43.1. Daşıyıcı yükü daşınma üçün qəbul edərkən elektron əmtəə-nəqliyyat qaiməsinin rəsmiləşdirilməsinin düzgünlüyünü, yükün xarici görünüşünü, onun qablaşdırılmasını, yükün sayını və zəruri hallarda onun temperaturunu yoxlamalıdır.
43.2. Sistern və konteynerlərdə yaxud qalaq və füruş şəkildə olan yüklər daşınma üçün qəbul edildikdə, onların ümumi çəkisi müəyyən edilməli və elektron əmtəə-nəqliyyat qaiməsində göstərilməlidir.
43.3. Yükün ümumi çəkisi və yük yerlərinin sayı yükgöndərən və daşıyıcı tərəfindən birlikdə müəyyən edilir və yoxlanılır.
43.4. Müxtəlif növ yüklərin ümumi çəkisinin müəyyən edilməsi qaydası “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilir.
43.5. Sürücü tərəfindən elektron əmtəə-nəqliyyat qaiməsinin imzalanmış nüsxəsi yükgöndərənə verildikdən sonra yük daşınma üçün qəbul edilmiş hesab olunur.
43.6. Elektron əmtəə-nəqliyyat qaiməsinə müvafiq qeydlər edilməmişdirsə, daşınma üçün qəbul edildiyi anda yük və onun qablaşdırılması lazımi vəziyyətdə, yükün ümumi çəkisi, yük yerlərinin sayı və markalanması isə elektron əmtəə-nəqliyyat qaiməsində olan göstəricilərə uyğun olduğu kimi hesab edilir.
43.7. Yük daşınması müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, yükləmə yükgöndərən tərəfindən həyata keçirilir.
43.8. Avtonəqliyyat vasitələrinin yüklənməsi üçün müəyyən edilmiş normalara riayət edilməsi, habelə avtomobil nəqliyyatı ilə daşımaların təhlükəsizliyinin və yükün qorunub saxlanmasının təmin edilməsi məqsədi ilə daşıyıcı yükün düzgün yerləşdirilməsinə və bərkidilməsinə nəzarət etməlidir.
43.9. Daşıyıcının göstərişi ilə yükgöndərən yükün yerləşdirilməsində və bərkidilməsində yol verilmiş pozuntuları aradan qaldırmalıdır.
43.10. Beynəlxalq daşımalar istisna olmaqla, yük daşınması üçün qapalı yük yerləri ilə təchiz edilmiş avtonəqliyyat vasitələri və ya digər nəqliyyat avadanlığı istifadə edildikdə, yükün yükgöndərən tərəfindən plomblanmasına yol verilir. Bu haqda elektron əmtəə-nəqliyyat qaiməsində müvafiq qeyd edilməlidir. Yükün plomblanması qaydası “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilir.
43.11. Avtomobil nəqliyyatı ilə yükün daşınma üçün qəbul edilməsinin digər şərtləri Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir.