“Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemindən Azərbaycan Respublikasının istifadəsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 iyul tarixli 126 nömrəli Fərmanının 3.1-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyası
1. “Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemindən (REX) istifadə məqsədilə ixracatçıların qeydiyyata alınması barədə təsdiqedici kodun verilməsi və daxil olan sorğuların cavablandırılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevə tapşırılsın ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemindən (REX) istifadə məqsədilə ixracatçıların qeydiyyata alınması barədə təsdiqedici kodun verilməsi, Ümumiləşdirilmiş Preferensiyalar Sistemi (GSP) daxilində birtərəfli qaydada tarif preferensiyalarının (güzəştlərinin) verilməsi ilə bağlı Avropa İttifaqına üzv olan dövlətlərdən, habelə Norveç Krallığından və İsveçrə Konfederasiyasından daxil olan sorğuların cavablandırılması üzrə icraatın aparılmasını və bu çərçivədə digər işlərin həyata keçirilməsini təmin etsin.
3. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin.
4. İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Zamanovaya tapşırılsın ki, bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 5.5-ci bəndi nəzərə alınmaqla) sonra 72 saat müddətində rəsmi dövri mətbu nəşrdə dərc edilməsi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) informasiya ehtiyatında, eləcə də qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin internet informasiya ehtiyatında yerləşdirilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin.
5. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolu.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2026-cı il 7 aprel tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Bu Qaydalar “Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemindən Azərbaycan Respublikasının istifadəsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 iyul tarixli 126 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanmışdır və Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemindən (bundan sonra – REX Sistemi) istifadə üçün ixracatçıların qeydiyyata alınması barədə təsdiqedici kodun verilməsi və daxil olan sorğuların cavablandırılması qaydalarını müəyyən edir.
1.2. Bu Qaydaların məqsədləri üçün istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. səlahiyyətli orqan – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;
1.2.2. kommersiya sənədi – müqavilə, qaimə-faktura, uyğunluq sertifikatı və qablaşdırma sənədləri.
2.1. İxracatçılar REX sistemində qeydiyyatdan keçmək üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada səlahiyyətli orqana ərizə (əlaqə məlumatları və ixracatçının əsas fəaliyyət sahəsi göstərilməklə) təqdim edirlər.
2.2. Ərizəyə aşağıdakı sənədlər və məlumatlar əlavə edilir:
2.2.1. ərizəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surəti;
2.2.2. ərizə hüquqi şəxsin adından verildikdə dövlət qeydiyyatı haqqında şəhadətnamənin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
2.2.3. fiziki və ya hüquqi şəxs və alıcı arasında bağlanmış müqavilənin surəti (olduğu halda);
2.2.4. qaimə-fakturanın (invoysun) surəti;
2.2.5. ixrac olunan məhsulun ilkin xammalının, yarımfabrikatın yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialların alınmasını təsdiq edən müqavilə və ya başqa təsdiqedici sənədlərin surəti;
2.2.6. ixrac olunan məhsulun ilkin xammalı, yarımfabrikatı, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialları xarici ölkə mənşəli olduğu təqdirdə, emal nəticəsində malın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) üzrə mövqeyində ilk dörd rəqəmdən ən azı birinin səviyyəsində dəyişmənin olması və ya advalor pay qaydası tətbiq olunduğu hallarda istifadə olunmuş materialların dəyərinin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar sənəd (kalkulyasiya);
2.2.7. malın mənşəyini təsdiq edən ekspertiza aktı;
2.2.8. Beynəlxalq Harmonik Sistemə əsasən ixrac olunan malın ilk 4 rəqəmli kodu;
2.2.9. TIN - Beynəlxalq Ticarət Nömrəsi (Azərbaycan Respublikasında tətbiq olunmadığı üçün VÖEN daxil olunmalıdır);
2.2.10. ərizənin tərtib edildiyi tarix və ərizəçinin və ya nümayəndəsinin imzası.
2.3. Ərizəyə əlavə edilməli olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
2.4. Təqdim edilmiş sənədlərdə və ya məlumatlarda səlahiyyətli orqan tərəfindən çatışmazlıqlar və uyğunsuzluqlar aşkar edildikdə bu barədə ərizəçiyə ərizənin təqdim olunduğu tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq məlumat verilir.
2.5. Məlumatda sənədlər və ya məlumatlardakı çatışmazlıqlar və uyğunsuzluqlar konkret göstərilir, aradan qaldırılması üçün 15 (on beş) gün müddət təyin edilir. Bu müddət ərzində çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırılmadıqda ərizə baxılmamış saxlanılır.
2.6. Təqdim edilən sənədlərə əsasən ixrac edilən malların yerli mənşəli olduğu müəyyən edildikdə səlahiyyətli orqan ixracatçının REX sistemində qeydiyyata alınmasına dair “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 30 (otuz) gün müddətində qərar qəbul edir və maksimum 35 simvoldan (AZREX və 30 müxtəlif hərf və rəqəmlərin kombinasiyasından) ibarət olan təkrar olunmayan REX kodu (REX code) təyin edir. Səlahiyyətli orqan tərəfindən qeydiyyatın ləğvi halları istisna olmaqla, REX sistemində ixracatçının qeydiyyatı müddətsizdir. REX sistemində ixracatçının qeydiyyatı ödənişsizdir. Ərizəçinin REX kodu aşağıdakı kimi müəyyən edilir:
- Ərizəçinin REX kodu: AZ REX GÜN AY İL 0000001
REX kodundakı rəqəm və işarələr ardıcıl olaraq aşağıdakıları bildirir:
- AZ - qeydiyyat aldığı ölkənin İSO sistemi üzrə iki hərfdən ibarət kodu (Azərbaycan Respublikası);
- REX - Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sisteminin abreviaturası;
- GÜN AY İL – qeydiyyata alındığı gün, ay, il;
- 0000001 – sıra nömrəsi;
2.7. Səlahiyyətli orqan ixracatçını REX sistemində qeydiyyata aldıqdan sonra 3 (üç) iş günü müddətində REX kodu haqqında məlumatları (qeydiyyat tarixi, qeydiyyat kodu, qüvvəyə minmə tarixi göstərilməklə) ixracatçıya kağız daşıyıcıda təqdim edir və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərir.
2.8. İxracatçı müraciət ərizəsində qeyd etdiyi Beynəlxalq Harmonik Sistem kodu altında olan malları ixrac etmək istədikdə malın mənşə ölkəsinə dair məlumatları özündə əks etdirən mənşə bəyannaməsini hazırlayır və səlahiyyətli orqana təqdim etmədən ixrac edir.
Bəyannamədə aşağıdakı məlumatlar əks olunmalıdır:
- ixracatçının adı və tam ünvanı, malın mənşə ölkəsi, malın idxal olunduğu ölkə, beynəlxalq harmonik sistem üzrə malın kodu, məhsulun/malın təsviri və buraxılış tarixi, malların kifayət qədər emal meyarı, REX kodu.
2.9. Mənşə bəyannaməsi ingilis dilində hər mal partiyası üçün mətni kommersiya sənədinin (çoxsəhifəli olduqda hər bir səhifə nömrələnməklə) üzərində göstərilməklə tərtib edilir.
2.10. İxracatçıların razılığı olduqda müraciət ərizəsində aşağıdakı məlumatlar qeyd olunmaqla Avropa Komissiyasının internet saytında yerləşdirilir:
2.10.1. səlahiyyətli nümayəndə tərəfindən müraciətin imzalandığı şəhər, ölkə;
2.10.2. səlahiyyətli nümayəndənin adı;
2.10.3. səlahiyyətli nümayəndənin vəzifəsi;
2.11. İxracatçının ixrac etdiyi malın invoys dəyəri 6000 (altı min) avro və daha yüksək olduğu halda, REX sistemində qeydiyyatdan keçmək üçün müraciət edə bilər.
3.1. Səlahiyyətli orqana təqdim edilən sənədlərə uyğun olaraq ixrac olunan malların yerli mənşəli olmadığı müəyyən edildikdə, REX sistemində qeydiyyatdan imtina olunur.
3.2. Səlahiyyətli orqan ərizənin qəbul olunduğu tarixdən etibarən bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş müddətdə imtinanın səbəblərini göstərməklə REX sistemində qeydiyyatdan imtina barədə ixracatçıya məlumat verir.
