Qanunvericilik › “Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 24.12.2012) › Tam mətn

“Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 24.12.2012)

“Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 24.12.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanının 3.1.15-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alIr:

1. “Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 24 dekabr 2012-ci il

1.1. Bu Qaydalar “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanının 3.1.15-ci yarımbəndinə uyğun olaraq hazırlanmışdır.

2.1. Mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi üçün aşağıdakı texniki vasitə və avadanlıqlardan istifadə edilir:

2.1.1. mühafizə çəpərlərindən, girişə avtomatlaşdırılmış nəzarət sistemindən və kodlu kilidlərdən;

2.1.2. baxış üçün xüsusi texniki vasitələrdən (avadanlıqlardan);

2.1.3. perimetr boyunca siqnalizasiyadan, mühafizə siqnalizasiyasından və qapalı videomüşahidə sistemlərindən;

2.1.4. torpaq və ya qumdan hazırlanmış müdafiə sığınacaqlarından.

2.2. Hər bir hava limanı aşağıdakı xüsusi texniki vasitələrlə (avadanlıqlarla) təchiz edilir:

2.2.1. stasionar rentgen avadanlığı - əl yükünün, baqajın və yükün daxili tutumuna monitorun ekranında kölgəli görünüş yaratmaqla təhlükəsizlik baxımından nəzarət olunması üçün;

2.2.2. daşınan rentgen avadanlığı - hava gəmisinin bortunda və hava limanının nəzarət olunan zonalarında tanınmayan predmetlərin, məmulatların, qurğuların açılmadan və yeri dəyişilmədən identifikasiyası üçün;

2.2.3. stasionar (tağlı) metalaxtaran - insanın bədənində və geyimində metal, odlu və soyuq silahların aşkarlanması üçün;

2.2.4. portativ (əl) metalaxtaran - stasionar metalaxtaranlarla qeydə alınmış metal əşyaların aşkar edilməsi məqsədi ilə təkrar baxış üçün, həmçinin stasionar metalaxtaranlar olmayan məntəqələrdə hava gəmisinin bortunda və trapın yanında sərnişinlərə baxış üçün;

2.2.5. bədən və ayaqqabı skaner portalları;

2.2.6. telefon abunəçi nömrəsinin fiksasiya edilməsi üçün aparat - anonim telefon informasiyasının müəllifinin müəyyən edilməsi məqsəd ilə istifadə edilir;

2.2.7. partlayıcı maddələrin (mayelər daxil olmaqla) və qurğuların aşkarlanması üçün qurğu və detektor;

2.2.8. partlayıcı maddələrin buxarını aşkarlayan qurğu və detektor;

2.2.8-1. mayelərin, aerozolların və qazların aşkarlanması üçün qurğular;

2.2.8-2. kompüter tomoqrafiyası – rentgenoloji müayinə üsulu ilə obyektin daxili quruluşunu müəyyənetmə vasitəsi;

2.2.9. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – DMAA) ilə razılaşdırmaqla, digər avadanlıq.

2.3. Xüsusi texniki vasitələr onların ölçü parametrlərinə və istismar şərtlərinə (temperatur, rütubətlilik) cavab verən otaqlarda (baxış məntəqələrində) yerləşdirilir.

2.4. Mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi üçün texniki vasitələrin və avadanlıqların daim işlək vəziyyətdə saxlanılması üçün onların istismarı aviasiya təhlükəsizliyi xidmətinin sertifikatlaşdırılmış personalı tərəfindən həyata keçirilir.

2.5. Texniki vasitələrə və avadanlıqlara texniki xidmət xüsusi texniki bölmələrin sertifikatlaşdırılmış personalı tərəfindən göstərilir.

2.6. Xüsusi texniki vasitələrə keyfiyyətli texniki xidmət göstərilməsi üçün aşağıdakı məlumatlar nəzərə alınmalıdır:

2.6.1. hava limanında quraşdırılmış avadanlıqların siyahısı və onların yerləşdirilməsi;

2.6.2. hər bir avadanlığın texniki göstəriciləri (tipi, seriya nömrəsi, istehsalçısı) və quraşdırılması barədə məlumat (tarixi, avadanlığın quraşdırılmasını təmin edən təşkilatın adı, cavabdeh şəxsin soyadı və s.);

2.6.3. avadanlığın hər bir vahidi üzrə təftiş yoxlamaları barədə məlumatlar;

2.6.4. texniki xidmət göstərilməsinə cavabdeh şəxslər haqqında məlumat;

2.6.5. dövri yoxlamaların proqramına dair müfəssəl məlumatlar;

2.6.6. texniki təmir haqqında məlumat (yararsız, təmir edilmiş, yaxud dəyişdirilmiş ehtiyat hissələri barədə məlumat).

2.7. Aviasiya təhlükəsizliyi nəzarəti üçün rentgen qurğularından, onların radiasiya təhlükəsizliyi üzrə normalara uyğun olduğu halda istifadə edilir.

2.8. Hava limanının və aviamüəssisələrin aviasiya təhlükəsizliyi proqramlarında xüsusi texniki vasitələrə texniki xidmət və onların təmiri üzrə qrafiklər və həmin texniki vasitələrin yoxlanmasının dövriliyi haqqında məlumatlar əks olunur.

2.9. Partlayıcı maddələrin aşkarlanması üçün avadanlıqlara texniki xidmət DMAA tərəfindən müəyyən edilmiş qaydada sınaq nümunələrindən və ya qurğulardan istifadə etməklə, onların işçi göstəricilərinin ölçülməsi yolu ilə həyata keçirilir.

2.10. Təsdiq edilmiş sınaq nümunələrindən istifadə etməklə avadanlıqların dövri yoxlanılması DMAA-nın müəyyən etdiyi qaydada həyata keçirilir.

2.11. Stasionar (tağlı) metalaxtaranların sınaq nəticələri həmin detektorun istifadə edildiyi müddət ərzində hava limanında saxlanılır və DMAA-nın tələbinə əsasən təqdim edilir.

2.12. Hava limanlarının təhlükəsizliyinin təmin edilməsi üçün texniki vasitələr və avadanlıqlarla təchizatı aviasiya təhlükəsizliyi xidmətinin təqdimatı əsasında hava limanları tərəfindən həyata keçirilir.

2.13. Hava limanlarında baxış keçirilməsi və mühafizə üzrə xüsusi texniki vasitələrin istismarı üzrə təlimatlar DMAA tərəfindən təsdiq olunur.

3.1. Alınan sistemlərin istismarı ilə əlaqədar müvafiq işləri həyata keçirən personallara istismar qaydalarının öyrədilməsinə dair qısa kursun keçirilməsi nəzərdə tutulur.

3.2. Baxışdan keçirilməsi nəzərdə tutulmuş sərnişinlərin və predmetlərin, həmçinin onların baqajının emalı üzrə, dəqiqədə adamların sayı ilə, saatda baqaj yerlərinin sayı ilə və s. ifadə edilən yüksək buraxılış qabiliyyətinə malik partlayıcı maddələrin aşkarlanması üçün nəzərdə tutulmuş sistemlər quraşdırılır.

3.3. Aviasiyanın təhlükəsizliyi məqsədləri ilə istifadə olunan sistem hər dəfə sərnişinlərə və obyektlərə baxışa başlamazdan əvvəl, onun beynəlxalq standartlara uyğunluğunun və qurğuların düzgün işləməsinin təmin edilməsi üçün daimi yoxlanılır.

3.4. Aviasiya təhlükəsizliyi məqsədləri üçün istifadə edilən avadanlıqların yoxlanılması bu avadanlıqlarla işləyən və onların düzgün işləməsinə məsuliyyət daşıyan aviasiya təhlükəsizliyi personalı tərəfindən daimi həyata keçirilir.

3.5. Bu yoxlamalar aviasiya təhlükəsizliyi personalı üçün asan başa düşülən olmalıdır və ixtisaslı texniki mütəxəssislər tərəfindən aradan qaldırılması nəzərdə tutulmuş nasazlıqların aşkarlanmasına imkan yaratmalıdır.

3.6. İstənilən hava limanında xüsusi texniki vasitələr sıradan çıxdıqda baxışın fasiləsiz keçirilməsinin təmin edilməsinə dair fəaliyyət planı işlənib hazırlanır və təsdiq edilir.

3.7. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı"nın və "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın həyata keçirilməsinə köməklik məqsədi ilə tətbiq olunması üçün yararlı hesab edilən, tağlı metal detektorlarının bütün modellərinin qəbul-təhvil sınağının və daim yoxlanmasının standart prosedurlarının müəyyən edilməsinə nəzarəti DMAA həyata keçirir.

4.1. Rentgen qurğularından istifadə qüvvədə olan qanunvericiliyə uyğun olaraq tətbiq edilir.

4.2. Operatorların və yaxında olan personalların təhlükəsizliyinin təmin edilməsi üçün ionlaşdırılmış şüalanmanın yol verilən səviyyəsinin müəyyən edilmiş norması dəqiq göstərilir və ona riayət edilməsinə nəzarət edilir.

5.1. Kombinə edilmiş sınaq nümunəsindən (“STP”) istifadə etməklə baxış keçirilməsi məqsədi ilə tətbiq edilən rentgen avadanlıqlarının ümumi yoxlanması, Dövlət Proqramı çərçivəsində daimi əsaslarla tətbiq edilən rentgen avadanlıqlarının işçi xarakteristikasının yoxlanması üçün nəzərdə tutulmuşdur.

5.1-1. Kombinə edilmiş sınaq nümunəsindən istifadə etməklə rentgen avadanlıqlarının ümumi yoxlanılması DMAA-nın müəyyən etdiyi qaydada həyata keçirilir, onların yoxlanılmasının dövriliyi isə hava limanının aviasiya xidmətləri tərəfindən müəyyən edilir.

5.2. Kombinə edilmiş sınaq nümunəsi istismar edilən avadanlıqların görüntülərinin lazımi səviyyədə olmasını və tələb edilən qaydada işləməsinin təmin etdiyini müəyyənləşdirmək üçün gündəlik keçirilən vaxtaşırı dövri sınaq üçün nəzərdə tutulmuş vasitə qismində istifadə edilir.

5.3. Kombinə edilmiş sınaq nümunəsi operator tərəfindən əl yükünə və baqaja baxış üçün istifadə edilən rentgen sistemlərinin xarakteristikasının beynəlxalq standartlara uyğun olub-olmamasını təyin edir.

5.4. Kombinə edilmiş sınaq nümunələrindən istifadə zamanı əldə edilən nəticələr nəzərə alınır və sınağın məlumat cədvəlində qeyd edilir.

5.5. Sınağın nəticələri xüsusi jurnallarda qeyd edilir.

5.6. Hər həftə kombinə edilmiş sınaq nümunələrindən istifadə edilməsinin nəticələri barədə müfəssəl hesabat tərtib edilir.

5.7. Belə prosedurlar rentgen müşahidələrinin görüntüləri haqqında məlumatların qeydiyyat cədvəlinə əlavə edilməsini nəzərdə tutur.

5.8. Kombinə edilmiş sınaq nümunəsindən istifadə edən personal müvafiq hazırlıq keçir.

5.9. Rentgen avadanlıqlarının xarakteristikasının yoxlanması qaydası təhlükəsizliyə nəzarət funksiyalarını həyata keçirən rəhbər heyətin və ya vəziyyətdən asılı olaraq operatorların təkrar hazırlanmasının tərkib hissəsi kimi hazırlığın ilkin mərhələsinə əlavə edilir.

1. 21 yanvar 2019-cu il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 163)

2. 15 iyul 2019-cu il tarixli 311 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2019-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1333)

3. 12 aprel 2021-ci il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 396)

4. 8 may 2021-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2021-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 523)

5. 4 aprel 2022-ci il tarixli 136 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 386)

6. 19 fevral 2025-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral 2025-ci il, “Xalq” qəzeti, 23 fevral 2025-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 187)

7. 7 oktyabr 2025-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 oktyabr 2025-ci il, “Xalq” qəzeti, 9 oktyabr 2025-ci il, № 217, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 10, maddə 972)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver