə nümayiş etdirmək üçün atın müvafiq sənədləri (şəhadətnamə, baytarlıq sənədi, şəkli və s.) əvvəlcədən təqdim olunmalıdır.

2.4. Sərgi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun müvafiq qurumları tərəfindən təşkil olunur.

2.5. Şuşa şəhərinin ərazisində at sərgilərinin keçirilməsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə əvvəlcədən razılaşdırılmalıdır.

3.1. Ekspert komissiyası Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən atçılıq üzrə yüksəkixtisaslı mütəxəssislərdən təşkil olunur.

3.2. Komissiyanın sədri baş ekspert sayılır.

3.3. Ekspert komissiyası atlara baxış keçirir və müvafiq sənədlərə əsasən atların cins standartlarına uyğun olub-olmadığını müəyyənləşdirərək, onların sərgidə iştirak edib-etməməsi barədə qərar verir.

3.4. Atların qiymətləndirilməsi zamanı komissiya üzvləri arasında fikir ayrılığı yaranarsa, baş ekspertin qərarı həlledicidir.

3.5. Ekspert komissiyasının rəyi qəti və dəyişilməzdir.

4.1. Atlar damazlıq sənədlərinə əsasən və fərdi baxış keçirilməklə qiymətləndirilir.

4.2. Qiymətləndirmə nəticəsində cinslər üzrə aşağıdakı titullar verilir:

4.2.1. sərginin çempionu;

4.2.2. I-II dərəcəli attestatlar;

4.2.3. pul mükafatları.

4.3. Yaşından asılı olmayaraq bir cinsdən olan 2 baş ata (erkək və dişi) çempion adı verilir.

4.4. Cinsin tələbini ödəyənə, yüksək iş qabiliyyətli atlara I və II dərəcəli attestatlar verilir.

4.5. Sərgidə iştirak edəcək atlar 30 gün əvvəl zootexniki tələblərə uyğun bəslənməli və məşq etdirilməlidir.

4.6. Atlar baytarlıq qanunvericiliyində nəzərdə tutulan bütün baytarlıq tədbirlərindən keçməlidirlər.

5.1. Sərgilərin təşkili və qaliblərin mükafatlandırılması sərgiyə baxışdan daxil olan vəsaitlər hesabına həyata keçirilir.

5.2. Ekspert komissiyasının qərarına əsasən qaliblərə diplom, attestat və pul mükafatları verilir. Pul mükafatları dövlət büdcəsi, ianələr, atçılıq klublarının vəsaiti hesabına formalaşmış mükafat fondundan ayrılır:

5.2.1. cinsin çempionu adının verilməsi;

5.2.2. I və II dərəcəli attestatların verilməsi;

5.2.3. pul mükafatlarının verilməsi:

- ayğırlara – 3000 manat;

- madyanlara – 2500 manat;

- 2 yaşdan yuxarı erkək və dişi atlara – 2000 manat;

- yanı dayçalı madyanlara – 1500 manat.

6.1. Dövlət atçılıq müəssisələri tərəfindən at sərgilərinin keçirilməsi televiziya vasitəsilə yayımlanır və mətbuatda şərh edilir. Bu məqsədlə televiziya kanallarına vəsait köçürülür. Vəsait sərginin təşkilatçıları tərəfindən ödənilir.

6.2. Qeyri-dövlət atçılıq subyektləri at sərgiləri keçirərkən bütün xərcləri, o cümlədən televiziyada yayımlanma xərclərini öz vəsaitləri hesabına ödəyirlər.

1.1. Bu Qaydalar “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 580 nömrəli Fərmanının 1.11-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və cıdır meydanlarında damazlıq və cins atların satışı hərraclarının keçirilməsi qaydalarını tənzimləyir.

1.2. At satışı hərracları öz fəaliyyətini hərrac iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, sərbəst bazar qiymətlərinin tətbiqi və sövdələşmələrin aşkarlığı prinsipləri əsasında həyata keçirir.

1.3. Atların satışının təşkilatçısı kimi cıdır meydanları çıxış edir.

2.1. Təşkilatçı hərraca hazırlıq mərhələsində:

2.1.1. hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumatın mətbuatda dərc olunmasını təmin edir;

2.1.2. hərracların keçirilməsi üzrə komissiya təşkil edir və zəruri hallarda onun işinə müstəqil ekspertlər cəlb edir;

2.1.3. atın start qiymətini müvafiq qaydada müəyyən edir;

2.1.4. hərracın iştirakçıları ilə hesablaşmalar aparır;

2.1.5. hərraclarda iştirak etmək istəyən şəxslərdən sifariş ərizələrini və ona əlavə olunmuş sənədləri qəbul edir, onların qeydiyyatını aparır.

2.2. Hərracların keçirilməsi haqqında bildirişdə aşağıdakılar öz əksini tapmalıdır:

2.2.1. hərracın keçirilməsinin forması;

2.2.2. atın start qiyməti;

2.2.3. hərraca çıxarılacaq atın cinsi, yaşı, sağlamlığı və digər göstəriciləri;

2.2.4. sifarişlərin qəbulunun başlanma və başa çatma tarixləri;

2.2.5. sifariş və sənəd qəbulu məntəqələrinin ünvanları (zərurət olduqda mərtəbə, otaq, telefon nömrəsi və qəbul saatları göstərilməklə);

2.2.6. hərraclarda iştirak etmək üçün sifarişçilərin sifarişlə birlikdə verəcəkləri sənədlərin siyahısı və onların tərtib edilməsi üçün müvafiq tələblər;

2.2.7. hərracların keçirilmə tarixi, vaxtı və ünvanı;

2.2.8. satıcı və komissiyanın qərargahının telefon nömrələri və ünvanı;

2.2.9. ilkin satış qiymətinin 10 faizi həcmində hesablanan behin məbləği və behin köçürülməsi üçün müvafiq bank hesabı;

2.2.10. alıcıları maraqlandıran digər məlumatları almaq qaydası.

2.3. Bildirişin dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş verən şəxslərə satışa çıxarılan atlarla qabaqcadan tanış olmaq imkanı yaradılır.

2.4. Cıdır meydanı və hərraca çıxarılan atın mülkiyyətçisi arasındakı münasibətlər onların bağladığı müqaviləyə əsasən tənzimlənir.

3.1. Hərraca qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifariş və digər zəruri sənədləri hərracın başlanmasına ən geci üç bank günü qalanadək təqdim etmiş və atın ilkin satış qiymətinin 10 faizi həcmində beh köçürmüş hüquqi və fiziki şəxslər buraxılırlar.

3.2. Hərraclarda iştirak etmək üçün sifarişçi satıcının müəyyən etdiyi formada sifariş təqdim edir. Sifarişin və ona əlavə edilən sənədlərin qəbulu dərc olunmuş məlumatda göstərilən müddətdə həyata keçirilir.

3.3. Hərracda iştirak etmək istəyən şəxslər sifariş ərizəsinə aşağıdakı sənədləri əlavə edirlər:

3.3.1. təşkilatçı tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədini n surətini;

3.3.2. hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətlərini;

3.3.3. fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surətini;

3.4. Sifariş və ona əlavə edilmiş sənədlər təşkilatçı tərəfindən qəbul edilib qeydiyyata alınır və bunun müqabilində hərracda iştirak etmək üçün buraxılmış şəxslərə onların hərracda iştiraketmə nömrəsi, satışa çıxarılan atın adı əks olunan bilet verilir. Bilet verildiyi andan sifarişçi hərrac iştirakçısı statusu alır.

3.5. Sifarişçi aşağıdakı hallarda hərraclarda iştirak etməyə buraxılmır:

3.5.1. sifariş vermiş şəxs qanunvericiliyə müvafiq olaraq alıcı kimi tanınmadıqda;

3.5.2. sifarişçinin nümayəndəsinin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədikdə;

3.5.3. hərracın keçirilməsi haqqında bildirişdə göstərilən siyahı üzrə sənədlər tam şəkildə təqdim olunmadıqda, yaxud onlar lazımi qaydada tərtib edilmədikdə;

3.5.4. beh satıcının hesabına sifarişdə göstərildiyindən az həcmdə və ya müəyyən edilmiş müddətdən gec köçürüldükdə.

3.6. Hərracların keçirilməsi haqqında məlumatda göstərilən müddət başa çatdıqdan sonra hərraclarda iştirak etmək üçün daxil olan sifarişlər və onlara əlavə edilmiş sənədlər satıcı tərəfindən qəbul olunmur.

3.7. Satıcı hərraclarda iştirak etmək üçün sifarişçilərin verdikləri sifarişlərin və əlavə sənədlərin qorunub saxlanılmasını təmin edən müvafiq tədbirlər görür.

4.1. Hərracın keçirilməsi məqsədi ilə təşkilatçı tərəfindən komissiya yaradılır və onun iş reqlamenti təsdiq olunur. Komissiyanın sədri təşkilatçının nümayəndələrindən təyin edilir.

4.2.1. hərracın keçirilməsini təmin edir;

4.2.2. hərrac iştirakçılarının qeydiyyatını aparır və bu barədə müvafiq məlumatı hazırlayıb təşkilatçıya təqdim edir;

4.2.3. hərracın gedişində mübahisəli vəziyyət yarandıqda, hərracı dayandırır və bu barədə satıcıya məlumat verir;

4.2.4. hərracın qalibini müəyyən edir;

4.2.5. hərracın yekun və digər protokollarını rəsmiləşdirir;

4.2.6. təşkilatçı tərəfindən ona tapşırılmış digər vəzifələri yerinə yetirir.

4.3. Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə hər bir komissiya üzvü bir səsə malikdir. Komissiyanın üzvlərinin azı üçdə ikisi iclasda iştirak edərsə, komissiya öz səlahiyyətinə aid olan məsələləri həll etmək hüququna malikdir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledici hesab edilir. Komissiyanın işində mütəmadi olaraq iştirak etməyən və ya onun reqlamentini pozan üzvün komissiya üzvlüyündən çıxarılmasına dair təşkilatçı məsələ qaldıra bilər. Bu halda həmin şəxs digər şəxslə əvəz olunur. Komissiyanın qərarları protokollaşdırılır və iclasda iştirak etmiş bütün komissiya üzvləri tərəfindən imzalanır.

4.4. Hərrac aşağıdakı qaydada həyata keçirilir:

4.4.1. hərracı təşkilatçı tərəfindən muzdla tutulmuş hərracçı aparır;

4.4.2. hərrac atın qısa xarakteristikası və ilkin satış qiymətinin elan olunması ilə başlanır. Satış qiyməti elan olunduqdan sonra hərrac iştirakçıları öz biletlərini qaldırmaqla, elan edilmiş qiymətə atı almağa razı olduqlarını bildirirlər;

4.4.3. ilkin satış qiyməti iştirakçılar tərəfindən əlavə etmə yolu ilə artırılır;

4.4.4. hər yeni təklif ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır;

4.4.5. hərracçı yeni s a tış qiymətini üç dəfə təkrar edir. Təklif olunmuş qiymətə dair digər alıcılardan heç biri biletini qaldıraraq münasibətini bildirmədikdə, hərrac başa çatmış hesab edilir. Ən yüksək qiyməti təklif etmiş istirakçı hərracın qalibi sayılır. Hərracçı atın satıldığını, satış qiymətini və qalibin biletinin nömrəsini elan edir;

4.4.6. ilkin qiymət 3 (üç) dəfə elan olunduqdan sonra alıcılardan heç biri biletini qaldırmazsa, hərrac baş tutmamış hesab olunur və at satıcıya qaytarılır.

5.1. Hərrac başa çatan gün onun nəticələri təşkilatçı və hərracın qalibi tərəfindən imzalanan hərrac protokolu ilə rəsmiləşdirilir. Bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

5.2. Hərracın yekunları üzrə protokolda aşağıdakılar göstərilir:

5.2.1. satılmış atın göstəriciləri;

5.2.2. atın alınma qiyməti;

5.2.3. mülkiyyətçi və alıcı haqqında məlumatlar və onun ünvanı;

5.2.4. digər zəruri məlumatlar və qanunvericilikdə nəzərdə tutulan şərtlər.

5.3. Atın mülkiyyətçisi ilə hərracın qalibi arasında başqa razılaşma olmadıqda, hərracın qalibi tərtib olunan protokolu imzaladığı andan ən geci 5 (beş) bank günü müddətində ödənilməli olan pul vəsaitini satıcının müəyyən etdiyi hesaba köçürür.

5.4. Müəyyən olunmuş müddət ərzində hərracın qalibi tərəfindən atın dəyərinin ödənilməməsi mülki qanunvericilikdə nəzərdə tutulan nəticələrə səbəb olur.

5.5. Hərracda at satışı üçün ödənilmiş beh satılan atın satış qiymətinə daxil edilir. Hərracın digər iştirakçılarının ödəmiş olduqları beh, təşkilatçı tərəfindən qalib olmayan hərrac iştirakçılarına 10 (on) bank günü müddətində geri qaytarılır.

5.6. Hərrac baş tutmadığı hallarda, onun yekunu protokollaşdırılır və protokolda atın mülkiyyətçiyə qaytarılması qeyd edilir.

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1. 6 yanvar 2009-cu il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 22)

2. 17 mart 2010-cu il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 259)

3. 12 avqust 2011-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 08, maddə 780)

4. 6 dekabr 2021-ci il tarixli 383 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 dekabr 2021-ci il, № 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1509)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver