Qanunvericilik › Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Yol təsərrüfatının idarə edilməsi

Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yol təsərrüfatının idarə edilməsi məqsədi ilə bu fəaliyyətin tənzimlənməsinin və həyata keçirilməsinin vahid normativ hüquqi bazası yaradılır. Bu sahədə rəqabət siyasəti aparılır, yolların qeydiyyatı, uçotu və işarələnməsi təmin edilir.

Yol fəaliyyətinin idarə olunması əsas etibarı ilə onun yaradılması, inkişafı və saxlanılmasının planlaşdırılması, maliyyələşdirilməsi və həyata keçirilməsinin optimal və sərfəli variantlarının tapılmasını, həmçinin avtomobil yolları istifadəçiləri üçün münasib şəraitin təmin edilməsini nəzərdə tutur.

Bu qanunla nəzərdə tutulan yol fəaliyyətini tam təmin etmək üçün yol təsərrüfatı sisteminin idarə edilməsi müvafiq icra hakimiyyəti orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən həyata keçirilir.

Yol təsərrüfatının idarə edilməsi məqsədi ilə aşağıdakıların həyata keçirilməsi təmin edilir:

avtomobil yollarının təsnifatının, onların aid edilmə göstəricilərinin müəyyənləşdirilməsi və yolların siyahısının təsdiq edilməsi;

yol təsərrüfatı orqanları sisteminin və onların formalaşması qaydasının müəyyənləşdirilməsi, fəaliyyətinin təşkili;

yol təsərrüfatı orqanlarının fəaliyyətinin ümumi təşkilati prinsiplərinin müəyyənləşdirilməsi, yol fəaliyyətinə dövlət nəzarət sisteminin və onun tənzimlənməsinin formalaşdırılması;

respublika əhəmiyyətli avtomobil yollarının və onların saxlanılması üçün zəruri olan əmlakın, habelə yol fəaliyyəti həyata keçirilərkən istifadə olunan digər əmlakın idarə olunması;

yol hərəkətinin təhlükəsizliyini təmin edən hüquqi əsasların və avtomobil yollarının yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğunluğunu təmin edən vahid qaydaların, standart, texniki norma və digər normativ sənədlərin yaradılması;

yolkənarı xidmət və infrastruktur obyektlərinin sahiblərinə, digər maraqlı şəxslərə, habelə avtomobil yollarının istifadəçilərinə avtomobil yollarında planlaşdırılan yenidənqurma və təmir işləri, həmçinin onların müddətləri barədə məlumat verilməsi;

avtomobil yollarında yük və sərnişinlərin sərbəst daşınmasını təmin etmək məqsədi ilə nəqliyyat kommunikasiyalarının əlaqələndirilməsi və avtomobil yollarından istifadənin ümumi prinsiplərinin müəyyənləşdirilməsi;

avtomobil yollarında istifadə olunan materialların, cihazların və avadanlıqların qanunvericiliklə müəyyən edilmiş qaydada standartlaşdırılmasının və sertifikatlaşdırılmasının təşkil edilməsi;

avtomobil yollarının təkmilləşdirilməsi, yaradılması və inkişafı ilə bağlı dövlət siyasətinin, dövlət proqramlarının və digər proqramların işlənib hazırlanması və yerinə yetirilməsi;

yol təsərrüfatında vahid texniki, maliyyə, kredit və məqsədli investisiya siyasətinin əsaslarının işlənib hazırlanması;

beynəlxalq əməkdaşlığın və əlaqələrin həyata keçirilməsi məqsədi ilə avtomobil yollarının inkişafı və istifadəsi məsələləri üzrə beynəlxalq müqavilələrin bağlanması, beynəlxalq avtomobil yolları şəbəkəsinin formalaşması, Azərbaycan Respublikası yollarında beynəlxalq daşımaların yerinə yetirilmə qaydalarının müəyyənləşdirilməsi.

Ümumi istifadədə olan avtomobil yollarında yaşayış məntəqələrinin və digər obyektlərin yerləşməsi barədə məlumatverici-göstərici, habelə servis nişanları yol təsərrüfatı orqanları tərəfindən yerləşdirilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş lisenziya və icazələrin alınması tələb olunmur.

Bu maddənin 4-cü hissəsinin onuncu abzasında nəzərdə tutulmuş proqramların layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirmə (SEQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası aparılmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver