Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
avtomobil yolu – dövlət standartlarına, yol hərəkəti qaydalarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik sürəti tənzimlənən avtomobil nəqliyyatı vasitələrinin bütün il boyu fasiləsiz, təhlükəsiz və rahat hərəkətini təmin edən konstruksiyalar və mühəndisi qurğular sistemidir;
avtomagistral – “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hərəkət rejiminə malik olan, başlanğıcı və qurtaracağı müvafiq olaraq 5.1 və 5.2 nişanları ilə işarələnən, biri-birindən ayırıcı zolaq və digər konstruktiv elementlərlə ayrılan və fərqli hərəkət istiqamətləri üçün nəzərdə tutulan hərəkət hissələrinə malik, digər yollarla, o cümlədən dəmiryol, tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədə kəsişməsi olmayan, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilən yoldur;
yol fəaliyyəti – yolların yaradılması, inkişafı, saxlanılması və idarə edilməsi məqsədi ilə həyata keçirilən fəaliyyət növlərinin məcmusudur;
avtomobil yollarının yaradılması – müvafiq proqramlar əsasında yol tikintisi məqsədi ilə torpaq sahələrinin ayrılması, elmi tədqiqat, layihə axtarış, tikinti-quraşdırma və yenidənqurma işlərinin aparılmasıdır;
avtomobil yollarının saxlanılması – yolun müvafiq layihəyə uyğun olaraq istifadəçilərin tələblərinə cavab verməsini təmin etmək məqsədi ilə bütün il boyu yola və yol qurğularına xidmət göstərilməsi, onların müayinəsi, yoxlanması və mühafizəsi tədbirlərinin məcmusudur;
avtomobil yollarının təmiri – yol geyiminin, torpaq yatağının və mühəndisi qurğuların gücləndirilməsi və genişləndirilməsi, o cümlədən deformasiyalara və dağılmalara məruz qalmış konstruksiyaların və ya onların ayrı-ayrı hissələrinin bərpası, səmərəli və möhkəm elementlərlə əvəz edilməsi, yol örtüyünün hamarlılığının, ilişmə keyfiyyətlərinin yaxşılaşdırılması ilə bağlı işlər kompleksidir. Yolların təmiri növlərinə görə cari, orta və əsaslı olurlar;
avtomobil yollarının yenidən qurulması – mövcud yolun və yol qurğularının nəqliyyat-istismar göstəricilərinin yüksəldilməsi, yolun bütövlükdə və ya ayrı-ayrı hissələrinin daha yüksək texniki dərəcəyə keçirilməsi məqsədi ilə həndəsi parametrlərin normativ texniki sənədlərin tələblərinə uyğun olaraq dəyişdirilməsi ilə müşayiət olunan işlər kompleksidir;
avtomobil yollarının tikintisi – texniki iqtisadi əsaslandırma və normativ texniki sənədlərin tələblərinə uyğun olaraq iki məntəqə arasında zəlzələyə, digər təbii və texnogen təsirlərə davamlı yeni avtomobil yolunun və yol qurğularının inşasıdır;
avtomobil yolu təsərrüfatı – tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq konkret ərazidə mövcud olan avtomobil yolları şəbəkəsinin, həmçinin onların inkişafı, saxlanılması və əlaqələndirilməsi ilə məşğul olan subyektlərin məcmusudur;
yol təsərrüfatı orqanları – müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və avtomobil yol fəaliyyətinin idarə edilməsi funksiyalarını həyata keçirən bələdiyyələrin orqanlarıdır;
avtomobil yolunun istifadəçiləri – öz ehtiyaclarını ödəmək və ya başqalarına xidmət göstərmək məqsədi ilə avtomobil yolları ilə hərəkət edən nəqliyyat vasitələrinin mülkiyyətçiləri, sürücülər, sərnişinlər və piyadalardır;
yol təsərrüfatının subyektləri – yol fəaliyyətini həyata keçirən və yoldan istifadə edən hüquqi və fiziki şəxslərdir;
avtomobil yolları şəbəkəsi – müəyyən ərazidə sərnişin və yük daşımalarını təmin edən bütün avtomobil yollarının vahid sistemidir;
hərəkəti buraxma qabiliyyəti – yolun və ya onun hər hansı bir hissəsinin vahid vaxt ərzində müəyyən edilmiş sürəti və təhlükəsizliyi təmin etməklə keçirə biləcəyi avtomobil nəqliyyatı vasitələrinin maksimum sayıdır;
hərəkət şiddəti – vahid vaxt ərzində yoldan və ya onun hər hansı bir hissəsindən hər iki istiqamətdə keçən avtomobil nəqliyyatı vasitələrinin sayıdır;
yol qurğuları – yolda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini habelə yoldan istifadə edənlərə xidmət göstərilməsini təmin edən zəruri keçidlər, qurğular, tikililər və avadanlıqlardır;
torpaq yatağı – yol geyiminin konstruktiv laylarının və yolun digər elementlərinin yol zolağında səmərəli və dayanıqlı yerləşdirilməsini təmin edən qrunt tərkibli konstruksiyadır;
yol geyimi – torpaq yatağı üzərində yerləşən və avtomobil nəqliyyatı vasitələrinin yola təsirindən meydana gələn gərginliklərin torpaq yatağına ötürülməsini təmin edən yol örtüyü də daxil olmaqla bir və ya çox laylı möhkəm və dayanıqlı monolit konstruksiyadır;
avtomobil yollarının sahibləri – dövlət avtomobil yollarına münasibətdə müvafiq icra hakimiyyəti orqanı, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya bələdiyyə və özəl avtomobil yollarına münasibətdə müvafiq olaraq bələdiyyələr və mülkiyyətində və (və ya) istifadəsində avtomobil yolları olan hüquqi və fiziki şəxslərdir;
ağırçəkili nəqliyyat vasitəsi – ümumu istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş çəki və ya oxlar üzrə parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir;
iriqabaritli nəqliyyat vasitəsi – ümumu istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir;
təhkim zolağı – avtomobil yolunun yerləşdirilməsi üçün ayrılmış torpaq sahələridir;
qorunma (mühafizə) zolağı – təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir;
yolkənarı xidmət obyektləri – qorunma (mühafizə) zolağında yerləşən, avtomobil yollarından istifadəçilərin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş tikililər və qurğular, o cümlədən sosial, ticarət, ictimai iaşə, nəqliyyat infrastrukturu təyinatlı obyektlərdir;
ödəniş məntəqəsi – ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş əməliyyatının həyata keçirildiyi və buraxılış məntəqələrindən ibarət olan, mühəndis avadanlığının, texniki vasitələrin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikililər və qurğulardır;
buraxılış məntəqəsi – ödənişli avtomagistrallarda nəqliyyat vasitələrinin giriş-çıxışına nəzarət etmək məqsədilə yaradılmış və keçid zolaqlarında quraşdırılmış, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr və qurğularla təchiz edilmiş məntəqədir.