Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1 və 80-ci maddələrini, “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydası”nın 2.1-ci bəndini rəhbər tutaraq
1. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il 28 oktyabr tarixli 6/2011 nömrəli və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli qərarlarının tətbiqi ilə bağlı (Ali Məhkəmə Plenumunun 2024-cü il 20 dekabr tarixli 15 nömrəli Qərarı ilə edilmiş dəyişikliklərlə) məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə Plan (bundan sonra - Plan) təsdiq edilsin.
2. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun Qərarının uşaqla ünsiyyətdə olma qaydalarının dəyişdirilməsi ilə bağlı monitorinq Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasında olan rayon (şəhər) məhkəmələrini, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun Qərarının alimentin artırılması, azaldılması və indeksasiyası ilə bağlı hissədə tətbiqinə dair monitorinq Sumqayıt Apellyasiya Məhkəməsi, Gəncə Apellyasiya Məhkəməsi, Şəki Apellyasiya Məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin yurisdiksiyasında olan rayon (şəhər) məhkəmələrini əhatə etməklə, 2025-ci ilin 1 iyun tarixindən 2026-cı ilin 1 iyun tarixinədək olan dövr ərzində 1 il müddətində həyata keçirilsin.
3. Monitorinq məhkəmələrdən anket (cavablandırılması nəzərdə tutulan suallar toplusuna dair sorğu) məlumatlarının toplanılması və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemin imkanlarından istifadə edilməsi üsulları vasitəsilə keçirilsin.
4. Ali Məhkəmənin Aparatı Planın icrası ilə əlaqədar Ali Məhkəmənin Mülki kollegiyası ilə razılaşdırılmaqla “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydası”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etsin.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Bakı şəhəri, 4 aprel 2025-ci il