5.1. Sığortaçının hüquqları aşağıdakılardır:
5.1.1. sığortalı ilə birlikdə auditorun peşə məsuliyyətinin sığorta riskini qiymətləndirmək və ya bu işi müstəqil peşəkar qiymətləndiriciyə həvalə etmək;
5.1.2. auditor xidməti nəticəsində auditin subyektinə dəymiş zərərin sığortalı tərəfindən ödənilməsi ilə bağlı mübahisənin həllində iştirak etmək;
5.1.3. sığorta hadisəsi nəticəsində dəyən zərərin məbləğini müəyyən etmək, bunun üçün sığortalıdan məlumat almaq, zərərin qiymətləndirilməsi məqsədi ilə sığorta hadisəsi baş vermiş və ya baş verməsi ehtimal edilən obyektə daxil olmaq, hadisəni təsdiq edən sənədləri almaq və müvafiq sahələr üzrə ekspertlər dəvət etmək;
5.1.4. sığorta müqaviləsi bağlandıqdan sonra sığorta riskinin artmasına səbəb olan hallar yarandıqda, sığortalıdan müqavilə şərtlərinin dəyişdirilməsini, o cümlədən sığorta haqlarının qanunla nəzərdə tutulmuş qaydada artırılmasını tələb etmək;
5.1.5. bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş hallarda peşə məsuliyyətinin icbari sığortası üzrə ödənişi verməkdən imtina etmək.
5.2. Sığortaçının vəzifələri aşağıdakılardır:
5.2.1. sığortalıdan sığorta haqqını almaq və ona sığorta şəhadətnaməsini vermək;
5.2.2. sığorta hadisəsinin baş verməsi riskinin azaldılması istiqamətində əhəmiyyətli tədbirlər görüldükdə, sığortalının tələbi ilə sığorta müqaviləsində müvafiq dəyişikliklər etmək və ya yeni sığorta müqaviləsi bağlamaq;
5.2.3. sığorta hadisəsi baş verdikdə sığorta ödənişini həyata keçirmək;
5.2.4. sığortalıya bu Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş güzəştləri vermək;
5.2.5. sığortalı və auditin subyekti ilə bağlı məxfi məlumatı yaymamaq;
5.2.6. sığortalının qanuni mənafelərini müdafiə etmək;
5.2.7. sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.
5.3. Sığorta müqaviləsində tərəflərin razılığına əsasən qanunvericiliyə uyğun olaraq sığortaçının digər hüquq və vəzifələri də nəzərdə tutula bilər.