Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyası Ş.Ə.Hidayevin sədrliyi ilə, hakimlər Q.Ə.Allahverdiyev və M.A.Hüseynovun tərkibdə, iddiaçının nümayəndəsi V.Ş.Salayev və «Fəryad» Qarabağ Əlilləri Cəmiyyətinin nümayəndəsi A.M.Bağmanovun iştirakı, Ş.Ə.Hidayevin məruzəsi ilə 05 sentyabr 2002-ci il tarixdə iddiaçının kassasiya şikayətinə əsasən işə baxaraq müəyyən etdi:
Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinin 05 yanvar 2001-ci il tarixli qətnaməsi ilə «Karavella» firmasının iddiası təmin edilərək «Karavella» firması ilə «Fəryad» Qarabağ Əlilləri Cəmiyyəti arasında bağlanmış 22 mart 2000-ci il tarixli 70 saylı müqavilə ləğv edilmiş və 615 nömrəli marşrut «Karavella» firmasının istifadəsinə qaytarılmışdır. (hakim: Y.Mayılov)
Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 03 iyun 2002-ci il tarixli 2701-79 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin həmin qətnaməsi qismən, yəni 615 nömrəli marşrutun «Karavella» firmasının istifadəsinə qaytarılması barədə hissəsi ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qətnamənin «Karavella» firması ilə «Fəryad» Qarabağ Əlilləri Cəmiyyəti arasında bağlanmış 22 mart 2000-ci il tarixli müqavilənin ləğv edilməsinə dair hissəsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər: N.Rəsulbəyova, S.Əsgərova, İ.Dadaşov)
«Karavella» firması Azərbaycan Respublikası İqtisad Məhkəməsinin qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasına kassasiya şikayəti verərək məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini göstərib qətnamənin dəyişdirilərək 615 nömrəli marşrutun «Karavella» firmasına verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
Məhkəmə kollegiyasının iclasında «Karavella» firmasının nümayəndəsi kimi iştirak edən firmanın direktoru V.Ş.Salayev kassasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi.
«Fəryad» Qarabağ Əlilləri Cəmiyyətinin nümayəndəsi A.M.Bağmanov kassasiya şikayətinə qarşı etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi.
Məhkəmə kollegiyası işə kassasiya qaydasında baxaraq, iş üzrə məruzəçini və tərəflərin nümayəndələrini dinləyib, işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə kassasiya şikayəti təmin olunmalıdır.
İşin materiallarından görünür ki, «Karavella» firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək firmanın Bakı şəhərində avtobusla şəhərdaxili sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün 615 nömrəli marşrut aldığını, 22 mart 2000-ci il tarixdə gəlirin 50%-ni «Karavella» firmasına verilmək şərti ilə firmanın «Fəryad» Qarabağ Əlilləri Cəmiyyəti ilə müqavilə bağlayaraq marşrutu həmin cəmiyyətə verdiyini, lakin «Fəryad» Qarabağ Əlilləri Cəmiyyətinin müqavilənin şərtini pozaraq gəlirdən firmaya verilmədiyini göstərib 22 mart 2000-ci il tarixli 07 saylı müqavilənin ləğv edilməsi və 615 nömrəli marşrutdan «Fəryad» Qarabağ Əlilləri Cəmiyyəti tərəfindən istifadə edilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir.
Məhkəmə kollegiyası aşağıda göstərilənlərə görə hesab edir ki, Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur.
İşin materiallarından görünür ki, 28 avqust 1998-ci il tarixdə lisenziyalaşdırma idarəsi tərəfindən «Karavella» firmasına Bakı şəhərində avtobusla şəhərdaxili sərnişin daşıma fəaliyyətini həyata keçirmək üçün lisenziya verilmiş, Bakı şəhər İH-nin Nəqliyyat Departamenti ilə «Karavella» firması arasında bağlanan 12 fevral 1999-cu il tarixli müqavilə ilə «Karavella» firmasına 615 nömrəli marşrut verilmişdir. 22 mart 2000-ci il tarixdə «Karavella» firması ilə «Fəryad» Qarabağ Əlilləri Cəmiyyəti arasında «Karavella» firmasının sərəncamında olan 615 nömrəli marşrutun «Fəryad» Qarabağ Əlilləri Cəmiyyətinin istifadəsinə verilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin şərtinə görə «Fəryad» Qarabağ Əlilləri Cəmiyyəti hər ay gəlirin 50%-ni «Karavella» firmasına verməyi öhdəsinə götürmüşdür. Bundan sonra, elə müqavilə bağlanan gün «Karavella» firmasının direktoru Nəqliyyat Departamentinə ərizə verərək 615 nömrəli marşrutun «Fəryad» Qarabağ Əlilləri Cəmiyyətinə verilməsinə etiraz etmədiyini bildirmiş, 25 iyul 2000-ci il tarixdə Nəqliyyat Departamenti ilə «Fəryad» Qarabağ Əlilləri Cəmiyyətinin nəzdindəki «Arif-Transport» müəssisəsi ilə 615 nömrəli marşrutdan istifadə barədə müqavilə bağlanmış və marşrutdan istifadə edilməyə başlanmışdır. Lakin «Fəryad» Qarabağ Əlilləri Cəmiyyəti marşrutdan uzun müddət istifadə etməsinə baxmayaraq müqavilənin şərtinə əməl etməmiş, gəlirdən «Karavella» firmasına verməmişdir. Ona görə də, hazırki mübahisə başlamışdır.
Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən nəticəyə gələrkən onu əsas götürmüşdür ki, «Karavella» firmasının direktoru 22 mart 2000-ci il tarixdə ərizə ilə Nəqliyyat Departamentinə müraciət edib 615 nömrəli marşrutun «Fəryad» Qarabağ Əlilləri Cəmiyyətinin istifadəsinə verilməsinə etiraz etmədiyini bildirməklə marşrutdan imtina etmişdir; «Karavella» firması «Fəryad» Qarabağ Əlilləri Cəmiyyəti ilə müqavilə bağlayarkən Nəqliyyat Departamentini xəbərdar etməmişdir.
Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını lazımi qaydada araşdırmadan və düzgün hüquqi qiymət vermədən həmin nəticəyə gəlmişdir.
İşdə olan «Karavella» firması ilə «Fəryad» Qarabağ Əlilləri Cəmiyyəti arasında bağlanan 22 mart 2000-ci il tarixli müqavilədən görünür ki, müqavilədə müqavilə tərəfləri müqavilənin şərtlərini pozduğu təqdirdə müqavilənin ləğv olunacağı, müqavilə ləğv edildikdə isə 615 nömrəli marşrutun yenidən «Karavella» firmasına qaytarılacağı nəzərdə tutulmuşdur.
Lakin məhkəmə işin bu halına düzgün hüquqi qiymət verməmişdr.
İşin materiallarından görünür ki, «Karavella» firması Nəqliyyat Departamentinə 615 nömrəli marşrutun «Fəryad» Qarabağ Əlilləri Cəmiyyətinin istifadəsinə verilməsinə etiraz etməməsi barədə ərizəni marşrutdan imtina kimi deyil, həmin cəmiyyətlə bağlanmış müqavilənin şərtlərinə əməl etmək, yəni müqavilədə göstərildiyi kimi marşrutu həmin cəmiyyətin istifadəsinə vermək məqsədilə vermişdir. Bundan başqa işdən görünür ki, Nəqliyyat Departamenti ilə «Karavella» firmasının arasında bağlanan, 615 nömrəli marşrutun firmaya verilməsi barədə 12 fevral 1999-cu il tarixli müqavilə qüvvədədir və müqavilə tərəfləri müqavilənin ləğv edilməsi barədə təşəbbüs göstərməmişlər.
Lakin məhkəmə işin bu halına da hüquqi qiymət verməmişdir.
Apellyasiya instansiyası məhkəməsi iş üzrə ziddiyyətli nəticəyə gəlmişdir. Belə ki, məhkəmə iş üzrə birinci instansiya məhkəməsinin «Karavella» firması ilə «Fəryad» Qarabağ Əlilləri Cəmiyyəti arasında bağlanan 22 mart 2000-ci il tarixli müqavilənin ləğv edilməsi barədə gəldiyi nəticəni düzgün hesab edib qətnamənin həmin hissəsini dəyişdirmədən saxladığı halda müqavilədə nəzərdə tutulan marşrutun qaytarılmasını qeyri-mümkün hesab etmişdir.
Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixdən qüvvədə olan MM-nin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.
Lakin məhkəmə qanunun bu tələblərini pozmuş, 2000-ci ilin mart ayında əmələ gəlmiş münasibətlərə 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olan MM-nin 385.1 və 421.1-ci maddaələrinin müddəalarını tətbiq etmişdir.
İşdən görünür ki, məhkəmə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə barədə lazımi qaydada xəbər vermədən işə onun nümayəndəsinin iştirakı olmadan baxmış, bununla da Azərbaycan Respublikası MPM-nin 376.1-ci maddəsinin tələblərini pozmuşdur.
Məhkəmə kollegiyası göstərilənlərə görə hesab edir ki, hazırki vəziyyətdə apellyasiya instansiya məhkəməsinin qətnaməsi qüvvədə qala bilməz. Ona görə də, qətnamə ləğv edilərək iş yenidən apellyasiya qaydasında baxılması üçün göndərilməlidir. İşə yenidən baxılarkən göstərilən nöqsanlar aradan qaldırılmalıdır.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq
Kassasiya şikayəti qismən təmin edilsin.
Hazırki iş üzrə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 03 iyul 2002-ci il tarixli 2701-79 saylı qətnaməsi ləğv edilsin və iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri
Bakı şəhəri, 5 sentyabr 2002-ci il