48.1. Hava daşımaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılan sərnişin və ya yük daşıma müqavilələri əsasında həyata keçirilir. Hava daşımaları üzrə sərnişin və ya yük daşıma müqavilələrinin rəsmiləşdirilməsi, daşıma sənədlərinin forması və tərtib edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
48.2. Sərnişin daşıması müqaviləsinə görə daşıyıcı sərnişini (sərnişin tərəfindən baqaj daşındığı halda həmçinin baqajını) yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
48.3. Yük daşıması müqaviləsinə görə daşıyıcı yükü, poçt göndərişlərini haqq müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yükgöndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə hava daşımasının dəyərini ödəməyi öhdəsinə götürür.
48.4. Kommersiya hava daşımalarını, sərnişinlərə xidmət göstərilməsini həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar sərnişin, baqaj, yük və poçt göndərişlərinin hava daşımalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun həyata keçirirlər.
48.5. Hava gəmisinin istismarçısı uçuşların təhlükəsizliyinin və ya aviasiya təhlükəsizliyinin məqbul səviyyəsinin təmin edilməsi məqsədilə aviasiya sahəsində müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun olaraq və mülki aviasiyanın fəaliyyətinə mümkün təhdid yarandıqda, sərnişini, baqajı və ya yükü hava gəmisində daşınmaya qəbul etməkdən imtina etmək hüququna malikdir.
48.6. Daşıyıcı bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına zidd olmayan hava daşımaları üzrə daxili qaydaları müəyyənləşdirir.
48.7. Hava daşımaları hava gəmisinin icarəsi yolu ilə həyata keçirilə bilər. Sərnişin, baqaj, yük və ya poçt göndərişlərinin hava daşıması üçün icarəyə verən tərəf tam və ya qismən bir və ya bir neçə reys üçün hava gəmisinin icarəsi haqqında müqavilə üzrə bir və ya bir neçə hava gəmisini icarəçiyə verməyi, icarəçi isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür.