56.1. Azərbaycan Respublikasında uçuşların təhlükəsiz, səmərəli və müntəzəm həyata keçirilməsi üçün hava məkanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən beynəlxalq və ölkədaxili tələblərə uyğun olaraq təşkil edilir, bölgüsü aparılır və nəzarətdə saxlanılır.
56.2. Uçuş əməliyyatları üçün istifadə edilməzdən əvvəl hava məkanının strukturları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada layihələndirilir.
56.3. Uçuş məlumat rayonu elə qaydada bölünür ki, bu, rayonlar tərəfindən xidmət göstərilən bütün hava marşrutlarının strukturunu əhatə etsin.
56.4. Azərbaycan Respublikasının uçuş məlumat rayonu beynəlxalq aeronaviqasiya xidmətləri üzrə Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun olaraq Azərbaycan Respublikasına ötürülmüş və Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən təsdiq edilmiş sərhədlərə malikdir.
56.5. Hava məkanından istifadə və uçuş qaydalarını, habelə çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
56.6. Dövlət aviasiyası üçün uçuş əməliyyatları digər dövlətlər, habelə mülki və eksperimental hava gəmilərinin uçuşları üçün təhlükə yaratmamaq şərtilə həyata keçirilir.
56.7. Hava məkanının mülki hava gəmilərinin hava hərəkətinə nəzarət edilən hissəsində dövlət aviasiyasına mənsub hava gəmiləri uçuşlar həyata keçirərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən ümumi hava hərəkəti qaydalarına riayət edirlər.
56.8. Azərbaycan Respublikasının hava məkanının hüdudlarında hava hərəkətini idarəetmə xidməti göstərilən müəyyən ölçülü hava məkanının təsnifatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qayda ilə tənzimlənir.