27.1. Avtobuslarla sərnişin daşımalarına:
27.1.1. “D” kateqoriyası və “D1” altkateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və “B”, “C” kateqoriyalarına və ya “C1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan);
27.1.1-1. “D1E” altkateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi iki ildən az olmayan);
27.1.2. “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 26-dan az və 65-dən çox olmayan və “D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülər buraxılır.
27.2. Taksi minik avtomobilləri ilə, habelə qeyri-müntəzəm sərnişin daşımalarına “B” və ya “BE” kateqoriyaları kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində, icarəsində və ya istifadəsində olan avtonəqliyyat vasitəsini idarə edən sürücülər buraxılır.
27.3. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar. Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Xüsusi hazırlığın təşkili və keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir.
27.4. Xüsusi hazırlığın nəticələrinə dair daşıyıcılarla və ya sürücülərlə bağlanmış müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılmış qiymətləndirməyə əsasən 7 (yeddi) il müddətində etibarlı olan, forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş sənəd verilir. Qiymətləndirmənin aparılmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.