4.1. Aşağıdakı qeydiyyat məlumatlarında dəyişiklik olduqda ixracatçı həmin dəyişiklik barədə məlumatı təsdiqedici sənədlərlə birlikdə müvafiq dəyişikliyin baş verdiyi vaxtdan etibarən 5 (beş) iş günü müddətində səlahiyyətli orqana təqdim etməlidir:
4.1.1. ixracatçı fiziki şəxs olduqda soyadı, adı və ünvanı;
4.1.2. ixracatçı hüquqi şəxs olduqda təşkilati-hüquqi forması, adı və ya hüquqi ünvanı.
4.1.3. poçt ünvanı və ya əlaqə nömrəsi;
4.1.4. fəaliyyət sahəsi;
4.1.5. Beynəlxalq Harmonik Sistemdə mal mövqeyi.
4.2. Məlumatlarda olan dəyişikliklərdə uyğunsuzluqlar və çatışmazlıqlar aşkar olunmadıqda səlahiyyətli orqan 5 (beş) iş günü müddətində REX Sistemində müvafiq dəyişiklikləri edərək ixracatçıya bu barədə bildiriş göndərir.
4.3. Məlumatlarda uyğunsuzluqlar və çatışmazlıqlar aşkar edildikdə səlahiyyətli orqan 5 (beş) iş günü müddətində ixracatçının REX sistemində qeydiyyat məlumatlarının dəyişdirilməsindən imtina edir. İxracatçı qeydiyyat məlumatlarının dəyişdirilməsindən imtina edildiyi vaxtdan etibarən uyğunsuzluqları və çatışmazlıqları aradan qaldıraraq 5 (beş) iş günü müddətində təkrar təqdim etməlidir.
5.1. İxracatçı aşağıdakı vəzifələrə əməl edir:
5.1.1. bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təqdim edilmiş məlumatların düzgün olduğunu bəyan edir;
5.1.2. əvvəlki qeydiyyatın ləğv edilmədiyini təsdiqləyir; və əksinə, hər hansı bir ləğvlə nəticələnən əməliyyatın düzəldildiyini təsdiqləyir;
5.1.3. preferensial rejimə aid olan və müvafiq preferensial müqavilədə həmin mallar üçün müəyyən edilmiş mənşə qaydalarına cavab verən mallar üçün müraciətlər edir;
5.1.4. preferensial rejimə aid olan malların istehsalı/çatdırılması ilə bağlı sənədlərin uçotununun aparılmasını mənşə bəyannaməsinin tərtib olunduğu təqvim ilindən ən azı üç il saxlayır;
5.1.5. ixracatçının REX kodunu aldığı tarixdən qeydiyyat məlumatlarında baş verən dəyişikliklər barədə səlahiyyətli orqana 5 (beş) iş günü müddətində məlumat verir;
5.1.6. səlahiyyətli orqan ilə əməkdaşlıq edir;
5.1.7. mühasibat sənədlərinin yoxlanılması və səlahiyyətli nümayəndə tərəfindən inzibati binalarına ziyarət daxil olmaqla mənşə iddialarının düzgünlüyünə dair hər hansı bir yoxlama aparmağa şərait yaradır;
5.1.8. güzəştli tarif rejiminə daxil olan malların ixrac şərtlərinə uyğun gəlmədiyi təqdirdə sistemdə qeydiyyatının ləğv edilməsi ilə bağlı müraciət edir;
5.1.9. malları güzəştli şərtlərlə ixrac etmək niyyətində olmadığı təqdirdə sistemdə qeydiyyatının ləğv edilməsi ilə bağlı müraciət edir.
5.2. İxracatçı ixrac etdiyi malların mənşə ölkəsi ilə əlaqədar bəyan etdiyi məlumatların həqiqiliyinə görə məsuldur.
5.3. İxracatçı 3 il müddətində ixrac etdiyi mallara dair bütün daşınma və malın mənşəyini təsdiq edən digər sənədləri (istehsal və texnoloji proses, istifadə olunan xammal-materialların və malın yerli mənşəli olmasına dair) saxlamalıdır.
5.4. İxracatçı REX kodundan istifadə etməklə yalnız qeydiyyatdan keçdiyi Beynəlxalq Harmonik Sistem üzrə ilk 4 rəqəmli kod altında olan malları ixrac edə bilər.
