Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında» 1979-cu il 28 sentyabr tarixli 5 saylı qərarının (Plenumun 1990-cı il 25 oktyabr tarixli 6 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) respublika məhkəmələri tərəfindən yerinə yetirilməsi vəziyyətinin ümumiləşdirilməsi göstərdi ki, məhkəmələr vərəsəlik barədə mübahisələrə əsasən düzgün, qanuni tələblərinə və Ali Məhkəmə Plenumunun qeyd edilən qərarının göstərişlərinə uyğun olaraq həll edirlər. Bununla bərabər, vərəsəlik barədə işlərin baxılmasında nöqsanlara və səhvlərə də yol verilir.
Plenum hesab edir ki, həmin nöqsanların aradan qaldırılması məqsədilə respublikanın məhkəmələrinə icmal məktub göndərilməlidir.
Ali Məhkəmənin Plenumu qərara alır:
1. Ümumiləşdirmə nəzərə alınsın.
2. Ümumiləşdirmənin nəticələri barədə respublikanın məhkəmələrinə icmal məktub göndərilsin.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Plenumun Katibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü
Bakı şəhəri, 27 dekabr 1996-cı il
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında» 1979-cu il 28 sentyabr tarixli 5 saylı qərarının (Plenumun 1990-cı il 25 oktyabr tarixli 6 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) yerinə yetirilməsi vəziyyətini yoxlamaq məqsədi ilə 1996-cı ildə baxılan vərəsəlik işləri ümumiləşdirilmişdir.
Məhkəmə təcrübəsinin ümumiləşdirməsinin nəticələri göstərmişdir ki, məhkəmələr tərəfindən vərəsəlik işləri üzrə mübahisələr əsasən düzgün, qüvvədə olan vərəsəlik qanunlarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenemunun qeyd edilən qərarının göstərişlərinə uyğun olaraq həll edilir.
Bununla bərabər, bəzi məhkəmələr göstərilən işlərə baxılmasında nöqsanlara və səhvlərə yol verirlər. Ali Məhkəmə Plenumunun qeyd edilən qərarının tələblərinə əməl etməyib işin düzgün həll edilməsi üçün lazım olan sübutları toplamır, işin hallarını tam və hərtərəfli araşdırmır, toplanılan sübutlara düzgün hüquqi qiymət vermirlər.
Balakən rayon məhkəməsinin 1996-cı il 10 sentyabr tarixli qətnaməsi ilə mərhum Cənnətay Əfəndiyevanın evdəki payına vətəndaş Əhmədova Samrat Umarhacı qızına və qeyrilərinə verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilərək, mülkiyyət hüququ Rizvan Umarhacı oğluna vermişdir.
İşin materiallarından aydın olur ki, tərəflərin atası olan Əfəndiyev Umarhacı Bahəddin oğlu 1934-cü ildən 1962-ci ilə kimi Əfəndiyeva Cənnətay Tahir qızı ilə ər-arvad kimi yaşamış və həmin nigahdan cavabdehlər Samrat, Mesed, Zərnişan və Gülsüm anadan olmuşlar. Umarhacı Əfəndiyevin sonrakı arvadından isə iddiaçı Rizvan Əfəndiyev anadan olmuşdur. Umarhacı Əfəndiyevlə Cənnətay Əfəndiyeva ayrıldıqdan sonra Balakən rayon xalq məhkəməsinin 6 iyun 1962-ci il tarixli qətnaməsi ilə onların yaşadıqları Balakən şəhəri 20 yanvar küçəsi 112 saylı üç otaqlı evin bir otağı Cənnatay Əfəndiyevaya verilmiş, Cənnatay Əfəndiyeva 1994-cü il dekabrın 11-də, Umarhacı Əfəndiyev isə 1995-ci il dekabrın 19-da vəfat etmişdir. U.Əfəndiyev ölümdən əvvəl evi oğlu Rizvan Əfəndiyevə vəsiyyət etmişdir. Cavabdehlər Balakən rayon dövlət notariat kontoruna müraciət edərək analarının ölümündən sonra qalmış bir otağa 10 iyun 1995-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi almışlar. Yuxarıda göstərilən qətnamə ilə həmin şəhadətnamə ləğv edilərək Rizvan Əfəndiyev bütöv evə vərəsə hesab edilmişdir.
Lakin, məhkəmə işin baxılmasında bir sıra nöqsanlara yol vermiş, heç bir sübut olmadan Umarhacı Əfəndiyevlə Cənnatay Əfəndiyevanın faktiki nigahla yaşamaları qərarına gəlmiş, Zaqatala rayon xalq məhkəməsinin 1962-ci il 6 iyun tarixli qətnaməsinin iş üçün həlledici əhəmiyyətə malik olmasına baxmayaraq, həmin qətnamənin surətini əldə edib işə əlavə etmədən və məzmunu ilə tanış olmadan qətnamə ilə bir otağın Cənnatay Əfəndiyevanın mülkiyyətinə deyil, istifadəsinə verilməsi qərarına gəlmiş, təsərrüfat başına kitabda mübahisəli evin bir hissəsinin Umarhacı Əfəndiyevin, bir hissəsinin isə Cənnətay Əfəndiyevanın adına qeyd edilməsinə, hər birinə ayrıca ünvan verilməsinə, Cənnətay Əfəndiyevanın vəfat etdiyi vaxta kimi, həmin bir otaqda yaşamasına heç bir hüquqi qiymət verməmişdir.
Vətəndaş Strelyayev Anatoliy Fyodoroviç iddia ərizəsi ilə Gədəbəy rayon xalq məhkəməsinə müraciət edərək nənəsi Strelyayeva Tatyana Vasilyevnanın Gədəbəy rayonunun Slavyanka kəndində şəxsi evi olduğunu, nənəsinin 17 iyun 1995-ci il tarixdə öldüyünü, onun ölümündən sonra evin Əliyeva Sofiya Nüsrət qızına vəsiyyət edilməsi barədə vəsiyyətnamə aşkar edildiyini, həmin vəsiyyətnamənin nənəsi tərəfindən verilmədiyini və sonradan saxta yolla tərtib edildiyini göstərmiş, vəsiyyətnamənin ləğv edilməsi və özünün miras evə qanun üzrə vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Gədəbəy rayon xalq məhkəməsinin 1996-cı il 18 iyul tarixli qətnaməsi ilə A.Strelyayevin iddiası əsassız hesab edilərək rədd olunmuşdur.
İşin materiallarından məlum olur ki, işə birtərəfli və səthi baxılmış, işin düzgün həlli üçün zəruri olan hallar aydınlaşdırılmamış, iş üçün mühüm əhəmiyyəti olmasına baxmayaraq notariat kontorundan vəsiyyətnamələrin uçota alındığı reyestrdə qeyd edilməsi və vəsiyyət verən şəxs tərəfindən imzalanıb-imzalanmaması araşdırılmamış, Strelyayev Anatoliy Fyodoroviçin vəsiyyətnamələrin həqiqiliyinin yoxlanılmasını tələb etdiyi halda imzanın mərhum Strelyayevaya məxsus olub-olmamasını müəyyənləşdirmək üçün məhkəmə xətt ekspertizası təyin edilməmişdir.
Göstərilən nöqsanlara Lənkəran rayon xalq məhkəməsi tərəfindən Abdinov Tərlan Əkram oğlunun iddiası üzrə olan vərəsəlik barədə mülki iş üzrə də yol verilmişdir.
Bəzi hallarda məhkəmələr Plenum qərarının və Azərbaycan Respublikasının MM-nin 538-ci maddəsinin vərəsəlikdə məcburi pay hüquqi məsələsini də düzgün həll etmirlər.
Qazax rayon xalq məhkəməsinin 1996-cı il 16 oktyabr tarixli qətnaməsi ilə Əliyeva Fatma İsmayıl qızının iddiası qismən təmin edilərək Qazax şəhəri S.Vurğun küçəsi 4-cü döngə 11 «b» №-də yerləşən, mərhum Hüseynov Hüseyn Pənah oğluna məxsus olan evin ikidə bir hissəsinə Hüseynov Səməndər Sərvaz oğlu vəsiyyət üzrə vərəsə hesab edilmiş, ikidə bir hissəsinə isə Pənah Hüseynovun arvadı Əliyeva Fatma İsmayıl qızına mülkiyyət hüququ verilmişdir.
Lakin, məhkəmə işin baxılmasında bir sıra nöqsanlara yol verməklə yanaşı, Fatma Əliyevanın vərəsəlik açılan zaman 64 yaşında olmasına baxmayaraq onun qanunla nəzərdə tutulan vərəsəlikdə məcburi pay hüququ məsələsinə qiymət verməmişdir.
Bəzi məhkəmələr mirasın qəbulu və vərəsəlikdən imtina barədə qanunun tələblərinin pozulmasına yol verirlər.
Gəncə şəhəri Nizami rayon xalq məhkəməsinin 1996-cı il 10 iyul tarixli qətnaməsi ilə Qarayeva Mehin Nurəddin qızının iddiası qismən təmin edilərək mərhum Nurəddin İbrahimovun uşaqları: Könül, Mehin, Nizami, Məhəbbət və Silahəddin İbrahimovlar öz mərhum valideynlərinin ölümündən sonra Gəncə şəhərində qalmış mülkə vərəsə hesab edilmişdilər.
Xalq məhkəməsi bu işə baxarkən mirasın qəbul və miras payından imtina barədə lazımi araşdırmalar aparmadan həmin nəticəyə gəlmişdir.
Belə ki, 20 dekabr 1983-cü il tarixdə tərəflərin anaları İbrahimova İmnar Musa qızının ölməsi ilə mülkə birinci dəfə 9 dekabr 1989-cu ildə ataları İbrahimov Nurəddin Cabbar oğlunun ölməsi ilə ikinci dəfə vərəsəlik açılmışdır. Onların övladlarından İbrahimov Nizami və İbrahimova Məhəbbət hələ valideynlərinin sağlığında miras evdən köçüb getmiş və başqa ünvanda yaşamışlar.
Məhkəmə Məhəbbət İbrahimovanın və Nizami İbrahimovun Azərbaycan Respublikası MM-nin 552-ci maddəsində göstərilən qaydada mirası qəbul edib-etmədiklərini araşdırmayaraq, həmin hallara düzgün hüquqi qiymət verməmişdir.
Məhkəmə Nizami İbrahimovun vərəsəliyi qəbul etməməsi barədə izahatına da heç bir əhəmiyyət verməmişdir. Məhəbbət İbrahimovanın və Nizami İbrahimovun vərəsəlikdən imtinaların MM-nin 556-cı maddəsinin və Plenum qərarının 6-cı bəndinin tələbləri baxımından qiymətləndirmədən imtinanı qəbul etmişdir.
Məhkəmələrdə hələ də vərəsəlik işlərinə tərəflərin iştirakı olmadan baxılması hallarına yol verilir.
Belə ki, Gəncə şəhəri Nizami rayon xalq məhkəməsinin 1996-cı il 3 noyabr tarixli qətnaməsi ilə iddiaçı Novruzov Sabir Cabir oğlunun Novruzov Cabbar Mürsəl oğluna və qeyrilərinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və tikintiyə vərəsəlik qaydasında mülkiyyət hüququnun müəyyən edilməsi barədə iddiası qismən təmin edilmişdir.
Məhkəmə, həmin işə baxarkən işin faktiki hallarını, tərəflərin irəli sürdükləri dəlillərini araşdırmamaq və işdə olan sübutlara düzgün hüquqi qiymət verməməklə bərabər, tərəflərdən — Ruhani və Nahid Novruzovlara məhkəmə iclasının vaxtı barədə xəbərdarlıq edilmədən, işə onların iştirakı olmadan baxmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarının 5-ci bəndinin tələblərinə görə özbaşına aparılan tikililər miras əmlakın kütləsinə daxil edilə bilməz. Ümumiləşdirmə isə göstərmişdir ki, məhkəmələr tikintinin hüquqi vəziyyəti müəyyən edilmədən onun miras əmlakın kütləsinə daxil edilməsi hallarına yol verirlər.
Bərdə rayon xalq məhkəməsinin 1996-cı il 4 mart tarixli qətnaməsi ilə İmanova Mətanət Həmid qızının Xəlilov Asif Həmid oğluna və qeyrilərinə miras qalmış evə vərəsə kimi tanınması və həmin evdən payın müəyyən edilib mülkiyyət hüququnun verilməsinə dair iddiası təmin edilmişdir.
Lakin, işin baxılmasında digər pozğunluqlara yol verilməsi ilə bərabər, məhkəmə mübahisə edilən evin hüquqi vəziyyətini aydınlaşdırmadan, evin özbaşına, yoxsa qanuni tikili olmasını müəyyən etmədən, həmin evə vərəsəlik müəyyən etmişdir.
Qeyd edilən nöqsanlara yol verilməklə baxılan işlər üzrə qətnamələr Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyası tərəfindən ləğv edilmişdir.
Yuxarıda şərh edilən və digər xarakterli nöqsanlara Gəncə şəhəri Kəpəz rayon, Ağdam, Ağstafa, Goranboy, Göyçay, Quba və digər rayon, habelə Bakı şəhərindəki rayon xalq məhkəmələrində də yol verilmişdir.
Göstərilən nöqsanları nəzərinizə çatdırmaqla tələb edirəm ki, onları aradan qaldırmaqla vərəsəlik işlərinə qanunun və Ali Məhkəmə Plenumunun qərarının tələblərinə tam əməl olunmaqla baxılmasını təmin edəsiniz.