9.1. Avtomobil nəqliyyatı sahəsində əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi və digər müvafiq normativ hüquqi aktları ilə tənzimlənir.
9.2. Beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
9.2-1. Sürücü, operator, emalatxana və ya nəzarətçi taxoqraf kartlarının verilməsi və ya yenilənməsi, müvafiq olaraq sürücünün, operatorun, emalatxananın və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla), habelə bu sahədə fəaliyyət göstərən digər fiziki və ya hüquqi şəxslərlə bağlanılmış müqavilə əsasında həyata keçirilir.
9.2-2. Bu Qanunun 57-1-ci maddəsinə uyğun olaraq, operatorlar, taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən xidmət mərkəzlərinin (servis emalatxanalarının) texniki heyət üzvləri, operatorların məsul şəxsləri və sürücüləri, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı taxoqrafdan istifadə, ona xidmət və ya rəqəmsal taxoqraf kartından istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi xüsusi proqram üzrə hazırlıq keçməlidir. Xüsusi proqram üzrə hazırlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təhsil müəssisələri tərəfindən müqavilə əsasında həyata keçirilir.
9.3. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.