25.1. Aviasiya personalı müvafiq şəhadətnamə, vəsiqə və sertifikatlara malik olmalıdır. Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
25.2. Hava gəmilərinin uçuş və kabinə heyətləri, aeronaviqasiya xidmətlərinin təmin edilməsinə cəlb olunan havada hərəkəti idarəetmə dispetçerləri şəhadətnamə almalı, müvafiq təlim və tibbi yoxlamadan keçməlidirlər. Şəhadətnamələrin verilməsi, o cümlədən müvafiq təlim və tibbi yoxlamadan keçirilmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
25.3. Uçuş və kabinə heyəti vəzifə öhdəliklərinin lazımi şəkildə yerinə yetirilməsinə dair normativ hüquqi aktlarla və vəzifə təlimatları ilə, o cümlədən uçuş heyəti istifadə ediləcək aerodromlar və aeronaviqasiya vasitələri ilə tanış olmadıqda uçuş əməliyyatı həyata keçirə bilməz.
25.4. Hava gəmilərinin istismarçıları uçuş və kabinə heyətlərinin ixtisaslarına uyğun müvafiq təlim və hazırlıq keçmələrini təmin edirlər.
25.5. Mülki hava gəmilərinin istismara buraxılışını təsdiq edən personal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada texniki xidmət üzrə şəhadətnamə almalıdır.
25.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi şəhadətnaməyə, vəsiqəyə və ya sertifikata malik olmayan və ya digər dövlətdə verilən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tanınan analoji sənədə malik olmayan şəxslər mülki aviasiya personalı qismində fəaliyyət göstərə bilməz.
25.7. Digər dövlətin mülki aviasiya sahəsində səlahiyyətli orqanı tərəfindən mülki aviasiya personalına verilmiş şəhadətnamə, vəsiqə və ya sertifikatların tanınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
25.8. Aviasiya personalı peşəyə yararlılığının müəyyən edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən, o cümlədən psixoloji müayinələrdən keçirilir.
25.9. Bu Qanunun 25.1-ci maddəsində müəyyən edilmiş sənədləri almaq istəyən fiziki və hüquqi şəxslər “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəyirlər.
25.10. Xidməti vəzifələrinin həyata keçirilməsi zamanı mülki aviasiya personalı bu Qanunda müəyyən edilmiş sənədləri üzərində daşımalıdır.