Qanunvericilik › Auditor xidməti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Auditorların vəzifələri

Auditor xidməti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Sərbəst auditorların və auditor təşkilatlarının vəzifələri aşağıdakılardan ibarətdir:

auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə hökmən riayət etmək;

auditor yoxlamalarını və digər auditor xidmətlərini keyfiyyətli həyata keçirmək;

bu Qanunun 18-ci maddəsində göstərilmiş hallara görə auditin aparılmasında iştirakının qeyri-mümkünlüyü barədə dərhal sifarişçiyə (səlahiyyətli dövlət orqanına) xəbər vermək;

sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətini, düzgünlüyünü, qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunu yoxlamaq;

auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, mühasibat uçotunun aparılması və hesabatların tərtibi ilə bağlı nöqsanlar haqqında sifarişçinin rəhbərliyinə məlumat vermək;

sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı (məhkəmə orqanlarının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində xarici ölkələrin səlahiyyətli orqanlarından daxil olan sorğuların (müraciətlərin) icrası məqsədilə qanunla müəyyən edilmiş hallarda vergi orqanlarının tələb etdiyi, habelə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən və maliyyə bazarlarını tənzimləyən digər qanunlara müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim olunmalı məlumatlar istisna olmaqla) məxfi saxlamaq;

yoxlama gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanmasını təmin etmək;

təsərrüfat subyektinin tələbi ilə ona auditin aparılmasına dair qanunvericiliyin tələbləri, tərəflərin hüquq və vəzifələri, habelə auditorun rəyində olan irad və nəticələr üçün əsas olan normativ aktlar barəsində ətraflı məlumatlar vermək;

qanunvericiliklə nəzərdə tutulmuş hallarda vergi hesabatına dair auditor rəyi vermək;

sığortaçı ilə mülki məsuliyyətinin icbari sığortası müqaviləsini bağlamaq;

Сinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə riayət etmək, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək;

qanunla müəyyən edilmiş hallarda auditin aparılması zamanı aşkar olunan pozuntu, nöqsan və çatışmazlıqlar barədə qanunla müəyyənləşdirilmiş orqana (quruma) məlumat vermək və qanunda nəzərdə tutulmuş hallarda digər vəzifələri icra etmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver