40.1. Avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron qaydada doldurulan elektron əmtəə-nəqliyyat qaiməsi əsasında həyata keçirilir. Elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş əmtəə təyinatlı yüklər daşınma üçün qəbul edilə bilməz.
40.2. Elektron əmtəə-nəqliyyat qaiməsi Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən olunmuş formada tərtib edilir. Yük daşıma müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa, elektron əmtəə-nəqliyyat qaiməsi yükgöndərən tərəfindən tərtib edilir.
40.3 Elektron əmtəə-nəqliyyat qaiməsində aşağıdakılar göstərilir:
40.3.1. yük alanın ünvanı;
40.3.2. yükün çatdırılma yeri;
40.3.3. yük yerlərinin miqdarı, qabı, tərkibi və brutto çəkisi;
40.3.4. yükün göndərilmə vaxtı və avtonəqliyyat vasitəsinin növü;
40.3.5. yük qiymətli obyekt olduqda – onun dəyəri;
40.3.6. xüsusi təhlükəli və potensial təhlükəli yük olduqda - təhlükənin konkret növü və belə hallarda yerinə yetirilməli ehtiyat tədbirləri;
40.3.7. qaimənin tərtib edildiyi yer və tarix;
40.3.8. yükgöndərənin adı və ünvanı;
40.3.9. daşıyıcının adı və ünvanı;
40.3.10. yükləmənin yeri və tarixi;
40.3.11. yük yerlərinin adı və nömrələri;
40.3.12. daşımanın qiyməti (yük daşınması üçün haqq, əlavə xərclər);
40.3.13. zərurət olduqda, daşımanın şərtləri barəsində yükgöndərənin xüsusi göstərişləri.
40.4. Zəruri hallarda elektron əmtəə-nəqliyyat qaiməsində aşağıdakı məlumatlar göstərilə bilər:
40.4.1. yükün boşaldılıb başqa nəqliyyat vasitələrinə yüklənməsinin qadağan edilməsi;
40.4.2. tərəflərin öz üzərinə götürdükləri və ya bir-birinə verdiyi avansın məbləğləri;
40.4.3. yük alanın daşıyıcıya ödədiyi məbləğ;
40.4.4. yükün dəyəri;
40.4.5. yükün sığortalanmasına dair yükgöndərənin göstərişi;
40.4.6. yükün daşınması üçün şərtləşdirilmiş müddətlər;
40.4.7. daşıyıcıya yüklə birlikdə verilmiş sənədlərin siyahısı.
40.5. Yük daşınması müqaviləsinin tərəfləri zəruri hesab etdikləri digər məlumatları elektron əmtəə-nəqliyyat qaiməsinə daxil edə bilərlər.
40.6. Beynəlxalq avtomobil yük daşımaları yerinə yetirilərkən beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi və ya elektron əmtəə-nəqliyyat qaiməsi tərtib olunur.
40.7. Qeyri-əmtəə təyinatlı yüklərin, o cümlədən torpaq və qar kütləsinin, məişət və digər tullantıların daşınması ölçmə aktı və ya tərəzidə çəkmə aktı ilə rəsmiləşdirilə bilər. Bu cür aktların tərtib edilməsi, habelə qeyri-əmtəə təyinatlı yüklərin qəbul edilməsi və təhvil verilməsi qaydası “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilir.
40.8. Avtomobil nəqliyyatı ilə əhalinin yüklərinin daşınması elektron əmtəə-nəqliyyat qaiməsi və ya sifariş-tapşırıqla rəsmiləşdirilə bilər. Avtomobil nəqliyyatı ilə əhalinin yüklərinin daşınması “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”na əsasən təşkil olunur və yerinə yetirilir.