“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndini rəhbər tutaraq Kollegiya
1. “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).
3. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.
Azərbaycan Respublikasının
I dərəcəli dövlət ədliyyə müşaviri
1.1. Bu Qaydalar azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətlərin qəbulunu və bununla bağlı həyata keçirilən sənədləşmə prosedurlarını müəyyən edir.
1.2. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasına, “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Moskva Konvensiyasına və bir sıra dövlətlərlə bağlanmış ikitərəfli müqavilələrə (bundan sonra – beynəlxalq müqavilələr) əsasən həyata keçirilir.
1.3. “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” 2000-ci il 12 dekabr tarixli Qanuna və “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında Konvensiya” üzrə səlahiyyətli orqanın təyin edilməsi barədə” ölkə Prezidentinin 2005-ci il 19 aprel tarixli Sərəncamına, habelə beynəlxalq müqavilələrə uyğun olaraq həmin müqavilələrin Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədi ilə səlahiyyətli orqan - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Nazirlik) müəyyən edilmişdir.
1.4. Məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinə dair işlər ilə əlaqədar vətəndaşların qəbulu nazirlik üzrə müəyyən olunmuş qaydaya uyğun olaraq Nazirliyin Penitensiar xidməti (bundan sonra - Penitensiar xidmət) tərəfindən həyata keçirilir.
2.1. Beynəlxalq müqavilələrə uyğun olaraq, məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat məhkumun özünün, yaxın qohumunun, qanuni nümayəndəsinin və ya vəkilinin, habelə hökmü çıxaran dövlətin müraciəti əsasında başlanır.
2.2. Məhkumun verilməsi barədə müraciət yazılı formada tərtib olunur və məhkumun adı, soyadı, atasının adı, doğulduğu yer və tarix, cəza çəkdiyi yerin dəqiq ünvanı, ərizəçi məhkumun yaxın qohumu olduqda qohumluq dərəcəsi barədə məlumatları əks etdirir.
2.3. Müraciətə aşağıdakı sənədlər əlavə edilir:
2.3.1. məhkum barədə qanuni qüvvəyə minmiş hökmün surəti;
2.3.2. Azərbaycan Respublikasının vətəndaşı olan məhkumun pasportunun və ya şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi və ya Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti (bu sənədlər olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
2.3.3. müraciət vəkil tərəfindən edildiyi halda şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi, habelə vəkil qurumunun orderi;
2.3.4. müraciət qanuni nümayəndə tərəfindən edildiyi halda onun şəxsiyyətini və qanuni nümayəndə səlahiyyətlərini təsdiq edən sənədləri.
2.4. Məhkumun müraciəti hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarının vasitəsi ilə edildikdə müraciətdə aşağıdakı hallara dair məlumatlar əksini tapır:
2.4.1. məhkumun adı, soyadı, doğulduğu yer və tarix;
2.4.2. məhkumun vətəndaşlığını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olmasını təsdiq edən sənəd;
2.4.3. məhkumun Azərbaycan Respublikası ərazisindəki yaşayış yeri;
2.4.4. hökmün, iş üzrə yuxarı instansiya məhkəmə orqanlarının mövcud olan qərarlarının, hökmün qanuni qüvvəyə minməsi haqqında sənədlərin surətləri;
2.4.5. şəxsin məhkum olunmasının əsasını təşkil edən cinayət qanunu maddələrinin mətni;
2.4.6. cəzanın müddəti və cəza müddətinin başlanması tarixi, habelə cəzanın çəkilmiş və çəkiləcək hissələri haqqında sənəd;
2.4.7. əgər əlavə cəza təyin edilmişsə, onun icrası barədə sənəd;
2.4.8. məhkumun sağlamlıq vəziyyəti barədə məlumatlar;
2.4.9. verilməsinə razılıq haqqında məhkumun və ya məhkumun yaşını, fiziki və ya psixi vəziyyətini nəzərə alaraq yaxın qohumları və ya məhkum olunmuş şəxsin qanuni nümayəndəsi verilməni zəruri hesab edirlərsə onun yaxın qohumlarının və ya qanuni nümayəndəsinin yazılı ərizəsi;
2.4.10. maddi ziyanın mövcudluğu və onun ödənilməsi qaydası haqqında məlumat;
2.4.11. səlahiyyətli orqanların qarşılıqlı razılığı əsasında digər sənədlərin surətləri də əlavə edilə bilər.
2.5. Məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı müraciət Azərbaycan Respublikası ərazisində məhkumun yaxın qohumu, qanuni nümayəndəsi və ya vəkili tərəfindən edildikdə Penitensiar xidmətə, hökmü çıxaran dövlət tərəfindən edildikdə isə Nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinə (bundan sonra – Baş idarə) ünvanlanır.
2.6. Müraciət onun daxil olduğu vaxtdan ən geci 7 iş günü müddətində yoxlanılır. Müraciətdə bu Qaydaların 2.2, 2.3 və 2.4-cü bəndlərində nəzərdə tutulmuş məlumatların əks olunmadığı müəyyən edildikdə müvafiq sənədlərin və ya məlumatların təqdim olunması üçün aidiyyəti şəxslərə və ya hökmü çıxaran dövlətə müraciət edilir.
3.1. Müraciət bu Qaydaların 2.2 və 2.3-cü bəndlərinə uyğun təqdim edildikdən sonra Penitensiar xidmət Baş idarə vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərir. Sorğu nəticəsində əldə olunmuş sənədlər Baş idarə tərəfindən dərhal Penitensiar xidmətə təqdim olunur.
3.2. Hökmü çıxaran dövlətdən daxil olmuş müraciət bu Qaydaların 2.4-cü bəndinə uyğun təqdim edildikdən dərhal sonra həmin müraciət və ona əlavə edilmiş sənədlər mahiyyəti üzrə baxılması üçün Baş idarə tərəfindən Penitensiar xidmətə göndərilir.
3.3. Penitensiar xidmət hökmü çıxaran dövlətdən daxil olmuş müraciəti və ya sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün aşağıdakı qurumlara göndərir:
3.3.1. məhkumluğu barədə məlumatın alınması, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi (yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına münasibətdə), habelə məhkumun gətirilməsinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə;
3.3.2. şəxsin Azərbaycan Respublikasına qəbul edilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə;
3.3.3. məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə.
3.4. Baş idarə Cəzaların icrasına nəzarət baş idarəsinin təkliflərini nəzərə alaraq sənədlərin müvafiq konvensiyaların tələblərinə uyğunluğuna dair rəyini Penitensiar xidmətə göndərir.
3.5. Müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır.
3.6. Rəy Penitensiar xidmətin əməliyyat-rejim üzrə rəis müavini tərəfindən imzalanır və Nazir müavini - Penitensiar xidmətin rəisi tərəfindən təsdiq edilir.
3.7. Məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi barədə müsbət rəy olduqda zəmanət məktubu hazırlanaraq Baş idarə tərəfindən viza verilir və Nazir müavini - Penitensiar Xidmətin rəisi tərəfindən imzalanır.
3.8. Zəmanət məktubuna aşağıdakı sənədlər əlavə edilir:
3.8.1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini və ya Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş məhkumun Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olmasını təsdiq edən sənəd;
3.8.2. Məhkumun azadlıqdan məhrum edilməsinə əsas olan əməlin cinayət olduğunu göstərən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə Cəzaların İcrası Məcəlləsinin və digər aidiyyəti qanunvericilik aktlarının maddələrinin mətni.
3.9. Baş idarə Penitensiar Xidmət tərəfindən imzalanmış Zəmanət məktubunu aidiyyəti üzrə hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına göndərir.
3.10. Hökmü çıxaran dövlətin məhkumun verilməsi barədə qərarı müsbət olduqda Penitensiar xidmətin razılığına əsasən Baş idarə məhkumun qəbul edilməsini təsdiq edən məlumatı hökmü çıxaran dövlətin səlahiyyətli orqanına göndərir.
3.11. Məhkumun verilmə yeri, vaxtı və qaydası tərəflərin cəzanı icra edən orqanları tərəfindən müəyyənləşdirilir.
3.12. Bu Qaydaların 2.5-ci bəndində göstərilən hallar nəzərə alınmaqla, Penitensiar xidmət və ya Baş idarə tərəfindən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətin nəticəsi barədə maraqlı şəxslərə və ya hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına məlumat verilir.
4.1. Məhkum olunmuş şəxslər cəzanın qalan hissəsinin çəkilməsi üçün qəbul edildikdən sonra Penitensiar xidmət hökmün icrası haqqında qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edir. Məhkəmə çıxarılmış hökmdən çıxış edərək onun icrası haqqında qərar qəbul edir.
4.2. Baş idarə bir ay müddətində hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına hökmün tanınması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını və həmin qərarın icrası barədə məlumatları təqdim edir.
1. 2 aprel 2025-ci il tarixli 4-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202504020004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 aprel 2025-ci il)