Qanunvericilik › “Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 30.03.2015) › Tam mətn

“Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 30.03.2015)

“Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 30.03.2015) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN KOLLEGİYASI

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 17-1.2-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 3.1.1-ci yarımbəndinə və 5.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası

1. “Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. “Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları”nın təsdiq edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2001-ci il 8 noyabr tarixli 18-2 nömrəli qərarı ləğv edilsin.

4. Qərarın icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 mart 2015-ci il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmişdir

Bu qaydalar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən kateqoriyalara aid edilən nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinə malik olan büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda çalışan avtomobil sürücülərinə onların peşəkarlıq səriştəsi və işgüzar keyfiyyətləri nəzərə alınmaqla ixtisas sinfinin verilməsi qaydasını müəyyən edir.

2.1. Avtomobil sürücülərinə peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyətlərindən asılı olaraq 1-ci və 2-ci ixtisas sinfi verilir.

2.2. Avtomobil sürücüsünün peşəkarlıq səriştəsi müvafiq kateqoriyalardan olan nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinə və sürücülük stajına malik olması ilə müəyyən edilir.

2.3. Avtomobil sürücüsünün işgüzar keyfiyyətləri yol hərəkəti qaydalarına riayət etməsi və əmək funksiyasını vicdanla yerinə yetirməsi ilə müəyyənləşdirilir.

2.4. 2-ci ixtisas sinfi 3 il fasiləsiz sürücülük stajına malik olan, son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilməyən, əmək funksiyalarını vicdanla yerinə yetirən və intizam tənbehi olmayan aşağıdakı kateqoriyalara daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə verilir:

2.4.1. “B”, “C”, “D”;

2.5. 1-ci ixtisas sinfi 2 ildən az olmayaraq 2-ci ixtisas sinfində fasiləsiz sürücülük stajına və yaxud 5 ildən az olmayaraq sürücülük stajına malik olan, son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilməyən, əmək funksiyalarını vicdanla yerinə yetirən və intizam tənbehi olmayan aşağıdakı kateqoriyalara daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə verilir;

2.5.1. “BE”, “C”, ”D”;

2.5.2. “B”, “CE”, “D”;

2.5.3. “B”, “C”, “DE”.

2.6. Bu Qaydalarla müəyyən edilən peşəkarlıq səriştəsinə və işgüzar keyfiyyətlərə malik olan avtomobil sürücülərinə ixtisas sinfinin verilməsinə işəgötürən tərəfindən yaradılmış “Sürücülərin ixtisas sinfi üzrə komissiya” (bundan sonra komissiya adlandırılacaq) tərəfindən baxılır. Komissiyanın qərarı komissiya üzvlərinin səs çoxluğu ilə qəbul edilir və işəgötürənin əmri ilə rəsmiləşdirilir.

2.7. Komissiyanın tərkibinə işəgötürənin təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik olan işçilərindən 5 nəfərdən çox olmayaraq tək sayda üzvlər seçilir. İşəgötürəndə həmkarlar ittifaqı təşkilatı mövcud olduqda komissiyanın bir üzvü onun nümayəndəsi olmalıdır. Komissiyanın sədri onun üzvləri tərəfindən səs çoxluğu ilə seçilir.

2.8. İşəgötürən 1-ci və 2-ci ixtisas sinfini almağa namizəd olan sürücüləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi vasitəsilə müəyyənləşdirir və həmin sürücüləri bu barədə məlumatlandırır.

2.9. 1-ci və 2-ci ixtisas sinfini almaq iddiasında olan avtomobil sürücüsü komissiyanın sədrinə ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.9.1. sürücülük vəsiqəsinin surəti;

2.9.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının surəti (iş yerinin əsas və ya əlavə iş yeri olmasından asılı olaraq);

2.9.3. iş yerindən onun işgüzar keyfiyyətləri barədə xasiyyətnamə.

2.10. Komissiya növbəti iş günü sürücünün son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilib-edilməməsi barədə sorğusunu işəgötürəndən gücləndirilmiş elektron imza vasitəsilə imzalamaqla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə (DİN BDYPİ) elektron sənəd vasitəsilə göndərilməsini xahiş edir.

2.11. Komissiya DİN BDYPİ-nin cavabını aldıqdan sonra 5 təqvim günü müddətində sənədləri araşdıraraq müvafiq ixtisas sinfinin verilib-verilməməsi barədə qərar qəbul edir və dərhal qəbul etdiyi qərar barədə işəgötürənə rəsmi məlumat verir.

2.12. İxtisas sinfi verilmiş və ya ixtisas sinfindən məhrum edilmiş sürücülərin əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində müvafiq dəyişikliklər edilərək tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalanır.

2.13. Sürücülərin bu Qaydalarla müəyyən edilmiş 1-ci və ya 2-ci ixtisas sinfi üçün peşəkarlıq səriştəsi və ya işgüzar keyfiyyətləri pisləşdikdə (o cümlədən yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edildikdə) işəgötürən sürücünün müvafiq ixtisas sinfindən məhrum edilməsi üçün komissiyaya rəsmi müraciət edir. Bu halda komissiya 3 təqvim günü müddətində məsələni araşdıraraq müəyyən edilmiş peşəkarlıq səriştəsinin və ya işgüzar keyfiyyətlərin pisləşdiyi halda sürücünün müvafiq ixtisas sinfindən məhrum edilməsi barədə qərar qəbul edir və dərhal işəgötürənə rəsmi məlumat verir.

3.1. 1-ci ixtisas sinfi avtomobil sürücüsünə tarif (vəzifə) maaşının 25%-i, 2-ci ixtisas sinfi avtomobil sürücüsünə isə tarif (vəzifə) maaşının 10%-i miqdarında əlavə haqq ödənilir.

3.2. Yeni iş yerində müvafiq ixtisas sinfinə görə əlavə haqq almaq üçün sürücü bu Qaydaların 2.9-cu bəndində göstərilən qaydada müvafiq sənədləri təqdim etməklə komissiyaya müraciət edir.

3.3. Sürücülərə ixtisas sinfi verildikdə və ya onlar ixtisas sinfindən məhrum edildikdə komissiyanın qərarı və ixtisas sinfinə görə əməkhaqqına əlavənin verilməsi və ya dayandırılması vaxtı işəgötürənin əmri ilə rəsmiləşdirilir və əmrin surəti sürücüyə təqdim edilir.

Bu Qaydalar qüvvəyə minən tarixədək müvafiq ixtisas sinfi almış sürücülər nəqliyyat vasitələrinin kateqoriyalarına qoyulan tələblər baxımından komissiya tərəfindən ixtisas sinfindən məhrum edilə bilməzlər.

1. 17 sentyabr 2019-cu il tarixli 1905000046 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201909170046, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 oktyabr 2019-cu il)

2. 24 yanvar 2025-ci il tarixli 3-17/3-5-3/2025 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202501247353, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 fevral 2025-ci il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver