Qanunvericilik › Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1 Azərbaycan folkloru nümunələri (bundan sonra - folklor nümunələri) - Azərbaycan xalqı, onun ayrı-ayrı fərdləri tərəfindən yaradılan və qorunub saxlanılan, Azərbaycan xalqının ənənəvi-bədii dəyərlərini, dünyagörüşünü, ümid və arzularını, bədii irsin xarakterik xüsusiyyətlərini özündə əks etdirən, şifahi şəkildə yaradılan söz sənəti nümunələri, xalq musiqisi, oyunları və rəqsləri, xalq sənətkarlığı və tətbiqi sənət nümunələri (maddi formada olanlar və olmayanlar), eləcə də digər xalq yaradıcılığı nümunələri;

1.0.2. folklor nümunələrinin hüquqi qorunması -folklor nümunələrinin hər hansı qeyri-qanuni istifadədən və onlara zərər vuran digər hərəkətlərdən qorunması;

1.0.3. folklor nümunələrindən qeyri-qanuni istifadə folklor nümunələrindən istifadəyə dair bu Qanunla müəyyən edilən tələblərin pozulması;

1.0.4. folklor nümunələrinə zərər vuran hərəkətlər - folklor nümunələrindən bu Qanunla müəyyən edilən istifadə hallarında onun mənbəyinin, həmçinin yarandığı yerin coğrafi adının və (və ya) mənsub olduğu xalqın (cəmiyyətin) adının dəqiq göstərilməməsi;

1.0.5. folklor nümunələrindən ənənəvi istifadə -təbii mahiyyət, məzmun və forma xüsusiyyətləri saxlanılmaqla folklor nümunələrindən cəmiyyətin uzunmüddətli təcrübəsinə əsaslanan istifadə;

1.0.6. folklor nümunələrindən adi istifadə - folklor nümunələrindən cəmiyyətin gündəlik tələbat və ehtiyaclarına uyğun istifadə;

1.0.7. folklor nümunələrindən ənənəvi və adi olmayan istifadə - folklor nümunələrinin təbii mahiyyət, məzmun və ya məqsəd, təyinat və bədii formasının dəyişdirilməsi ilə istifadə;

1.0.8. folklor nümunələrindən kommersiya məqsədi ilə istifadə - gəlir götürmək məqsədi ilə folklor nümunələrinin dərc olunması, surətinin çıxarılması, nüsxələrinin yayılması, kütləvi deklamasiyası və ifası, efirlə və ya kabellə verilməsi, habelə kütləyə çatdırılmaq üçün hər hansı kütləvi bildiriş formasında istifadə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver