Qanunvericilik › “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın Əsasnaməsi”nin və “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi və fəaliyyət Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.09.2025) › Tam mətn

“Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın Əsasnaməsi”nin və “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi və fəaliyyət Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.09.2025)

“Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın Əsasnaməsi”nin və “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi və fəaliyyət Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.09.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının 2.3.10-cu yarımbəndinin və 2.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi” təsdiq edilsin (əlavə olunur).

3. “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyət Qaydası” təsdiq edilsin (əlavə olunur).

4. “Aviasiya qəzası və ya insidenti barədə məlumatın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 219 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 866 (Cild I) ləğv edilsin.

5. “Aviasiya qəzalarını və insidentlərini araşdıran komissiyanın fəaliyyət göstərməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 671 (Cild I) ləğv edilsin.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 22 sentyabr 2025-ci il

1.1. “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya” (bundan sonra – daimi komissiya) “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyətin əlaqələndirilməsi, həyata keçirilməsi və təkmilləşdirilməsi məqsədilə yaradılmış kollegial orqandır.

1.2. Daimi komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, eləcə də “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyanı (bundan sonra – Konvensiya), həmin Konvensiyaya 13 nömrəli Əlavə – “Aviasiya hadisəsi və insidentinin araşdırılması” (bundan sonra – Konvensiyaya 13 nömrəli Əlavə) ilə müəyyən olunmuş Beynəlxalq Aviasiya Təşkilatının beynəlxalq standartlarını və tövsiyə olunan təcrübəsini, Azərbaycan Respublikasının “Aviasiya haqqında” və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını rəhbər tutur.

1.3. Daimi komissiya öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Daimi komissiyanın qərarlarının icrası həmin komissiyanın tərkibində nümayəndələrinin olduğu dövlət orqanları (qurumları) tərəfindən təmin edilməlidir.

1.5. Daimi komissiyanın üzərində adı həkk olunmuş blankı, ştampları və möhürü vardır.

1.6. Daimi komissiya öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.

2.1. Daimi komissiyanın fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;

2.1.2. müvafiq sahənin inkişafını və təkmilləşdirilməsini təmin etmək;

2.1.3. aviasiya hadisəsinin və ya insidentinin başvermə səbəblərini və ya onlara təsir edən amilləri müəyyən etmək, eləcə də onların qarşısının alınması üçün preventiv tədbirləri həyata keçirmək;

2.1.4. aviasiya hadisələri və ya insidentləri üzrə araşdırmanı müstəqil şəkildə və Konvensiyaya 13 nömrəli Əlavənin müddəalarına uyğun həyata keçirmək.

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq daimi komissiyanın vəzifələri aşağıdakılardır:

3.1.1. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 17.8-ci maddəsində qeyd edilən hal istisna olmaqla, Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış və (və ya) istehsalçı icazəsi və ya dizayn icazəsi olan hava gəmilərinin Azərbaycan Respublikasının hava məkanında məruz qaldığı aviasiya hadisəsi və ya insidentini araşdırmaq (o cümlədən Konvensiyaya 13 nömrəli Əlavənin müddəalarına uyğun olaraq);

3.1.2. aviasiya hadisələri və ya insidentləri üzrə araşdırmanı, həmin araşdırmanın nəticələri barədə hesabatların hazırlanmasını və dərc edilməsini müstəqil şəkildə və kənar şəxslərin müdaxiləsinə yol verilmədən həyata keçirmək;

3.1.3. aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılması zamanı aidiyyəti şəxslərin adlarının, uçuş heyətinin səs yazılarının və həyata keçirilən uçuş əməliyyatının videoyazılarının, o cümlədən aviasiya hadisəsinin araşdırılması ilə bağlı istənilən digər məlumatların və qeydlərin mühafizəsini və məxfiliyini qorumaq;

3.1.4. aviasiya hadisəsinin və ya insidentinin baş verdiyi yerdə aşkar edilən hava gəmisinin hər hansı elementinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) yığışdırılmasına və ya götürülməsinə razılıq vermək;

3.1.5. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən aparılan cinayət təqibinə mane olmamaq şərtilə götürülmüş sübutedici sənədlərin, yazıların, komponentlərin ixtisaslaşmış ekspertizasını aparmaq;

3.1.6. Azərbaycan Respublikasının hava məkanında baş vermiş aviasiya hadisəsi və ya insidentlər barədə məlumat aldıqda təxirəsalınmadan Beynəlxalq Mülki Aviasiya Təşkilatının rəsmi dillərindən birinə tərcümə edilməklə (əsasən ingilis dili) qeydiyyat, istismarçı, dizayn və istehsalçı dövlətlərə, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatına məlumat göndərmək;

3.1.7.aviasiya sahəsində fəaliyyət göstərən qurumlara uçuşların təhlükəsizliyi ilə bağlı tövsiyələr vermək;

3.1.8. Azərbaycan Respublikasına mənsub hava gəmisi digər dövlətin ərazisində aviasiya hadisəsinə və ya insidentinə məruz qaldıqda, həmin aviasiya hadisəsinin və ya insidentinin araşdırılmasında Azərbaycan Respublikasının nümayəndələrinin iştirakının təmin edilməsi üçün hadisənin və ya insidentin baş verdiyi dövlətin səlahiyyətli orqanına müraciət etmək;

3.1.9. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və daimi komissiyanın səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.10. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;

3.1.11. aviasiya hadisəsi və ya insidenti ilə bağlı bütün məlumatların toplanması, qeydə alınması və təhlili ilə bağlı işlər görmək;

3.1.12. inzibati xəta və cinayət əlamətləri aşkar etdikdə aidiyyəti üzrə məlumat vermək;

3.1.13. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək.

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün daimi komissiyanın aşağıdakı hüquqları vardır:

4.1.1. araşdırma zamanı heç bir məhdudiyyət qoyulmadan hadisə yerinə daxil olmaq, baxış keçirmək və istənilən materiala, habelə sübutlara, o cümlədən uçuş əməliyyatı və hava hərəkəti xidmətinə dair qeydlərə əlçatanlığın təmin edilməsini və araşdırma aparan digər orqan və şəxslər tərəfindən buna hər hansı maneə yaradılmamasını tələb etmək;

4.1.2. axtarış və xilasetmə işlərinin dayandırılması, habelə hadisə yerində aşkar edilmiş hava gəmisinin bütün elementləri barədə məlumatlar almaq;

4.1.3. müvafiq araşdırmanın aparılması məqsədilə mütəxəssisləri, müstəqil eskpertləri (o cümlədən xarici ekspertləri) öz fəaliyyətinə cəlb etmək, araşdırmada əhəmiyyəti olan sənədləri (məlumatları), material və sübutları əldə etmək;

4.1.4. digər dövlətin apardığı aviasiya hadisəsi və insidentinin araşdırılmasında iştirak etmək məqsədilə səlahiyyətli nümayəndə (peşəkar şəxs) təyin etmək;

4.1.5. hadisə yerinə gələnədək hava gəmisinin elementlərinin qorunmasını aidiyyəti dövlət orqanlarından (qurumlarından) tələb etmək;

4.1.6. aidiyyəti dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə fəaliyyət istiqamətlərinə uyğun olaraq daimi komissiyaya kömək göstərilməsi üçün müraciət etmək;

4.1.7. aviasiya hadisəsinin və ya insidentinin araşdırılmasını bütövlükdə və ya qismən digər dövlətə və ya aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılması üzrə regional təşkilata həvalə etmək;

4.1.8. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək və xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək (mənimsəmək);

4.1.9. bu Əsasnamə ilə həvalə edilmiş vəzifələrin icrası ilə əlaqədar işçi qruplar və komissiyalar yaratmaq;

4.1.10. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.11. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

4.1.12. araşdırmaya dair hesabatın layihəsinin və ya onun hər hansı hissəsinin, habelə araşdırma zamanı toplanılan sənədlərin əldə edilməsinə və ya yayılmasına razılıq vermək;

4.1.13. daimi komissiyanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək.

5.1. Daimi komissiyanın fəaliyyətinə daimi komissiyanın sədri rəhbərlik edir.

5.2. Daimi komissiyanın sədri:

5.2.1. daimi komissiyanın işini təşkil edir;

5.2.2. daimi komissiyanın iş planını təsdiq edir və onun icrasına nəzarət edir;

5.2.3. daimi komissiyanın üzvlərinin təkliflərini nəzərə almaqla, daimi komissiyanın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

5.2.4. daimi komissiyanın qərarlarını, onun fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;

5.2.5. daimi komissiyaya daxil olan müraciətlərə baxılmasını təmin edir;

5.2.6. daimi komissiyanın iclaslarında qəbul olunmuş qərarların, iclasların nəticələrinə dair imzalanmış sənədlərin icrası ilə bağlı tədbirlər təşkil edir;

5.2.7. daimi komissiyanın katibliyinin və işçi qruplarının iş qaydasını təsdiq edir, daimi komissiyanın katibliyinə qərarların qəbulu və tədbirlərin görülməsi üçün təhlillərin və monitorinqlərin aparılması, həmçinin hesabatların təqdim edilməsi barədə tapşırıqlar verir;

5.2.8. daimi komissiyanı təmsil edir;

5.2.9. daimi komissiyanın fəaliyyətinin təşkili ilə bağlı digər işlər görür.

5.3. Daimi komissiyanın sədrinin hüquqları aşağıdakılardır:

5.3.1. öz təşəbbüsü ilə, habelə daimi komissiyanın hər hansı digər üzvünün xahişi əsasında aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini və digər şəxsləri daimi komissiyanın iclaslarında iştirak etməyə dəvət etmək;

5.3.2. daimi komissiyanın fəaliyyəti ilə bağlı digər hüquqları həyata keçirmək.

5.4. Daimi komissiyanın sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini daimi komissiyanın sədrinin müavini həyata keçirir.

5.5. Daimi komissiyanın üzvlərinin vəzifələri aşağıdakılardır:

5.5.1. daimi komissiyanın fəaliyyəti ilə bağlı məlumatları daimi komissiyanın sorğularına əsasən tam və vaxtında təqdim etmək;

5.5.2. daimi komissiyanın qərarlarının və digər sənədlərin icrası ilə bağlı tədbirlər görmək;

5.5.3. daimi komissiyanın fəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirmək.

5.6. Daimi komissiyanın üzvlərinin aşağıdakı hüquqları vardır:

5.6.1. daimi komissiyanın iclaslarında və fəaliyyətində iştirak etmək;

5.6.2. daimi komissiyanın iclaslarının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olmaq;

5.6.3. daimi komissiyanın iclaslarının gündəliyi, eləcə də səlahiyyətlərinə aid məsələlərə daimi komissiyanın iclaslarında baxılması barədə təklif vermək;

5.6.4. daimi komissiyada qəbul ediləcək qərarlara dair fikir bildirmək;

5.6.5. daimi komissiyanın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olmaq, onlara dair rəy və təkliflər vermək.

5.7. Daimi komissiyanın fəaliyyətinin təşkili ilə bağlı işləri daimi komissiyanın katibliyi həyata keçirir. Daimi komissiyanın katibliyinin funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

5.8. Daimi komissiyanın katibliyinin tərkibini daimi komissiyanın sədri müəyyən edir.

5.9. Daimi komissiyanın katibliyi aşağıdakı vəzifələri yerinə yetirir:

5.9.1. daimi komissiyanın fəaliyyəti ilə bağlı tapşırıqları icra edir və daimi komissiyanın fəaliyyətinin təşkilati təminatını həyata keçirir;

5.9.2 daimi komissiyanın üzvlərinin təklifləri əsasında daimi komissiyanın iclaslarının gündəliyini hazırlayır və təsdiq olunması üçün daimi komissiyanın sədrinə təqdim edir;

5.9.3. daimi komissiyanın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü, növbədənkənar iclaslar zamanı isə azı 1 (bir) iş günü qalmış zəruri sənədlər əlavə edilməklə daimi komissiyanın üzvlərinə yazılı məlumat verir;

5.9.4. daimi komissiyanın sədrinin tapşırığı ilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, müstəqil ekspertləri və mütəxəssisləri, habelə elm və təhsil müəssisələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrini daimi komissiyanın iclaslarına dəvət edir;

5.9.5. daimi komissiyanın iclaslarını protokollaşdırır və iclasın yekun sənədlərinin layihələrini daimi komissiyanın sədrinə təqdim edir;

5.9.6. imzalanmış sənədlərin icrası ilə bağlı görülmüş işlər barədə hesabatlar və digər zəruri məlumatlar əldə edir, onları təhlil edərək ümumiləşdirir;

5.9.7. daimi komissiyanın iclas protokollarının və qərarlarının surətlərini daimi komissiyanın üzvlərinə, habelə qərarlardan çıxarışları aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərir;

5.9.8. daimi komissiyanın iclaslarında qəbul olunmuş qərarların, o cümlədən imzalanmış digər sənədlərin uçotunu aparır və onların saxlanılmasını təmin edir;

5.9.9. daimi komissiyanın qərarı ilə onun fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi şəxslərə zəruri sənədlər və məlumatlar barədə sorğular verir, onlardan belə sənədləri (məlumatları) alır;

5.9.10. daimi komissiyanın fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırır;

5.9.11. daimi komissiyanın fəaliyyəti ilə bağlı digər işləri həyata keçirir.

5.10. Daimi komissiyanın iclasları onun üzvlərinin bilavasitə iştirakı ilə əyani formada və ya informasiya texnologiyalarından istifadə etməklə distant formada keçirilə bilər. Daimi komissiyanın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

5.11. Daimi komissiyanın iclasları daimi komissiyanın sədri tərəfindən çağırılır və ayda bir dəfədən az olmayaraq keçirilir. Növbədənkənar iclaslar daimi komissiyanın sədrinin və ya daimi komissiyanın üzvlərinin yarıdan çoxunun təşəbbüsü ilə çağırıla bilər.

5.12. Daimi komissiyanın iclaslarında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir. Daimi komissiyanın üzvü qərarla razı olmadıqda onun xüsusi rəyi mütləq iclas protokoluna əlavə edilir.

5.13. Daimi komissiyanın iclaslarının nəticəsi daimi komissiyanın sədri və iclasda iştirak edən üzvlər tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.

5.14. Daimi komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumat daimi komissiyanın sədri və ya onun razılığı ilə katiblik tərəfindən daimi komissiyanın rəsmi internet saytında yerləşdirilir.

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikasının Baş prokuroru

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikasının müdafiə naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi

1.1. Bu Qayda “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 17.5-ci və 17.7-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın (bundan sonra – daimi komissiya) Azərbaycan Respublikasının ərazisində, habelə Azərbaycan Respublikasına mənsub hava gəmisinin digər dövlətin ərazisində məruz qaldığı aviasiya hadisələri və insidentlərinin araşdırılması üzrə fəaliyyətini tənzimləyir.

1.2. Bu Qayda ilə tənzimlənməyən məsələlər Qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya (bundan sonra – Konvensiya), Konvensiyaya 13 nömrəli Əlavə – “Aviasiya hadisəsinin və insidentinin araşdırılması” (bundan sonra – Konvensiyaya 13 nömrəli Əlavə) ilə müəyyən olunmuş Beynəlxalq Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatının “Doc 9756, aviasiya hadisələrinin və insidentlərinin araşdırılması” və “Doc 9962, aviasiya hadisələrinin və insidentlərinin araşdırılmasına dair prosedurlar”a uyğun olaraq həyata keçirilir.

1.3. Aviasiya hadisəsi aşağıdakı növlərə bölünür:

1.3.1. insan tələfatı ilə nəticələnməyən aviasiya qəza hadisəsi;

1.3.2. insan tələfatı ilə nəticələnən aviasiya faciə hadisəsi.

1.4. Nəticəsindən və təhlükəlilik dərəcəsindən asılı olaraq aviasiya insidentləri aşağıdakı kimi təsnifatlandırılır:

1.4.1. aviasiya hadisəsi ilə nəticələnməyən, hava gəmisinin təyin olunmuş istismarı zamanı yaranmış kənaraçıxmalar nəticəsində hava gəmisinin bütövlüyünə və ya onun bortunda olan hər hansı şəxsin səhhətinə təhlükənin yaranması ilə nəticələnən yüngül aviasiya insidenti;

1.4.2. aviasiya hadisəsini yarada biləcək şəraitin göstərən və ya hava gəmisində olan hər hansı şəxsin səhhətinə zərər yetirilməsi ilə nəticələnən ciddi aviasiya insidenti;

1.4.3. bərpası mümkün və iqtisadi cəhətdən məqsədəuyğun olan hava gəmisinin zədələnməsi ilə nəticələnən ciddi aviasiya insidenti.

1.5. Hava gəmisinin istismarı zamanı aviasiya insidenti kimi araşdırılması zəruri olan hadisələrin siyahısı bu Qaydaya 1 nömrəli əlavə ilə müəyyən edilir.

1.6. Hava gəmisinin istismarı zamanı ciddi aviasiya insidenti kimi araşdırılması zəruri olan hadisələrin siyahısı bu Qaydaya 2 nömrəli əlavə ilə müəyyən edilir.

1.7. Hava gəmisinin zədələrinin texniki istismar təlimatında texnologiyaların tətbiqi tələb edilmədən və mühəndislik komponentlərinin (mühərriklər, hidravlik sistemlər, elektron idarəetmə sistemləri, enerji təchizatı və s.) dəyişdirilməsi yolu ilə aradan qaldırılması onun zədələnməsi ilə ciddi aviasiya insidentinə aid edilmir.

2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. araşdırma – aviasiya hadisələri və insidentlərinin qarşısının alınması məqsədilə həyata keçirilən, habelə məlumatların toplanmasını və təhlilini, nəticələrin çıxarılmasını, səbəblərin və (və ya) təsiredici amillərin müəyyənləşdirilməsini, o cümlədən, təhlükəsizliyə dair tövsiyələrin hazırlanmasını özündə ehtiva edən proses;

2.1.2. araşdırma üzrə tədqiqatçı – ixtisaslaşmasına əsasən araşdırmanın aparılmasında iştirak edən və bilavasitə araşdırma üzrə məsul tədqiqatçıya tabe olan şəxs;

2.1.3. araşdırma üzrə məsul tədqiqatçı – ixtisaslaşmasına əsasən araşdırmanın təşkilinə, aparılmasına və araşdırmaya nəzarəti həyata keçirən şəxs;

2.1.4. araşdırma üzrə aralıq hesabat – aviasiya hadisəsi və insidentinin hər ildönümündə araşdırmada bilavasitə maraqlı olan şəxslərin davam edən araşdırmanın gedişatı və araşdırma zamanı aşkarlanmış hər hansı təhlükəsizlik məsələləri barədə məlumatlandırılması üçün araşdırma üzrə qurumun istifadə etdiyi ictimai məlumatlandırma vasitəsi;

2.1.5. aviasiya hadisəsinin səbəbi – aviasiya hadisəsinə səbəb olmuş hərəkət, hərəkətsizlik, hadisə, şərait və ya onların məcmusu;

2.1.6. bəyanat – aviasiya hadisəsi ilə əlaqədar araşdırma üzrə quruma verilmiş şifahi, yazılı və ya qeydə alınmış məlumatlar məcmusu;

2.1.7. ciddi xəsarət – alındığı andan etibarən 7 (yeddi) gün ərzində 48 (qırx səkkiz) saatdan çox müddətə xəstəxanaya yerləşdirilməyə səbəb olan və ya hər hansı bir sümük tamlığının pozulmasına gətirib çıxaran, yaxud ciddi qanaxma, sinirlərin, əzələlərin və vətərlərin zədələnməsi ilə nəticələnən yaralara və ya daxili orqanın zədələnməsinə səbəb olan ikinci və ya üçüncü dərəcəli yanıqlar və ya bədən səthinin 5 (beş) faizdən çoxunu örtən istənilən dərəcəli yanıqlarla nəticələnən, yaxud yoluxucu maddələrin və ya zərərli şüalanmanın təsdiqlənmiş təsiri ilə nəticələnən zədə. Belə xəsarət:

2.1.7.1. yetirildiyi andan etibarən 7 (yeddi) gün ərzində şəxsin 48 (qırx səkkiz) saatdan artıq müddətə xəstəxanaya yerləşdirilməsinə;

2.1.7.2. hamiləliyin pozulmasına səbəb olur;

2.1.7.3. hər hansı sümüyün tamlığının pozulmasına, iri oynaqların, əllərin, ayaqların və fəqərələrin zədələnməsinə və ya yumşaq toxumaların sıxılmaqla əzilməsi;

2.1.7.4. güclü qanaxma, sinir şaxələrinin, əzələlərin və vətərlərin zədələnməsi;

2.1.7.5. hər hansı daxili orqanın, həmçinin nüfuzedici yaralara və görmə qabiliyyətinin pozulması ilə nəticələnən göz almasının zədələnməsi;

2.1.7.6. beynin və onurğa beyninin orta və ağır dərəcəli silkələnməsi, travmatik xarakterli kəllədaxili qanaxmalarla nəticələnir;

2.1.7.7. zədələnmə sahəsindən asılı olmayaraq, termik, kimyəvi, ikinci və üçüncü dərəcəli digər yanıqlarla, bədən səthinin 5 (beş) faizdən artıq hissəsinin yanması, yaxud yuxarı tənəffüs yollarının yanması ilə özündəngetmə, tənəffüsün pozulması ilə müşayiət olunan elektrik cərəyanının təsiri, həmçinin üçüncü və dördüncü dərəcəli donma və ya orqanizmin ümumi donması;

2.1.7.8. yoluxucu, zəhərli maddələrin və ya radiasiyanın təsiri ilə əlaqədardır;

2.1.8. hava limanının istismarçısı – hava limanının istismarı ilə məşğul olan fiziki və ya hüquqi şəxs;

2.1.9. hava hərəkətini idarəetmə məntəqəsi – əraziyə nəzarət mərkəzi, enişə yanaşmanın dispetçer idarəetmə məntəqəsi, yaxud aerodrom komanda-dispetçer məntəqəsi;

2.1.10. hadisənin baş verdiyi dövlət – ərazisi hüdudlarında hadisənin baş verdiyi dövlət;

2.1.11. məsləhətçi – dövlət tərəfindən akkreditə olunmuş nümayəndəyə aviasiya hadisəsi ilə əlaqədar araşdırmanın aparılmasında yardım etməsi məqsədilə ixtisasına uyğun olaraq təyin edilmiş şəxs;

2.1.12. sənəd – hər hansı bir yazışma, memorandum, kitab, plan, xəritə, çertyoj, əyani və ya qrafik sxem, film, səs yazısı, videolent, elektron fayllar və verilənlər, eləcə də sadalananların hər hansı birinin surəti;

2.1.13. təyin edilmiş şəxs – aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə məsul dövlət tərəfindən təyin edilmiş səlahiyyətli şəxs və ya digər səlahiyyətli dövlətin vəzifəli şəxsi;

2.1.14. toqquşma – hava gəmilərinin, yaxud hava gəmisi ilə digər obyektin bir- birinə dəyməsi;

2.1.15. təsiredici amillər – aradan qaldırıldığı, yol verilmədiyi və ya ümumiyyətlə mövcud olmadığı halda hadisə və ya insidentlərin baş vermə ehtimalının qarşısını almaq və ya azaltmaq, yaxud da hadisə və ya insidentin əlverişsiz nəticələrinin ağırlığını yumşaltmaq üçün hərəkət, hərəkətsizlik, hadisə, şərait, amillər və ya sadalananların kombinasiyası;

2.1.16. uçuşların təhlükəsizliyinə dair tövsiyələr – aviasiya hadisələrini araşdıran qurumun araşdırma zamanı əldə etdiyi məlumatlara əsaslanan, hadisələrin və ya insidentlərin qarşısını almaq məqsədilə verdiyi və heç bir halda hadisəyə və ya insidentə görə təqsirli şəxslərin müəyyən olunması və məsuliyyətə cəlb edilməsi məqsədini daşımayan təklifi;

2.1.17. uçuşların təhlükəsizliyinə dair qlobal əhəmiyyət kəsb edən tövsiyələr – dövlətin mülki aviasiya orqanına, regional sertifikatlaşdırma orqanına və ya Beynəlxalq Mülki Aviasiya Təşkilatına ünvanlanmış və uçuşların təhlükəsizliyinin artırılması üzrə vaxtında tədbirlərin görülməsini tələb edən sistem çatışmazlığı barədə uçuşların təhlükəsizliyinə dair tövsiyələr;

2.1.18. üzv dövlət – Beynəlxalq Mülki Aviasiya Təşkilatının üzvü olan dövlət;

2.1.19. yekun hesabat – hesabata dair əhəmiyyətli və əsaslandırılmış şərhlərin verilməsi təklifi ilə araşdırmada iştirak edən inzibati orqanlara, digər dövlətlərə və təşkilatlara konfidensial qaydada göndərilən araşdırma üzrə yekun məlumat.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunla, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə və bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş beynəlxalq sənədlərlə müəyyənləşdirilmiş mənaları ifadə edir.

3.1. Bu Qayda aşağıdakı aviasiya hadisələrinin və insidentlərinin araşdırmasına şamil olunur:

3.1.1. Azərbaycan Respublikasının ərazisində baş vermiş aviasiya hadisələrinin və insidentlərinin araşdırılmasına;

3.1.2. Azərbaycan Respublikasında qeydiyyata alınmış hava gəmisi ilə digər dövlətdə baş vermiş aviasiya hadisələrinin və insidentlərinin araşdırılmasına;

3.1.3. aviasiya hadisələrinin və insidentlərinin araşdırılmasında iştirak edən fiziki və hüquqi şəxslərin fəaliyyətinə;

3.1.4. aviasiya hadisəsinin və insidentinin hər hansı dövlətin ərazisində baş verməsini müəyyən etmək mümkün olmadıqda və ya ərazisində baş verən hadisənin və insidentin araşdırılmasını aparmaq niyyətində olmayan dövlətdə aparılan araşdırmaya.

3.2. Pilotsuz uçuş aparatlarının uçuş icazəsinin olmaması, təhlükəsizlik tədbirlərinin pozulması və ya qadağan olunmuş ərazilərdə uçuşun aparılması ilə bağlı baş vermiş və ya pilotsuz uçuş aparatlarının zədələnməsi, lakin heç bir təhlükəsizlik riski yaratmayan (hava məkanında digər uçuşlara təsir etməməsi, ətrafda insan zədələnməsinin baş verməməsi) aviasiya insidentləri daimi komissiya tərəfindən araşdırılmır.

4.1. Hava gəmisi ilə bağlı hər bir aviasiya hadisəsi və ya insidenti Azərbaycan Respublikasında və yaxud aviasiya hadisəsinin və ya insidentinin baş verdiyi ölkənin ərazisində uçuşların təhlükəsizliyi baxımından araşdırılır.

4.2. Azərbaycan Respublikasında qeydiyyatda olan hava gəmisinin iştirakı ilə məhz hansı dövlətin ərazisində baş verdiyi dəqiq müəyyən edilə bilinməyən hər hansı bir aviasiya hadisəsinin və ya insidentinin araşdırılması daimi komissiya tərəfindən həyata keçirilir.

4.3. Aviasiya hadisələri və insidentləri üzrə araşdırma aidiyyəti dövlət orqanları tərəfindən təqsirli şəxslərin müəyyən olunması və məsuliyyətə cəlb edilməsi istiqamətində aparılan araşdırmadan ayrı həyata keçirilir.

4.4. Aviasiya hadisəsinin və ya insidentinin daimi komissiya tərəfindən araşdırıldığı müddətdə heç bir qurum bu Qayda əsasında araşdırma aparmağa başlaya bilməz.

4.5. Bu Qaydanın 4.4-cü bəndində qeyd edilən müddəalar hüquq mühafizə orqanları tərəfindən aviasiya hadisəsinin və ya insidentinin araşdırılmasına başlamasına və ya başlanan araşdırmanın davam etdirilməsinə mane ola bilməz.

4.6. Aviasiya hadisələri üzrə araşdırma daimi komissiya tərəfindən müəyyən edilən “Mülki aviasiyada hadisələrin araşdırılması üzrə Plan”a uyğun olaraq aparılır. Bu Planla aviasiya hadisəsinin qurbanlarına və onların yaxın qohumlarına köməklik göstərilməsi üçün görülməli olan tədbirlər (o cümlədən, psixoloji yardım) müəyyən edilir.

4.7. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hava gəmilərinin istismarçılarında bu Qaydanın 4.6-cı bəndində nəzərdə tutulmuş plan olmalıdır.

4.8. Aviasiya hadisəsi baş verdikdə daimi komissiya hadisə qurbanlarının yaxınlarına məlumatın verilməsi üçün səlahiyyətli şəxs təyin edir və qaynar xəttin təşkil edilməsinə nəzarət edir.

5.1. Daimi komissiyada birbaşa və ya digər fiziki və hüquqi şəxslər vasitəsilə aviasiya sahəsində hər hansı ticarətlə, hava gəmilərinin və ya aviasiya avadanlığının, yaxud onun komponentlərinin istehsalı və satışı ilə məşğul olan və aviasiya sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxsin mülkiyyətçisi, səhmdarı, direktoru, vəzifəli şəxsi, yaxud hər hansı formada əlaqəli şəxsi ola bilməz.

5.2. Daimi komissiya Qanun, bu Qayda və Əsasnaməsi ilə müəyyən edilmiş səlahiyyətləri xaricində hər hansı digər fəaliyyətlə məşğul ola bilməz.

5.3. Bu Qaydanın 5.1-ci bəndində göstərilən maraqların toqquşmasına gətirib çıxaran halların olması aşkar edildikdə, daimi komissiya onların aradan qaldırılması üzrə aşağıdakı istiqamətdə tədbirlər görür:

5.3.1. daimi komissiyanın tərkibində maraqların toqquşmasına səbəb olan halların aradan qaldırılmasını təmin edir;

5.3.2. maraqların toqquşmasına səbəb olan hallar aradan qaldırılmadıqda, həmin üzv vəzifədən azad edilir.

6.1. Aviasiya hadisəsi və ya insidenti baş verdikdə, hava gəmisinin sahibi, istismarçısı, hava gəmisinin kapitanı (komanda verən pilotu) və istənilən hava gəmisinin heyəti, hava limanının istismarçısı və ya aviasiya hadisəsi və ya insidenti barədə xəbər almış dispetçer bu barədə ona məlum olduğu andan mümkün olan ən sürətli rabitə vasitəsilə daimi komissiyanı məlumatlandırır.

6.2. Daimi komissiyaya ünvanlanan məlumat sadə anlaşılan dildə ifadə olunmalı və bu Qaydaya 3 nömrəli əlavədə nəzərdə tutulmuş məlumatları özündə ehtiva etməlidir.

6.3. Daimi komissiya bu Qaydaya 3 nömrəli əlavədə nəzərdə tutulmuş aviasiya hadisəsi və insidenti barədə məlumatları aldıqda, dərhal bu məlumatları aşağıdakı subyektlərə təqdim edir:

6.3.1. qeydiyyat dövlətinə;

6.3.2. istismarçı dövlətə;

6.3.3. dizayn dövlətinə;

6.3.4. istehsalçı dövlətə;

6.3.5. Beynəlxalq Mülki Aviasiya Təşkilatına;

6.3.6. hava limanının istismarçısı və hava hərəkətini idarəetmə məntəqələrinə;

6.3.7. daimi komissiyaya kömək göstərmək məqsədilə aidiyyəti dövlət orqanlarına (qurumlarına).

6.4. Daimi komissiya aviasiya hadisələri və insidentləri haqqında məlumatları qəbul edə biləcək vəzifəli şəxs təyin edir. Həmin şəxs məlumatların toplanmasını və qorunmasını müasir informasiya texnologiyaları vasitəsilə aparır.

6.5. Daimi komissiya Azərbaycan Respublikasında və üzv dövlətlərdə müvafiq mülki aviasiya təşkilatları və personalı tərəfindən əlaqə yaradılması üçün işlək olan əlaqə vasitələrininin olmasını təmin edir. Daimi komissiya üçün 24 (iyirmi dörd) saat işləyən internet saytı təmin edilir.

6.6. Azərbaycan Respublikasında aviasiya hadisəsinin və insidentinin baş verməsi haqqında məlumat alan şəxs daimi komissiyaya məlumat verməli və rəhbərlik zəruri tədbirləri görməlidir.

6.7. Araşdırma zamanı daimi komissiya tərəfindən hadisənin qanunsuz müdaxilə aktı nəticəsində baş verdiyi aşkar olunduqda Azərbaycan Respublikasının və müvafiq dövlətin aidiyyəti orqanlarına bu barədə məlumat verilməsi üçün təxirəsalınmaz tədbirlər görülür.

6.8. Aviasiya hadisəsi və ya insidenti hesab edilməyən, lakin aviasiya təhlükəsizliyi və uçuşların təhlükəsizliyi ilə bağlı hər hansı vəziyyət barədə məlumatı olan istənilən şəxs daimi komissiyaya bu barədə könüllü surətdə zəruri hesab etdiyi məlumatı təqdim edə bilər.

6.9. Daimi komissiyaya könüllü şəkildə məlumat verildikdə, həmin şəxsin kimliyi qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla açıqlana bilməz.

6.10. Daimi komissiyaya könüllü verilən məlumatlar intizam icraatı, habelə mülki, inzibati və cinayət məhkəmə icraatında həmin şəxsə qarşı istifadə oluna bilməz.

6.11. Aviasiya hadisəsinin və ya insidentinin baş verməsi haqqında ilkin məlumatlara aşağıdakılar daxil edilir:

6.11.1. hava gəmisinin istehsal ölkəsi, növü, mənsubiyyəti, qeydiyyat nömrəsi və seriya nömrəsi;

6.11.2. hava gəmisinin sahibi və ya istismarçısı;

6.11.3. hava gəmisinin kapitanının (komanda verən pilotun) ixtisası, hava gəmisinin heyətinin vətəndaşlıq mənsubiyyəti;

6.11.4. aviasiya hadisəsinin və ya insidentinin baş verdiyi tarix və yerli vaxt;

6.11.5. hava gəmisinin sonuncu eniş nöqtəsi və getdiyi nöqtə;

6.11.6. hava gəmisinin asan müəyyən edilə bilən coğrafi nöqtədə vəziyyəti;

6.11.7. hava gəmisinin heyətinin və sərnişinlərin ölümü və ya xəsarət alması;

6.11.8. aviasiya hadisəsinin və ya insidentinin təfsilatı və hava gəmisinə dəymiş ziyanın həcmi;

6.11.9. aparılacaq araşdırmanın miqyası və digər dövlətə həvalə ediləcəyi təqdirdə bu haqda məlumat;

6.11.10. aviasiya hadisəsinin və ya insidentinin baş verdiyi məkanın fiziki xüsusiyyətləri və ora çatmaq üçün mövcud olan çətinliklər;

6.11.11. araşdırma aparan qurum və həmin qurumun araşdırma üzrə səlahiyyətli şəxsi ilə istənilən zaman əlaqə saxlanması vasitələri;

6.11.12. hava gəmisində təhlükəli yüklərin mövcud olub-olmaması, olduqda isə onların növü haqqında.

6.12. Maksimal kütləsi 2250 kq-dan artıq olan mülki hava gəmisi ilə Azərbaycan Respublikasının ərazisində aviasiya hadisəsi və ya ciddi insidentin baş verməsi haqqında bildiriş daimi komissiya tərəfindən bu Qaydaya 3 nömrəli əlavədə nəzərdə tutulmuş məzmunda Beynəlxalq Mülki Aviasiya Təşkilatına təqdim edilir.

6.13. Azərbaycan Respublikasının ərazisində xarici dövlətə mənsub hava gəmisi ilə baş vermiş aviasiya hadisəsi və ya ciddi insidenti barədə məlumat Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən daimi komissiya ilə yanaşı, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, hava gəmisinin qeydiyyatda olduğu dövlətin diplomatik nümayəndəliyinə, eləcə də həmin hava gəmisinin istismarçısına və yaxud onun nümayəndəliyinə (əgər mövcuddursa) təqdim edilir.

6.14. Azərbaycan Respublikasına mənsub hava gəmisi ilə digər dövlətin ərazisində aviasiya hadisəsinin baş verməsi barədə ilkin məlumat Azərbaycan Respublikasının aviasiya hadisəsinin və ya insidentinin baş verdiyi dövlətdəki diplomatik nümayəndəliyi, yaxud həmin dövlətin aviasiya orqanı tərəfindən hava gəmilərinin hərəkəti haqqında məlumatlar cədvəlinə uyğun olaraq daimi komissiyaya və hava gəmisinin istismarçısına təqdim edilir. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya daimi komissiya isə bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dərhal məlumat verir.

6.15. Ərazisində aviasiya hadisəsinin və ya insidentinin baş verdiyi dövlətdə Azərbaycan Respublikasının mülki aviasiyasının nümayəndəliyi olmadıqda, hadisə barədə ilkin məlumat hava gəmisinin heyət üzvləri, yaxud Azərbaycan Respublikasının həmin dövlətdə fəaliyyət göstərən diplomatik və konsulluq nümayəndəliyi tərəfindən diplomatik kanallar və ya hava hərəkətinin təşkili orqanlarının kanalları vasitəsilə verilə bilər.

7.1. Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları baş vermiş aviasiya hadisələrinin araşdırmasına dəstək verir.

7.2. Daimi komissiyanın nümayəndələri hadisə yerinə gələnədək, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları aviasiya hadisəsinə uğramış hava gəmisinin, onun tərkib hissələri və qalıqlarının, obyektiv nəzarət üzrə yerüstü və bort vasitələrinin, hava gəmisinin bortunda olan və ya kənardan aviasiya hadisəsinə cəlb edilən əşyaların qorunmasını təmin etmək məqsədilə mümkün olan bütün tədbirləri görür.

7.3. Axtarış və xilasetmə işlərini həyata keçirən vəzifəli şəxslər, aidiyyəti dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının rəhbərləri və ya onların səlahiyyət verdiyi şəxslər aviasiya qəza hadisəsi haqqında məlumat aldıqda aşağıdakı tədbirləri görür:

7.3.1. sərnişinlərin və hava gəmisinin heyətinin xilas edilməsi, yanğının söndürülməsi və ya qarşısının alınması, sübutedici sənədlərin qorunub saxlanılması üzrə əlavə tədbirlərin görülməsinin zəruriliyini müəyyən etmək məqsədilə hadisə yerinə gəlir;

7.3.2. insan tələfatı ilə nəticələnən aviasiya faciə hadisəsi baş verdikdə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birgə hava gəmisinin heyətinin həlak olan üzvlərinin və həlak olan sərnişinlərin aviasiya hadisələrinin araşdırılması sahəsində təcrübəli patoloq-anatom tərəfindən autopsiya vasitəsilə tam müayinəsini həyata keçirir;

7.3.3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birgə hadisə yerində hava gəmisində sanitariya işlərini təşkil edir;

7.3.4. aviasiya hadisəsinin baş verdiyi yerdə radioloji, kimyəvi və bakterioloji (bioloji) monitorinqin aparılmasını və zərərsizləşdirmə işlərinin yerinə yetirilməsini təşkil edir, həmçinin təhlükəsizliyə nəzarətin həyata keçirilməsini əlaqələndirir;

7.3.5. yaranmış şərait nəzərə alınmaqla hava gəmisinin heyətinin, hərəkət xidməti dispetçerlərinin və aviasiya personalına daxil olan digər şəxslərin sağlamlıq vəziyyətinin tibbi müayinəsini təşkil edir;

7.3.6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qurumları, zərurət olduqda isə bu rayonda yerləşdirilmiş digər qoşun hissələri ilə birgə hadisə yerinin mühafizəsini, hava gəmisinin və onun içindəkilərin və ya dağılmış hissələrin toxunulmazlığını təmin edir, habelə kənar şəxslərin hadisə yerinə keçmələrinin qarşısının alınması üçün tədbirlər görür;

7.3.7. hava gəmisinin qalıqlarının sökülməsindən və zədələnməsindən mümkün olduğu qədər istisna edən şəraitdə həlak olanların şəkilləri çəkildikdən və cəsədlərin hava gəmisinin əsas hissələrinə nisbətən yerləşdirilməsi sxemi tərtib edildikdən sonra onların təxliyəsinə dair göstəriş verir;

7.3.8. uçuşun hazırlanması və təminatına görə məsuliyyət daşıyan hava gəmisinin heyəti və vəzifəli şəxslərinin izahatlarını alır;

7.3.9. hadisə yerindən tapılan bort sənədlərinin və uçuş məlumatının qeydiyyatını, uçuş heyətinin kabinəsinin səsyazmasını, uçuş görüntülərinin çəkilişini və məlumat bağlantısını qeydə alan qurğuların (bundan sonra – qurğular) qorunub saxlanılması üzrə tədbirlər görür və müvafiq qurğular tezalışan mayelərdə və ya yanğın mənbəyinə düşdükdə, onların oradan dərhal çıxarılması və informasiyanın qorunub saxlanılması üçün tədbirlər görməklə qeyd edilən qurğuların götürülməsi və xarici görünüşü barədə akt tərtib edir (başqa hallarda aidiyyəti hüquq mühafizə orqanlarının iştirakı olmadan bu qurğuların götürülməsi qadağandır);

7.3.10. hadisə yerinə bitişik ərazidə hava gəmisinin qalıqlarının axtarışını təşkil edərək qalıqların aşkar olunduğu yerdə qorunub saxlanılmasını təmin edir;

7.3.11. hadisə şahidlərinin müəyyən olunmasını təmin edir, daimi komissiyaya və hüquq mühafizə orqanlarına təqdim edilmək üçün onların siyahılarını tərtib edir;

7.3.12. uçuş, texniki və dispetçer sənədlərinin müsadirə edilməsini təşkil edərək onların qorunub saxlanılmasını təmin edir;

7.3.13. ətraf mühitin təsiri nəticəsində məhv edilə bilən əlamətlərin (hava gəmisinin səthindəki buz və his çöküntüləri, hava gəmisinin yerdə, uçuş enmə zolağında (bundan sonra – UEZ) hərəkəti nəticəsində buraxılan səciyyəvi izlər və s.) sənədlərlə təsbit edilməsini (fotoşəkil, videoyazı və ya sxemlər şəklində) təşkil edir;

7.3.14. aviasiya hadisəsinin baş verdiyi yerin ilkin sxemini (cizgilərini) tərtib edir;

7.3.15. hava şəraitinə növbədənkənar nəzarət müşahidəsini təşkil edir, aviasiya hadisəsi aerodrom ərazisindən kənarda baş verdikdə isə yaxındakı Aviasiya mülki meteoroloji stansiyası (Aviasiya meteoroloji mərkəzi) və meteostansiyalardan meteoroloji məlumatların toplanmasını təmin edir;

7.3.16. aviasiya hadisəsinə məruz qalan hava gəmisinə yanacaq doldurmanın dayandırılması və yanacaq doldurma zamanı istifadə olunan qabların (yanacaq dolduranların) möhürlənməsinə dair göstəriş verir;

7.3.17. məxfilik qrifinə malik xüsusi avadanlıqların, habelə hava gəmisində olan uçuş sənədlərinin qorunmasını təmin edir;

7.3.18. dispetçer maqnitofonlarının yazılarının (maqnit lentlərinin), enmə radiolokatoru indikatorundan fotoqeydiyyat fotoplyonkalarının, hava gəmilərinin hərəkət cədvəllərinin, radiomübadilə və radiotexniki vasitələrin iş vaxtının uçotu üzrə aparat jurnalının, bütün hava gəmisi heyət üzvlərinin uçuş və tibb kitabçalarının, uçuş işlərinin, hava gəmisinin, mühərriklərin və aqreqatların formulyarlarının, nöqsanların siyahılarının və texniki xidmətə dair sərəncam kartlarının, alətlərin və hava gəmisi uçuşa hazırlanarkən və ya uçuşdan əvvəl nasazlıqlar aradan qaldırılarkən istifadə edilən nəzarət aparatlarının, uçuş sahəsinin vəziyyətini, hava gəmisinə doldurulmuş yanacaq-sürtgü materiallarının miqdarını və keyfiyyətini xarakterizə edən sənədlərin, hadisə yerində və aerodrom rayonunda, o cümlədən uçuş marşrutu üzrə meteoşəraiti xarakterizə edən meteosənədlərin müsadirə edilib möhürlənməsini təşkil edir;

7.3.19. aviasiya hadisəsinin baş verdiyi ana yaxın olan zaman kəsiyində hadisə rayonunda uçuşlar yerinə yetirmiş hava gəmilərinin tanınma nişanlarını qeyd edir və həmin hava gəmilərinin uçuşu qeydə alan qurğularının məlumatlarının araşdırma prosesində istifadə edilməsi üçün qeyd edilən məlumatların qorunub saxlanılması ilə bağlı tədbirlər görür;

7.3.20. hüquq mühafizə orqanları ilə razılaşdırmaqla, zədələnmiş hava gəmisini bir yerdən başqa yerə keçirir. Hava gəmisi dəmir və ya avtomobil yolu, su, qaz, neft və digər magistrallarının üzərinə və ya aerodrom ərazisinə düşərək nəqliyyatın hərəkətinə və yaxud uçuşlara mane olduqda, daimi komissiyanın üzvləri hadisə yerinə gələnədək hava gəmisinin yerinin dəyişdirilməsinə icazə verir;

7.3.21. hava gəmisinin və ya onun qalıqlarının yerdəyişmədən əvvəlki vəziyyəti səmtləşdirilmiş və ətraflı foto və ya video çəkiliş üsulu ilə yerdən və ya havadan bir neçə mövqedən fiksasiya edilməklə, hava gəmisinin başqa yerə keçirilməsi zamanı gəminin (onun qalıqlarının) hadisə yerində olduğu vəziyyətdə saxlanılması üçün tədbirlər görür;

7.3.22. hava gəmisinin və ya onun qalıqlarının mövqeyi və ümumi vəziyyətini, yerlə (yerüstü maneələrlə) toqquşma bucağını, heyət kabinəsindəki cihazların göstəricilərini, dəyişdirici və elektrik açarları, idarəetmə dəstələrinin vəziyyətinin foto və ya video çəkilişini özündə ehtiva edən hadisə yerinə baxışa dair akt tərtib edir;

7.3.23. hava gəmisinin uçuşa hazırlığını, uçuşunu və hava hərəkətinin idarə olunmasını bilavasitə təmin edən hava gəmisinin heyətinin, yerüstü xidmətlərin personalının öz vəzifələrinin icrasından kənarlaşdırılması ilə bağlı tədbirlər görür;

7.3.24. hava gəmisinin uçuşunun hazırlanması, yerinə yetirilməsi və təmin edilməsinə dair məlumatların və sənədlərin aviasiya hadisəsi baş verməzdən əvvəl qorunması məqsədilə hava gəmisinin son dəfə havaya qalxdığı aerodromun xidmətlərinə, hava gəmisinin uçuş marşrutu üzrə hava hərəkətini idarə edilməsi üzrə orqanlara, habelə hava gəmisinin istismarçısına aviasiya hadisəsi barədə məlumat verir;

7.3.25. Azərbaycan Respublikasının müvafiq yerli icra hakimiyyəti orqanları ilə birgə zərərçəkənlərə və onların qohumlarına yardım qrupunu və daimi komissiyanın işinin təminatı qrupunu formalaşdırır;

7.3.26. daimi komissiyaya yardım göstərmək məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə hadisənin qurbanlarını zəruri hesab edilən qüvvə və vasitələr, müvafiq geyim, təbii mühafizə vasitələri, nəqliyyat və rabitə vasitələri, lazımi ləvazimat və materiallar, yaşayış yeri və qida, aviasiya texnikası və digər zəruri avadanlıqlarla təmin edir;

7.3.27. Aviasiya hadisəsinin baş verməsi ilə bağlı ilkin tədbirlər nəticəsində əldə olunmuş bütün materialları daimi komissiyaya təqdim edir;

7.3.28. Aviasiya hadisələri ilə əlaqədar hadisə yerinə gəlmiş hüquq mühafizə orqanlarının işçilərinin sərbəst işləmələri üçün şərait yaradır.

7.4. Daimi komissiya hadisə yerinə gələnədək yerüstü və bort maqnitofonlarının açılması və dinlənilməsi, həmçinin qurğuların açılması və oradakı yazıların oxunması qəti qadağandır. Bu işlərin yalnız daimi komissiyanın rəhbərinin qərarı ilə həyata keçirilməsinə yol verilir.

8.1. Araşdırma üzrə məsul tədqiqatçı daimi komissiya tərəfindən araşdırmanın aparılmasına nəzarəti həyata keçirmək üçün təyin edilir.

8.2. Araşdırma üzrə məsul tədqiqatçı aşağıdakı vəzifələri yerinə yetirir:

8.2.1. daimi komissiyaya araşdırmanın gedişatı haqqında məruzə edir;

8.2.2. aviasiya hadisəsi və insidentinin səbəbləri və təsiredici amillər barədə rəy və uçuşların təhlükəsizliyinə dair tövsiyələr verir;

8.2.3. araşdırmaların aparılması üçün tələb olunan müşahidəçi və iştirakçıların təyin ediməsinə cavabdehlik daşıyır.

9.1. Daimi komissiya tərəfindən araşdırmanın aparılması üçün araşdırma üzrə tədqiqatçı təyin edilir.

9.2. Araşdırma üzrə tədqiqatçı aşağıdakı vəzifələri yerinə yetirir:

9.2.1. dindirilməsi zəruri hesab etdiyi istənilən şəxsləri çağırıb sorğu-sual edir və həmin şəxslərdən araşdırmaya dair məlumatın təqdim olunmasını tələb edir;

9.2.2. aviasiya hadisəsinin və ya insidentinin baş verdiyi yerləri, hava gəmisini və ya onun hər hansı bir hissəsini, hadisə ilə bağlı bütün uçot sənədlərini və digər sənədləri mühafizə edir;

9.2.3 aviasiya hadisəsi və ya insidenti üzrə araşdırmanın aparılması ilə əlaqədar istənilən yerə daxil olur, orada axtarış aparır və bu cür axtarış zamanı aviasiya hadisəsi və ya insidenti ilə əlaqədar istənilən əşyanı götürür;

9.2.4. sübutların mühafizəsi və qorunub saxlanılması məqsədilə zəruri olan müddət ərzində aviasiya hadisəsi və ya insidenti ilə bağlı olan və ya ola biləcək əşyaların olduğu yerlə birbaşa bitişik əraziyə digər şəxslərin daxil olmasını qadağan edir və ya məhdudlaşdırır;

9.2.5. məhvetmə sınaqları daxil olmaqla, araşdırma məqsədləri üçün götürülmüş hər bir əşya üzərində sınaqlar keçirir;

9.2.6. araşdırmanın gedişatına əsassız maneələr yaratmamaq şərtilə, sınaqdan keçirilməli komponentin sınaqlarında iştirak etmək hüququna malik olan mülkiyyətçini və istənilən digər şəxsi istənilən bu cür komponentlərin sınaqlarında iştirak etməyə dəvət edir;

9.2.7. aviasiya hadisəsi və ya insidenti ilə əlaqəli olduğunu hesab etdiyi hər hansı sənədin təqdim edilməsini tələb edir, surətini çıxarır və bu cür sənədləri araşdırma bitənədək və ya araşdırmanın keçirilməyəcəyinə dair qərar qəbul edilənədək saxlayır;

9.2.8. zəruri hesab etdiyi istənilən şəxsdən bəyanat alır və istənilən bu cür şəxsdən verdiyi bəyanatların doğruluğunu təsdiqləmək üçün bəyannamə yazmasını və imzalamasını tələb edir;

9.2.9. sağlamlıq vəziyyətinin araşdırmaya aidiyyəti olduğu halda, hava gəmisinin istismarına bilavasitə və ya dolayısı ilə cəlb edilmiş şəxs(lər)dən tibbi müayinədən keçməyi tələb edir;

9.2.10. araşdırma üzrə tədqiqatçı bu məlumatın ağlabatan əsaslarla araşdırmaya aidiyyəti olduğunu düşündüyü halda, həkim və ya digər mütəxəssisdən xəstə haqqında tibbi məlumat verilməsini tələb edir;

9.2.11. araşdırmaya aidiyyəti olduğunu və ya ola biləcəyini düşündüyü halda, meyitin yarılması və ya tibbi müayinədən keçirilməsi ilə bağlı aidiyyəti hüquq mühafizə orqanlarına sorğu verir;

9.2.12. meyitin yarılması və ya tibbi müayinədən keçirilməsinin nəticələrini daimi komissiyaya təqdim edir;

9.2.13. digər dövlət orqanlarından lazımi məlumatların əldə edilməsi üçün sorğu verir;

9.2.14. araşdırmanın gedişatı barədə məlumatları ümumiləşdirərək araşdırma üzrə məsul tədqiqatçıya təqdim edir.

9.3. Bu Qaydanın 9.2.1-9.2.14-cü yarımbəndlərində müəyyən edilmiş səlahiyyətlərin həyata keçirilməsi üçün araşdırma üzrə tədqiqatçı maraqlı şəxsin tələbi ilə vəsiqəsini ona təqdim etməlidir.

10.1. Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartları və tövsiyə olunan təcrübəsinə müvafiq olaraq, akkreditə olunmuş nümayəndələr və məsləhətçilər daimi komissiyanın həyata keçirdiyi araşdırmada iştirak etmək hüququna malikdirlər.

10.2. Vətəndaşlarının həlak olduğu və ya ağır xəsarət aldığı aviasiya hadisəsinin və ya insidentinin araşdırılmasında maraqlı olan üzv dövlət daimi komissiyanın apardığı araşdırmada iştirak etmək üçün müvafiq sahə üzrə ekspert təyin etmək hüququna malikdir.

10.3. Daimi komissiya aviasiya hadisəsi və insidentləri ilə bağlı araşdırmalarda ona yardım edə biləcək texniki və ya xüsusi biliklərə malik olan şəxslərin xidmətlərindən istifadə edə bilər.

10.4. Daimi komissiya aşağıdakı hallarda istənilən şəxsi araşdırmadan kənarlaşdıra və ya belə kənarlaşdırılmanı tələb edə bilər:

10.4.1. həmin şəxs daimi komissiyanın həmin şəxsin araşdırmada iştirakına dair müəyyən etdiyi şərtləri pozduqda;

10.4.2. daimi komissiya həmin şəxsin araşdırmanın qərəzsiz aparılmasına maneə ola biləcək hər hansı formada maraqların toqquşmasına gətirib çıxaracaq vəziyyətini müəyyən etdikdə.

10.5. Bu Qaydanın 10.1-ci və 10.2-ci bəndlərində göstərilən şəxslər daimi komissiya tərəfindən aparılan hər hansı aviasiya hadisəsinin və ya insidentinin araşdırılmasında iştirak etdiyi hallarda, həmin şəxs daimi komissiya tərəfindən onun üçün müəyyən edilən şərtlər və məhdudiyyətlər çərçivəsində və onun araşdırma üzrə tədqiqatçısının nəzarəti altında aşağıdakı hüquqlara malikdir:

10.5.1. aviasiya hadisəsinin və ya insidentinin baş verdiyi yerdə aparılan araşdırmada iştirak etmək;

10.5.2. aviasiya hadisəsinin və ya insidentinin baş vermiş hava gəmisinə, onun tərkibinə və tərkib hissələrinə baxış keçirmək;

10.5.3. araşdırılmanın gedişində şahidlərin dindirilməsi istisna olmaqla, bu Qaydada müəyyən edilmiş hər hansı sənədi, hadisənin baş verdiyi aviasiya fəaliyyətini, hadisədə iştirak edən hava gəmisinin heyətini, hava gəmisini, onun tərkib hissələri və tərkibi ilə əlaqəli digər sübutları nəzərdən keçirmək, o cümlədən, laboratoriya sınaqlarında və təhlillərində iştirak etmək.

10.6. Bu Qaydanın 10.3-cü bəndinə əsasən sınaqdan keçirilən komponentin sahibinə bu cür sınaqlarda iştirak etmək təklif olunduqda, həmin şəxs sınaqdan öncə, sınaq müddətində və sınaqdan sonra sınaqdan keçirilən komponentin vəziyyətini qeydə almaq və ya qeydə alınmasını təmin etmək, o cümlədən sınaq predmeti sahəsində texniki bilik və təcrübəyə malik olan şəxs tərəfindən təmsil olunmaq hüququna malikdir.

11.1. Aviasiya hadisəsi və ya ciddi insident baş verdikdə daimi komissiya Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlıq çərçivəsində araşdırma həyata keçirir.

11.2. Aviasiya hadisəsinin və ya ciddi aviasiya insidentinin baş verməsi haqqında məlumat alan daimi komissiya tərəfindən ilkin olaraq:

11.2.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, həmçinin digər aidiyyəti dövlət orqanlarına (qurumlarına), o cümlədən hüquq mühafizə orqanlarına aidiyyəti üzrə məlumat verilir;

11.2.2. hava gəmisinin dağıntılarının qorunması üçün tədbirlər görülür;

11.2.3. hava gəmisində təhlükəli yüklərin olub-olmaması yoxlanılır və belə yüklər olduqda mühafizə tədbirləri görülür;

11.2.4. hava gəmisinin dağıntılarının itməməsi, oğurlanmaması və ya daha artıq zədələnməməsi üçün aviasiya hadisəsinin baş verdiyi yerə aidiyyəti dövlət qurumları, o cümlədən hüquq mühafizə orqanları ilə razılaşdırmaqla mühafizəçi təyin edilir;

11.2.5. sübutların qar, yağış və digər təbii proseslər nəticəsində məhv olmasının qarşısının alınması üçün onların şəkil çəkmə və ya digər mümkün vasitələrlə qorunması təmin edilir;

11.2.7. aviasiya hadisəsi və ya ciddi aviasiya insidenti ilə əlaqədar olan aviasiya personalı və ya hər hansı bir şəxs araşdırmanın aparılmasına yardım göstərilməsi məqsədilə vəzifələrin icrasından kənarlaşdırılır;

11.2.8. aviasiya hadisəsinin və ya ciddi aviasiya insidentinin araşdırılmasına yardım edə biləcək hər hansı şahidlərin adları və ünvanları alınır.

11.3. Daimi komissiya tərəfindən hava gəmisinin dağıntılarının yayılmaqdan qorunması təmin edilir və bu barədə axtarış aparan aidiyyəti dövlət qurumlarına, o cümlədən hüquq mühafizə orqanlarına məlumat verilir.

11.4. Aviasiya hadisəsi və ya ciddi insidenti nəticəsində həlak olanların cəsədləri mümkün qədər yerinin dəyişdirilməməsi şərtilə polis orqanları tərəfindən şəxsiyyəti müəyyən edilir. Həlak olanların şəxsiyyətini müəyyən etməyə imkan verən şəxsi əşyaların yeri dəyişdirilməməldir. Hava gəmisinin dağıntılarının yeri yalnız hadisə nəticəsində sağ qalanların xilas edilməsi, yanğının söndürülməsi məqsədilə dəyişdirilə bilər.

11.5. Daimi komissiyanın qaynar xətt xidməti vasitəsilə aviasiya hadisəsinin və ya ciddi aviasiya insidentinin baş verməsi barədə xəsarət almış və ya həlak olmuş şəxslərin yaxınlarına, hava gəmisinin mülkiyyətində olduğu və ya qeydiyyatında olduğu dövlətə və hava gəmisinin istismarçısına məlumat verilməlidir.

12.1. Texniki, ekspertiza və ya maddi resursların aviasiya hadisəsinin və ya insidentinin tam şəkildə araşdırılması üçün kifayət etmədiyi, aviasiya hadisəsinin və ya insidentinin beynəlxalq uçuş zamanı baş verməsi və bir neçə dövlətin maraqlarının mövcud olması, habelə beynəlxalq təcrübədən istifadəyə ehtiyacın olduğu hallarda daimi komissiya aviasiya hadisəsinin və ya insidentinin araşdırılmasını qarşılıqlı razılıq əsasında bütövlükdə və ya qismən digər dövlətə, təşkilata və ya quruma həvalə edə bilər. Bu halda daimi komissiya araşdırma prosesinə kömək edir.

12.2. Aviasiya hadisəsi və ya insidenti üzrə daimi komissiya araşdırmanı Azərbaycan Respublikasının daxilində digər quruma həvalə etdikdə, həmin qurum araşdırmanı bu Qaydanın müddəalarına müvafiq olaraq həyata keçirməli, buna dair yekun hesabatı və tövsiyələrini daimi komissiyaya təqdim etməlidir.

12.3. Daimi komissiya araşdırmanın aparılmasına nəzarət etmək üçün müşahidəçi təyin edə bilər.

12.4. Aviasiya hadisəsinin və ya insidentinin araşdırılmasını bütövlükdə və ya qismən digər dövlətə və ya aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılması üzrə regional təşkilata həvalə etmək daimi komissiyanın müstəsna hüququdur.

13.1. Daimi komissiya xüsusi tədqiqatların aparılmasının zəruriliyini müəyyən edir.

13.2. Tədqiqatlar əlaqədar tədqiqat təşkilatlarının iştirakı ilə icraçı təşkilat tərəfindən həyata keçirilir.

13.3. Elmi tədqiqat təşkilatları, habelə aviasiya texnikasını layihələndirən, istehsal, istismar və təmir edən və s. təşkilatlar tədqiqatların icraçısı və həmicraçısı qismində çıxış edə bilərlər.

13.4. Tədqiqat təşkilatının seçilməsi xüsusi tədqiqatların xüsusiyyətindən və sınaqdan keçiriləcək komponent və sistemlərin növündən asılıdır.

13.5. Tədqiqatların icraçısı olan təşkilat daimi komissiya tərəfindən müəyyən edilir.

13.6. Hava gəmisi və onun araşdırma üçün əhəmiyyət kəsb edən aqreqat və ya komponentlərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda tədqiqi daimi komissiya tərəfindən hava gəmisini istehsal edən, layihələndirən dövlətlərin və ya icraçı təşkilatın səlahiyyətli nümayəndələri ilə razılaşdırmaqla xarici dövlətlərin təşkilatlarında da həyata keçirilir.

13.7. Daimi komissiya tərəfindən verilən texniki tapşırıq tədqiqat işlərinin aparılması üçün əsasdır. Texniki tapşırıqda tədqiqat işlərinin aparılmasının məqsədləri ətraflı izah olunur.

13.8. Texniki tapşırığa əlavə olunan arayışda hadisənin səbəbləri, hava gəmisi və tədqiqat obyekti, onların təmiri və texniki xidmət barədə zəruri məlumat verilir.

13.9. Tədqiqatların keçirilməsi üçün göndərilmiş hər bir aqreqat və ya komponent üzərində detalın adı, nömrəsi, seriya (zavod) nömrəsi və aviasiya hadisəsi barədə məlumatların yazıldığı birka ilə təchiz olunur. Tədqiq edilməli olan bütün aqreqat və ya komponentlərin siyahısı, təsvir və fotoşəkilləri onlar göndərilməzdən əvvəl təhlükəsiz yerdə qorunur.

13.10. Aviasiya hadisəsi və ya insidentin araşdırılması zamanı tədqiqatların kompleks şəkildə keçirilməsi üçün uçuş informasiyası müvafiq mülki aviasiya tədqiqat mərkəzinə göndərilə bilər.

13.11. Tədqiq edilməli olan obyektlər tədqiqat barədə qərar qəbul edildikdən sonra 15 (on beş) gün müddətində icraçı təşkilatın ünvanına göndərilməlidir.

13.12. Aviasiya texnikasının sıradan çıxmış obyektlərinin tədqiqi qaydası və müddəti icraçı təşkilatın razılığı ilə daimi komissiya tərəfindən müəyyən edilir. Tədqiqat işləri aşağıda göstərilən müddətlər ərzində başa çatdırılmalıdır:

13.12.1 ayrı-ayrı hissə və aqreqatlar üzrə - 45 (qırx beş) gün;

13.12.2. mühərriklərin tədqiqi və kompleks tədqiqatlar üzrə - 60 (altmış) gün.

13.13. İcraçı təşkilat tədqiqat üçün nəzərdə tutulmuş obyekti qəbul etdikdən sonra tədqiqat işlərinin başlanması tarixini müəyyən edir və həmicraçı təşkilatlara bu barədə bildiriş göndərməklə onları tədqiqatlarda iştirak etməyə dəvət edir.

13.14.Tədqiqatın başlanması tarixi müəyyən edilərkən həmicraçı təşkilatların nümayəndələrinin gəlmə imkanı nəzərə alınmalıdır. Obyektin qəbul edildiyi andan etibarən 5 (beş) gün müddətində tədqiqat işlərinə başlanılır.

13.15. Həmicraçı təşkilatların nümayəndələri müəyyən edilmiş tarixədək gəlmədikdə, icraçı təşkilat tədqiqat işlərini müstəqil həyata keçirir.

13.16. Tədqiqat işləri daimi komissiyanın nəzarəti altında həmicraçı təşkilatların nümayəndələri ilə razılaşdırılmış planlar (proqramlar) və metodikalar əsasında aparılır. Həmin plan və metodikalar daimi komissiyaya təqdim edilir.

13.17. Həmicraçı təşkilatların tədqiqatlarda iştirak edən mütəxəssisləri aşağıdakı hüquqlara malikdir:

13.17.1.tədqiqat işlərinin aparılması qaydası, metodikası və həcminə dair təkliflər vermək;

13.17.2. tədqiqat işlərinin aparılmasında iştirak etmək və onlara dair bütün materiallarla tanış olmaq;

13.17.3. tədqiqat işlərinin gedişinin və nəticələrinin müzakirəsində iştirak etmək;

13.17.4. hesabatı imzalamaq və ya özünün əsaslandırılmış fikrini (rəyin ayrılmaz hissəsidir) hesabata əlavə etmək.

13.18. İcraçı təşkilat lazımi materialların, sənədlərin və ya məsləhətlərin alınması üçün elmi tədqiqat, sənaye, təmir və istismar təşkilatlarının mütəxəssislərini tədqiqata əlavə olaraq cəlb etmək hüququna malikdir. Araşdırmaya cəlb edilən mütəxəssislər araşdırmanı apardıqdan sonra ən geci 60 (altmış) gün müddətində öz rəylərini araşdırma üzrə orqana təqdim edirlər.

13.19. İcraçı təşkilat tədqiqat proqramının ayrı-ayrı bəndləri üzrə işlərin yerinə yetirilməsi üçün texniki imkanlara malik deyilsə, o zaman belə işlər daimi komissiya ilə razılaşdırmaqla icraçı təşkilatın sorğusuna əsasən digər təşkilatlar tərəfindən onların bazasında həyata keçirilə bilər. Bu zaman icraçı təşkilatın nümayəndələri də tədqiqatda iştirak edə bilərlər. Tədqiqatın həcmi, yeri və müddətinə dair razılığın əldə olunması icraçı təşkilata həvalə edilir.

13.20. Milli mənsubiyyətindən asılı olmayaraq, hava gəmilərinin Azərbaycan Respublikasının ərazisində məruz qaldığı aviasiya hadisəsi və ya insidentin araşdırılması zamanı aviasiya texnikası obyektlərinin tədqiqi və qurğuların oxunması daimi komissiyanın qərarına əsasən beynəlxalq mülki aviasiya təşkilatlarının və ya xarici dövlətin bazasında həyata keçirilir. Daimi komissiyanın səlahiyyətli nümayəndələri qeyd olunan işlərdə iştirak etməlidirlər.

13.21. Daimi komissiyanın tapşırığı ilə tədqiqat işlərini həyata keçirən təşkilatlar tədqiqatın müddəti, keyfiyyəti və obyektivliyinə görə məsuliyyət daşıyırlar.

13.22. Tədqiqat işlərinin nəticələri üzrə hesabat hazırlanır. Bu hesabat tədqiqatın iştirakçıları tərəfindən imzalanır, icraçı təşkilatın rəhbəri tərəfindən təsdiq edilir və daimi komissiyaya göndərilir.

13.23. Son hesabat tədqiqat işləri başa çatdıqdan sonra tədqiqatın nəticələri nəzərə alınmaqla hazırlanır. Tədqiqat işlərinin nəticələrinə dair hesabat təqdim edilənədək, son hesabatın təsdiq və dərc edilməsi qadağandır.

13.24. Daimi komissiyanın texniki tapşırığından, tədqiqat proqramından, xüsusi işlənib hazırlanmış metodikalardan ibarət olan araşdırma materialları, eləcə də bütün iş materialları (sınaqların, ölçmələrin, laboratoriya analizləri və digərlərinin protokolları) hesabatın nüsxəsinə əlavə edilir. Həmin hesabat icraçı təşkilatda saxlanılır.

13.25. Tədqiqatın nəticələrinə dair hesabat araşdırma materiallarının ayrılmaz hissəsidir. Son hesabat tədqiqat işləri başa çatdıqdan sonra tədqiqatın nəticələri nəzərə alınmaqla hazırlanır. Tədqiqat işlərinin nəticələrinə dair hesabat təqdim edilənədək, son hesabatın təsdiq və dərc edilməsi qadağandır.

13.26. Tədqiq edilmiş aviasiya texnikası obyektləri son hesabat təsdiq edildikdən sonra 3 (üç) ay ərzində icraçı təşkilatın baş ofisində saxlanılır. Bu müddət başa çatdıqdan sonra hava gəmisinin istismarçısına aviasiya hadisəsi və ya insidentlə bağlı olan obyektlərin istifadəsinə dair sorğu göndərilir.

13.27. Hava gəmisinin istismarçısı obyektlərin istifadəsi məsələsini istintaqı həyata keçirmiş hüquq mühafizə orqanları ilə razılaşdırır və qəbul edilmiş qərar barədə icraçı təşkilata məlumat verir.

13.28. Hava gəmisi sahibinin istintaqı həyata keçirmiş hüquq mühafizə orqanları ilə razılaşdırılmış icazəsi olmadan aviasiya hadisəsi və ya insidentlə bağlı olan və araşdırılan obyektlərin məhv edilməsi qadağandır.

14.1. Aviasiya hadisəsinin qurbanlarının ailələri və yaxınları hadisənin baş verdiyi əraziyə buraxılmır.

14.2. Vətəndaşları aviasiya hadisəsində həlak olan və ya ciddi xəsarət (yaralanma, travma, kontuziya və s. xəsarət) alan dövlətlərin aviasiya hadisəsi üzrə araşdırmada iştirakına icazə verilir.

14.3. Bu Qaydanın 14.2-ci bəndində göstərilən dövlətlər aşağıdakı hərəkətlərin həyata keçirilməsi üçün ekspert təyin edə bilər:

14.3.1 hadisə yerinə baxış keçirmək;

14.3.2 araşdırma aparan dövlət tərəfindən ictimaiyyət üçün əldə olunmasına məhdudiyyət qoyulan araşdırmanın aparılmasına dair müvafiq məlumatları əldə etmək;

14.3.3. yekun hesabatın surətini almaq.

14.4. Araşdırmada iştirak edən dövlət qurbanların şəxsiyyətinin müəyyən edilməsində araşdırma aparan dövlətə yardım etmək və sağ qalanlarla görüşmək hüququna malikdir.

14.5. Bu Qaydanın 14.3.1-14.3.3-cü yarımbəndlərində göstərilən təminatlar təyin edilmiş ekspertlərə araşdırmanın bütün mərhələlərində iştirak etmək hüququnu vermir.

15.1. Aviasiya hadisəsi və ya insidenti baş verdikdə, sərəncamında sübut əhəmiyyətinə malik hər hansı məlumat olan səlahiyyətli orqan və daimi komissiya tərəfindən icazə verildiyi və ya bu Qaydada başqa hal nəzərdə tutulduğu hallar istisna olmaqla, hava gəmisinin sahibi, istismarçısı və uçuş heyətinin üzvləri mümkün olduğu qədər sübutları mühafizə etmək, habelə hava gəmisinin və onun tərkibinin araşdırmanın məqsədləri üçün zəruri olan müddət ərzində qorunub təhlükəsiz qaydada saxlanmasını təmin etmək məqsədilə tədbirlər görürlər.

15.2. Aviasiya hadisəsi və ya insidenti ilə əlaqəli sübutlara müdaxilə olacağı təqdirdə, müdaxilənin üzərində nəzarəti həyata keçirən və təşkil edən şəxs müdaxiləyə başlanılmadan öncə mövcud şəraitdə əlində olan mümkün vasitənin köməyilə sübutu qeydə alır.

15.3. Hava gəmisinin hissələri hava gəmisinin sahibinə və ya onun qanuni nümayəndəsinə qaytarılana kimi araşdırma aparan orqanda saxlanılır.

15.4. Hava gəmisinin hissələri istintaqın aparılması üçün hissə-hissə təqdim edilir.

15.5. Digər dövlətdə qeydiyyata alınmış hava gəmisi və ya istismarçısı ilə əlaqədar olan aviasiya hadisəsi və ya insidenti Azərbaycan Respublikasında baş verdikdə daimi komissiya araşdırma üçün artıq zəruri olmayan hava gəmisinin hissələrini hüquq mühafizə orqanları ilə razılaşdıraraq, digər dövlətin rəsmi nümayəndəsinə verə bilər.

15.6. Hava gəmisinin hissələri və bütün qalıqları mülkiyyətçinin və ya onun qanuni nümayəndəsinin haqqında qeydlər aparılaraq təqdim edilir. Hava gəmisinin verilməsinə dair qeydlərdə hava gəmisinin və aviasiya hadisəsinin eyniləşdirilməsinə dair məlumatlar daxil edilir.

15.7. Hava gəmisinin bütün hissələri göndərildiyi halda daimi komissiya onları qəbul edən səlahiyyətli şəxsdən hava gəmisinin hissələrinin alınmasını təsdiq edən imza alır.

15.8. Aviasiya hadisəsi və ya insidentinə dair araşdırma apararkən, daimi komissiya aviasiya hadisəsinin və ya insidentinin səmərəli araşdırılması məqsədilə aşağıdakı sənədləri yayımlanmaqdan qoruyur:

15.8.1. qurğular, habelə bu qurğuların qeydlərindən istənilən stenoqramları;

15.8.2. daimi komissiyanın sərəncamında və ya nəzarətində olan qeydiyyat sənədlərini;

15.8.3. araşdırmaların gedişatında müvafiq şəxslərdən aldığı bütün bəyanatları;

15.8.4. hava gəmisinin istismarında iştirak edən şəxslər arasında aparılan bütün kommunikasiya materiallarını;

15.8.5. aviasiya hadisəsində və ya insidentində iştirak edən şəxslərə dair tibbi və ya şəxsi məlumatları;

15.8.6. hava hərəkətini idarəetmə məntəqələrindən daxil olan qeydləri və bu qeydlərin stenoqramını;

15.8.7. qurğuların məlumatları daxil olmaqla, daimi komissiya və akkreditə olunmuş nümayəndə tərəfindən təqdim edilən məlumatlara dair rəyləri;

15.8.8. aviasiya hadisəsinin və ya insidentinin araşdırma üzrə yekun hesabatını;

15.8.9. uçuş heyətinin kabinəsinin səsyazmasını qeydə alan qurğuların məzmununu, habelə uçuş görüntülərinin çəkilişini qeydə alan qurğuların şəkil və audio məzmunu.

15.9. Bu Qaydanın 15.8-ci bəndində göstərilən sənədlərin mühafizə tədbirləri yekun hesabat dərc edildikdən sonra aviasiya hadisəsinin və ya insidentinin baş verdiyi andan etibarən davam etdiyi bütün müddət ərzində tətbiq olunur.

15.10. Daimi komissiyanın sərəncamında və ya nəzarətində olan qeydiyyat sənədlərinə dair sorğular həmin qeydləri səlahiyyətli orqana təqdim etmiş hava gəmisinin istismarçısına (və ya hava gəmisinin sahibinə) yönəldilir.

15.11. Səlahiyyətli orqanın sərəncamında və ya nəzarətində olan qeydiyyat sənədləri, yalnız aviasiya hadisəsi və insidentinin təhlili ilə əlaqəli olduğu hallarda, yekun hesabata və ya ona edilmiş əlavəyə daxil edilir. Qeydiyyat sənədlərinin təhlilə aidiyyəti olmayan hissələri açıqlanmamalıdır.

15.12. Aviasiya hadisəsi və ya insidenti ilə əlaqəsi olan şəxslərin şəxsiyyəti haqqında məlumatlar daimi komissiya tərəfindən ictimaiyyətə açıqlamamalıdır.

16.1. Daimi komissiya aviasiya hadisəsinin və ya insidentinin araşdırılması üzrə hesabat hazırlayır.

16.2. Hesabat və sənədlərin daimi komissiya tərəfindən artıq dərc edildiyi və ya ictimaiyyətə açıq elan edildiyi hallar istisna olmaqla, daimi komissiyanın birbaşa razılığı olmadan, heç bir şəxs araşdırma hesabatının layihəsini və ya onun hər hansı bir hissəsini, eləcə də aviasiya hadisəsinin və ya insidentinin araşdırılması zamanı əldə edilmiş hər hansı bir sənədi nəşr edə və dərc edə bilməz.

16.3. Aviasiya hadisəsi və ya insidenti baş verdikdən sonra yekun hesabat 12 (on iki ay) ərzində ictimaiyyətə açıqlanmadığı halda, daimi komissiya hadisənin hər ili üzrə araşdırmanın gedişatını və əlaqəli təhlükəsizlik məsələlərini təsvir edən araşdırma üzrə aralıq hesabat tərtib edir.

16.4. Bu Qaydanın 16.3-cü bəndində qeyd edilən araşdırma üzrə aralıq hesabatı daimi komissiya aidiyyəti qurumlara, aviasiya hadisəsi və insidentinin araşdırılmasında bilavasitə marağı olan dövlətlərə və Beynəlxalq Mülki Aviasiya Təşkilatına, vətəndaşlarının hadisədə həlak olduğu və ya ciddi xəsarət aldığı dövlətlərə təqdim edir.

16.5. Daimi komissiya araşdırma üzrə aralıq hesabatı ictimaiyyət üçün dərc edir.

16.6. Daimi komissiya hesabatı dərc etdirməzdən əvvəl aidiyyəti qurumlara, aviasiya hadisəsi və insidentinin araşdırılmasında bilavasitə marağı olan dövlətləri, o cümlədən araşdırmaya cəlb olunan digər təşkilatları hesabata dair əhəmiyyətli və əsaslandırılmış şərhlərini bildirməyə dəvət edərək, yekun hesabatın layihəsini göndərir.

16.7. Yekun hesabatın layihəsinə dair şərhlərin bildirilməsi üçün son tarix, maraqlı tərəflər bu müddətin uzadılması barədə razılığa gəldiyi digər hal istisna olmaqla, hesabat layihəsinin müşayiət məktubu ilə birlikdə göndərildiyi tarixdən etibarən altmış 60 (altmış) gün təşkil edir.

16.8. Daimi komissiya yekun hesabat layihəsini hesabatı nəzərdən keçirmək və ona dair şərhlər hazırlamaq məqsədi istisna olmaqla, digər şəxslərə ötürməməli və istifadə etməməli, həmçinin ötürülməsinə və ya istifadəsinə icazə verməməlidir.

16.9. Daimi komissiya qəbul edilmiş yekun hesabat layihəsini ictimaiyyət üçün açıqlamamalıdır.

16.10. Daimi komissiya şərhləri müşayiət məktubunda müəyyən edilmiş müddət ərzində aldığı təqdirdə, onları nəzərə almaqla yekun rəyini hesabata daxil edir.

16.11. Daimi komissiya 12 (on iki) ay müddətində araşdırmanın nəticələri barədə hesabat hazırlayır və yekun hesabatı dərc edir.

16.12. Araşdırmaya dair yekun hesabat müvafiq faktiki məlumatları, təhlilləri, nəticələri və təhlükəsizliyə dair tövsiyələri ehtiva edir.

16.13. Araşdırmaya dair yekun hesabat hadisə və ya insidentlərin qarşısını almaq məqsədilə tərtib edilir və heç bir halda təqsirli şəxslərin müəyyən olunması və məsuliyyətə cəlb edilməsi məqsədi daşımır.

16.14. Mülki aviasiyaya münasibətdə Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, dövlət aviasiyasına münasibətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi təqdim edilmiş hesabatın nəticələrinə uyğun olaraq tədbirlər görür.

16.15. Yekun hesabatda aviasiya hadisəsinin qurbanlarının və heyət üzvlərinin şəxsiyyəti anonim saxlanılır.

17.1. Aviasiya hadisəsinin və ya insidentinin araşdırılması üzrə tövsiyələrin hazırlanmasında məqsəd gələcəkdə baş verə biləcək aviasiya hadisəsinin və ya insidentinin qarşısının alınması üçün tədbirlərin görülməsinin tövsiyə edilməsidir.

17.2. Aviasiya hadisəsinin və ya insidentinin araşdırılması üzrə tövsiyələr həmin araşdırmanın nəticəsində və ya araşdırma zamanı hazırlana bilər.

17.3. Qanuna və bu Qaydaya uyğun olaraq, uçuşların təhlükəsizliyinin təmin edilməsinə dair verilmiş tövsiyə təqsirli şəxslərin müəyyən olunması və məsuliyyətə cəlb edilməsi kimi təfsir oluna bilməz.

17.4. Daimi komissiya aviasiya hadisəsinin və ya insidentinin araşdırılmasının istənilən mərhələsində müvafiq səlahiyyətli orqanlarla, o cümlədən digər ölkələrin müvafiq orqanları ilə yazışmalarda uçuşların təhlükəsizliyinin təmin edilməsinin gücləndirilməsi üçün təxirəsalınmadan görülməli olan preventiv tədbirlərin görülməsini tövsiyə edir.

17.5. Daimi komissiya apardığı araşdırmalardan qaynaqlanan təhlükəsizliyə dair istənilən tövsiyələri müşayiət məktublarında digər əlaqədar dövlətlərin aviasiya hadisələrini araşdıran səlahiyyətli orqanlarına və həmin mənbələr Beynəlxalq Mülki Aviasiya Təşkilatının rəsmi sənədləri olduğu halda, Beynəlxalq Mülki Aviasiya Təşkilatına göndərir.

17.6. Daimi komissiya tərəfindən uçuşların təhlükəsizliyinə dair verilən tövsiyələr bilavasitə marağı olan şəxslərə və təşkilatlara, habelə mülki aviasiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, bu məlumatlardan faydalana biləcək digər üzvlərinə, o cümlədən aşağıdakı şəxslərə göndərilir:

17.6.1. uçuşların təhlükəsizliyinə dair tövsiyələrin icraçısına;

17.6.2. aidiyyəti dövlət qurumlarına;

17.6.3. hadisələri araşdıran səlahiyyətli qurumlara;

17.6.4. hava gəmisinin istismarçısı, texniki xidmət təşkilatı, istehsalçı, hava hərəkəti xidmətlərini təmin edən təchizatçı və hava limanının istismarçısına və digər maraqlı tərəflərə;

17.6.5. tövsiyənin faydası ola biləcək digər şəxslərə.

17.7. Daimi komissiyanın uçuşların təhlükəsizliyinə dair tövsiyələrinin yönəldildiyi əlaqədar dövlət qurumları, yaxud istənilən digər səlahiyyətli orqan sözügedən bildirişi aldıqdan sonra 90 (doxsan) gün ərzində daimi komissiyanın verilmiş tövsiyələrinə cavab olaraq görülmüş və ya görüləcək hər hansı tədbirlər, o cümlədən hər hansı tədbirin görülməməsinin səbəbləri haqqında yazılı qaydada məlumat verir.

17.8. Daimi komissiya uçuşların təhlükəsizliyinə dair tövsiyələrinə verilmiş cavabları qeydə alır və nəzərdən keçirir, habelə uçuşların təhlükəsizliyinə dair tövsiyələrin əsasını təşkil edən risklərin azaldılması dərəcəsini qiymətləndirir.

17.9. Daimi komissiya uçuşların təhlükəsizliyinə dair verdiyi tövsiyələrlə əlaqədar görülən və görüləcək tədbirlərin gedişatına nəzarət prosedurlarını müəyyən edərək təsdiq edir.

17.10. Daimi komissiya uçuşların təhlükəsizliyinə dair qlobal əhəmiyyət yaradan tövsiyələr, habelə bu tövsiyələrə dair alınan cavablar haqqında Beynəlxalq Mülki Aviasiya Təşkilatına məlumat verir.

17.11. Aviasiya hadisəsi və ya insidentlərinin nəticələrinin təhlilinə dair digər dövlətlərdən daimi komissiyaya təqdim edilənlərin qeydiyyatı aparılaraq və onların nəticələri üzrə görülən tədbirlər haqqında ictimaiyyətə və həmin dövlətlərə məlumat verilir.

17.12. Aviasiya hadisəsi və ya insidentlərinin araşdırılmasının nəticələri üzrə daimi komissiya əldə edilmiş məlumatların təhlili əsasında uçuşların təhlükəsizliyinin artırılmasına dair tövsiyələr hazırlayır. Bu zaman aviasiya nəqliyyat sisteminin fəaliyyətində aşkar edilmiş bütün nöqsanlar, o cümlədən uçuş zamanı xüsusi şəraitin yaranmasına və inkişafına bilavasitə təsir etməyən, lakin uçuşların təhlükəsizliyinə xələl gətirə bilən qüsurlar nəzərə alınmalıdır.

17.13. Uçuşların təhlükəsizliyinin təmin edilməsinə dair tövsiyələr analoji səbəblərdən baş verən digər aviasiya hadisəsi və ya insidentlərinin qarşısının alınması və ya belə hadisələr nəticəsində vurulan ziyanın azaldılması üçün hazırlanır.

17.14. Zəruri tədbirlərin görülməsini təmin etmək məqsədilə uçuşların təhlükəsizliyinə dair hər bir tövsiyə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə görə məsuliyyət daşıyan konkret ünvan sahibinə çatdırılmalıdır.

17.15. Uçuşların təhlükəsizliyi və aviasiya təhlükəsizliyinin təmin edilməsinə dair tövsiyədə təhlükəsizliklə bağlı problemlər göstərilməli və zəruri tədbirlərin görülməsi əsaslandırılmalıdır.

17.16. Tövsiyələr hazırlanarkən əsas diqqət problemin özünə yönəldilir və imkan daxilində həmin problemin həlli yolları göstərilir. Problemin həlli təsvir edilərkən tövsiyənin məqsədlərinə çatma yollarının müəyyən edilməsi üçün ünvan sahibinə kifayət qədər sərbəstlik verilməlidir. Bu, əsas faktların olmadığı və əlavə araşdırma, tədqiqat və yoxlamaların aparılması tələb olunduqda xüsusi əhəmiyyət kəsb edir.

18.1. Daimi komissiya təhlükəsizlik sahəsində faktiki və ya potensial çatışmazlıqlar barədə əldə edilmiş məlumatların səmərəli təhlilinin aparılması və istənilən zəruri preventiv tədbirlərin müəyyən edilməsi məqsədilə aviasiya hadisəsi və ya insidentlərinin məlumat bazasını yaradır və həmin məlumat bazasına daxil edilən məlumatların mühafizəsini təmin edir.

18.2. Azərbaycan Respublikasında aviasiyanın təhlükəsizliyinin ümumi səviyyəsi barədə geniş ictimaiyyətə məlumat vermək məqsədilə daimi komissiya ildə bir dəfə uçuşların təhlükəsizliyinə dair məcmuə dərc edir. Bu məcmuə aviasiya təhlükəsizliyi sahəsində ümumi vəziyyətin sadə və anlaşıqlı şəkildə təhlilini və uçuşların təhlükəsizliyinə dair yüksək risklərin qiymətləndirilməsi nəticələrini özündə əks etdirir.

1. Mühərrikin verilən iş parametrlərinin uçuş zamanı onun dayandırılması zərurətinə gətirib çıxaran dəyişməsi (dəyişməməsi), yaxud xəbərdarlıq siqnalizasiyasının işə düşməsi.

2. Mühərrikin tapşırıqda nəzərdə tutulmamış dayanması (o cümlədən onun nasazlığı barədə səhv siqnalın yaranması nəticəsində dayanması).

3. Mühərrikin, yardımçı yük qurğularının və ya onların aqreqatlarının lokal dağılması, mühərrikin uçuşda işə düşməməsi.

4. Dartı reversinin qoşulmaması, öz-özünə və səhvən qoşulması və ya açılması. Hava vintlərinin dayaqlardan azad edilməməsi.

5. Yanacağın, uçuş istismarı üzrə təlimatda nəzərdə tutulmuş tədbirlərlə aradan qaldırıla bilməyən, ayrı-ayrı çənlərdən işlədilməməsi, onun qeyri-bərabər işlədilməsi və ya çənlər üzrə qeyri-bərabər paylanması. Mühərrikin yanacaqla qidalandırılmasının pozulması. Yanacağın uçuş zamanı axması.

6. Qabaq şassi dayağının təkərlərinin idarəetmə sisteminin sıradan çıxması və ya heyət tərəfindən qoşulmaması;

7. Hidrosistemin hermetikliyinin pozulması. Bir və ya bir neçə hidrosistemdə təzyiqin hermetiklik pozulmadan aşağı düşməsi.

8. Elektrik təchizatı sisteminin bir və ya bir neçə paylayıcı qurğusundan sabit və (və ya) dəyişən cərəyanlı elektriklə qidalanma xüsusiyyətlərinin yolverilməz pozulması. Sabit və ya dəyişən cərəyanla qəza qidalandırmasına keçid.

9. Yolverilməz vibrasiyaların yaranması; “flatter”, “yer rezonansı”, “şimmi” tipli avtotitrəyişlərin yaranması.

10. Hündürlüyə qalxma, aerodrom zonasından çıxış, aşağı düşmə və enişə gediş qaydaları və sxemlərinin pozulması. Verilmiş uçuş hündürlüyünün dispetçerlə razılaşdırmadan dəyişdirilməsi. Hava gəmisi uçduqdan sonra uçuş planı və marşrutunun dəyişdirilməsi.

11. Hava gəmilərinin hava hərəkətinə xidmət orqanlarının sifarişi və icazəsi olmadan yerinə yetirilən uçuşu.

12. Təhlükəsiz uçuş hündürlüyünün, şaquli və ya yan eşelonlanmanın müəyyən olunmuş qaydalarının, Azərbaycan Respublikasının hava yolları hüdudlarından, eləcə də marşrut oxundan yol verilən normadan artıq məsafəyə kənarlaşma, beynəlxalq hava xətlərinin yolları üzrə qalxma, enmə ya uçuş zamanı hava minimumunun pozulması.

13. Uçuş istismarı üzrə təlimatda göstərilmiş məhdudiyyətlərin (sürət, yüklənmə, hücum və əyilmə bucağı üzrə, güc qurğularının iş rejimləri, aparıcı vintin dövrlərinin aşağı düşməsi və s. üzrə) pozulması.

14. Tufan xəbərdarlıqlarının və ya uçuş marşrutu üzrə, qalxma və enmə məntəqələrində uçuş planının dəyişdirilməsini tələb edən hava durumu barədə məlumatların hava gəmisinin bortuna ötürülməsi qaydası və müddətinin pozulması;

15. Yükün öz-özünə atılması və xarici asmanın qırılması.

Siyahıda olan insidentlərin ciddiliyi konkret halda risklərin analizi üsulu ilə insidentin potensial qəzaya doğru inkişafının qarşısının alınması üçün əldə olan imkanların səciyyələndirilməsi nəticəsində təyin edilə bilər.

1. Azərbaycan Respublikasının dövlət sərhədinin (sərhədboyu zolağın) və sərhədboyu zonanın hava məkanından istifadə qaydasına əməl edilməməsi.

2. İşlək vəziyyətdə olan hava gəmisinin yerlə və ya yerdəki obyektlərlə (UEZ-də, yönəldici yollarda, perronda olan insanlar, heyvanlar və ya nəqliyyat vasitələri; yerüstü maneələrlə) toqquşması, yaxud belə təhlükənin mövcudluğu.

3. Uçuş zamanı hava gəmilərinin təhlükəli yaxınlaşması.

4. Toqquşma və ya təhlükəli vəziyyətin qarşısının alınması üçün uzaqlaşma manevrinin yerinə yetirilməsinin tələb olunduğu və ya uzaqlaşmaq tədbirlərinin məqsədəuyğun olduğu təhlükəli yaxınlaşmalar.

5. Aviasiya hadisəsi kimi təsnifləndirilməyən toqquşmalar.

6. Havaya qalxma və enmə zamanı baş verən insidentlər.

7. Hava gəmisinin məcburi eniş etməsi, nəzərdə tutulmayan (bəyan edilməyən) aerodroma (enmə meydançasına) və ya avtomobil yollarına enməsi:

7.1. UEZ-in (enmə meydançasının) hüdudlarından kənarda enmə; kobud enmə;

7.2. hava gəmilərinin hazırlanmamış UEZ-də qəbul edilməsi və yola salınması;

7.3. bağlı və ya tutulmuş UEZ-ə enmə və ya enməyə cəhd;

7.4. natamam uçuş və ya UEZ-in kənarına çıxma;

7.5. bağlı və ya tutulmuş UEZ-dən yerinə yetirilən yarımçıq uçuşlar.

8. Havaya qalxarkən yerdə qaçış zamanı və ya yüksəyə qalxmanın başlanğıc hissəsində tələb olunan xüsusiyyətlərə nail olmanın qeyri-mümkünlüyü.

9. Hava gəmisinin konstruksiyasının və ya turbinli mühərriklərin nəzarətdən çıxmış dağılması da daxil olmaqla mühərrikin dağılması.

10. Hava gəmisi və avtonəqliyyat vasitələrinin UEZ-ə ciddiliyinə görə nəticələri A kateqoriyası üzrə təsniflənə bilən icazəsiz çıxışı.

11. Bilmədən və ya qəza halında tədbir kimi bilərəkdən hava gəmisinin göyərtəsindən kənarda və ya asqıda daşınan yükün atılması.

12. Şassinin dayağının yığılması və ya yığılmış şassi ilə qəza kimi təsniflənməyən eniş.

13. Qanadın ucluğu, mühərrikin örtüyü və ya təyyarənin hər hansı başqa hissəsinin qəza kimi təsniflənməyən yerə sürtünməsi.

14. Bir (iki naviqasiya sistemi mövcud olduqda) və ya bir neçə (üç naviqasiya sistemi mövcud olduqda) naviqasiya sisteminin sıradan çıxması və ya işə düşməməsi. Məkan və ya naviqasiya səmtləşdirilməsinin itirilməsi.

15. Təhlükəli meteoroloji şərait zonasına düşmə. Müəyyən olunmuş uçuş məhdudiyyətlərindən kənaraçıxmalar və ya hava gəmisinin idarə olunmasında çətinlik törədə bilən digər hallar.

16. Hava gəmisində yanğın baş verməsi. Yanğınsöndürmə, həmçinin yanğın, tüstü və ya yüksəlmiş temperatur barədə siqnalizasiya sistemlərinin yanlış işə düşməsi.

17. Hava gəmisinin kabinəsində, sərnişin salonunda, yük və baqaj bölmələrində tüstünün, yanıq, maye buxarları, zəhərli maddələrin iyinin peyda olması (belə yanğınlar odsöndürən vasitələrlə söndürülsə belə).

18. Qəza oksigenindən istifadənin zəruri olduğu şərait.

19. Uçuş zamanı çoxüzvlü hava gəmisinin heyətini iş qabiliyyətini itirməsinə görə qalan heyətə artan iş gərginliyi nəticəsində uçuşların təhlükəsizliyinə ciddi təhdid.

20. Tək pilotlu əməliyyatlarda pilotun iş qabiliyyətini itirməsi (pilotsuz uçuş aparatının operatoru daxil olmaqla).

21. Bir və ya daha artıq bort sisteminin hava gəmisinin istismarına ciddi təsir edən çoxsaylı dayanmaları (mühərrikin dartı qüvvəsinin itirilməsi daxil olmaqla).

22. Pilotun qəza şəraitini elan etməsini zəruri edən yanacaq miqdarı. Təkrar enmənin yerinə yetirilməsi üçün lazım olandan az miqdarda yanacaqla enmə. Sərfiyyat bakında yanacaq qalığının minimal səviyyəyə çatması barədə siqnalizasiyanın işə düşməməsi. Yanacağın sərf və ya miqdarını ölçən sistemin sıradan çıxması nəticəsində hava gəmisinin heyətinin yanacaq sərfini və ya qalığını müəyyən edə bilməməsi.

Qeydlər: Aviasiya insidentinin aviasiya hadisəsinə çevirilməsinin qarşısını almaq üçün az miqdarda və ya heç bir təhlükəsizlik müdafiəsi olmadıqda aviasiya hadisəsi ehtimalı yüksək ola bilər. Qeyd olunanları təyin etmək məqsədilə (aviasiya insidentinin kəskinləşdiyi və aviasiya insidenti ilə potensial aviasiya hadisəsi arasında qalan müdafiə vasitələrinin səmərəliliyinin və reallığa uyğun ssenarisi nəzərə alınmaqla) risk əsaslı təhlil aşağıdakı kimi aparıla bilər:

a) aviasiya insidentinin aviasiya hadisəsinə səbəb ola biləcəyi üçün reallığa uyğun senarinin olub-olmadığının qiymətləndirilməsi;

b) insidentlə aviasiya hadisəsinin arasında qalan digər müdafiə vasitələrinin qiymətləndirilməsi.

Aviasiya insidenti ilə potensial aviasiya hadisəsi arasında qalan müdafiə vasitələri aşağıdakı kimi qiymətləndirilir:

a) səmərəli – bir neçə müdafiə vasitələri qaldığı və eyni zamanda sıradan çıxdığı halda;

b) məhdudiyyətli – az sayda qalan və tamamilə qalmayan müdafiə vasitələri və ya aviasiya hadisəsinin yalnız ehtiyatlılıq səbəbi ilə qarşısı alındığı halda.

Qiymətləndirmə zamanı aviasiya insidenti ilə potensial aviasiya hadisəsi arasında qalan müdafiə vasitələrinin sayı və etibarlılığı nəzərə alınır. Uğursuz olan müdafiə vasitələrinə etinasız yanaşılmamalı və yalnız səmərəli və ya sonradan gələn digər müdafiə vasitələri nəzərə alınmalıdır.

Reallığı təsvir edən ən uyğun ssenari, potensial qəza nəticəsində xəsarət alma və ya zərərin real qiymətləndirilməsinə aiddir.

Müdafiə vasitələrinə uçuş heyəti, onun təlim və prosedurları, hava hərəkətinin idarəsi, qəza xəbərdarlığı siqnalları (hava gəmisinin daxilində və xaricində), hava gəmisinin sistemləri və alternativ imkanların mövcudluğu, hava gəmisi layihəsinin strukturu və aerodrom infrastrukturu daxildir.

1. İlkin bildiriş sadə dildə tərtib olunmalı, bildirişin göndərilməsi məlumatın tam olmaması səbəbindən gecikdirilməməli və aşağıdakı məlumatları özündə ehtiva etməlidir:

1.1. aviasiya hadisələri üçün ACCID abreviaturu, ciddi aviasiya insidentləri üçün isə SINCID, insidentlər üçün INCID abreviaturu;

1.2. hava gəmisinin istehsal ölkəsi, modeli, ölkə mənsubiyyəti və qeydiyyat nişanları, habelə seriya nömrəsi;

1.3. mövcud olduğu halda, hava gəmisinin sahibinin, istismarçısı və icarəçisi haqqında məlumat;

1.4. hava gəmisinin pilotunun ixtisaslaşması, hava gəmisinin heyətinin və sərnişinlərin milliyəti haqqında məlumat;

1.5. hadisə və ya insidentin baş verdiyi tarix və vaxt (yerli vaxt və ya Qrinviç ilə);

1.6. uçuş tarixi və vaxtı da daxil olmaqla hava gəmisinin son uçuş məntəqəsi və nəzərdə tutulan eniş məntəqəsi;

1.7. hava gəmisinin müəyyən qədər asanlıqla təsbit edilən coğrafi nöqtəyə, eləcə də coğrafi enlik və uzunluğa nisbətən mövqeyi;

1.8. hava gəmisinin heyətinin və sərnişinlərin sayı, bortda olanlar, ölənlər və ciddi xəsarət alan şəxslər;

1.9. məlum olduğu qədər, hadisə və ya insidentin təsviri və hava gəmisinin zədələnmə dərəcəsi;

1.10. araşdırmanın hansı miqyasda aparılacağına və ya hadisənin baş verdiyi ölkəyə hansı dərəcədə həvalə olunması təklifinə dair qeyd;

1.11. hadisə və ya insidentin baş verdiyi ərazinin fiziki xüsusiyyətləri, habelə əraziyə giriş çətinliklərinə və giriş üçün xüsusi tələblərə dair qeydlər;

1.12. hadisənin baş verdiyi ölkənin araşdırma üzrə məsul tədqiqatçısı və hadisələri araşdıran səlahiyyətli orqanı ilə istənilən vaxt əlaqə vasitələrinin müəyyənləşdirilməsi;

1.13. hava gəmisinin bortunda təhlükəli yüklərin mövcudluğu və onların təsviri;

1.14. məlum olduqda, aviasiya hadisəsinin və ya insidentinin baş verdiyi yerin, eləcə də hadisə yerinin hündürlüyü və topoqrafiyası haqqında məlumatlar.

2. Bu Qaydaya 3 nömrəli əlavənin 1.8-ci bəndində göstərilən məlumatlarda ilk növbədə hava gəmisində olan şəxslərin (hava gəmisinin heyəti, sərnişinlər) sayı, sonra isə onların aldıqları xəsarətlər bildirilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver