Qanunvericilik › “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 24.04.2009) › Tam mətn

“Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 24.04.2009)

“Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 24.04.2009) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. ”Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Reysqabağı və reysdən sonra ümumi istifadədə olan nəqliyyat vasitələri sürücülərinin cari qaydada tibbi müayinədən keçirilməsi Qaydaları”nın və “Reysqabağı ümumi istifadədə olan nəqliyyat vasitələrinin texniki müayinə olunmaları Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 21 avqust tarixli 194 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 732; 2008-ci il, № 2, maddə 116) qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 24 aprel 2009-cu il

1.1. Bu Qayda “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasını müəyyən edir.

1.2. Bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir.

2.1. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının əsas məqsədi onların reysqabağı texniki vəziyyətinin qüvvədə olan təhlükəsizlik və istismar qaydalarının, normativlərinin, standartlarının tələblərinə uyğun olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir.

2.2. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər.

2.3. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

2.4. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir.

2.5. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması zamanı onların tormoz sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları, təkərlər və şinlər, mühərrik və konstruksiyanın digər ünsürləri yoxlanılır.

2.6. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması zamanı aşağıdakı prinsiplərə riayət olunmalıdır:

2.6.1. yoxlamanın avtonəqliyyat vasitəsinin hər hansı bir hissəsini sökmədən və ya çıxarmadan, texniki ölçmə vasitələrindən istifadə etməklə, əsasən vizual şəkildə ixtisaslı mütəxəssis tərəfindən aparılmasına;

2.6.2. istifadə olunan texniki ölçmə vasitələrinin istifadəyə yararlı və müəyyən edilmiş standartlara uyğun olmasına.

2.7. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinin qeydiyyatı forması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilən “Avtonəqliyyat vasitələrinin reysqabağı müayinə jurnalı”nda aparılır.

2.8. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinə əsasən daşıyıcıya və ya avtonəqliyyat vasitələrinin sürücülərinə müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir.

2.9. Arayış yalnız texniki cəhətdən qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən avtonəqliyyat vasitələri üçün verilir.

2.10. Texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə arayış olmadan avtonəqliyyat vasitələri daşımalara buraxılmır.

3.1. Reysqabağı tibbi müayinənin əsas məqsədi reysə çıxmazdan əvvəl sürücülərin sağlamlıq vəziyyətinin tibbi norma və tələblərə müvafiq olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir.

3.2. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin (bundan sonra - sürücülər) reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər.

3.3. Sürücülərin reysqabağı tibbi müayinəsi müvafiq tibb müəssisələri tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

3.4. Müvafiq tibb müəssisələri tərəfindən sürücülərin reysqabağı tibbi müayinəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılır.

3.5. Reysqabağı tibbi müayinə hüquqi və fiziki şəxslər tərəfindən əmək və və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir.

3.6. Reysqabağı tibbi müayinə zamanı sürücülərin anamnezi toplanmalı, bədən temperaturu ölçülməli, nəbzi sayılmalı və nəfəsvermə havasında alkoqolun olmaması təyin edilməlidir.

3.7. Sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi zamanı aşağıdakı prinsiplərə riayət olunmalıdır:

3.7.1. müayinənin ixtisaslı tibb işçiləri tərəfindən müvafiq tibbi avadanlıqlardan istifadə edilməklə aparılmasına;

3.7.2. istifadə olunan tibbi avadanlıqların istifadəyə yararlı və müəyyən olunmuş standartlara uyğun olmasına.

3.8. Sürücülərin reysqabağı tibbi müayinəsinin nəticələrinin qeydiyyatı forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən “Sürücülərin reysqabağı tibbi müayinə jurnalı”nda aparılır.

3.9. Reysqabağı tibbi müayinənin nəticələrinə görə forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən sürücünün reysqabağı tibbi müayinə kitabçasında müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş qeydlər aparılır.

3.10. Sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar.

1. 11 aprel 2017-ci il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 aprel 2017-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 632)

2. 28 sentyabr 2017-ci il tarixli 396 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 sentyabr 2017-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1751)

3. 30 sentyabr 2020-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 oktyabr 2020-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1239)

4. 4 aprel 2022-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 383)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver