Auditor, auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanı aldığı andan auditor xidməti ilə məşğul olmaq hüququna malikdir. Sərbəst auditorlar hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən edilmiş qaydada uçota alınırlar.
Auditor öz fəaliyyətini sərbəst, yaxud auditor təşkilatı ilə müqavilə əsasında həyata keçirir. Onun başqa növ fəaliyyətlə məşğul olması qadağandır.
Sərbəst auditorlar öz fəaliyyətini əks etdirən gündəlikdən istifadə edirlər. Gündəliyi onların fəaliyyətinə nəzarət və aparılan auditin keyfiyyətinin yoxlanması üçün Auditorlar Palatasına təqdim edirlər.
Auditor təşkilatları Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyənləşdirilmiş qaydada müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınırlar.
Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş auditor təşkilatı Auditorlar Palatasından lisenziya aldığı andan auditor xidmətini həyata keçirmək hüququna malik olur.