6.1. Avropa İttifaqına üzv olan dövlətlərdən, habelə Norveç Krallığı və İsveçrə Konfederasiyası tərəfindən malların mənşəyinin təsdiq olunması ilə bağlı sorğu səlahiyyətli orqana daxil olduqdan sonra sorğuda qeyd olunmuş müddət ərzində, sorğuda müddət əks olunmadığı hallarda isə 6 (altı) ay müddətində cavablandırılmalıdır.
6.2. Səlahiyyətli orqan barəsində sorğu verilmiş ixracatçıdan REX kodu altında ixrac olunan mallara dair bu Qaydaların 2.2-ci bəndində göstərilən sənədlərin və məlumatların 15 gün müddətində təqdim edilməsini tələb edir və həmin sənədlərin düzgünlüyünü yoxlayır.
6.3. Təqdim edilmiş sənədlərdə səlahiyyətli orqan tərəfindən çatışmazlıqlar və uyğunsuzluqlar aşkar edildikdə bu barədə ixracatçıya müvafiq sənədlərin təqdim olunduğu tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq məlumat verilir.
6.4. Məlumatda sənədlərdəki çatışmazlıqlar və uyğunsuzluqlar konkret göstərilir, aradan qaldırılması üçün 15 gün müddət təyin edilir.
6.5. Əgər sənədlər bu Qaydaların 6.2-ci bəndində göstərilmiş müddət ərzində təqdim edilməzsə, sənədlərdəki çatışmazlıqlar və uyğunsuzluqlar bu Qaydaların 6.4-cü bəndində göstərilmiş müddət ərzində aradan qaldırılmazsa və ya sənədlərin düzgün olmadığı aşkarlanarsa, bu zaman ixracatçıya verilən REX kodu səlahiyyətli orqan tərəfindən ləğv olunur və bu haqda müvafiq qeyd aparılaraq ixracatçıya 3 (üç) iş günü müddətində məlumat verilir.
6.6. Səlahiyyətli orqan Avropa İttifaqına üzv olan dövlətlərdən, habelə Norveç Krallığı və İsveçrə Konfederasiyası tərəfindən malların mənşəyinin təsdiq olunması ilə bağlı sorğuda göstərilən məlumatları araşdırmaq məqsədi ilə dövlət orqanlarına sorğular göndərə bilər.
7.1. REX sistemində ixracatçının qeydiyyatı aşağıdakı hallarda ləğv olunur:
7.1.1. ixracatçı tərəfindən müvafiq ərizə təqdim edildikdə;
7.1.2. ixracatçı hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə;
7.1.3. ixracatçı fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;
7.1.4. bu Qaydaların 6.5-ci bəndində nəzərdə tutulmuş halda;
7.1.5. REX sistemində qeydiyyatdan keçmək üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə;
7.1.6. səlahiyyətli orqanın dövlət orqanlarına sorğusu əsasında ixracatçının bu Qaydaların 5.1-ci bəndində nəzərdə tutulmuş öhdəliklərə əməl etmədiyi aşkar edildikdə.
7.2. Səlahiyyətli orqan qeydiyyatın ləğvi barədə bildirişi ləğvetmə tarixini və əsaslandırmasını göstərməklə ləğv edildiyi gündən 3 (üç) iş günündən gec olmayaraq ixracatçıya göndərir.
7.3. Səlahiyyətli orqan ixracatçının ləğv edilmiş REX kodundan digər ixracatçıları qeydiyyata almaq üçün istifadə etməməlidir.
7.4. Qeydiyyatı ləğv edilmiş ixracatçı bu Qaydaların 2-ci hissəsinə uyğun olaraq REX kodunun alınması üçün yenidən müraciət edə bilər. Yenidən müraciət etmiş ixracatçıya yeni REX kodu verilir.
7.5. İxracatçı qeydiyyatın ləğv edilməsi barədə səlahiyyətli orqanın qərarı ilə razılaşmadıqda, həmin qərardan inzibati qaydada və ya məhkəməyə şikayət etmək hüququna malikdir.
Səlahiyyətli orqan REX sistemi ilə əlaqədar sənədlərin surətlərini 3 (üç) il müddətində saxlamalıdır.