Qanunvericilik › Azərbaycan Respublikası DİN-nin Müəssisədənkənar Mühafizə xidmətinin Əsasnaməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.05.1994) › Tam mətn

Azərbaycan Respublikası DİN-nin Müəssisədənkənar Mühafizə xidmətinin Əsasnaməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.05.1994)

Azərbaycan Respublikası DİN-nin Müəssisədənkənar Mühafizə xidmətinin Əsasnaməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.05.1994) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Müəssisədənkənar Mühafizə xidməti haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan SSR milis orqanları yanında müəssisədənkənar mühafizə haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 04 aprel 1966-cı il tarixli 188 saylı qərarı qüvvəsini itirmiş hesab edilsin.

Baş nazir S. HÜSEYNOV

Bakı şəhəri, 17 may 1994-cü il

1. Azərbaycan Respublikası DİN-nin müəssisədənkənar mühafizəsi xidməti Azərbaycan Respublikası ərazisində müqavilə əsasında mülkiyyətçilərin əmlakın və diplomatik immuniteti olan şəxslərin mühafizəsinin təmin edilməsi üçün təşkil edilir.

Müəssisədənkənar Mühafizə xidməti Azərbaycan Respublikası daxili işlər orqanları strukturuna daxildir və Azərbaycan Respublikasının daxili işlər nazirinə tabedir.

2. Müəssisədənkənar Mühafizə xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, bu Əsasnaməyə, habelə Azərbaycan Respublikası DİN-nin normativ aktlarına əsaslanır.

3. Müəssisədənkənar Mühafizə xidməti öz fəaliyyətini öz xərcini ödəmə və özünümaliyyələşdirmə prinsipləri ilə həyata keçirir, mülkiyyətçilərlə müqavilə münasibətləri əsasında işləyir və mühafizə xidmətləri üçün müqavilələr üzrə alınan özəl (büdcədənkənar) vəsaitlər hesabına saxlanılır. İctimai asayişin mühafizəsinə və cinayətkarlığa qarşı mübarizəyə çəkilən xərclərin kompensasiyası üçün Müəssisədənkənar Mühafizə xidmətinə yerli və dövlət büdcəsindən vəsait ayrıla bilər.

4. Müəssisədənkənar Mühafizə xidmətinin orqanları – Azərbaycan Respublikası DİN-nin Müəssisədənkənar Mühafizə İdarəsi, Naxçıvan MR DİN-nin Müəssisədənkənar Mühafizə İdarəsi (Şöbəsi), şəhər, rayon polis idarələrinin (şöbələrinin) müəssisədənkənar mühafizə şöbələri (bölmələri) hüquqi şəxslərdir, üzərində adı əks etdirilmiş möhürü və ştampı, müstəqil balansı, banklarda hesablaşma və digər hesabları vardır.

5. Müəssisədənkənar Mühafizə xidmətinə aşağıdakılar həvalə olunur:

mülkiyyətçilərin əmlakının mühafizəsi, habelə mühafizə üzrə müqavilələrdə nəzərdə tutulmuş başqa xidmətlərin göstərilməsi;

əmlak mühafizəsinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi;

əmlakın cinayətkar qəsdlərdən qorunmasını təmin edən normativ hüquqi aktların, habelə Müəssisədənkənar Mühafizə xidmətinin fəaliyyətini tənzimləyən nümunəvi təlimatların, müqavilələrin və başqa sənədlərin hazırlanması və razılaşdırılması;

mühafizə cihazları və sistemlərinin yaradılması, istehsalı, keyfiyyətinə nəzarəti, istifadəsi, tətbiqi və istismar xidməti taktikası sahəsində vahid texniki siyasət aparılması;

beynəlxalq tələblər və normalar əsasında mühafizə siqnalizasiyası vasitələrinə dair texniki normativ hüquqi aktların qəbul edilməsi ilə bağlı məsələ qaldırılması;

qorunan obyektlərin siqnalizasiya vasitələri ilə təchiz edilməsi üzrə quraşdırma işlərinin yerinə yetirilməsinə texniki nəzarətin həyata keçirilməsi, onların istismara qəbul olunması, texniki xidməti və təmiri, mühafizəsiz qalmış obyektlərdə həmin işlərin müqavilə əsasında görülməsi;

texniki mühafizə vasitələrinin birgə işlənib hazırlanması, istehsalı, quraşdırılması sahəsində xarici firmalarla işgüzar əməkdaşlığın inkişaf etdirilməsi;

dövlət müəssisə, idarə və təşkilatlarının öz tabeliyində olan mühafizə hissələrində inspektor yoxlamalarının keçirilməsi.

6. Müəssisədənkənar Mühafizə xidməti aşağıdakı hüquqlara malikdir:

əmlakın cinayətkar qəsdlərdən qorunmasını təmin edən normativ hüquqi aktların layihələrini öz səlahiyyəti hüdudlarında hazırlamaq və baxılması üçün hakimiyyət, idarəetmə orqanlarına təqdim etmək;

müəyyən edilmiş qaydada texniki mühafizə vasitələrinin işlənib hazırlanması, istehsalı, onların təmiri, obyektlərin siqnalizasiya vasitələri ilə təchiz edilməsi üzrə quraşdırma-sazlama işləri və mülkiyyətçilərə mühafizə üzrə digər xidmətlər göstərilməsi sahəsində ixtisaslaşan müəssisələr, o cümlədən birgə müəssisələr yaratmaq;

müəssisədənkənar mühafizə hissələrinin tələbatı ödənildikdən sonra mühafizə-yanğın siqnalizasiyası aparatlarını, başqa texniki vasitə və materialları müqavilə qiymətləri ilə kənar təşkilatlara satmaq;

təşkilatların və xarici firmaların, birjaların assosiasiyalarına daxil olmaq, xarici iqtisadi əlaqələrdə iştirak etmək və müvafiq respublika orqanlarının müəyyənləşdirdiyi nomenklatur hüdudlarında ixrac-idxal əməliyyatları keçirmək, öz zəmanəti ilə kreditlər almaq;

sərbəst vəsaitlərin qalıqlarını maddi həvəsləndirmə və mənzil tikintisi fondlarına, sosial-mədəni tədbirlərə yönəltmək.

Müəssisədənkənar Mühafizə xidməti ona həvalə olunmuş vəzifələri dövlət orqanları, ictimai birliklər, əmək kollektivləri, habelə əmlakın hüquqa zidd qəsdlərdən qorunmasında mühafizəyə yardım üçün yaradılmış ictimai özəklərlə birgə yerinə yetirir.

7. Müəssisədənkənar Mühafizə xidməti bir qayda olaraq, şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə, başqa iri yaşayış məntəqələrində təşkil olunur və polis, hərbiləşdirilmiş və gözətçi hissələrindən, habelə mühəndis-texniki və xidmət personalından ibarətdir.

8. Respublika ərazisində Müəssisədənkənar Mühafizə hissələrinin yaradılması, yenidən qurulması və ləğv edilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası daxili işlər naziri tərəfindən həyata keçirilir.

9. Müəssisədənkənar Mühafizə xidmətinin strukturu, ştatları və vəzifələrin siyahıları Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən müəyyənləşdirilir. Müəssisədənkənar Mühafizə hissələrində işçilərin sayı göstərilən mühafizə xidmətləri müqabilində daxil olan vəsaitlərə əsasən müəyyənləşdirilir. Müəssisədənkənar Mühafizə xidmətinin idarəetmə personalının ştatları mühafizə əməkdaşlarının ümumi sayından əlavə həmin sayın dörd faizi hüdudlarında saxlanılır.

10. Mülkiyyətin mühafizəsi üzrə xidmətin təşkili və qaydaları, habelə polis, hərbiləşdirilmiş və gözətçi hissələrinin şəxsi heyətinin hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi və Daxili İşlər Nazirliyinin normativ aktları ilə müəyyən edilir.

11. Polis, hərbiləşdirilmiş və gözətçi hissələrinin işçilərinə xidmət vaxtı müəyyən olunmuş qaydada yivli və ya yivsiz silah verilir.

Hərbiləşdirilmiş və gözətçi hissələrinin silah verilən işçiləri işə qəbul edilən zaman ilkin, sonradan isə vaxtaşırı tibbi müayinədən keçirilirlər.

12. Müəssisədənkənar mühafizə hissələrinə polis əməkdaşları, həmçinin fəhlə və qulluqçu vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada və Daxili İşlər Nazirliyinin normativ aktlarına müvafiq olaraq komplektləşdirilir.

13. Müəssisədənkənar Mühafizə xidməti işçiləri xidmət zamanı:

əmlakı hüquqa zidd qəsdlərdən qorumalı və müqavilələrə uyğun olaraq, mühafizə rejiminə əməl olunmasını təmin etməlidirlər;

qorunan obyektlərin müdiriyyəti və ictimai birlikləri tərəfindən əmlakın oğurlanmasının və mənimsənilməsinin qarşısının alınması, hüquq pozucularının yaxalanması üzrə keçirilən tədbirlərdə və maddi sərvətlərin saxlanması vəziyyətinin yoxlanılmasında iştirak etməlidirlər;

yanğın və alışmaları aşkar edən zaman bu barədə yanğından mühafizə hissələrinə məlumat verməli, yanğın və alışmaların ləğv edilməsinə başlamalıdırlar;

xidməti sirri qorumalıdırlar.

14. Müəssisədənkənar Mühafizə xidməti işçiləri xidməti vəzifələrini yerinə yetirərkən aşağıdakı hüquqlara malikdirlər:

qorunan obyektlərin işçilərindən buraxılış və obyektdaxili rejim qaydalarına əməl olunmasını tələb etmək;

hüquqpozma törətmiş və obyektə girmiş şəxsləri tutmaq, onları daxili işlər orqanlarının növbətçi hissələrinə vermək, qorunan obyektlərdən xırda oğurluqlar üstündə tutulmalar haqqında protokollar tərtib etmək;

oğurluqların qarşısının alınması və oğurlanmış əmlakın müsadirə edilməsi məqsədi ilə qorunan obyektlərin otaqlarında və ya ərazisində olan vətəndaşlara müəyyən olunmuş qaydada müqavilə şərtləri əsasında şəxsi baxış keçirmək və onların əşyalarını yoxlamaq;

nəqliyyat vasitələrinə baxış keçirmək və qorunan obyektlərin ərazisindən aparılıb-gətirilən əmlakın əmtəə-nəqliyyat sənədlərinə uyğunluğunu yoxlamaq;

siqnalizasiyanın işə duşməsinin səbəblərini aydınlaşdırmaq, obyektin (mənzilin) açılıb baxılaraq yenidən mühafizə məntəqəsinə qoşulması üçün qorunan obyektin məsul şəxslərini və mənzil sahibini çağırmaq;

oğurlanmış əmlakın aşkar edilib götürülməsi üçün normativ aktlarda nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etmək;

mövcud qanunvericiliyə uyğun olaraq silah və xidməti itlərdən istifadə etmək.

15. Obyekti vaxtında mühafizəyə verməmək, həyəcan siqnalı vermiş obyektlərin yenidən mühafizə sisteminə qoşulması üçün gəlməmək, qorunan obyektlərin texniki mühafizə vasitələrindəki qüsurları aradan qaldırmamaq, habelə mühafizə olunan əmlakın oğurlanmasına, mühafizə-yanğın siqnalizasiyasının yalançı işə düşmələrinə şərait yaradan başqa səbəblərə görə mülkiyyətçinin məsuliyyəti mühafizə haqqında müqavilədə müəyyən edilir.

16. Mövcud qanunvericilikdə müəyyən edilmiş hallarda Müəssisədənkənar Mühafizə xidməti işçilərinə həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi üçün təqsirkarlar məsuliyyət daşıyırlar.

Fövqəladə hallar (təbii fəlakətlər, qəzalar və s.) istisna olmaqla, Müəssisədənkənar Mühafizə xidməti işçilərini onların vəzifələrinə aid olmayan işlərə cəlb etmək qadağandır.

17. Müəssisədənkənar Mühafizə xidməti orqanlarının mülkiyyətçilərlə qarşılıqlı münasibətləri və tərəflərin məsuliyyəti, müəyyən olunmuş qaydada təsdiq edilən nümunəvi müqavilələr əsasında Müəssisədənkənar mühafizə hissələri və mülkiyyətçilər arasında bağlanan müqavilələrlə müəyyənləşdirilir.

18. Mühafizənin təmin edilməməsi üzündən mülkiyyətçilərə dəyən əmlak zərəri üçün Müəssisədənkənar mühafizə hissələri mövcud müqaviləyə uyğun olaraq maddi məsuliyyət daşıyırlar.

Mülkiyyətçilər və Müəssisədənkənar mühafizə hissələri arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur.

19. Mühafizənin növü onun etibarlığı və iqtisadi cəhətdən məqsədəuyğunluğu nəzərə alınmaqla tərəflərin razılaşması ilə müəyyən olunur. Obyektlərin mühafizə sistemi və postların (marşrutların) düzümü Müəssisədənkənar Mühafizə xidməti orqanları tərəfindən müəyyən olunur. Buraxılış və obyektdaxili rejimin müəyyən edilməsinə görə məsuliyyət obyekt rəhbərlərinin, onun həyata keçirilməsi üçün isə mühafizə hissələrinin üzərinə düşür.

Rejimə əməl olunması və texniki mühafizəsi vasitələrinin tətbiqi üzrə Müəssisədənkənar Mühafizə xidmətinin göstərişləri mülkiyyətçilər üçün məcburidir.

20. Obyektlərin lazımi texniki möhkəmliyinin təmin edilməsi, onların siqnalizasiya vasitələri ilə təchizatı və bu vasitələrin təmiri, texniki istismar xidmətinin aparılması mülkiyyətçilərin hesabına həyata keçirilir.

21. Qorunan obyektlərdə mülkiyyətçilər Müəssisədənkənar Mühafizə xidmətinə avadanlıq və inventarlarla təchiz olunmuş xidməti və yardımçı otaqları pulsuz verərək onları su, işıq, istilik və təmirlə təmin edir. Müəssisədənkənar Mühafizə xidməti işçilərinə təhlükəsiz xidmət şəraiti yaradır, habelə obyektin mühafizə-yanğın siqnalizasiyasının mərkəzləşdirilmiş müşahidə pultuna 2-3 müdafiə səddi ilə qoşulması üçün telefon xətləri ayırır və hər müdafiə xətti üçün müqavilə qiymətləri ilə ayrıca haqq ödəyirlər.

22. Obyektlərin mühafizəsi siqnalizasiya vasitələrinə xidmət və digər xidmətlər üzrə ödənclər, oğurluq və yanğınlarla əlaqədar dəyən ziyanın ödənilməsi, iqtisadi cəhətdən əsaslandırılmış məsrəflər nəzərə alınmaqla müqavilə qiymətləri ilə həyata keçirilir.

Müqavilədə müəyyən edilmiş qiymətlərin hesablanması onların respublika ərazisində mövcud olan indeksasiyası nəzərə alınmaqla aparılır.

23. Müəssisədənkənar Mühafizə xidməti işçilərinə qorunan obyektlərin yataqxanalarında yaşayış sahəsi ayrılması, tibb müəssisələrində xidmət göstərilməsi, sanatoriyalar, məktəbəqədər təhsil müəssisələri ilə təmin edilməsi müqavilə əsasında həyata keçirilir.

24. Sağlamlığa zərərli iş şəraiti olan obyektlərdə xidmət edən Müəssisədənkənar mühafizə hissələrinin işçiləri həmin obyektlərin fəhlə və qulluqçuları üçün nəzərdə tutulmuş bütün güzəşt və üstünlüklərdən istifadə edirlər.

25. İdarəetmə aparatını və mərkəzləşdirilmiş müşahidə məntəqələrini yerləşdirmək, maddi-texniki vasitələri, silahı, avtomotonəqliyyatı və s. saxlamaq üçün xidməti tikililər yerli icra hakimiyyəti orqanları tərəfindən ayrılır.

26. yeni telefon stansiyalarının layihələşdirilməsi və mövcud olanların yenidən qurulması zamanı mühafizə-siqnalizasiyası qurğularının yerləşdirilməsi üçün ayrıca aparat otaqları nəzərdə tutulur, məlumatvermə sistemləri qoşulan stasionar çərçivələrin quraşdırılması üçün ATS tutumunun 20 faizi hesabı ilə ehtiyat sahə ayrılır.

Mövcud ATS-lərdə, habelə onların genişləndirilməsi zamanı mühafizə siqnalizasiyası aparatlarının yerləşdirilməsi üçün sahələr ayrılması məsələsi yerli şərait nəzərə alınmaqla hər bir konkret halda ayrıca həll olunur.

27. Mühafizə orqanları respublika hökumətinin müəyyən etdiyi kapital qoyuluşları hesabına xidməti binalar layihələşdirə və tikə bilər, xidməti bina və otaqların tikintisində iştirak edə bilər.

Müəssisədənkənar Mühafizə xidmətinin yanacaq-sürtkü materialları, xüsusi və rabitə vasitələri, silah və döyüş sursatı, naqil və kabel məhsulları, paltar və digər əmlakla təminatı müəyyən olunmuş normalarla, dəyəri ödənilmək şərti ilə Azərbaycan Respublikası DİN tərəfindən, həmçinin qeyri-mərkəzləşdirilmiş qaydada alınma yolu ilə həyata keçirilir.

28. Müəssisədənkənar Mühafizə xidməti pərakəndə satış qiymətləri, o cümlədən nağd hesablaşma ilə bazar fondundan avtomotonəqliyyat və yanacaq-sürtkü materialları daxil olmaqla, maddi-texniki vasitələr almaq hüququna malikdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver