Qanunvericilik › “Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.02.2017) › Tam mətn

“Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.02.2017)

“Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.02.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Dövlət gerbi olan möhürdən istifadə etmək haqqında” Ümumazərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1935-ci il 20 fevral tarixli, “Möhür və ştamplar hazırlamaq və onlardan istifadə etmək haqqında” ASSR Xalq Komissarları Sovetinin 1935-ci il 6 noyabr tarixli, 1167 nömrəli, “Möhürlərin, çek kitabçalarının və rəsmi blankların dövlət və kooperativ təşkilatlarında və idarələrində saxlanması qaydası haqqında” Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1936-cı il 17 iyul tarixli 762 nömrəli və “Azərbaycan yazısının latın əlifbasından rus əlifbası qrafikasına keçməsi ilə əlaqədar olaraq, ştampların və möhürlərin dəyişdirilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1939-cu il 15 noyabr tarixli 5218 nömrəli qərarları ləğv edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 3 fevral 2017-ci il

1.1. Bu Qayda “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi ilə bağlı məsələləri tənzimləyir.

1.2. Azərbaycan Respublikasının Dövlət gerbi, ölçüsündən asılı olmayaraq, onun Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1332-VKQ nömrəli Konstitusiya Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gerbinin Təsviri”nə əlavə edilən rəngli, rəngsiz və sxematik təsvirlərinə uyğun gəlməlidir.

1.3. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi ilə bağlı sənədləşmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq işlərin nomenklaturuna daxil edilir.

1.4. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən elektron imza olduğu halda, dövlət orqanları tərəfindən həyata keçirilən yazışmalara bu Qayda şamil edilmir.

2.1. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin hazırlanması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) uyğun olaraq lisenziya verilmiş hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir.

2.2. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan sənəd blanklarının hazırlanması vergi ödəyicisi kimi uçota alınmış poliqrafiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir.

2.3. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması aşağıdakı sənədlər əlavə olunmaqla dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının, habelə dövlət orqanları tərəfindən yaradılan digər hüquqi şəxslərin (bundan sonra – təşkilatlar) sifarişi əsasında hazırlanır:

2.3.1. təşkilatların rəhbərlərinin imzası ilə təsdiq edilmiş möhürlərin və sənəd blanklarının eskizləri;

2.3.2. təşkilatların Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə etmək hüququnu təsdiqləyən qərarların, həmin təşkilatların əsasnamələrinin və ya nizamnamələrinin surətləri.

3.1. Təşkilatlarda sənədlər blanklarda tərtib edilir.

3.2. Əsli təsdiq edilməli olan maliyyə sənədlərinə, arayışlara, vəsiqələrə, nizamnamələrə, əsasnamələrə, əmək kitabçalarına, sənədlərin məhv edilmək üçün ayrılması aktlarına, habelə hüquqi və inzibati aktlara imza qoyulmaqla yanaşı, Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş möhür də vurulur.

3.3. Əgər sənəd təşkilatın blankında tərtib edilməmişdirsə, ona möhür vurulmalıdır. Möhür sənədin rəsmi və həqiqi olması üçün vurulur.

3.4. Möhür vəzifə adının və şəxsi imzanın üstünü tutmamalıdır. Bu mümkün olmadıqda isə möhür elə vurulmalıdır ki, vəzifə adı və şəxsi imza aydın tanınsın.

3.5. Blankların və möhürlərin istifadəsinə görə təşkilatların rəhbərlərinin əmrinə əsasən kargüzarlıq xidmətinin müvafiq vəzifəli şəxsləri məsuliyyət daşıyırlar.

4.1. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürləri və sənəd blankları mütləq qaydada ayrıca kitabda uçota alınır və kargüzarlıq xidmətində saxlanılır. Təşkilatların rəhbərlərinin əmri ilə Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının uçotuna, hazırlanmasına və saxlanılmasına məsul şəxslər təyin edilirlər.

4.2. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının uçotu kitablarının vərəqələri nömrələnir, tikilir, onların saxlanılmasına məsul olan şəxsin imzası ilə təsdiqlənir və möhürlənir.

4.3. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan sənəd blankları hər təqvim ilinin sonunadək təşkilatlarda saxlanılır.

4.4. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan hər bir blankın üzərində mətbəə üsulu ilə sıra nömrələri qoyulur. Nömrələr blankın digər rekvizitlərini onun üzərinə düşməsini istisna edən aşağı sağ və ya sol küncdə boş yerdə, yaxud blankın arxa tərəfində qoyulur.

4.5. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlər və sənəd blankları kənar şəxslərin girişi qadağan olan yerlərdə, xüsusi möhürlənən şkaflarda saxlanılır.

4.6. İldə bir dəfə Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan hər bir blankın saxlanılması, istifadə olunması və uçotunun aparılması yoxlanılır. Yoxlama təşkilatların rəhbərlərinin yaratdığı komissiya tərəfindən həyata keçirilir və bu barədə müvafiq kitabda qeyd edilir. Yoxlamanın nəticəsində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının saxlanılmasında hər-hansı pozuntu aşkarlansa, belə faktların araşdırılması məqsədi ilə xidməti yoxlama təyin edilir. Yoxlamanın nəticəsi müvafiq aktla rəsmiləşdirilir və təşkilatların rəhbərlərinin diqqətinə çatdırılır.

4.7. Təqsirli şəxslərə münasibətdə intizam tənbeh tədbirləri tətbiq olunur.

5.1. Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan möhürlərin və yararsız vəziyyətə düşmüş, növbəti il üçün əhəmiyyətini itirən sənəd blanklarının məhv edilməsi təşkilatda yaradılan komissiya tərəfindən tərtib edilmiş akt əsasında bilavasitə təşkilatın özündə həyata keçirilir.

5.2. Möhürlərin və blankların məhv edilməsi barədə komissiya tərəfindən tərtib edilmiş akt onun bütün üzvləri tərəfindən imzalanır və təşkilat rəhbərinin əmri ilə təsdiqlənir. Akt təşkilatın iş nomenklaturuna uyğun qovluğa tikilir, səhifələri nömrələnir və müvafiq qeydiyyat kitabına daxil edilməklə, təşkilatda daimi saxlanılır.

1. 5 fevral 2019-cu il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 fevral 2019-cu il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 333)

2. 25 fevral 2020-ci il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 fevral 2020-ci il, № 44, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 215)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver