AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. "Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması Qaydaları", "Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası", "Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsini həyata keçirmə Qaydası" və "Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərinin Siyahısı" təsdiq edilsin (əlavə olunur).
2. "Atmosfer havasının mühafizəsinə dövlət nəzarətinə dair Əsasnamənin təsdiq edilməsi haqqında" SSRİ Nazirlər Sovetinin 19 avqust 1982-ci il tarixli, 764 nömrəli qərarı barəsində" Azərbaycan SSR Nazirlər Sovetinin 3 sentyabr 1982-ci il tarixli, 411 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 15 aprel 2002-ci il
Bu Qaydalar "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması qaydalarını müəyyən edir.
1.1. Bu Qaydalar atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin inventarlaşdırılması sahəsində vahid metodun yaradılması məqsədi ilə hazırlanmışdır;
1.2. Atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin inventarlaşdırılması (siyahıya alınması) dedikdə, zərərli maddələri atan və atmosfera fiziki təsir göstərən mənbələrin müəssisə və təşkilatlar, şəhər və digər yaşayış məntəqələri üzrə paylanması, tullantıların tərkibi və miqdarı, fiziki təsirin növü və səviyyəsi haqqında məlumatların sistemləşdirilməsi nəzərdə tutulur.
1.3. Atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin inventarlaşdırılmasının əsas məqsədi aşağıdakı məsələlərin həlli üçün ilkin məlumatların toplanmasıdır:
1.3.1. müəssisə tərəfindən atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsirlərin qeydiyyatının aparılması;
1.3.2. müəssisə tərəfindən atılan zərərli maddələrin və fiziki təsir mənbələrinin atmosfer havasına təsir dərəcəsinin qiymətləndirilməsi;
1.3.3. müəssisənin qaz-toz təmizləyici qurğularının kəmiyyət və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi;
1.3.4. atılmanın yol verilən həddinin (AYVH) və müvəqqəti razılaşdırılan tullantıların (MRT) müəyyənləşdirilməsi;
1.3.5. müəssisələrdə xammal ehtiyatlarından və tullantılardan istifadə edilməsi zamanı alınan səmərənin qiymətləndirilməsi;
1.3.6. atılan zərərli maddələr və atmosfer fiziki təsirlər üçün müəyyən edilmiş normaların gözlənilməsinə nəzarətin təşkili;
1.3.7. müəssisə üzrə atmosfer havasının mühafizəsi işlərinin planlaşdırılması.
1.4. Mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq atmosfer havasına zərərli maddə atan və fiziki təsir göstərən bütün təsərrüfat obyektlərində atmosfer havasına atılan zərərli maddələrin və fiziki təsir mənbələrinin inventarlaşdırılması aparılmalıdır.
1.5. Atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin inventarlaşdırılması müəssisənin öz gücü ilə aparılır və ya bu sahədə ixtisaslaşmış müəssisə və təşkilatlar cəlb edilir. İnventarlaşdırma göstəricilərinin dolğunluğu və səhih olması üçün müəssisə rəhbəri məsuliyyət daşıyır.
1.6. İnventarlaşdırmanın yekun sənədi Ekologiya və Tibbi Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə razılaşdırılır.
1.7. İnventarlaşdırmanın nəticələri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş "İnventarlaşdırma blankı"nda öz əksini tapır. Atmosfer havasına zərərli maddə atan və fiziki təsir göstərən mənbələrin, qaztəmizləyici və toztutucu qurğuların xassələri haqqında məlumatlar inventarlaşdırma işlərinin başlandığı gündən qeyd olunur, atmosferə atılan və qaz-toz tutucu qurğularda tutulan zərərli maddələrin və qaz-toz təmizləməyə sərf olunan vəsaitin miqdarı isə əvvəlki ilin göstəricilərinə əsasən doldurulur.
1.8. Hüquqi və fiziki şəxslər üçün atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin inventarlaşdırılması ən azı 5 ildən bir aparılır. Təkrar inventarlaşdırma tam aparılmır, yenidənqurma yaxud istehsal texnologiyasının dəyişdirilməsi ilə əlaqədar əvvəlki inventarlaşdırmanın göstəriciləri üzrə düzəlişlə edilir. İstehsalat və xidmət obyektlərinin fəaliyyət növü dəyişdirilərsə, bu müddət gözlənilmədən inventarlaşdırma yenidən tam həcmdə aparılmalıdır.
2.1. Atmosfer havasını çirkləndirmə mənbəyi-fəaliyyəti zamanı zərərli maddələrin əmələ gəldiyi və ayrılıb atmosfer havasına atılmaq üçün daxil olduğu sistem, istehsalat, texnoloji proses və ya əməliyyatlardır.
2.2. Atmosfer çirkləndirmə mənbələri zərərli maddələr əmələ gələn mənbələrdən (texnoloji qurğu, mexanizmlər, aparatlar, xammal və məhsul anbarı, xammal və məhsulu boşaldıb-yükləmə meydançası, yanacaq anbarı və s.) və onları atmosferə atan mənbələrdən (boru, aerasiya fənəri, ventilyasiya şaxtası və s.) ibarətdir.
2.3. Zərərli maddələrin xüsusi qurğulardan keçərək atmosferə atıldığı mənbələr-mütəşəkkil (təşkil olunmuş) mənbələrdir.
2.4. Zərərli maddələrin bilavasitə mənbələrdən ayrılaraq qaz axını şəklində yayıldığı, istiqamətləndirilməmiş halda atmosfer havasına atıldığı mənbələr isə qeyri-mütəşəkkil (təşkil olunmamış) mənbələrdir.
3. İnventarlaşdırmanın aparılmasının ümumİ prİnsİplərİ
3.1. Atmosfer havasına atılan zərərli maddələrin və fiziki təsir mənbələrinin inventarlaşdırılması işlərinə metodik rəhbərliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
3.2. Hüquqi və ona fiziki şəxslərin balansında olan bütün mənbələr yerləşdiyi ərazidən asılı olmayaraq inventarlaşdırılmalıdır.
3.3. İnventarlaşdırma zamanı müəssisədə mövcud olan bütün stasionar və səyyar çirkləndirmə mənbələrindən ayrılaraq atmosfer havasına atılan, istifadə olunan texnoloji proseslərin maddi balansında öz əksini tapan bütün zərərli tullantılar nəzərə alınmalıdır.
3.4. Atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin inventarlaşdırılması zamanı dəqiq ölçmələrdən istifadə olunmalıdır. Bu üsul bütün mütəşəkkil tullantı mənbələri üçün tətbiq edilir. Hər hansı bir maddənin tullantısının təyini zamanı instrumental yolla ölçmə işləri aparılmasının mümkün olmadığı hallarda qüvvədə olan standartlar və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən razılaşdırılmış təlimatlar əsasında, nəzəri-hesablama (balans) üsulundan istifadə edilir. Nəzəri-hesablama (balans) üsulu texnoloji proseslərin maddi balanslarının yaxud tullantıların xüsusi normalarının tətbiqinə əsaslanır və bütün mənbələr üçün tətbiq edilir.
3.5. İnventarlaşdırma aşağıdakı mərhələləri əhatə edir:
inventarlaşma müayinəsinin keçirilməsi;
nəticələrin təhlili əsasında yekun materiallarının sənədləşdirilməsi.
Bu mərhələlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış və təsdiq olunmuş təlimat əsasında həyata keçirilir.
3.6. İnventarlaşdırmanın nəticələrindən müəssisənin ekoloji normativ sənədlərin işlənilməsində və 2-TG (hava) dövlət statistik hesabatının doldurulmasında istifadə edilir.
Bu Qayda "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001 -ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydasını müəyyən edir.
1. Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini (sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir və bu sahədə nazirliyin funksiyaları aşağıdakılara nəzarət etməkdir:
1.1. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsir normativlərinin tələblərinə riayət edilməsinə;
1.2. atmosfer havasına zərərli maddələr atan və ona zərərli fiziki təsir edən mənbələrə malik olan hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının mühafizəsinə dair qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə;
1.3. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə verilmiş icazənin şərtlərinə riayət edilməsinə;
1.4. atmosfer havasına zərərli təsir edə bilən yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların və onların ehtiyat hissələrinin istehsalı, idxalı, istismarı, yeni texnikanın və texnologiyanın, materialların, digər məhsulların idxalı və istifadəsi zamanı atmosfer havasının mühafizəsinə dair tələblərin yerinə yetirilməsinə;
1.5. atmosfer havasını stasionar mənbələri ilə çirkləndirən obyektlərin sanitar-mühafizə rejimlərinə əməl olunmasına;
1.6. atmosfer havasının mühafizəsinə istehsalat nəzarətinin həyata keçirilməsinə;
1.7. atmosfer havasının mühafizəsinə dair məqsədli dövlət proqramlarının və tədbirlərinin həyata keçirilməsinə;
1.8. təsərrüfat obyektlərinin layihələşdirilməsi, tikintisi, yenidən qurulması və istismarı zamanı atmosfer havasının mühafizəsinə dair tələblərin gözlənilməsinə;
1.9. nəqliyyat və digər səyyar vasitələrin istismarı zamanı atmosfer havasının mühafizəsinə dair tələblərin gözlənilməsinə;
1.10. tullantıların saxlanılması, nəql edilməsi, basdırılması, zərərsizləşdirilməsi və təkrar istifadəsi zamanı atmosfer havasının mühafizəsinə dair tələblərin gözlənilməsinə;
1.11. hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasına atılan zərərli maddələrin, onların təsirlərinin və mənbələrinin ilkin uçotunun düzgün aparılmasına;
1.12. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının atmosfer havasının mühafizəsinə dair göstərişlərinin yerinə yetirilməsinə;
1.13. atmosfer havasının transsərhəd çirklənməsi hallarında beynəlxalq müqavilələrə uyğun olaraq tədbirlərin həyata keçirilməsinə.
2. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun müvafiq qurumları öz səlahiyyətləri daxilində, normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada aşağıdakıları həyata keçirirlər:
2.1. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə verirlər;
2.2. atmosfer havasına zərərli maddələrin atılmasına görə və atmosfer havasının normadan artıq çirklənməsinə görə ödəmələrin mövcud normativlərə uyğun hesablanmasını yoxlayırlar;
2. 3. atmosfer havasının çirkləndirilməsi və ona zərərli fiziki təsirlər nəticəsində insan sağlamlığına və ətraf mühitə vurulan zərərin miqdarını müəyyən edirlər;
2.4. atmosfer havasına atılan zərərli maddələrə analitik nəzarət və atmosfer havasına atılan zərərli maddələrin material balansı üzrə hesablanması təlimatlarını təsdiq edirlər;
2.5. atmosfer havasına zərərli təsirlərin dövlət uçotunu aparırlar;
2.6. yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərin, habelə ictimai təşkilatların iştirakı ilə atmosfer havasının mühafizəsi üzrə respublika, ərazi, şəhər və başqa yaşayış sahələrinin kompleks sxemlərinin hazırlanmasını təşkil edirlər;
2.7. texniki və texnoloji qurğuların, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin istismara verilməsi zamanı atmosfer havasının mühafizəsinə dair tələblərə cavab verməsi haqqında müvafiq sertifikatların verilməsini təşkil edirlər;
2.8. fəaliyyəti atmosfer havasına zərərli təsirlə müşayiət olunan təsərrüfat obyektlərinin müvafiq şərtlərlə ərazidə yerləşdirilməsini razılaşdırırlar;
2.9. atmosfer havasının çirklənmə səviyyəsinə, onun təbii vəziyyətinə təsir edə bilən yeni (yenidən qurulmuş, müasirləşdirilmiş) obyektlərin, habelə atmosfer havasını mühafizə təyinatlı obyektlərin qəbulu və istifadəyə verilməsi üzrə işçi və dövlət komissiyalarının işində iştirak edirlər;
2.10. atmosfer havasının çirklənməsinin müşahidəsi, onun vəziyyətinin kompleks qiymətləndirilməsi və proqnozu, habelə yerli özünüidarəetmə orqanlarını, müəssisələri, təşkilatları və əhalini cari və təcili məlumatlarla təmin etmək məqsədi ilə dövlət monitorinqi sistemini təşkil edir və aparırlar;
2.11. atmosfer havasına atılan zərərli maddələrin həcminin azaldılmasına dair tədbirləri, atmosfer havasının monitorinqi üzrə məlumatları, zərərli maddələrə nəzarətin və onların yayılması miqyasının nəticələrini nəzərə alaraq, atmosfer havasının mühafizəsinə dair məqsədli (müəyyən dövr üçün) proqramlar hazırlayır və həyata keçirirlər;
2.12. respublika ərazisində atmosfer havasına qəza və yaylım xarakterli tullantıların nəticələrinin aradan qaldırılması və əlverişsiz meteoroloji şərait (ƏMŞ) yarandıqda atmosfer havasına zərərli maddələr atan hüquqi və fiziki şəxslər tərəfindən zərərli maddələrin miqdarının azaldılması üçün tədbirlərin həyata keçirilməsinə nəzarət edirlər;
2.13. atmosfer havasına atılan zərərli maddələrin mənbələri olan hüquqi və fiziki şəxslər tərəfindən atılmanın yol verilən həddinə riayət olunması mümkün olmadığı hallarda atılmanın yol verilən həddinə mərhələlərlə nail olunması məqsədilə müvafiq tədbirlərin planlaşdırılması şərti ilə onlar üçün zərərli maddələrin müvəqqəti razılaşdırılmış atılmalarını müəyyən edirlər;
2.14. atmosfer havasını çirkləndirən tullantılar üçün saxlanma, basdırılma və məhv edilmə yerlərini ayırırlar.
3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun müvafiq qurumları atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar aşağıdakıları yerinə yetirir:
3.1. mənsubiyyətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlardan, eləcə də vəzifəli şəxslərdən və vətəndaşlardan atmosfer havasının mühafizəsinə dair müvafiq tədbirlərin keçirilməsini tələb etmək;
3.2. atmosfer havasının vəziyyətinə təsir edə bilən müəssisə, qurğu və digər obyektlərin tikintisi, yenidən qurulması, habelə obyektlərin ərazidə yerləşdirilməsi üçün təqdim edilmiş layihə və təkliflər üzrə icrası məcburi olan rəy vermək;
3.3. atmosfer havasının mühafizəsinə dair qanunvericiliyin pozulmasına səbəb olan istehsalat və digər obyektlərini tikilməsini, yenidən qurulmasını və genişləndirilməsini məhdudlaşdırmaq və müvəqqəti dayandırmaq;
3.4. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişləri yerinə yetirilmədikdə, icazəni dayandırmaq və ya ləğv etmək;
3.5. atmosfer havasının mühafizəsinə dair qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməyən yeni texnikanın, texnologiyanın, avadanlıqların, texniki vasitələrin, materialların, məmulatların, digər məhsulların tətbiqi və istifadə edilməsini qadağan etmək;
3.6. atmosfer havasının mühafizəsi qaydalarında nəzərdə tutulmuş qaztoztutucu qurğuları və atmosfer havasına atılan zərərli maddələrin miqdarına nəzarət üçün nəzarət-ölçü vasitələri olmayan təsərrüfat obyektlərinin yerləşdirilməsini və istismarını qadağan etmək;
3.7. insan sağlamlığı və həyatı, ətraf mühit üçün təhlükə dərəcəsi müəyyən edilməmiş maddələrin atmosfer havasına atılmasını qadağan etmək;
3.8. atmosfer havasına atılan zərərli maddələrin miqdarı və tərkibi qanunvericiliklə müəyyən edilmiş atılmanın texniki normativlərindən artıq olan nəqliyyat və digər səyyar vasitələrinin istehsalını və istismarını qadağan etmək;
3.9. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə görə ödəmələr tətbiq etmək, atmosfer havasının çirklənməsi və zərərli fiziki təsir nəticəsində ətraf mühitə dəymiş ziyanın ödənilməsi məqsədi ilə hüquqi və fiziki şəxslər, vətəndaşlar, habelə xarici hüquqi və fiziki şəxslər qarşısında iddialar qaldırmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada bu vəsaitlərin "Təbiəti mühafizə ehtiyat fondu"na keçirilməsini təmin etmək;
3.10. tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq atmosfer havasını çirkləndirən və ona zərərli fiziki təsir göstərən müəssisə, idarə, təşkilatlara və digər obyektlərə, atmosfer havasına dövlət nəzarətini həyata keçirmək üçün maneəsiz daxil olmaq (xidməti vəsiqələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin şəxsiyyət vəsiqəsini, nəzarətin həyata keçirilməsi haqqında qərarın surətini və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə), öz xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan sənədlərlə, o cümlədən analizlərin nəticələri ilə pulsuz tanış olmaq:
3.11. öz səlahiyyətləri daxilində atmosfer havasının mühafizəsi sahəsində pozuntulara görə inzibati xətalar haqqında materiallara baxmaq, izahat almaq və cavabdeh şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada cərimə kəsmək, habelə onların məsuliyyətə cəlb edilməsi üçün sənədləri hüquq-mühafizə orqanlarına təqdim etmək;
3.12. atmosfer havasının mühafizəsi sahəsində tədbirlərin yerinə yetirilməsi haqqında arayışları və statistik hesabatları, habelə qəza və fövqəladə vəziyyətlər zamanı təcili məlumatları öz səlahiyyətləri daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, bələdiyyə orqanlarından, fiziki və hüquqi şəxslərdən müəyyən olunmuş qaydada tələb etmək.
4. Müəssisələr, idarələr və təşkilatlar obyektlərində atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun müvafiq qurumlarının vəzifəli şəxslərinə xidməti vəzifələrinin yerinə yetirilməsi üçün lazımi kömək göstərməlidirlər.
Bu Qayda "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsini həyata keçirmə qaydasını müəyyən edir.
1. Atmosfer havasına zərərli təsir göstərən mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsi sahəsində istehsalat (müəssisə) nəzarətinin həyata keçirilməsində vəzifələri aşağıdakılardan ibarətdir:
1.1. atmosfer havasının mühafizəsinə dair qanunvericiliklə müəyyən olunmuş tələbləri yerinə yetirmək;
1.2. atılmanın yol verilən və ya müvəqqəti razılaşdırılmış həddinin, atmosfer havasına zərərli fiziki təsirin səviyyəsinin gözlənilməsinə nəzarət etmək;
1.3. atmosfer havasına atılan zərərli maddələrin atılmanın yol verilən həddinə və zərərli fiziki təsirin normalar səviyyəsinə qədər azaldılmasına dair tədbirləri həyata keçirmək;
1.4. atmosfer havasının mühafizəsi sahəsində istehsalat (müəssisə) nəzarətini həyata keçirmək məqsədilə cavabdeh şəxsi təyin etmək və ya ekoloji xidməti təşkil etmək.
2. İstehsalat nəzarəti sisteminin yaradılması aşağıda göstərilən tələblərin yerinə yetirilməsini təmin etməlidir:
2.1. zərərli maddələrin atmosfer havasına atılmasına dair normativ-texniki sənədlərin tərtibi və tətbiqini;
2.2. istehsal və xidmət sahələrində qaz-toz hava axınlarının parametrlərinə nəzarət vasitələrinin və üsullarının hazırlanmasını;
2.3. atmosfer havasının mühafizəsinə dair normativ-texniki sənədlərin, standartların və sairənin praktiki fəaliyyətdə tətbiqini, o cümlədən obyektlərin sanitar-mühafizə zolaqlarının rejiminə əməl olunmasını;
2.4. istehsalatda tətbiq edilən yeni texnoloji qurğu və avadanlıqların sınağı və istismara qəbulu prosesində atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsirlərin kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsini;
2.5. atmosfer havasına zərərli maddələrin atılmasının və zərərli fiziki təsirin azaldılmasına dair tədbirlərin əsaslandırılmasına, tərtibinə və onların yerinə yetirilməsinə nəzarəti;
2.6. atılmanın yol verilən həddi normalarının və zərərli fiziki təsirlərin səviyyəsinin gözlənilməsinə nəzarəti;
2.7. atmosfer havasına zərərli təsirin kəmiyyət və keyfiyyəti haqqında dəqiq məlumatların əldə olunmasını, onların təhlilini;
2.8. qaz-toztutucu qurğuların layihə göstəricilərinə uyğun istismarına nəzarəti;
2.9. təsərrüfat obyektlərinin ərazilərindən atmosfer havasını çirkləndirən zərərli maddələrin xüsusi saxlanma və ya basdırılma yerlərinə, habelə onları xammal kimi istifadə edən obyektlərə vaxtında və təhlükəsiz daşınmasını;
2.10. istehsal nəzarəti sisteminin təkmilləşdirilməsini;
2.11. atmosfer havasına zərərli maddələrin atılmasının qarşısının alınmasını, onların təkrar işlədilməsini, zərərsizləşdirilməsini, belə maddələrin istehsalına dair tədbirlərin hazırlanmasını və həyata keçirilməsinin təmin olunmasını;
2.12. qəza zamanı atmosfer havasına atılan zərərli maddələrin qarşısının alınmasına və onun təsirinin aradan qaldırılmasına, qəza nəticələrinin ləğv edilməsinə dair tədbirlərin həyata keçirilməsini;
2.13. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının aradan qaldırılmasına dair müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin sərəncamlarının və yazılı göstərişlərinin yerinə yetirilməsini;
2.14. qəza nəticəsində atmosfer havasının çirklənməsinə səbəb olan zərərli maddələr barədə məlumatların Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dərhal göndərilməsini;
2.15. icra hakimiyyəti orqanlarının və maraqlı təşkilatların istehsalat nəzarətinin nəticələri barədə məlumatlandırılmasını.
3. Atmosfer havasına atılan zərərli maddələrə istehsalat nəzarəti sisteminin strukturu:
3.1. atmosfer havasına atılan zərərli maddələrə istehsalat nəzarəti ümumdövlət nəzarət sisteminin tərkib hissəsidir;
3.2. dövlət səviyyəsində istehsalat nəzarəti sistemi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən razılaşdırılmış və ya təsdiq olunmuş normativ-texniki sənədlərlə təmin olunur;
3.3. atmosfer havasına atılan zərərli maddələrə istehsalat nəzarəti sisteminin strukturu hər bir sahə, müəssisə və istehsalat üçün nəzarət işinin həcmindən asılı olaraq müəyyən olunur. Strukturun əsasnaməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən razılaşdırılır.
4. Atmosfer havasına atılan zərərli maddələrə istehsalat nəzarətinin təşkilinə dair əsas tələblər:
4.1. atmosfer havasına zərərli təsirin yol verilən hədd normativlərinə nəzarət müəyyən olunmuş mənbələr üzrə təşkil olunur. İstehsalat nəzarətinin təşkili Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən razılaşdırılmış və ya təsdiq olunmuş normativ-texniki sənədlərlə müəyyən olunur;
4.2. atmosfer havasına atılan zərərli maddələrin uçotunun düzgün aparılmasına görə məsuliyyət müəssisə rəhbərinin üzərinə düşür;
4.3. atmosfer havasına zərərli maddələri atan mənbələrdən nümunə götürmə nöqtələrinin seçilməsi müəssisənin atmosfer havasına atılmaya nəzarət xidməti işçiləri və ya müvafiq mütəxəssislər tərəfindən müəyyən olunur. Nümunə götürmə nöqtələrinin düzgün seçilməsi üzrə məsuliyyət nəzarət xidməti rəhbərinin və ya müəssisə rəhbərinin üzərinə düşür.
5. İstehsalat və xidmət prosesləri zamanı atmosfer havasına atılan zərərli maddələrin və fiziki təsirlərin nəzarət növləri aşağıdakılardan ibarətdir:
5.1. nəzarət parametrini müəyyən etmə üsulundan (birbaşa ölçmə və hesablama yolu ilə);
5.2. nəzarət yeri üzrə - ayrılma və atılma mənbələrindən;
5.3. nəzarətin tam və ya seçmə üsulu ilə aparılmasından;
5.4. istifadə olunan ölçmə vasitələri üzrə - laboratoriya, yarımavtomatik və avtomatik (avtomatik qaz analiz edicilər, avtomatik stansiya, avtomatlaşdırılmış sistemlər) sistemlərdən;
5.5. nəzarətin aparılması forması üzrə - planlı, plandan kənar və müfəttiş nəzarəti.
6. Nəzarətin aparılması müddəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən razılaşdırılmış plan-qrafik üzrə müəyyən olunur.
6.1. Nəzarətin aparılma müddəti atılma mənbələrinin və zərərli maddələrin miqdarından, toksikliyindən, qaztoztəmizləyici avadanlığın məhsuldarlığından (səmərəliliyindən) və zərərli fiziki təsirin növündən asılı olaraq 2 kateqoriyaya bölünür:
birinci kateqoriyalı mənbələrdə sistematik nəzarət aparılır. Ölçmələrin müddəti mənbənin gücündən, atılma səviyyəsinin stabilliyindən və ətraf əraziləri çirkləndirmə səviyyəsindən asılıdır. Vahid zamanda sistematik sabit qalan birinci kateqoriyalı mənbələrin nəzarət olunma müddətləri yerli şərait nəzərə alınmaqla 3 və ya 6 ayda bir dəfə tövsiyə oluna bilər;
ikinci kateqoriyalı mənbələrə nəzarət ildən bir dəfədən az olmayaraq aparılmalıdır.
6.2. Nəzarətin aparılması müddəti yerli şərait nəzərə alınmaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli orqanı tərəfindən müəyyən olunur.
6.3. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tələbi əsasında, bu orqanlarla razılaşdırılmış plan-qrafikə və nümunəgötürmə yerlərinə müvafiq olaraq, müəssisələr atmosfer havasının çirklənməsinə və zərərli fiziki təsirin səviyyəsinə nəzarət edirlər.
6.4. Nəzarət ölçmələri qaztoztəmizləyici qurğuların səmərəliliyinin yoxlanılması zamanı da aparılmalıdır.
6.5. Atılmanın və zərərli fiziki təsirin müəyyən edilməsi üçün birbaşa üsullar əsas götürülür. Atılmanın və zərərli fiziki təsirin müəyyən edilməsi birbaşa üsullarla mümkün olmadığı hallarda material sərfi üzrə hesablama üsulundan istifadə olunmasına yol verilir. Ölçmələr mövcud metodikalar üzrə aparılır.
6.6. Atılmanın illik miqdarının müəyyən edilməsi üçün birbaşa ölçmələrin və material sərfi üzrə hesablamaların nəticələri əsas götürülür.
Bu Siyahı "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 501 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və atmosfer havasının mühafizəsi sahəsində atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektləri müəyyən edir.
1. Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərin Siyahısı, həmin obyektlərin təhlükəlilik kateqoriyasına görə müəyyən edilir.
2. Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlər atmosfer havasına atılan zərərli maddələrin miqdarına, sayına və qatılıq hədlərinə əsasən 4 təhlükəlilik kateqoriyasına bölünür:
I təhlükəlilik kateqoriyasına neftqazçıxarma, neft və qaz emalı, tikinti materialları istehsalı, metallurgiya, filizçıxarma, energetika, neftkimya sənayelərinin iri müəssisələri aiddir;
II təhlükəlilik kateqoriyasına neftqazçıxarma, neft və qaz emalı, tikinti materialları istehsalı, metallurgiya, filizçıxarma, energetika, neftkimya sənayelərinin bəzi müəssisələri, iri maşınqayırma, avtomobil istehsalı, gəmiqayırma, gəmi təmiri, pambıqtəmizləmə və nəqliyyat müəssisələri aiddir;
III təhlükəlilik kateqoriyasına bəzi maşınqayırma, avtomobil istehsalı, gəmiqayırma, gəmi təmiri və nəqliyyat müəssisələri, həmçinin iri yüngül və qida sənayesi müəssisələri aiddir;
IV təhlükəlilik kateqoriyasına bəzi yüngül və qida sənayesi və nəqliyyat müəssisələri, həmçinin xidmət sahəsi müəssisələri aiddir.
1. 16 iyul 2014-cü il tarixli 238 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyul 2014-cü il, № 155; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 926)
2. 28 sentyabr 2017-ci il tarixli 388 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 sentyabr 2017-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1743)
3. 28 dekabr 2022-ci il tarixli 454 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 29 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1558)
4. 12 yanvar 2024-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 17 yanvar 2024-cü il, № 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 78)
5. 26 yanvar 2024-cü il tarixli 49 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 yanvar 2024-cü il, “Xalq” qəzeti, 1 fevral 2024-cü il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 116)
6. 20 iyun 2024-cü il tarixli 304 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 iyun 2024-cü il, “Xalq” qəzeti, 22 iyun 2024-cü il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 6, II kitab, maddə 724)