31.1. Hava gəmilərini istismar etmək istəyən fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) istismarçı sertifikatı almalıdırlar. İstismarçı sertifikatı hava gəmisi istismarçısının müraciəti əsasında istismar tələblərinə uyğunluğu təsdiq edildikdə verilir.
31.2. Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinə istismarçı sertifikatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Digər dövlətin hava gəmisi istismarçısının istismarçı sertifikatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada tanınır.
31.3. İstismarçı sertifikatının verilməsi və həmin sertifikatda dəyişiklik edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
31.4. Mülki aviasiya sahəsində fəaliyyət göstərən və müvafiq sertifikatı olan istehsalçı, layihə və texniki xidmət təşkilatları yeni və modifikasiya edilmiş hava gəmilərinin prototiplərinin sınaq uçuşlarını, istehsalat şəraitində yoxlamaları və heyətlərin hazırlığını istismarçı sertifikatı almadan yerinə yetirmək hüququna malikdirlər.