Qanunvericilik › Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 25

Maddə 25. Avtomobil yollarının vahid dövlət reyestri

Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Avtomobil yollarının vahid dövlət reyestri (bundan sonra – reyestr) mülkiyyət növündən və əhəmiyyətindən asılı olmayaraq, avtomobil yolları haqqında məlumatları əks etdirən dövlət informasiya ehtiyatıdır.

Reyestr avtomobil yollarının qeydiyyatı və uçotu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılır və aparılır.

Reyestr kağız və elektron daşıyıcılarda aparılır. Kağız və elektron daşıyıcılarda olan məlumatlar arasında ziddiyyət olarsa, kağız daşıyıcıdakı məlumatlara üstünlük verilir.

Reyestrə hər bir avtomobil yolu haqqında aşağıdakı məlumatlar daxil edilir:

- avtomobil yolunun mülkiyyətçisi və sahibi;

- avtomobil yolunun adı, indeksi, ünvan reyestri məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nömrə və uzunluğu;

- avtomobil yolunun xəritəsi;

- avtomobil yolunun və onun sahələrinin avtomobil yolları təsnifatına uyğunluğu;

- avtomobil yolunun faktiki vəziyyəti barədə məlumatlar;

- avtomobil yolunun tutduğu torpaq sahəsi, yol örtüyünün növü və vəziyyəti;

- yol nişanlarının dislokasiyası.

Avtomobil yolunun istismara verilməsi və ya avtomobil yolu haqqında bu maddədə göstərilən məlumatlarda dəyişiklik baş verdikdə, avtomobil yolunun sahibi 30 gün müddətində yeni məlumatların reyestrə daxil olunması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.

Dövlət və kommersiya sirri təşkil edən məlumatlar istisna olunmaqla, reyestrə daxil edilmiş məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən reyestrdən çıxarış şəklində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməklə hər bir maraqlı şəxsə verilir.

Reyestrin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver