27.1. Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri olan hüquqi və fiziki ºəxslər:
27.1.1. atmosfer havasına atılan zərərli maddələrin inventarlaşdırılmasının keçirilməsini və atmosfer havasına atılan zərərli maddələrin və onların fiziki təsirlərinin yol verilən həddinə dair normativlərə əməl olunmasını təmin etməyə;
27.1.2. atmosfer havasına zərərli təsir edən təsərrüfat obyektlərinin tikinti yerlərinin müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmağa;
27.1.3. atmosfer havasının çirklənməsi səviyyəsinin azaldılması məqsədilə az tullantılı və tullantısız texnologiyaları tətbiq etməyə;
27.1.4. atmosfer havasına zərərli maddələrin atılmasının qarşısının alınmasına, onların təkrar işlədilməsinə, zərərsizləşdirilməsinə, belə maddələrin istehsalına dair tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etməyə;
27.1.5. qəza zamanı atmosfer havasına atılan zərərli maddələrin qarşısının alınmasına və onun təsirinin aradan qaldırılmasına, qəza nəticələrinin ləğv edilməsinə dair tədbirləri həyata keçirməyə;
27.1.6. atmosfer havasına atılan zərərli maddələrin və onların mənbələrinin uçotunun aparılmasını, həmçinin müəyyən edilmiş normativlərə əməl olunmasına istehsalat nəzarətini keçirməyə;
27.1.7. atmosfer havasına zərərli maddələrin atılmasına nəzarəti və onların zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş tikililərin, qurğuların və cihazların quraşdırılmasını həyata keçirməyə və onların istismar qaydalarına əməl etməyə;
27.1.8. atmosfer havasına zərərli təsir edən istehsal və digər fəaliyyət obyektlərinin sanitar-mühafizə zolaqlarının rejiminə əməl olunmasını təmin etməyə;
27.1.9. təsərrüfat obyektlərinin ərazilərindən atmosfer havasını çirkləndirən zərərli maddələrin xüsusi saxlama və ya basdırılma yerlərinə, habelə onları xammal kimi istifadə edən obyektlərə vaxtında və təhlükəsiz daşınmasını təmin etməyə;
27.1.10. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının aradan qaldırılması dair müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin sərəncamlarını və yazılı göstərişlərini yerinə yetirməyə;
27.1.11. qəza nəticəsində atmosfer havasının çirklənməsinə səbəb olan zərərli maddələr barədə məlumatları müvafiq icra hakimiyyəti orqanlarına dərhal göndərməyə;
27.1.12. atmosfer havasının mühafizəsi məsələlərinə dair məlumatları müvafiq icra hakimiyyəti orqanlarına müəyyən edilmiş qaydada təqdim etməyə;
27.1.13. atmosfer havasının mühafizəsinə dair müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş digər tələblərə əməl etməyə borcludurlar.
27.2. Nəqliyyat və digər səyyar vasitələrinin istismarı zamanı hüquqi və fiziki şəxslər bu vasitələrdən atmosfer havasına atılan zərərli maddələrin qanunvericiliklə müəyyən edilmiş atılmanın texniki normativlərindən artıq olmamasını təmin etməlidirlər.