Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təmin edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli 258 nömrəli Fərmanının 4.1-ci və 4.2-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən investisiya qoyuluşunun həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 22 iyul 2026-cı il
1.1. Bu Qayda “Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təmin edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli 258 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 545 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin (bundan sonra – Nizamnamə) tələbləri nəzərə alınmaqla “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Fond) tərəfindən sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi üzrə ümumi hüquqi və institusional çərçivəni müəyyən edir.
1.2. Bu Qaydanın tətbiqi Fond tərəfindən Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri çərçivəsində Fondun vəsaiti (o cümlədən qanunvericiliyə uyğun cəlb edilmiş vəsaitlər) hesabına sahibkarlıq subyektlərinin investisiya fəaliyyətinin dəstəklənməsinə yönəlmiş güzəştli kredit mexanizmlərini əhatə edir.
1.3. Sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi üzrə bu Qayda ilə tənzimlənməyən məsələlər Fondun Müşahidə Şurası tərəfindən Nizamnaməyə əsasən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir.
1.4. Güzəştli kredit mexanizmlərinin tətbiqi ilə bağlı Fondun Müşahidə Şurasının daxili normativ sənədləri müvəkkil kredit təşkilatları üçün bu Qayda və Fondla bağlanılan əməkdaşlıq müqavilələrində nəzərdə tutulmuş həcmdə məcburidir.
1.5. Bu Qaydanın məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.5.1. müvəkkil kredit təşkilatı – Müşahidə Şurası tərəfindən müəyyən edilən meyarlara əsasən seçilən və Fondla əməkdaşlıq müqaviləsi bağlayan bank və bank olmayan kredit təşkilatı;
1.5.2. güzəştli kredit mexanizmi – sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə Fond tərəfindən bu Qaydanın və Fondun daxili normativ sənədlərinə uyğun olaraq tətbiq edilən maliyyələşdirmə alətlərinin məcmusu;
1.5.3. güzəştli kredit – güzəştli kredit mexanizmləri çərçivəsində sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən təyinatlı və ünvanlı kredit;
1.5.4. Elektron kredit və zəmanət informasiya sistemi (İnformasiya Sistemi) – Fondun Nizamnaməsinə uyğun olaraq sahibkarlıq subyektlərinə müvəkkil təşkilatlar vasitəsilə təqdim olunan dəstək mexanizmlərinin həyata keçirilməsi ilə bağlı prosedurların elektron qaydada icra olunmasını təmin edən sistemdir.
1.6. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.
2.1. Fond tərəfindən güzəştli kredit mexanizmlərinin tətbiqinin əsas məqsədləri aşağıdakılardır:
2.1.1. sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və təşviqi, o cümlədən maliyyə resurslarına çıxış imkanlarının artırılması;
2.1.2. qeyri-neft-qaz sahələrinin dayanıqlı inkişafının dəstəklənməsi;
2.1.3. iqtisadi fəaliyyət potensialının genişləndirilməsi, əlavə dəyər yaradan fəaliyyətin stimullaşdırılması;
2.1.4. regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi;
2.1.5. məşğulluğun artırılması və dayanıqlı iqtisadi artımın təmin edilməsi;
2.1.6. dövlətin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri çərçivəsində sahibkarlara dəstək göstərilməsi.
2.2. Güzəştli kredit mexanizmlərinin tətbiqi aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
2.2.1. şəffaflıq – qərarların aydın, əsaslandırılmış və əvvəlcədən müəyyən edilmiş açıq mexanizmlər əsasında qəbul edilməsi;
2.2.2. bərabərlik və rəqabətlilik – sahibkarlıq subyektləri üçün qanunvericiliyə uyğun olaraq bərabər imkanların və vahid rəqabət şəraitinin təmin edilməsi, ayrı-seçkiliyə yol verilməməsi;
2.2.3. səmərəlilik və məqsədyönlülük – güzəştli kredit mexanizmlərinin iqtisadi və sosial nəticələr baxımından maksimum fayda yaratmasına yönəldilməsi, vəsaitin dövlət maraqlarına uyğun, məqsədyönlü, səmərəli və məsuliyyətli idarə olunmasının təmin edilməsi;
2.2.4. hesabatlılıq – güzəştli kredit mexanizmlərinin tətbiqinin nəticələri üzrə hesabatlılığın təmin edilməsi;
2.2.5. risklərin idarə olunması – kredit portfeli üzrə maliyyə və qeyri-maliyyə risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması.
3.1. Sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli kredit mexanizmləri vasitəsilə maliyyələşdirilməsi Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri nəzərə alınmaqla, bu Qaydaya və Fondun Müşahidə Şurası tərəfindən təsdiq edilən daxili normativ sənədlərə uyğun olaraq həyata keçirilir.
3.2. Güzəştli kredit mexanizmlərinin tətbiqi Fond tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə təmin edilir.
3.3. Güzəştli kredit mexanizmlərinin tətbiqində iştirak edən müvəkkil kredit təşkilatları bu Qayda ilə müəyyən edilmiş tələbləri rəhbər tutaraq həmin tələblərin öz daxili prosedurlarında və müqavilə münasibətlərində tətbiqini təmin edirlər.
3.4. Güzəştli kredit mexanizmlərinin tətbiqi Fondun vəsaiti (o cümlədən qanunvericiliyə uyğun cəlb edilmiş vəsaitlər) hesabına həyata keçirilir.
3.5. Güzəştli kredit müvəkkil kredit təşkilatları tərəfindən öz adından və öz riskləri hesabına tətbiq edilir.
3.6. Güzəştli kredit mexanizmlərinin tətbiqi üzrə müraciətlərin qəbulu, baxılması, cavablandırılması və qərarların qəbul edilməsi prosedurları İnformasiya Sistemi vasitəsilə də həyata keçirilə bilər.
3.7. Müvəkkil kredit təşkilatının lisenziyasının ləğv edilməsi və bununla əlaqədar ləğvetmə proseduruna başlanılması halında, Fondun İdarə Heyəti sədrinin müraciəti əsasında ləğvediciyə nəzarəti həyata keçirən məhkəmə orqanı, digər müvəkkil kredit təşkilatının razılığı olduqda, Fondun güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilən kredit portfelinin hamısının və ya bir hissəsinin ləğvetməyə məruz qalmış müvəkkil kredit təşkilatından həmin digər müvəkkil kredit təşkilatına köçürülməsi barədə qərar qəbul edə bilər. Bu halda ləğvedici tərəfindən həmin kreditlər üzrə hesablanmış faiz və cərimələrin silinməsi həyata keçirilir və kreditlərin təminatı kimi müvəkkil kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqlar müvafiq qaydada yeni müvəkkil kredit təşkilatına ötürülür.
4.1. Güzəştli kredit mexanizmlərinin tətbiqi çərçivəsində sahibkarlıq subyektinin öhdəlikləri onunla müvəkkil kredit təşkilatı arasında bağlanılmış mülki-hüquqi müqavilənin şərtlərinə, müvəkkil kredit təşkilatının Fondun qarşısında öhdəlikləri isə onunla Fond arasında bağlanılmış əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun və bu Qayda ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla icra edilir.
4.2. Müvəkkil kredit təşkilatı ilə Fond arasında bağlanılan əməkdaşlıq müqaviləsinin nümunəvi forması Müşahidə Şurasının qərarı ilə təsdiq edilir. Fond qarşısında yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə Fondun tələbi əsasında müvafiq məbləğin müvəkkil kredit təşkilatının Azərbaycan Respublikasının Mərkəzi Bankındakı müxbir hesabından Mərkəzi Bankın razılığı əsasında silinməsi barədə Mərkəzi Banka yazılı sərəncam verilməsi öhdəliyi Fondla müvəkkil kredit təşkilatı arasında bağlanılan müqavilədə nəzərdə tutula bilər. Həmin sərəncam müvafiq müqavilə üzrə öhdəliklər tam yerinə yetirilənədək qüvvədə qalır.
4.3. Müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəlikləri sahibkarlıq subyektlərinin kredit müqavilələri üzrə öhdəliklərinin icra vəziyyətindən asılı olmayaraq müəyyən edilir və icra olunur. Tətbiq edilmiş güzəştli kredit mexanizmi çərçivəsində sahibkarlıq subyekti tərəfindən öhdəliklərinin icra etməməsi və ya vaxtında icra etməməsi müvəkkil kredit təşkilatını Fond qarşısındakı öhdəliklərindən azad etmir və müvəkkil kredit təşkilatı həmin öhdəliklərə görə müstəqil məsuliyyət daşıyır.
4.4. Müvəkkil kredit təşkilatları tərəfindən sahibkarlıq subyektlərindən daxil olan əsas borc və faiz ödənişləri üzrə Fondun payına düşən vəsaitlər, hər ay üzrə növbəti ayın 3 (üç) iş günü müddətində Fondun hesabına köçürülür. Bu müddətin pozulmasına görə müvəkkil kredit təşkilatı gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində, lakin 120 (yüz iyirmi) gündən çox olmamaq şərtilə cərimə ödəyir. Bu bənddə nəzərdə tutulan köçürmə qaydası müvəkkil kredit təşkilatının bu Qaydanın 4.3-cü bəndi ilə müəyyən edilmiş Fond qarşısında öhdəliklərini məhdudlaşdırmır.
4.5. Tətbiq edilmiş güzəştli kredit mexanizmi üzrə öhdəliklər sahibkarlıq subyekti tərəfindən vaxtından əvvəl icra edildikdə, müvəkkil kredit təşkilatı həmin vəsaiti 3 (üç) iş günündən gec olmayaraq Fondun hesabına köçürür və bu barədə Fonda məlumat verir.
4.6. Güzəştli kredit mexanizmləri üzrə vəsaitlərin geri qaytarılması, habelə ödənişlərin uçotu və uzlaşdırılması Fondun və müvəkkil kredit təşkilatlarının qarşılıqlı münasibətlərini tənzimləyən müqavilələrlə və Fondun Müşahidə Şurası tərəfindən təsdiq edilən daxili normativ sənədlərlə müəyyən edilir.
4.7. Fond sahibkarlıq subyektlərinin əsas borcu və faizləri müvəkkil kredit təşkilatına ödəməsi tarixi ilə müvəkkil kredit təşkilatı tərəfindən Fonda köçürülməsi tarixinin üzləşməsini apara və ya bunun üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edə bilər. Belə müraciət daxil olduqda Azərbaycan Respublikasının Mərkəzi Bankı yoxlama zamanı müvəkkil kredit təşkilatı tərəfindən köçürmələrdə uyğunsuzluq aşkar edərsə, bu barədə Fonda məlumat verir.
5.1. Bu Qayda ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla güzəştli kredit mexanizmlərinin tətbiqi çərçivəsində vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət məqsədilə müvəkkil kredit təşkilatları tərəfindən monitorinqlər həyata keçirilir və bu barədə Fonda hesabat verilir. Hesabatın strukturunu və formasını Fond müəyyən edir.
5.2. Müvəkkil kredit təşkilatları monitorinqləri Fond tərəfindən təsdiq edilmiş standart forma əsasında həyata keçirir. Monitorinq kredit vəsaiti verilməmişdən öncə və verildikdən sonra ilk 6 (altı) ay ərzində ən azı bir dəfə yerində aparılmalı, sonrakı dövrlərdə isə kreditin qüvvədə olduğu müddət ərzində Fondun tələbi ilə, lakin ən azı ildə bir dəfə həyata keçirilməlidir.
5.3. Fond güzəştli kredit mexanizmləri çərçivəsində maliyyələşdirilən sahibkarlıq subyektlərində vəsaitin təyinatı üzrə istifadəsi ilə bağlı müstəqil monitorinqlər apara bilər.
5.4. Monitorinq zamanı vəsaitdən təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə sahibkarlıq subyektinin kredit üzrə öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində (Fond tərəfindən bildiriş göndərildiyi gündən) vəsaiti və ona hesablanmış faiz borcunu Fondun hesabına köçürməlidir.
5.5. Bu Qaydanın 5.4-cü bəndində nəzərdə tutulan vəsaitin müəyyən edilmiş 10 (on) iş günü müddətində Fondun hesabına köçürülməməsi hallarında, müvəkkil kredit təşkilatına münasibətdə Fondla bağlanılmış əməkdaşlıq müqaviləsində nəzərdə tutulmuş cərimə və (və ya) digər məsuliyyət tədbirləri tətbiq olunur. Həmin vəsaitin 30 (otuz) iş günü müddətində də Fondun hesabına köçürülməməsi hallarında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlər görülür.
1.1. Bu Qayda “Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təmin edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli 258 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 545 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin (bundan sonra – Nizamnamə) tələbləri nəzərə alınmaqla “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Fond) investisiya qoyuluşunun məqsədini, formasını, prinsiplərini, habelə ümumi çərçivəsini müəyyən edir.
1.2. Fondun investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı bu Qayda ilə tənzimlənməyən məsələlər Fondun Müşahidə Şurası tərəfindən Nizamnaməyə əsasən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir.
1.3. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2.1. Fondun investisiya qoyuluşunun məqsədləri aşağıdakılardır:
2.1.1. ölkə iqtisadiyyatının qeyri-neft-qaz sahələrinin inkişafını təmin edən ölkə daxilində, yaxud xaricdə həyata keçirilən investisiya layihələrinə investisiya qoyuluşunun həyata keçirilməsi;
2.1.2. ölkə iqtisadiyyatında əlavə dəyərin yaradılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, dayanıqlı inkişafın təmin edilməsi və iqtisadi resurslardan səmərəli istifadə olunması;
2.1.3. investisiya obyektlərinin institusional inkişafına, korporativ idarəetmənin və maliyyə dayanıqlılığının gücləndirilməsinə töhfə verməklə iqtisadi cəlbediciliyinin təmin edilməsi;
2.1.4. investisiya mühitinin yaxşılaşdırılması və bazar əsaslı investisiya mexanizmlərinin formalaşmasına dəstək göstərilməsi;
2.1.5. özəl sektorun, o cümlədən yerli və xarici investorların investisiya layihələrinə cəlb edilməsinin təşviq edilməsi.
2.2. Fond tərəfindən investisiya qoyuluşu aşağıdakı formalarda həyata keçirilir:
2.2.1. hüquqi şəxslərin yaradılması və yenidən təşkili;
2.2.2. hüquqi şəxslərdə iştirak paylarının (səhmlərinin) əldə edilməsi;
2.2.3. investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin bağlanılması;
2.2.4. əmlakın, o cümlədən əmlak hüquqlarının və pul dəyəri olan digər hüquqların əldə edilməsi;
2.2.5. qiymətli kağızlara və digər maliyyə alətlərinə investisiya qoyuluşunun həyata keçirilməsi;
2.2.6. investisiya fəaliyyəti sahəsində Azərbaycan Respublikasının qanunvericiliyində qadağan olunmayan digər formalar.
3.1. Fondun vəsaiti hesabına investisiya qoyuluşu aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
3.1.1. şəffaflıq – investisiya qoyuluşu prosesində qərarların qəbulu, maliyyələşmənin mərhələliliyi, monitorinq və hesabatlılıq mexanizmləri aşkarlıq şəraitində həyata keçirilir;
3.1.2. məqsədyönlülük və dövlət prioritetlərinə uyğunluq – investisiya qoyuluşu dövlətin iqtisadi inkişaf prioritetləri nəzərə alınmaqla investisiyanın iqtisadi əsaslandırılması risk-gəlir balansı, qoyulmuş vəsaitin qorunması, investisiya məqsədlərinə nail olunması və səmərəliliyi şərtilə həyata keçirilir;
3.1.3. qanunauyğunluq – Fondun vəsaiti hesabına investisiya qoyuluşu Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin aktlarına, Fondun Nizamnaməsinə və bu Qaydaya uyğun olaraq həyata keçirilir;
3.1.4. risklərin idarə olunması – investisiya qoyuluşu zamanı yaranan maliyyə, hüquqi, əməliyyat və digər risklərin vaxtında müəyyən edilməsi və idarə olunması Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilən risk siyasəti çərçivəsində həyata keçirilir;
3.1.5. bazar şərtlərinə uyğunluq və özəl kapitalın cəlb edilməsi – investisiya qoyuluşu bazar şərtləri əsasında və özəl investorların iştirakını təşviq edən mexanizmlərlə həyata keçirilir.
4.1. İnvestisiya qoyuluşu haqqında qərar Fondun İdarə Heyətinin təqdimatı əsasında Müşahidə Şurası tərəfindən qəbul edilir.
4.2. İnvestisiya qoyuluşu haqqında qərarın qəbul edilməsi investisiya təşəbbüsünün irəli sürülməsi, investisiya layihəsinin maliyyə-iqtisadi əsaslandırılması, risklərinin qiymətləndirilməsi və Fondun investisiya strategiyasına uyğunluğunun müəyyən edilməsi mərhələlərini əhatə edən prosedurlar əsasında həyata keçirilir. Həmin prosedurlar Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilir.
4.3. Fonda daxil olan müraciətlər və ya Fondun təşəbbüsü ilə müəyyən edilmiş investisiya layihələri mərhələli qaydada qiymətləndirilir. İlkin mərhələdə investisiya təklifi Fondun investisiya məqsədlərinə və prinsiplərinə uyğunluğu, habelə hüquqi və institusional baxımdan əsas tələblərə cavab verməsi baxımından ümumi şəkildə nəzərdən keçirilir. İlkin qiymətləndirmə nəticəsində investisiya təşəbbüsü Fond üçün məqsədəuyğun hesab edildikdə, layihə üzrə ətraflı qiymətləndirmə həyata keçirilir. Bu mərhələdə investisiya layihəsinin iqtisadi, maliyyə, hüquqi, kommersiya və zəruri hallarda texniki aspektləri, habelə riskləri və gözlənilən nəticələri kompleks şəkildə təhlil olunur. İlkin və ya ətraflı qiymətləndirmənin aparılması investisiya qoyuluşu barədə müsbət qərarın qəbul edilməsi öhdəliyini yaratmır.
4.4. Qiymətləndirmə nəticəsində layihə məqsədəuyğun hesab edildikdə investisiya qoyuluşu haqqında qərarın qəbul edilməsi üçün tələb olunan məlumatlar İdarə Heyəti tərəfindən Müşahidə Şurasına təqdim olunur.
4.5. Layihənin xüsusiyyətlərindən asılı olaraq Müşahidə Şurası əlavə məlumatların təqdim edilməsini tələb edə bilər.
4.6. Layihə bu Qaydaya və Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilən şərtlərə uyğun gəlmədikdə, tələb olunan sənədlər təqdim edilmədikdə və ya qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda investisiya qoyuluşunun həyata keçirilməsindən imtina edilə bilər.
4.7. İnvestisiya qoyuluşu haqqında Müşahidə Şurasının qərarında investisiya qoyuluşunun forması, əsas şərtləri, müddəti və məbləği qeyd olunmalıdır.
5.1. İnvestisiya risklərinin minimallaşdırılması məqsədilə Fond öz investisiya portfelinin sahələr və investisiya obyektləri üzrə diversifikasiyasını risk-gəlir balansı nəzərə alınmaqla və Müşahidə Şurası tərəfindən müəyyən edilmiş investisiya siyasətinə uyğun olaraq təmin edir.
5.2. Fond tərəfindən investisiya qoyuluşu həyata keçirilərkən aşağıdakılara riayət olunur:
5.2.1. Fond investisiya obyektinin nizamnamə kapitalında üstün iştirak payına (50 faizdən artıq iştirak payına sahiblik) malik olmur;
5.2.2. Fondun ayrı-ayrı investisiya obyektlərinə və ya əlaqəli investisiya layihələrinə yönəltdiyi investisiya vəsaitlərinin ümumi həcmi Fondun aktivlərinin 10 faizdən çox olmamalıdır;
5.2.3. Fondun investisiya layihələrində iştirakı bir qayda olaraq 10 (on) ilədək müddətə müəyyən edilir. Bununla belə investisiya layihəsinin və aid olduğu sektorun xüsusiyyətləri, Fondun investisiya məqsədləri, habelə Fondun daha uzunmüddətli iştirakını zəruri edən digər hallar nəzərə alınmaqla, Müşahidə Şurasının qərarı əsasında həmin müddət 20 (iyirmi) ilədək müəyyən edilə bilər.
5.3. Bu Qaydanın 5.2-ci bəndi ilə müəyyən edilmiş şərtlərdən istisnalar yalnız Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 fevral tarixli 2462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri” üzrə və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər hallarda həyata keçirilən layihələrə münasibətdə Müşahidə Şurasının qərarı əsasında tətbiq edilə bilər.
6.1. Fond tərəfindən həyata keçirilən investisiya qoyuluşları üzrə investisiya obyektlərinin fəaliyyəti və investisiya layihələrinin icrası, investisiya qoyuluşunun məqsədlərinə, bu Qayda ilə müəyyən edilmiş prinsiplərə və Fondun investisiya strategiyasına uyğunluğunun təmin edilməsi məqsədilə sistemli şəkildə monitorinq edilir.
6.2. Monitorinqin nəticələri investisiya qoyuluşlarının effektivliyinin artırılması, risklərin vaxtında müəyyən edilməsi və investisiya strategiyasının zərurət olduqda yenidən nəzərdən keçirilməsi üçün əsas kimi istifadə olunur.
6.3. Fond investisiya qoyuluşuna tam və ya qismən xitam verilməsini investisiya qoyuluşu üzrə bağlanılmış müqavilələrin şərtlərinə, bu Qaydaya, Azərbaycan Respublikasının qanunvericiliyinə və Müşahidə Şurası tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirir.
6.4. İnvestisiya qoyuluşuna xitam verilməsi barədə qərar qəbul edilərkən investisiya qoyuluşunun nəticələri, maliyyə və hüquqi risklər, Fondun investisiya maraqları, habelə dövlətin iqtisadi siyasətinin məqsədləri nəzərə alınır.
6.5. İnvestisiya qoyuluşunun zərərlə nəticələnməsi hallarında investisiya layihəsinin xüsusiyyətləri və zərərin xarakteri nəzərə alınmaqla aşağıdakı tədbirlər görülür:
6.5.1. zərərin əsas səbəblərinin təhlil olunması və qiymətləndirilməsi;
6.5.2. investisiyanın restrukturizasiyası, əlavə dəstək mexanizmlərinin tətbiqi və ya çıxış strategiyasının hazırlanması;
6.5.3. bağlanmış müqavilələr və təminatlar əsasında hüquqi tədbirlərin görülməsi;
6.5.4. risklərə dair məlumatların ümumiləşdirilməsi və Müşahidə Şurasına təqdim olunması;
6.5.5. gələcək investisiya siyasətində nəzərə alınmaqla sistemli düzəlişlərin həyata keçirilməsi;
6.5.6. Müşahidə Şurası tərəfindən müəyyən edilmiş digər tədbirlər.
6.6. Fond tərəfindən həyata keçirilmiş investisiya qoyuluşlarından çıxış, investisiya layihəsinin xüsusiyyətləri nəzərə alınmaqla aşağıdakı əsas prinsiplər və mexanizmlər əsasında həyata keçirilir:
6.6.1. Fond investisiya qoyuluşu üzrə çıxış strategiyasını əvvəlcədən müəyyən edir və bu strategiyanın müvafiq müqavilələrdə əks etdirilməsini təmin edir;
6.6.2. çıxış bir qayda olaraq investisiya üzrə minimum iştirak müddəti başa çatdıqdan və (və ya) əvvəlcədən müəyyən edilmiş maliyyə və ya strateji göstəricilərə nail olunduqdan sonra həyata keçirilir;
6.6.3. Fondun iştirak paylarının özgəninkiləşdirilməsi mövcud iştirakçılara, onların əlaqəli şəxslərinə, üçüncü şəxslərə və ya investisiya obyektinin özünə satılması yolu ilə həyata keçirilə bilər;
6.6.4. çıxış zamanı Fondun investisiyasının dəyəri və gəlirliliyi, o cümlədən investisiyanın geri qaytarılması şərtləri müvafiq müqavilələrdə nəzərdə tutulmuş mexanizmlər əsasında müəyyən edilir;
6.6.5. çıxış zamanı Fond tərəfindən təqdim edilmiş borc vəsaitlərinin və onlara hesablanmış gəlirlərin qaytarılması təmin edilir;
6.6.6. çıxışın həyata keçirilməsi ilə bağlı digər şərtlər Müşahidə Şurasının qərarı və müvafiq müqavilələr əsasında müəyyən edilir.