Yolkənarı xidmət obyektləri avtomobil yolları istifadəçilərinin ehtiyaclarını ödəmək, həmçinin avtomobil nəqliyyatı vasitələrinin hərəkətinə mane olmayan, yol hərəkəti təhlükəsizliyinin digər tələblərini, avtomobil yollarının təhlükəsiz istismarı, saxlanılması və qorunması qaydalarını pozmayan digər fəaliyyət növlərini yerinə yetirmək üçün təşkil edilir.
Yol təsərrüfatı orqanları bu məqsədlə, həmçinin müvafiq istirahət meydanları və xüsusi dayanacaqlar da yarada bilərlər.
Yolkənarı xidmət obyektlərinin qurulması hərəkətin təhlükəsizliyini və yolun saxlanılma şərtlərini pisləşdirməməli, sanitariya-gigiyena və ekoloji tələbləri pozmamalı, qüvvədə olan standartlara və digər texniki normalara müvafiq yerinə yetirilməlidir.
Yolkənarı xidmət obyektlərinin layihələri onların yerləşdiyi yerlərin mülkiyyətçiləri, yol təsərrüfatı orqanları və müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır.
Avtomobil yollarının qorunma (mühafizə) zolağı hüdudları daxilində yolkənarı xidmət obyektləri bu Qanunun 15-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla yerləşdirilir.
Yolkənarı xidmət obyektləri nəqliyyat vasitələrinin saxlanılması üçün parklanma yerləri, duracaq yerləri və dayanacaqlara, həmçinin avtomobil yollarından onlara girişin təmin olunması məqsədilə giriş, çıxış və birləşmə yollarına malik olmalıdırlar.
Yolkənarı xidmət obyektlərinin giriş, çıxış və birləşmə yollarının, keçid-sürət zolaqlarının tikintisi, yenidən qurulması, saxlanılması, habelə onların lazımi sanitar vəziyyətinin təmin olunması həmin obyektlərin sahibləri tərəfindən yerinə yetirilir.
Yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrin yenidən qurulması və təmiri avtomobil yolu sahibinin qeyd edilən işlərin görülməsi üçün verdiyi texniki şərtlər və tələblər əsasında yerinə yetirilir.
Ümumi istifadədə olan avtomobil yollarının mühafizə olunan pullu dayanacaqları, habelə bu maddədə göstərilən məqsədlər üçün avtomobil yollarının sərbəst torpaq sahələri icarəyə verilə bilər.
Keçidlərin, dayanacaqların, nəqliyyat vasitələrinin saxlanması üçün meydançaların, sutəmizləmə qurğularının və yol servisinin digər qurğularının təmiri, qurulması və saxlanılması üçün xərclər həmin obyektlərin mülkiyyətçiləri tərəfindən çəkilir.