AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışın verilməsi üçün müraciətin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə,
1. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışın verilməsi üçün müraciətin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində «Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri»nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.
3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının “ 30” noyabr 2012-ci il tarixli “Q79-001- 12” nömrəli qərarı ilə təsdiq edilmişdir
1.1. Elektron xidmətin adı: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışın verilməsi üçün müraciətin qəbulu.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışın verilməsi üçün müraciətin qəbulu qaydalarını müəyyən edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 17.1.4-cü, 17.4-cü və 58.2-ci maddələri.
1.3.2. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanının 4-cü hissəsi.
1.3.3. «Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi.
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş «Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elekron xidmətlər göstərilməsi Qaydaları» və «Elektron xidmət növlərinin Siyahısı»nın 2.13-cü bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (bundan sonra-DİN BDYPİ).
1.5. Elektron xidmətin digər icraçıları: Bu reqlamentin 1.2-ci bəndində göstərilən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışın verilməsi ilə bağlı elektron xidmətin digər icraçıları yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən
1.7. Elektron xidmətin icra müddəti: 10 gün müddətində
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışın verilməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: İnteraktiv
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsizdir.
2.3. Elektron xidmətin istifadəçiləri: sığortaçı hüquqi şəxslər
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://mia.gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- e-poçt: info@mia.gov.az, info@dyp.gov.az
- telefon: +994 12 590-81-25, +994 12 590-81-35
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
Sığortaçı elektron xidmətin təqdim edildiyi internet səhifəsindən ərizə formasını dolduraraq həmin ünvana göndərir. (Əlavə №1)
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. Elektron xidmət üçün sorğu:
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışın verilməsi üzrə elektron xidmət istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.
3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu.
3.2.1. sorğunun formalaşdırılması: İstifadəçi tərəfindən ərizə forması elektron xidmətin təqdim edildiyi DİN BDYPİ-nin internet ünvanından yüklənərək doldurulur və həmin elektron ünvana göndərilir.
3.2.2. sorğunun qəbulu: sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən ərizə forması natamam və ya yanlış doldurulduqda, sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə istifadəçinin elektron poçtuna dərhal məlumat göndərilir.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin müvafiq sorğu ilə bağlı elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.3.2. sorğunun qəbulu: istifadəçi tərəfindən ərizə forması düzgün doldurulduqda sorğu qəbul olunur.
3.4. Sorğunun icrası:
3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat»a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazidə xidmət aparan DYP qurumuna, o cümlədən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul Xidməti Alayına, Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünə, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinə və yaxud şəhər-rayon polis idarələrinə (şöbələrinə) elektron formada (internet vasitəsi ilə) ünvanlanır.
Sorğunun icrası üzrə yol-nəqliyyat hadisəsinin qeydiyyata alındığı ərazi dövlət yol polisi qurumunun rəhbəri bilavasitə məsuliyyət daşıyır.
3.4.2. Əməliyyatın məzmunu və yerinə yetirilmə müddəti: sorğu yol-nəqliyyat hadisəsinin qeydiyyata alındığı qurumda baxıldığı zaman istifadəçi tərəfindən elektron formada doldurulmuş ərizədə göstərilən məlumatlarda imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların aradan qaldırılması barədə istifadəçiyə elektron poçtla dərhal bildiriş göndərilir.
İstifadəçi tərəfindən təqdim edilən ərizədə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir.
Sorğuya aidiyyəti Dövlət Yol Polisi qurumunda baxılaraq 10 gün müddətində (sorğu qeydiyyata alındığı tarixdən) yol-nəqliyyat hadisəsi ilə bağlı iş üzrə toplanmış materiallar, o cümlədən yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirkar şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, yol-nəqliyyat hadisəsində iştirak etmiş avtomotonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, hadisədə iştirak etmiş şəxsin sürücülük hüququ varsa onun sürücülük vəsiqəsi, yol-nəqliyyat hadisəsi törədərkən sərxoşluq vəziyyətini müəyyən edən səhiyyə müəssisəsinin sənədi əsasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 15 mart tarixli Q-03 nömrəli Qərarı ilə təsdiq edilmiş «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış» tərtib olunur.
3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.4.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Sorğuya aidiyyəti Dövlət Yol Polisi qurumunda baxılaraq «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış» tərtib olunur. Arayışın verilməsinin tarixi, vaxtı və yeri barədə istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.5.1. nəzarət forması: kargüzarlıq;
Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.
3.5.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş « Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat»la müəyyən edilmiş qaydada.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.6.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: yaranan mübahisələrlə bağlı istifadəçi ona elektron xidməti göstərmiş aidiyyəti Dövlət Yol Polisi qurumunun rəhbərinin tabe olduğu yuxarı orqana inzibati qaydada və məhkəməyə şikayət edə bilər;
3.6.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
Şikayət kağız üzərində və elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Daxili İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən poçt ünvanına göndərilməlidir. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı göstərilməlidir.
3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə 15 gün ərzində baxılmalıdır. Əlavə öyrənilməsi və yoxlanılması tələb edilən şikayətlərə isə 30 gün müddətində baxılır.
1. Müraciət etmiş sığorta təşkilatının adı, ünvanı______________________________________
_________________________________________________________________________________
2. Yol-nəqliyyat hadisəsinin növü konkret olaraq göstərilməlidir ________________________
__________________________________________________________________________________
3 Yol-nəqliyyat hadisəsinin tarixi _________il, _______________ay, _______gün, ________saat
4. Yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazinin dəqiq ünvanı __________________________
__________________________________________________________________________________
5. Yol-nəqliyyat hadisəsində iştirak etmiş avtomotonəqliyyat vasitəsinin markası _______________________________, dövlət qeydiyyat nişanı_____________________________
6. Yol-nəqliyyat hadisəsində iştirak etmiş avtomotonəqliyyat vasitəsini idarə edən şəxsin adı, soyadı, atasının adı_____________________________________________________________
Ərizə sığorta təşkilatının rəhbərinin elektron imzası ilə təsdiqlənir.
Sığorta təşkilatının rəhbəri:______________________
1. 07 dekabr 2015-ci il tarixli Q70-001-15 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201512070070, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 dekabr 2015-ci il)
2. 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)
3. 10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)
4. 21 avqust 2018-ci il tarixli Q46-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201808210046, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 avqust 2018-ci il)